Məhkəmə qərarları › İş №2-2(103)-45/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-45/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-45/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə iddiaçı "İddiaçı" MMC-nin cavabdeh "X1 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti"yə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-942/2020 saylı qətnaməsindən (hakim E.Əliyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MMC cavabdeh "X1 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti"-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, İm 018/17 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 317600 ABŞ dolları məbləğində vəsaitin ödənildiyini, lakin cavabdehin ümumilikdə 300.430 ABŞ dolları məbləğində iddiaçıya mal göndərdiyini bildirərək, xx.xx.2017-ci il tarixli, İm 018/17 saylı müqavilə öhdəliklərinin yerinə yetirilməməsindən yaranmış 17100 ABŞ dolları məbləğində əsas borcun, 86 ABŞ dolları məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli İm 018/17 saylı tekstil avadanlıqları üçün ehtiyat hissələrinin alqısatqısına dair kontrakta əsasən, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 319.893,57 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Lakin, köçürülmüş avans məbləğinin müqabilində cavabdeh tərəfindən iddiaçının ünvanına cəmi 299.793,60 ABŞ dolları məbləğində ehtiyat hissələri göndərilmişdir. Son nəticədə cavabdehin iddiaçıya xx.xx.2017-ci il tarixli İm 018/17 saylı müqavilə üzrə 20100 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həmçinin, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli İm 024/17 saylı kontrakta əsasən, tekstil avadanlıqlarının alınması üçün cavabdehə ümumilikdə 219106,43 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Köçürülmüş avans məbləğinin müqabilində cavabdeh tərəfindən iddiaçının ünvanına cəmi 201300 ABŞ dolları məbləğində avadanlıq göndərilmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2017-ci il tarixli İm 024/17 saylı müqavilə üzrə 17806,43 ABŞ dolları məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçıya hər iki kontrakt üzrə ümumilikdə 37906,43 ABŞ dolları məbləğində borcu yaranmışdır. Eyni zamanda, mövcud kontraktın 9-cu bəndinə əsasən, tərəflər müqavilə üzrə üzərinə götürülmüş öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yerinə yetirilməmiş öhdəliklərin miqdarının 0,5 % həcmində cərimə ödəməlidirlər. Cavabdehin müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə bağlı iddiaçıya ümumilikdə 37906,43 ABŞ dolları məbləğində borcu yaranmış, dəbbə pulunun hesablanmış məbləği (37906,43 ABŞ*0,5 %) 189,53 ABŞ dolları təşkil edir. Həmçinin, mövcud kontraktın 8-ci bəndinə uyğun olaraq, tərəflər arasında yaranmış mübahisələrə və fikir ayrılıqlarına Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, aidiyyatı üzrə Azərbaycan Respublikasının Məhkəməsində baxılması nəzərdə tutulmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-942/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2017-ci il tarixli, İm 018/17 nömrəli müqavilə üzrə 17100 ABŞ dolları məbləğinə pul, 10 ABŞ dolları dəbbə (cərimə) olmaqla, cəmi 17110 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdeh "X1 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti"dən tutularaq iddiaçı "İddiaçı" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-942/2020 saylı qətnaməsinin ləğv edilməsini və tələbin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə birtərəfli, qərəzli yanaşmış cavabdeh tərəfindən təqdim edilmiş sübutlara qiymət vermədən qətnamə qəbul etmişdir. Bununla da tam aydın olur ki, məhkəmə qərərzlilik nümayiş etdirərək yalnız iddiaçı tərəfin ifadələrini sübut kimi qəbul etmişdir. Şirkət tərəfindən göndərilməyən malların qarşılığı olaraq göndərilən malların quraşdırılması işləri aparılmış və Türkiyə Respublikasından ustalar ölkəmizə gələrək həmin avadanlıqları quraşdırıb iddiaçı tərəfə təhvil veriblər. Görülən işləri təsdiq etməkdən ötrü iddiaçı tərəfin İmişli Filialının əməkdaşları və cavabdeh şirkətin direktoru tərəfindən xx.xx.2018-ci il tarixində akt tərtib edilmişdir. Beləliklə də tam aydın olunur ki iddiaçı ilə cavabdeh aralarında şifahi müqavilə bağlayaraq razılığa gəliblər ki, göndərilməyən malların əvəzi olaraq cavabdeh tərəfindən göndərilən malların quraşdırılması həyata keçirilsin. Lakin məhkəmə tərəfindən bu hallar araşdırılmamışdır. Məhz cavabdehin təqdim etdiyi sübutlara qiymət verməməklə və heç bir istinad gətirməməklə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 9,1, 77.1, və 106.1-ci maddələrinin tələblərini pozmuşdur. İşə baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmənin iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesb etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-942/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda iş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Məhkəmə qətnaməni qeyd edilən hissədə yoxlayaraq hesab edir ki, qətnamənin iddianın təmin edildiyi hissədə dəyişdirilməsi və ya ləğvi üçün əsaslar mövcud deyil. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, İm 018/17 nömrəli tərəflər arasında bağlanmış alqı-satqı kontraktından görünür ki, satıcı – “X1 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti" müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli qoşmada göstərilmiş 317600 ABŞ dolları dəyərində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə hesab-invoys, mal-nəqliyyat qaiməsi, mənşə setifikatı əsasında alıcıya - “İddiaçı" MMC-yə təhvil verməyi (satmağı), Aaıcı – “İddiaçı" MMC də öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə ödəməli, əgər gecikdirilərsə müqavilənin yerinə yetirilməmiş öhdəliklərin miqdarının 0,5 faizi həcmində cərimənin ödənilməsi şərti ilə təhvil almağı öz öhdəsinə götürmüşdür. Həmçinin, mövcud kontraktın 8-ci bəndinə uyğun olaraq, tərəflər arasında yaranmış mübahisələrə və fikir ayrılıqlarına Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, aidiyyatı üzrə Azərbaycan Respublikasının İnzibati-İqtisadi Məhkəməsində baxılması nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, İm 018/17 nömrəli müqaviləyə 01 nömrəli qoşmadan görünür ki, sözügedən müqavilə üzrə satıcı – “X1 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti" tərəfindən alıcı – “İddiaçı" MMC-yə göndəriləcək malların ümumi dəyəri 317.600 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 6029 nömrəli ödəniş tapşırığından görünür ki, ödənişin təyinatı olan xx.xx.2017-ci il tarixli, İm 018/17 nömrəli müqavilə üzrə 158.800 ABŞ dolları məbləğində vəsait “İddiaçı" MMC tərəfindən “X1 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti"nin hesabına köçürülmüşdür. İş materiallarında olan 294904 nömərli, xx.xx.2017-ci il tarixli faturadan görünür ki, xx.xx.2017-ci il tarixli, İm 018/17 nömrəli müqavilə üzrə malların ümumi dəyəri 134.395 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli gömrük bəyyanəməsindən görünür ki, “X1 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti" tərəfindən ümumi dəyəri 134395 ABŞ dolları məbləğində olan mallar “İddiaçı" MMC-yə göndərilmişdir. İş materiallarında olan 295051 nömərli, xx.xx.2017-ci il tarixli faturadan görünür ki, xx.xx.2017-ci il tarixli, İm 018/17 və 024/17 nömrəli müqavilələr üzrə malların ümumi dəyəri 17806,43 ABŞ dolları təşkil edir. İş materiallarında olan 294907 nömərli, xx.xx.2017-ci il tarixli faturadan görünür ki, xx.xx.2017-ci il tarixli, İm 018/17 nömrəli müqavilə üzrə malların ümumi dəyəri 166035 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli gömrük bəyyanəməsindən görünür ki, “X1 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti" tərəfindən ümumi dəyəri 166035 ABŞ dolları məbləğində olan mallar “İddiaçı" MMC-yə göndərilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 8840 nömrəli köçürmə ərizəsindən (ödəniş tapşırığından) görünür ki, ödənişin təyinatı olan xx.xx.2017-ci il tarixli, İm 018/17 nömrəli müqavilə üzrə 158800 ABŞ dolları məbləğində vəsait “İddiaçı" MMC tərəfindən “X1 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti"nin hesabına köçürülmüşdür. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı "İddiaçı" MMC tərəfindən cavabdeh "X1 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti" şirkətinə ehtiyat hissələrin alınması üçün 317600 ABŞ dolları məbləğində vəsait ödənilmiş, sonuncu isə bunun müqabilində iddiaçıya cəmi 300430 ABŞ dolları məbləğində mal göndərmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutları nəzərə alaraq hesab etmişdir ki, göndərilməyən mallara görə ödənilən vəsait 17170 ABŞ dolları təşkil etsə də, iddiaçı həmin vəsaitdən az, yəni 17100 ABŞ dolları tələb etdiyindən, iddia həmin hissədə tam təmin edilməli, eyni zamanda dəbbə (cərimə) borcu tənasübsüz sürətdə yüksək olduğuna görə həmin məbləğ azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1.-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2.-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Cavabdehin iddiaya etirazı və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş və “İddiaçı" MMC-nin İmişli filialının əməkdaşları tərəfindən təsdiq edilmiş akta əsasən, alınmış mallardan əlavə olaraq, 295051 nömrəli, xx.xx.2017-ci il tarixli fakturaya əsasən cavabdeh tərəfindən avadanlıqların (makinaların, EkiP malların) dəyəri 17806,43 ABŞ dolları təşkil edən quraşdırılması, layihə-mantaj və texniki dəstək işləri yerinə yetirildiyindən iddiaçıya olan 17100 ABŞ dolları borc həmin məbləğlə əvəzləşdirilməlidir. Məhkəmə apelyasiya şikayətini əsassız hesab edir. Belə ki, iş materiallarının 46-cı səhifəsinə rəngli kserosurəti əlavə edilmiş xx.xx.2018ci il tarixli aktda 295051 nömrəli, xx.xx.2017-ci il tarixli fakturaya əsasən alınmış avadanlıqların quraşdırma işlərinin dəyərinin 17806,43 ABŞ dolları olduğu qeyd edilmiş, həmin məbləğin “İddiaçı" MMC tərəfindən ödəniləcəyi göstərilməmişdir. Qeyd edilən akt hüquqi şəxsin qanuni təmsilçisi və ya hüquqi şəxsin adından əqd imzalamaq səlahiyyəti verilmiş şəxslər tərəfindən deyil, “İddiaçı" MMC-nin baş mühəndisi S.Əliyev, “MKT -İmişli" filialının mexaniki Ş.Qasımov, X.Məmmədov, E.Cəfərov tərəfindən imzalandığından hüquqi şəxs üçün hər hansı öhdəlik yarada bilməz. İddiaçının nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən tərəflər arasında avadanlıqların quraşdırılması və texniki dəstək işlərinin görülməsi ilə bağlı şifahi razılaşma olduğunu qəbul etmədiyindən belə bir razılaşmanın olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən tərəflər arasında həqiqətən avadanlıqların quraşdırma işlərinin dəyərinin ödəniləcəyi barədə şifahi razılaşmanın olduğunu təsdiq etmək üçün birinci instansiya məhkəməsinə təqdim edilmiş “İddiaçı" MMC-nin baş mühəndisi S.Əliyevin adından imzalanmış xx.xx.2020-ci il tarixli ərizədəki (iş mat. 62-ci vərəq) imzanın həmin şəxsə aid olduğu notarial qaydada təsdiq edilmədiyindən ərizənin həqiqətən S.Əliyev tərəfindən tərtib edildiyi şübhə doğurduğu üçün məhkəmə tərəfindən düzgün olaraq mötəbər sübut kimi qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)- 942/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "X1 Fab. Mon. ve İml. Taah. San. Tic. Ltd. Şti"-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-942/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar