Məhkəmə qərarları › İş №2-2(103)-45/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-45/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-45/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı “X2 Makinaları Orman ve X1 İthalat İhracat Sanayi ve Ticaret Anonim” şirkətinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-666/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 12.12.2018-ci il tarixli K12/18-109 nömrəli və eyni müqavilə olan 04.01.2019-cu il tarixli AA01/0119 nömrəli müqavilənin tərkib hissəsi olan (1, 2, 3, 4, 5, 6, 7, 8, 9 nömrəli) əlavələr və eləcə də 31.01.2020-ci il tarixli AA01/0120 nömrəli (onun 1 və 2 nömrəli) əlavəsi əsasında ödənilməli 113.478 ABŞ dolları əsas vəsait, 12.775 ABŞ dolları məbləğdə cərimə olmaqla, cəmi 126.253 ABŞ dolları məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, mübahisə predmeti olan borcun yaranmasının əsası şirkətlər arasındakı müqavilə münasibətləri olmuşdur. İddia tələbinin dəqiqləşməsi barədə verilmiş ərizəyə əlavə olunmuş şirkətlər arasında bağlanmış 12.12.2018-ci il tarixli Kİ2/18- 109 nömrəli müqavilə ilə 04.01.2019-cu il tarixli AA01/0İ/9 nömrəli müqavilə eynidir. Eyni müqavilənin iki fərqli nömrədə olmasının səbəbi isə 12.12.2018-ci il tarixli K12/18- 109 nömrəli müqaviləni cavabdehin Qazaxıstan Respublikasındakı filialı ilə, digər 04.01.2019cu il tarixli AA01/0119 nömrəli müqavilənin isə cavabdehin Azərbaycan Respublikasında yerləşən baş ofisi ilə bağlanmasıdır. Şirkətlər arasında başlanmış müqavilələrin 2 fərqi var. İlk fərq ondan ibarətdir ki, birinci müqavilə üzrə tərəfin filial olması, ikinci müqavilə üzrə tərəfin cavabdehin özü, yəni Azərbaycan Respublikası ərazisində yerləşən baş ofisin olmasıdır. İkinci fərq isə ondan ibarətdir ki, 12.12.2018-ci il tarixli Kİ2/18-109 nömrəli müqaviləyə əsasən ödənişin vaxtında edilmədiyi halda hər geçikdirilmiş gün üçün məbləğin 20%-dən çox olmamaq şərtilə cərimə ödənilməsi nəzərdə tutulduğu halda, digər, yəni 04.01.2019-cu il tarixli AA01/0119 nömrəli müqavilə ilə bu məbləğin 5%-dən çox olmamaq şərtilə cərimə məbləğinin alıcı tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehə 678.140 ABŞ dolları dəyərində mallar göndərilmiş, cavabdeh tərəfindən göndərilən malların əvəzində 564.662 ABŞ dolları məbləğdə pul köçürmə vasitəsilə ödənilmişdir. Göndərilən mallar və ödənilən pullar arasındakı fərq cavabdehin iddiaçıya olan borcunu təsdiq edir. Bəyannamələr əsasında göndərilən malların dəyəri cəmi 678.140 ABŞ dolları, cavabdeh tərəfindən köçürmə vasitəsi ilə ödənilən məbləğlərin cəmi isə 564.662 ABŞ dolları olmuş, fərq 113.478 ABŞ dolları təşkil etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.05.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 113.478 ABŞ dolları əsas borc, 500 ABŞ dolları məbləğdə cərimə olmaqla, cəmi 113.978 ABŞ dolları məbləğdə pulun manatın ödəniş gününə məzənnə nisbəti ilə iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, təmin edilən hissədə ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı tərəflər arasında bağlanmış müqavilələr üzrə ödənilməli olan pulu tələb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbindən kənara çıxmış və iddianın əsasını təşkil edən müqavilələrdən irəli gələn məbləğdən kənar məbləğin təmin edilməsi ilə bağlı qərar qəbul etmişdir. Halbuki, iddiaçının iddia tələbinin əsasını təşkil edən müqavilələr məlum, müqavilələrin əlavələr ilə müəyyən olunan dəyəri tam açıq şəkildə qeyd edilmişdir. İddiaçı ödənilməmiş vəsaiti gömrük bəyannamələrinə görə yox, məhz müqavilələr üzrə tələb edir. Bu baxımdan birinci instansiya məhkəməsinin mövqeyi tamamilə əsassızdır və məhkəmənin qətnaməsi ləğv edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında 3 müqavilə olmuş, onlardan biri cavabdehin Qazaxıstan Respublikasındakı filialı ilə, digər ikisi isə Korporasiya ilə bağlanmışdır. Eyni zamanda, cavabdehin Qazaxıstan Respublikasındakı filialı ilə bağlanmış 12.12.2018-ci il tarixli K12/18-109 nömrəli müqavilə ilə cavabdehlə bağlanmış 04.01.2019-cu il tarixli AA01/0119 nömrəli müqavilə eynilik təşkil etmiş və bütün əməliyyatlar (malların göndərilməsi, ödənişlər və s.) sonuncu müqavilə üzrə aparılmış və mübahisə edilən müqavilə də məhz həmin müqavilə olmuşdur. Həmin müqavilə, eləcə də həmin müqaviləyə əlavələr, o əlavələr ki, iddiaçının tələbinin əsaslarını təşkil edir, cavabdehin rəhbəri-icraçı direktoru tərəfindən imzalanmış və şirkətin əsas möhürü ilə təsdiq edilmişdir. Lakin, iddiaçının malların təhvil-təsliminin təsdiqi kimi təqdim etdiyi 01.07.2019-cu il tarixli akt cavabdehin icraçı direktoru tərəfindən deyil, cavabdehin Qazaxıstan Respublikasındakı filialında layihə rəhbəri kimi adı qeyd edilən Ələsov Ş. tərəfindən imzalanmış, özü də aktın imzalandığı yer kimi Bakı şəhəri göstərilmişdir. Ümumiyyətlə həmin aktı layihə rəhbərinin imzalaması, həmin şəxsin səlahiyyətli olubolmaması, həmin sənədin Bakı şəhərində imzalanması və ən nəhayət bütün sənədlərdə (müqavilə və əlavələrdə) cavabdehin əsas möhürü olsa da, mübahisəli akt cavabdehin Qazaxıstan filialının möhürü ilə təsdiq olunmuşdur. Bütün bu detallar bir daha sübut edir ki, iddiaçının müqavilənin 1 və 1A nömrəli əlavələr ilə müəyyən edilmiş, ilkin ödənişdən sonra geridə qalan malların təhvil verməsi mübahisəlidir. Eyni zamanda, akt müvafiq qaydada elə iddiaçının özü tərəfindən də möhürlə təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin sonuncu məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə ki, sonuncu məhkəmə prosesinin tarixi əvvəlcə təyin edilmiş, daha sonra dəyişdirilmiş və telefon vasitəsilə həmin günü məhkəmənin tarixi barədə (25.05.2021-ci il) məlumat verilmişdir. Qəflətən prosesin vaxtının dəyişdirilməsi və bu səbəbdən məhkəmə proseslərinin üst-üstə düşməsi səbəbindən prosesin növbəti münasib bilinən tarixə təxirə salınması xahiş edilmiş, bununla bağlı rəsmi qaydada ərizə ilə müraciət edilməsi xahiş olunmuş və məhkəmə prosesi zamanı əlavə sübutların təqdim ediləcəyi bildirilmişdir. Ərizə ilə müraciət olunsa da, görünür ərizə nəzərə alınmamış və bu da öz növbəsində cavabdeh tərəfindən əlavə sübutların təqdim edilməsinə, habelə işin hərtərəfli, obyektiv araşdırılmasına mane olmuşdur. Bununla yanaşı, məhkəmənin bu mövqeyi cavabdehin məhkəmədə çıxış etməsinə şərait yaratmamış və bununla da tərəflərin çəkişmə prinsipini pozmuş, ona riayət etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia təmin olunan hissədə qismən ləğv edilərək, iddianın həmin hissədə də rədd olunması xahiş edildiyi, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə yalnız iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Bu kontekstdə işdən müəyyən edilir ki, alıcı qismində cavabdehin Qazaxıstan Respublikasındakı filialı ilə satıcı qismində iddiaçı arasında bağlanmış 12.12.2018-ci il tarixli K12/18-109 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı malları alıcıya satmağı, alıcı isə müqaviləyə əlavədə göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə almağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 nömrəli əlavəyə görə, satılan malların ümumi dəyəri 255.500 ABŞ dolları məbləğdə olmuşdur. Ümumi məbləğin 50 faiz hissəsinin avans şəklində əlavə imzalandıqdan sonra ödənilməsi, qalan hissəsinin isə tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan 10 iş günü ərzində ödənilməsi razılaşdırılmışdır. Alıcı qismində cavabdehlə satıcı qismində iddiaçı arasında bağlanmış 04.01.2019cu il tarixli AA 01/0119 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı malları alıcıya satmağı, alıcı isə müqaviləyə əlavədə göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə almağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 nömrəli əlavəyə görə, satılan malların ümumi dəyəri 255.500 ABŞ dolları məbləğdə olmuşdur. Ümumi məbləğin 50 faiz hissəsinin avans şəklində əlavə imzalandıqdan sonra ödənilməsi, qalan hissəsinin isə tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan 10 iş günü ərzində ödənilməsi razılaşdırılmışdır. Eyni müqaviləyə 1A nömrəli əlavəyə əsasən isə, müqaviləyə 1 nömrəli əlavənin 2-ci bəndi dəyişdirilmiş, ümumi məbləğin 60 faiz hissəsinin avans şəklində əlavə imzalandıqdan sonra ödənilməsi, qalan hissəsinin isə tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan 10 iş günü ərzində ödənilməsi razılaşdırılmışdır. İşdə olan köçürmə sifarişlərindən görünür ki, cavabdeh tərəfindən ayrı-ayrı tarixlərdə müxtəlif məbləğlərdə olmaqla, iddiaçının hesabına cəmi 564.662 ABŞ dolları məbləğdə pul vəsaiti köçürülmüşdür. Gömrük bəyannamələrindən müəyyən olunur ki, ayrı-ayrı tarixlərdə müxtəlif dəyərdə mallar iddiaçı tərəfindən cavabdehə olmaqla, Azərbaycan, Qazaxıstan, Özbəkistan respublikalarına və Gürcüstana göndərilmişdir. Kurti-Burulbaytal layihəsi üzrə Yerinə yetirilmiş işlərə dair 01.07.2019-cu il tarixli İP/AK/47-16-26 nömrəli Təhvil-təslim aktına görə, 04.01.2019-cu il tarixli AA01/119 nömrəli müqavilə ilə cavabdeh tərəfindən verilmiş sifarişə əsasən daş doğrayan qurğunun müqavilə şərtlərində göstərilən bəndlərə uyğun tam istehsal gücü olduğu iddiaçının direktorunun imzası və möhürü, cavabdehin Qazaxstan filialının rəhbərinin imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyasının 20.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.01.2022-ci il tarixli 9/7409 nömrəli rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (gömrük bəyannamələri, köçürmə sənədləri, müqavilələr, müqaviləyə əlavələr, bank çıxarışı, təhvil-təslim aktları və s.) əsasən, tərəflər arasında bağlanmış müqavilələr və onların əlavələri üzrə əsas borc məbləği 113.478 ABŞ dolları məbləğdə müəyyən olunur. Təqdim edilmiş iş materiallarında olan müqavilələr və ona əlavələrdə konkret cərimə faizi nəzərdə tutulmadığından hazırkı tədqiqatla cərimə hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 200 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən qəbul etdiyi malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, mübahisəli borcun yaranması alqı-satqı müqaviləsi, gömrük bəyannamələri, təhviltəslim aktı ilə, borcun məbləği isə köçürmə sifarişləri, ekspert rəyi və cavabdehin müqavilə üzrə əldə etdiyi malların dəyərini qismən ödəməsi ilə təsdiqini tapır. Cavabdehin apellyasiya şikayətindən görünür ki, o, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik-hüquq münasibətlərinin yarandığını, müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, hazırda iddiaçıya borcu yarandığını və borcun məbləğini mübahisə etmir. Cavabdeh cərimə pulunu da şikayətində mübahisələndirmir. Odur ki, formal xarakterli ümumi mülahizələrdən ibarət olan apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxması barədə dəlili əsaslı deyil. Belə ki, məhkəmənin əslində hansı tələbə hansı həddə baxmalı olması, iddia tələbindən necə kənara çıxması konkret fakt və rəqəmlərlə dəqiqləşdirilməmişdir. Şikayətin sadəcə 01.07.2019-cu il tarixli təhvil-təslim aktının filialın möhürü və cavabdehin icraçı direktoru tərəfindən deyil, Qazaxıstan Respublikasındakı filialında layihə rəhbəri tərəfindən imzalanması barədə dəlili də belə bir formallığa dəlalət etməklə, sonuncunun öhdəliyin icrasından boyun qaçırması və borcun ödənilməsi müddətini uzatmaq cəhdindən ibarətdir. Belə ki, sözügedən aktdan göründüyü kimi, həmin sənəd 04.01.2019-cu il tarixli AA01/119 nömrəli müqavilə ilə əlaqədar məhz Qazaxstanda həyata keçirilən Kurti-Burulbaytal layihəsi üzrə yerinə yetirilmiş işlərə dair tərtib edilmişdir. Digər tərəfdən, cavabdeh həmin təhvil-təslim aktını imzalayan Ş.Ələsovun imzasının və filialın möhürünün həqiqi olmadığını bildirmir. Şikayətin birinci instansiya məhkəməsinin cavabdehin nümayəndəsinin sonuncu məhkəmə iclasında iştirakını təmin etməməsinə dair dəlilinə gəldikdə isə, işdən görünür ki, onun nümayəndəsi üç məhkəmə iclasında iştirak etmişdir və bu da onun iddiaya qarşı etiraz və sübutlarının təqdim edilməsi üçün kifayət qədər vaxt və imkana malik olduğunu, heç bir halda çəkişmə prinsipinin pozulmadığını təsdiq edir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməli, ekspertiza tədqiqatının xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-666/2021 nömrəli iş üzrə 25 may 2021ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar