Məhkəmə qərarları › İş №2-2(103)-448/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-448/2023

03.05.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-448/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-1713/2023 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, "xxxx" MMC-nin 16 saylı filialı və "xxxx" MMC-nin 8 saylı filialının təşkilatı hüquqi forması filial olmaqla yanaşı, yuxarı təşkilatı və tabeçiliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinədir və rəhbəri Maraqlı şəxsdur.

2. Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, "xxxx" MMC-nin 16 saylı filialına xx.xx.2020-ci il tarixdə, "xxxx" MMC-nin 8 saylı filialına xx.xx.2019-cu il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir.

3. İnternet Vergi İdarəsinin təqdim etdiyi kommersiya qurumlarının dövlət reyestri məlumatlarından da "xxxx" MMC-nin 16 saylı filialı və "xxxx" MMC-nin 8 saylı filialın müstəqil hüquqi şəxs kimi təşkilati-hüquqi formaya malik olması təsdiqlənmir.

Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 saylı filialının (bundan sonra "xxxx" MMC-nin 16 saylı filialı) Dövlət Sosial Müdafiə Fonduna olan 196,28 manat, İşsizlikdən Sığorta Fonduna olan 12,79 manat, İcbari Tibbi Sığorta Fonduna olan 29,26 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 8 saylı filialının (bundan sonra "xxxx" MMC-nin 8 saylı filialı) dövlət büdcəsinə olan 2359,45 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1016,53 manat, İşsizlikdən Sığorta Fonduna olan 3,2 manat, İcbari Tibbi Sığorta Fonduna olan 47,63 manat borcunun ödənilməsini təmin etmək üçün həmin filialların rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi – AA*******) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin 16 saylı filialının (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 29,26 manat, Dövlət Sosial Müdafiə Fonduna 196,28 manat, İşsizlikdən Sığorta Fonduna 12,79 manat, "xxxx" MMC-nin 8 saylı filialının (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 3,2 manat, İcbari Tibbi Sığorta Fonduna 47,63 manat, dövlət büdcəsinə 2359,45 manat məbləğində (o cümlədən vergilər üzrə 2161,06 manat, faizlər üzrə 198,39 manat), Dövlət Sosial Müdafiə Fonduna 1016,53 manat olmaqla, ümumilikdə 3665,14 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********648800, xx.xx.2022-ci il tarixli **********649500, xx.xx.2022-ci il tarixli **********694000, xx.xx.2021ci il tarixli **********789400, xx.xx.2022-ci il tarixli **********953500, xx.xx.2022-ci il tarixli **********353300, xx.xx.2022-ci il tarixli **********957300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-1713/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) ərizə rədd edilmişdir.

7. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə sərbəst balansa, cari və ya digər hesablara malik olan hüquqi şəxsin digər ayrıca bölməsinin (filialının) uçota alınaraq ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməsi idarənin müstəqil hüquqi şəxs kimi çıxış etməsi anlamına gəlmir.

8. Maraqlı şəxs hüquqi şəxsin deyil, "xxxx" MMC-nin 16 saylı filialı və "xxxx" MMCnin 8 saylı filialının rəhbəri olduğundan onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanunun tələblərinə uyğun deyil.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-1713/2023 nömrəli qətnaməsini ləğv edərək ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinə müvafiq olaraq, şəxs dedikdə, istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi başa düşülür. Bundan başqa, vergi ödəyicisi mövhumu özündə Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsləri ehtiva edir. Eyni zamanda ölkənin vergi qanunvericiliyi müəssisə anlayışına hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələrini də aid edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsinə aid edilmişdir. Göründüyü kimi, borc məbləği tam ləğv ediləcəyi və ödəniləcəyi təqdirdə vergi orqanı dərhal məhdudlaşdırılmanın götürülməsi üçün aidiyyəti tədbirləri həyata keçirəcəkdir. Ərizələrin məhkəmələr tərəfindən rədd edilməsi borclu fiziki şəxslərin və hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən sərbəst giriş-çıxışına, onların vergi ödəməkdən yayınmasına, beləliklə, büdcə daxil olmalarının azalmasına səbəb ola bilər. Göründüyü kimi, ərizəçi vergi orqanı mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

12. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 70-ci maddənin X bəndi - dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddəsinin İİİ hissəsi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; 71-ci maddəsinin İİ hissəsi- əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 1.4-cü maddə- Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur; 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 23.1.15-3-cü maddə- vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır; 24.0.2-1-ci maddə- vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. 33.2-ci maddəsinin 3-cü bəndinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin həmin Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir. 13.2.39.3-cü maddəsinə əsasən .... həmin Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri müəssisə anlayışı ilə əhatə olunur. 77.3-cü maddə-vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddə-vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 355-7.4-cü maddə- vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edikdikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: -2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. -2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə-vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 13.Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

14. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-1713/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. İş materiallarından görünür ki, Maraqlı şəxs "xxxx" MMC-nin 16 saylı filialı və "xxxx" MMC-nin 8 saylı filialının rəhbəridir.

16. Ərizəçinin apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, ölkənin vergi qanunvericiliyi müəssisə anlayışına hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələrini də aid etdiyindən filialın da dövlət büdcəsinə olan borcuna görə qanuni təmsilçisinin ölkədən getmək hüququ məhdudlaşdırıla bilər.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının qanuni əsasını təşkil edən Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsində vergi ödəiyicisi olan müəssisənin deyil, məhz hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulduğundan bu normalar hüquqa müdaxilə ilə bağlı olduğu üçün genişləndirici təfsir oluna bilməz.

18. Avropa İnsan Hüquqları Məhkəməsinin Editorial Board of Pravoye Delo və Ştekel Ukraynaya qarşı iş üzrə xx.xx.2011-ci il tarixli qərarında milli məhkəmələr tərəfindən qanuna genişləndirici təfsir edilməklə cavabdeh barəsində qanunda nəzərdə tutulmayan tədbirin görülməsi ifadə azadlığı hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilmişdi.

19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə düzgün hüquqi qiymət verildiyindən qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)- 1713/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-1713/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar