Məhkəmə qərarları › İş №2-2(103)-449/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-449/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-449/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı kommersiya işi Açar söz: müqavilə üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 2(113)-239/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin xx.xx.2022-ci il tarixinədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 43488 manat ödənilməmiş pulun, 21 manat dövlət rüsumunun və 200 manat mediasiya üçün çəkilmiş xərcin, ümumilikdə 43709 manat pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC bir qayda olaraq mülki dövriyyədə kənd təsərrüfatı məhsullarının istehsalı, satışı üzrə fəaliyyət göstərir. İddiaçı Cavabdeh MMC ilə şifahi alqı-satqı müqaviləsi bağlamışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən iddiaçı arpa məhsulunu cavabdehin sifarişi əsasında hazırlayıb ona verməyi, cavabdeh isə həmin məhsulu qəbul edib əvəzində onun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə müqaviləyə əsasən 56488 manat dəyərində olan məhsulları verməklə müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Lakin cavabdeh razılaşdırılmış məbləğin 13000 manat hissəsini ödəmiş, geri qalan 43488 manat hissəsini isə indiyə qədər ödəməmişdir. İddiaçı borcun ödənilməsi üçün cavabdehə xəbərdarlıq məktubu da göndərmişdir. Cavabdehdən pulun alınması bundan sonra da mümkün olmamışdır. Mübahisənin həll edilməsi üçün cavabdeh mediator vasitəsilə xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmək üçün dəvət edilsə də o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bundan sonra mediator iddiaçıya cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış təqdim etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-239/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia tələbi rədd edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş (müqavilənin bağlanması, arpa məhsulunun təhvil verilməsi, qeyd etdiyi razılaşdırılmış məbləğin 13000 manat hissəsinin ödənilməsi və s.) və iddia tələbi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş “CD” disk isə iddia tələbini təsdiqləyəcək sübut qismində qəbul oluna bilməz.

6. Məhkəmə onu da qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-239/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə xx.xx.2023-cü il tarixli, e-2-2(113)-239/2023 nömrəli qətnaməsi ilə "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı şifahailqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiasını təmin etməmişdir. Səbəb kimi isə iddia tələbində qeyd edilənlərin mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamasıdır. Lakin iddiaçı mübahisə predmeti ilə bağlı 2 ədəd disk daşıyıcıda səs yazıları mövcud olan subutları məhkəməyə təqdim etsə də məhkəmə həmin sübutlara doğru-düzgün qiymət verməmişdir. Disk daşıyıcıda cavabdehin İddiaçıya borcunu təsdiq edən səs yazısı mövcuddur. Şirkətin satış şöbəsinin təmsilçisi Günay xanım və audit şöbəsinin təmsilçisi Elşad bəy Cavabdehin səlahiyyətli nümayəndəsi Qanuni nümayəndəla xx.xx.2023-cü il tarixdə mübahisə ilə bağlı görüş keçirmişlər. Satış şöbəsinin təmsilçisi Günay xanım həmin görüşdə tərəflər arasında gedən söhbəti mobil telefonu vasitəsilə Qanuni nümayəndə xəbəri olmadan qeydə almışdır. Məhkəmə səs yazısının qanuna zidd olaraq gizli qeydə alındığını əsas gətirərək səs yazısını sübut kimi qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, lakin hazırkı iş üzrə məhkəmələr tərəfindən telefon danışıqlarını və yazışmaları əks etdirən diskin qanuni əsaslarla əldə edilməmiş sübut sayılmasına, habelə həmin məlumatların əsassız olmasına dair hər hansı hüquqi qiymətləndirmə aparılmamış və bununla bağlı gəlinən qənaət əsaslandırılmamışdır. Son məhkəmə iclasında biz yeni sübut təqdim edilsə də, məhkəmə həmin sübut barədə və həmin sübutu nə üçün rədd etdiyi barədə qətnamənin əsaslandırıcı hissəsində heç bir münasibət bildirməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

10. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

11. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

12. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-239/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi izahatında göstərdikləri və iddia ərizəsində qeyd edilənlərə əsasən iddia edilir ki, tərəflər arasında 2022-ci ilin aprel ayında şifahi alqı-satqı müqaviləsi bağlanmış, cavabdehə 56488 manat dəyərində taxıl satılmış, 13.000 manat ödənilmiş, 43488 manat hal-hazıradək ödənilməmişdir.

14. İddiaçı iddia tələbini sübut etmək üçün məhkəməyə cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə borcun etirafı barədə səs yazısı olan CD disk-dən başqa hər hansı sübut təqdim edə bilməmişdir.

15. İşə apellyasiya qaydasında baxılarkən tədim edilmiş CD diskdəki səs yazısının cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə məxsus olub-olmadığının yoxlanılması üçün iş üzrə məhkəmə fonoskopik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə ekspertizanın aparılmasından adından eyniləşdirici tədqiqat aparılması üçün eksperimental səs və nitq nümunəsinin və tədqiqatı tələb olunan mübahisəli fonoqramın dinlənilmə protokolu təqdim edilmədiyindən (Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdən həbs edilərək Bakı İstintaq Təcridxanasında saxlanılması ilə əlaqədar) imtina edilmişdir.

16. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslı olduğunu təsdiq etmək üçün məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən iddianın rədd olunması əsaslıdır. Sübut qismində təqdim edilmiş“CD” disk-də səs yazısı olan şəxsin cavabdehin qanuni təmsilçisi olduğu məlum olmadığından və həmin səs yazısında borcu etiraf edən şəxs cavabdehin iddiaçıya hansı məbləğdə borcu olduğuni bildirmədiyindən həmin səs yazısı digər mötəbər sübutlar olmadan iddianın təmin olunması üçün əsas ola bilməz.

17. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 239/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-239/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar