Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-448/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-209/2022 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.02.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3000 (üç min) manat məbləğində əsas borcun, 2212 (iki min iki yüz on iki) manat məbləğində cərimə-dəbbə pulunun, 1000 (bir min) manat əldən çıxmış fayda haqqının, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 151 (bir yüz əlli bir) manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı MMC-dən 2354,10 manat əsas, gecikdirilmiş günlər üçün 300 manat cərimə və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.02.2022-ci il tarixli e-2-2(113)-209/2022 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, əsas borc üzrə 3000 manat, cərimə borcu üzrə 300 manat, əsas borca illik 5 faiz hesablanmaqla 145 manat, cəmi 3445 (üç min dörd yüz qırx beş) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, əsas borc üzrə 2354,10 manat, cərimə borcu üzrə 200 manat cəmi, 2554 (iki min beş yüz əlli dörd) manat, 10 (qəpik) məbləğində pulun İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi və ilk iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini, cavabdeh tərəfindən qətnamənin yalnız ilk iddiaya aid hissədə mübahisələndirildiyini və ilk iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız ilk iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 28.04.2020-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 113/20 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və onun müqavilə üzrə 3000 manat əsas borcu, 2212 manat dəbbə pulu, 1000 manat əldən çıxmış fayda, 151 manat gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmaqla faiz borcu qalmışdır. Cavabdeh həmin iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan 015132 və 013636 nömrəli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktlar Cavabdeh MMC tərəfindən imzalanmamışdır. Cavabdeh MMC aktlarda göstərilən yükdaşıma xidmətlərini qəbul etməmiş, bu xidmətlər ona göstərilməmişdir. Belə olduğu halda qəbul edilməyən və ya icra edilməyən xidmətlər üçün muzd ödənilməsi də istisna olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində ilk iddia əsaslıdır. Belə ki, yükdaşıma xidmətinə görə pulun tutulması tələblərinin qanuni əsasını Mülki Məcəllənin 850.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, tərəflər arasında yuxarıda qeyd olunan yük daşınması müqaviləsinin bağlanması mübahisəsizdir. Eyni zamanda iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişi əsasında sonuncuya daşıma xidmətləri həyata keçirmiş, lakin sonuncu həmin xidmətlərin ödənişini həyata keçirməmişdir. Belə ki, iş materiallarında olan 05.06.2020-ci il tarixli 013636 saylı göstərilmiş xidmətlərin təhvil verilməsi aktından görünür ki, Cavabdeh MMC 1830 manat məbləğində xidmətin göstərilməsini qəbul etmişdir. Həmin akt iddiaçı və cavabdeh MMC-nin məhsul şəxsləri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Həmçinin eyni tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1830 manatlıq xidmətin göstərilməsinə dair EBAK seriyalı 799561 saylı elektron qaimə göndərilmişdir. Həmçinin 04.08.2020-ci il tarixli 015132 saylı göstərilmiş xidmətlərin təhvil verilməsi aktından görünür ki, Cavabdeh MMC 1170 manat məbləğində xidmətin göstərilməsini qəbul etmişdir. Həmin akt iddiaçı və cavabdeh MMC-nin məhsul şəxsləri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Eyni zamanda həmin tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1170 manatlıq xidmətin göstərilməsinə dair EBAN seriyalı 167635 saylı elektron qaimə göndərilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir xidmət göstərməsəydi, cavabdehin məsul şəxsi təhvil-təslim aktlarını imzalamaz və möhürlə təsdiq etməzdi, o cümlədən iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Qeyd olunan hallar isə iddiaçı tərəfindən müqavilədə göstərilən xidmətlərin göstərməsini, cavabdeh tərəfindən bu halın təsdiq etməsini və həmin xidmətlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin ödənişlərin həyata keçirilməsini tələb etməkdə haqlıdır. Dəbbə pulunun tutulması tələbinə dair kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 8.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün ümumi dəyərin 0.2 (sıfır onda iki) % əlavə hesablanacaq. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin bağlanılması tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması tələblərinə dair isə qeyd olunur ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin maddənin tələblərini, tərəflər arasında müqavilənin bağlanması tarixini və şərtlərini, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi müddətini nəzərə aldıqda kollegiya hesab edir ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cəmi 145 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır (1830 x 5% = 91,5); (1170x5% = 58,5; 1 ay üçün 58,5/12 = 4,875; 11 ay üçün 4,875 x 11 = 53,6); (91,5 + 53,6 = 145). Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 05.06.2020-ci il tarixli 013636 saylı və 04.08.2020-ci il tarixli 015132 saylı aktlardan görünür ki, həmin aktlar göstərilmiş xidmətlərin təhvil verilməsi ilə bağlı tərtib olunmuşdur. Çünki həmin aktlar məhz belə adlandırılmış, habelə aktlarda aydın şəkildə qeyd olunmuşdur ki, müqavilənin şərtlərinə uyğun olaraq sifarişçinin sifarişi əsasında aktda göstərilən yüklər icraçı tərəfindən daşınmışdır. Həmin aktlar da cavabdeh MMC-nin məhsul şəxsi (cavabdehin nümayəndəsinin etirafına görə direktor) tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Ona görə də, həmin aktların sonunda “Təhvil aldı” qrafasında imzaların olub-olmamasının əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-209/2022 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.02.2022-ci il tarixli qətnaməsi ilk iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-448/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-448/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver