Məhkəmə qərarları › İş №2-2(103)-45/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-45/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-45/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X3 San.Tic A.Ş.Şirkəti”nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə pul tələbinə dair Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, iddiaçı Türkiyə Respublikasının hüquqi şəxsi olan “X3 San.Tic A.Ş.Şirkəti”nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022- ci il tarixli, e-2-2(113)-1424/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, Türkiyə Respublikasının hüquqi şəxsi olan “X3 San.Tic A.Ş.Şirkəti” (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 2016-cı il tarixdən alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, cavabdehə müxtəlif tarixlərdə mətbəx əşyaları satılmış, satılmış malların dəyəri qismən ödənilmişdir. İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə yazılı alqı-satqı müqaviləsi tərtib edilərək cavabdehə göndərilsə də həmin müqavilə cavabdeh tərəfindən imzalanmamış, lakin müqaviləyə əlavə (idxal edilən malların nəqliyyat xərclərinin ödənilməsi ilə bağlı) cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına iddiaçının cavabdehə Türkiyə Respublikasından göndərdiyi malların gömrük bəyannamələri və hesab fakturalar (invoyslar) əlavə edilmişdir.

2. “X3 San.Tic A.Ş.Şirkəti”nin Cavabdeh MMC-yə ünvanladığı məktubda (əsli məhkəməyə təqdim edilmiş) qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixdə “Hasanov Aqaisa” firmasının yenidən təşkili aparılmış, bundan sonra “X3 San.Tic A.Ş.Şirkəti” Cavabdeh firması ilə Azərbaycan bazarında əməkdaşlıq barədə müqavilə bağlanmış, həmçinin Cavabdeh firması “Hasanov Aqaisa” firmasının borclarının ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2016-cı il tarixdə rəsmi hesablarında “Hasanov Aqaisa” firmasına məxsus borc məbləği 188.693,81 ABŞ dolları təşkil etmişdir. “Hasanov Aqaisa” firması 158.895,83 ABŞ dolları məbləğini təsdiq etmiş və həmin məbləği qəbul etmişdir. Daha sonra “X3 San.Tic A.Ş.Şirkəti” Cavabdeh firmasına 158.895,83 ABŞ dolları məbləğindən 15.000 ABŞ dolları məbləğində güzəşt etmiş, nəticədə “Hasanov Aqaisa” firmasına təhvil verdikləri və Cavabdeh firması tərəfindən qəbul edilmiş borc məbləği 143.895,83 ABŞ dolları təşkil edir. Hazırda xx.xx.2016-cı il tarixə olan borcun təsdiq edilməsi xahiş olunur. xx.xx.2016-cı il tarixinə iddiaçı qarşısında borcu 145.644 ABŞ dolları təşkil edir.

3. “X3 San.Tic A.Ş.Şirkəti” ilə Cavabdeh MMC arasında imzalanmış və cavabdehin möhürü ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli sənədə (arayışa) əsasən müəyyən edilir ki, həmin tarixə Cavabdeh MMC-nin borc məbləği 159.675,51 ABŞ dollarıdır.

4. xx.xx.2016-cı il tarixli “Borcun təsdiqi və təhvil verilməsi” barədə sənəddə qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixinə Balaş Atayev “Mehtap” firmasına olan cəmi 158.985,83 ABŞ dolları məbləğində borcu təsdiq edərək Dadaşov Səhətə təhvil verilmişdir. X5 adlı şəxs tərəfindən imzalanmışdır.

5. İşdəki gömrük bəyannamələri və hesabdan çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçıdan alınmış və Türkiyə Respublikasından 2017-2019-cu illərdə idxal edilmiş malların dəyəri 132989,68 ABŞ dolları olmuşdur.

6. İddiaçı tərəfindən cavabdehə 143.895,83 ABŞ dolları borcun ödənilməsi üçün (ötürülmüş borc üzrə) CF ******* saylı xx.xx.2017-ci il tarixli hesab faktura göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı “X3 San.Tic A.Ş.Şirkəti” Cavabdeh MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 145.644 ABŞ dolları məbləğində (bu günə olan məzənnəsi ilə) borcun, 400 manat məbləğində mediasiya rüsumunun, 137,59 manat məbləğində dövlət rüsumunun, o cümlədən, 1000 manat məbləğində göstərilmiş hüquqi xidmətə görə haqqın tutularaq, iddiaçı “X3 San. Tic A.Ş Şirkəti”nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X3 San. Tic A.Ş Şirkəti” ilə Cavabdeh arasında mətbəx əşyaları alqı-satqısına dair 27 aprel 2016-cı il tarixində müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı “X3 San. Tic A.Ş Şirkəti” satıcı, Cavabdeh isə alıcı qismində çıxış etmişdir. 2016-cı ilin 05 aprel tarixində "xxxx" şirkətində yenidən təşkil əməliyyatları baş vermişdir. Bunun nəticəsində iddiaçı “Mehtap” şirkəti ilə Cavabdeh MMC arasında Azərbaycan bazarında əməkdaşlığa dair müqavilə imzalanmışdır. Həmçinin, Cavabdeh MMC "xxxx" şirkətinin də “Mehtap” şirkətinə olan borc öhdəliyini öz üzərinə götürmüşdür və bununla bağlı müvafiq yazılı sənəd də təqdim edilmişdir. Həmin yazılı sənəddə - üzləşmə sənədində qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixinə Hasanov Agaisa şirkətinin Mehtap şirkətinə olan borcu 188.693,81 ABŞ dolları təşkil edir, lakin şirkət ona edilmiş endirimdən sonra bu borcu 158.895,83 ABŞ dolları olaraq təsdiq edir və Mehtap şirkəti bu borcun bu məbləğdə olmasını qəbul edir. Borc öhdəliklərinin ötürülməsinin nəticəsi olaraq 27 aprel 2016-cı il tarixində Cavabdeh MMC ilə “X3 San. Tic A.Ş Şirkəti” arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Daha sonra Mehtap şirkəti aralarında olan işgüzar münasibətlərin gələcək inkişaf prespektivini nəzərə alaraq 158.895,83 ABŞ dolları məbləğindən daha 15.000 ABŞ dolları məbləğində güzəşt edərək yekun olaraq borc məbləğini 143.895,83 ABŞ dolları həcmində təsdiq etmişdir. Həmin ərizədə ayrıca abzasda çox açıq və aydın formada qeyd edilmişdir ki, Hasanov Agaisa şirkətinin ötürdüyü və Cavabdeh şirkəti tərəfindən qəbul edilən borc öhdəliklərinin məbləği 145.644 ABŞ dolları təşkil edir. Həmin sənədin sonluğunda isə şirkətdən sənədi təsdiq etmək rica edilmiş və Cavabdeh MMC-nin direktoru olan X1 tərəfindən qeyd edilən borc məbləği 145.644 ABŞ dolları məbləğində təsdiq edilmişdir. Təsdiq edilmiş borc məbləği xx.xx.2016-cı il tarixinə olmuşdur. Daha sonra 145.644 ABŞ dolları həcmində borc məbləği eynilə Cavabdeh MMC şirkətinin direktoru Səhhət Dadaşov tərəfindən xx.xx.2017-ci il tarixinə olmaqla üzləşmə qaydasında təsdiq edilmişdir. Üzləşmə aktında borc məbləğinin 164.924,58 ABŞ dolları olması göstərilmişdir. Hesab edirlər ki, üzləşmənin təsdiqindən sonra artıq məbləğ borc məbləği statusunda qarşı tərəfdən tutulmalıdır. Həmçinin, məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı ilə cavabdehin birgə fəaliyyətinin əsasını məhz bu məbləğin fiks edilməsi təşkil etmiş və yalnız bundan sonra, yəni Cavabdeh MMC tərəfindən bu məbləğin qəbul edilməsindən sonra birgə fəaliyyətin mümkünlüyü baş tutmuşdur. Məhkəmənin nəzərinə çatdırırlar ki, tərəflər müqavilənin imzalanmasından sonra Azərbaycan ticarət bazarı üzərinə işləməyə başladılarsa da, cavabdeh üzərinə götürmüş olduğu borc öhdəliklərini icra etməkdən yayınırdı və bu gün də yayınmaqdadır. Belə ki, Cavabdeh MMC Azərbaycanda fəaliyyət göstərməklə “X3 San. Tic A.Ş Şirkəti”nin istehsal etdiyi malların Azərbaycan Respublikasında satışını həyata keçirirdi. Lakin Cavabdeh MMC-dən öncə bu hüquq "xxxx" Şirkətinə məxsus idi. “Mediasiya haqqında” qanunun tələblərinə müvafiq olaraq iddiaçı məhkəməyə müraciət etməzdən öncə müvafiq məcburi mediasiya sessiyasını keçmişdir, lakin cavabdeh şirkət mediasiyada iştirakdan imtina etdiyi üçün mediasiya prosesi baş tutmamış və bununla əlaqədar “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2021-ci il tarixli 2021-001940 saylı arayış verilmişdir.

9. xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia ərizəsinin iddia müddəti keçdikdən sonra verilməsinə görə, iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, əqd bağlandığı dövrdən iddia verilən günədək 6 (altı) il müddət keçmişdir.

10. Eyni zamanda xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddiaçı və cavabdeh arasında öhdəlik yaradacaq hər hansı bir müqavilə mövcud deyildir. İddiaçı sübut qismində məhkəməyə Cavabdeh MMCnin direktorunun imzası ilə təsdiq olunmuş sənəd təqdim etmişdir. Qeyd edilən sənədlərin hansı şəraitdə və necə imzalanması ilə bağlı dolğun məlumatın olmaması ilə yanaşı, qeyd etmək istəyir ki, cavabdeh iddiaçıdan hər hansı bir mal almamış və onun xidmətindən istifadə etməmişdir. İddiaçının bildirməsinə görə guya cavabdeh “Həsənov Ağaisa” adlanan hansısa şəxsin öhdəliklərini üzərinə götürmüşdür. Həmin öhdəliyin hansı səbəblərdən cavabdeh tərəfindən üzərinə götürülməsi, yaxud belə bir öhdəliyin “Həsənov Ağaisa” adlanan üçüncü şəxs tərəfindən Cavabdeh MMC-yə ötürülməsinə dair də hər hansı bir müqavilə mövcud deyildir. İddiaçının təqdim etdiyi sənədlərdə borcun, həmçinin “Həsənov Ağaisa” adlanan şəxsin yenidən təşkil olunması nəticəsində yarandığı göstərilir. Lakin Cavabdeh MMC hansısa hüquqi şəxsin yenidən təşkil olunması nəticəsində deyil, ilkin təsis sənədlərinin qeydiyyatı nəticəsində birbaşa təsis edilmişdir. Qeyd etmək istəyir ki, Cavabdeh MMC ilə “Həsənov Ağaisa” adlı şəxs arasında, o cümlədən iddiaçı ilə hər hansı bir müqavilə mövcud deyildir. İddiaçının təqdim etdyi sənədlərdə göstərilən xüsusatlar əqd kimi qiymətləndirilə bilməz və bu əqd deyildir. Belə ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Təqdim edilmiş sənədlərdə isə şərtlər, mübadilə predmeti, öhdəliklər, o cümlədən öhdəliklərin icra üsulu, həmçinin öhdəliklərin icra edilməməsinin nəticələrinə dair heç bir şərt müəyyən edilməmişdir. Hətta bu müqavilə də sayılmış olsaydı, o zaman aşağıdakı hallara əsasən bu əqd etibarsız hesab edilməli olardı. Cavabdeh iddiaçıdan hər hansı bir mal almamış və cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi yoxdur.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022- ci il tarixli, e-2-2(113)-1424/2022 saylı qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbi rədd edilməlidir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı “X3 San.Tic A.Ş.Şirkəti” ilə Cavabdeh MMC arasında bağlanmış hər iki tərəfin imzaladığı yazılı alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməsə də, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin olması faktı iş materialları, o cümlədən iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya hesab-fakturaları üzrə ödənişlər edilməsini təsdiq edən “Yapı Kredit Bank” tərəfindən verilmiş sənədlər və hər iki tərəfin təsdiq etdiyi alqı-satqı müqaviləsinə əlavə ilə öz təsdiqini tapır.

13. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya borcunun olub-olması məsələsinə məhkəmə hüquqi qiymət bildirərək qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmişdir. Belə ki, birincisi, iddiaçının həmin halı təsdiq etmək üçün təqdim etdiyi maliyyə cədvəlləri birtərəfli qaydada tərtib edilmiş sənədlər olmaqla yanaşı ilkin mühasibat uçotu sənədləri deyildir. Odur ki, həmin sənədlər alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş malların miqdarının, çeşidinin və qiymətinin və son nəticədə cavabdehin həmin müqavilə üzrə borcunun olub-olmamasının müəyyən edilməsi üçün kifayət etmir. xx.xx.2016-cı il tarixinə iddiaçının qarşısında borcunun 145.644 ABŞ dolları təşkil etməsi barədə cavabdehin direktoru tərəfindən imzalanmış məktuba gəldikdə məhkəmə qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi həmin məktubun tərtib edildiyi tarixdən sonrakı müddət ərzində 2017-2020-ci illərdə cavabdeh tərəfindən iddiaçıya həmin məbləğdən daha yüksək məbləğdə ödənişlər edilmişdir. Odur ki, həmin məktub alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya hal-hazırda borcunun mövcud olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Beləliklə, belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya borcunun mövcud olması iş materiallarına əsasən müəyyən edilmir.

14. İddiaçı ödənilməsini tələb etdiyi borcun 143.985,83 ABŞ dolları hissəsinin 2016cı il tarixədək olan dövrdə onunla “Hasanov Aqaisa” firması arasında alqı-satqı münasibətlərindən yaranmış və sonradan öhdəliyin verilməsi barədə müqaviləyə əsasən cavabdehə verilmiş borc olmasını iddia edir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia tələblərinə öhdəliyin verilməsi barədə normalar tətbiq edilməlidir.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı yeni borclu ilə kreditor arasında öhdəliyin verilməsi barədə razılaşmanın mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsə də, verilən öhdəliyin yaranmasının əsasını təşkil edən sənədlər, eləcə də öhdəliyin hazırda mövcud olmasını təsdiq edən digər mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş Həsənov Agaisaya ünvanlanmış fakturalar iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan malların təqdim edilməsi faktının müəyyən edilməsi üçün yetərli deyil. Borcun verilməsi barədə Balaş Atayev adlı şəxs tərəfindən imzalanmış məktuba münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı həmin sənədi imzalamış Balaş Atayev adlı şəxsin həmin borcun mövcudluğunu təsdiq etmək səlahiyyətinə malik olub-olmamasını və hətta öhdəlik üzrə ilkin borclunun statusu (hüquqi şəxs və ya fərdi sahibkar olmasını) müəyyən edilmədiyindən həmin sənədin mötəbər sübut kimi qəbul edilməsi üçün əsas yoxdur.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022- ci il tarixli, e-2-2(113)-1424/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2016-cı ilin 05 aprel tarixində "xxxx" şirkətində yenidən təşkil əməliyyatları baş vermişdir. Bunun nəticəsində iddiaçı “Mehtap” ilə Cavabdeh MMC arasında Azərbaycan bazarında əməkdaşlığa dair müqavilə imzalanmışdır. Həmçinin, "xxxx" şirkətinin “Mehtap” şirkətinə olan borc öhdəliyini Cavabdeh şirkəti öz üzərinə götürmüşdür və bununla bağlı müvafiq yazılı sənəd də təqdim edilmişdir. Həmin yazılı sənəddə- üzləşmə sənədində qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixinə Hasanov Agaisə şirkətinin Mehtap şirkətinə olan borcu 188 693, 81 ABŞ dolları təşkil edir, lakin, şirkət ona edilmiş endirimdən sonra bu borcu 158 895, 83 ABŞ dolları olaraq təsdiq edir və “Mehtap” şirkəti bu borcun bu məbləğdə olmasını qəbul edir. Borc öhdəliklərinin ötürülməsinin nəticəsi olaraq 27 aprel 2016-cı il tarixində Cavabdeh MMC ilə “X3 San. Tic A.Ş Şirkəti” arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Daha sonra Mehtap şirkəti aralarında olan işgüzar münasibətlərin gələcək inkişaf prespektivini nəzərə alaraq 158 895, 83 ABŞ dolları məbləğindən daha 15 000 ABŞ dolları məbləğində güzəşt edərək yekun olaraq borc məbləğini 143 895, 83 ABŞ dolları həcmində təsdiq etmişdir. Həmin ərizədə ayrıca abzasda çox açıq və aydın formada qeyd edilmişdir ki, Hasanov Agaisa şirkətinin ötürdüyü və Cavabdeh şirkəti tərəfindən qəbul edilən borc öhdəliklərinin məbləği 145 644 ABŞ dolları təşkil edir. Həmin sənədin sonluğunda isə şirkətdən sənədi təsdiq etmək xahiş edilmiş və Cavabdeh MMC-nin direktoru olan X1 tərəfindən qeyd edilən borc məbləği 145 644 ABŞ dolları məbləğində təsdiq edilmişdir. Təsdiq edilmiş borc məbləği xx.xx.2016- ci il tarixinə aid olmuşdur. Daha sonra 145 644 ABŞ dolları həcmində borc məbləği eynilə Cavabdeh MMC şirkətinin direktoru Səhhət Dadaşov tərəfindən xx.xx.2017-ci il tarixinə olmaqla üzləşmə qaydasında müqavilə münasibətlərindən irəli gələrək borc məbləğinin 164 924.58 ABŞ dolları olması təsdiq edilmişdir. Məhkəmə tərəfindən obyektiv həqiqətin müəyyən edilməsi istiqamətində olan birbaşa vəzifəsi layiqincə yerinə yetirilməmişdir. Belə ki, iddiaçı sahib olduğu prosessual hüquqlarından istifadə etmək istəsə də məhkəmə tərəfindən onların qarşısı alınmışdır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 135 saylı vəkil sorğusu "xxxx" ASC-yə və eyni tarixli 1 3 6 saylı vəkil sorğusu elə Cavabdeh MMC-yə ünvanlanaraq, tərəflər arasında ticarət münasibətləri başlanan tarixdən bu günədək-xx.xx.2022-ci il tarixinədək edilmiş ödənişlərin məbləğləri haqqında müvafiq bank çıxarışlarının təqdim edilməsini xahiş etmişdir. Məhz prosessual hüquqların həyata keçirilməsinə kömək göstərilməsi qanunla nəzərdə tutulmuş olsa da təəssüflər olsun ki, məhkəmə tərəfindən verilmiş vəsatətlər təmin edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

19. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

20. Cavabdehin nümayəndəsi və vəkili E.Süleymanov işə apellyasiya qaydasında baxılarkən məhkəməyə yazılı izahat verərək göstərmişdir ki, iddiaçı sübut qismində məhkəməyə Cavabdeh MMC-nin direktorunun imzası ilə təsdiq olunmuş sənəd təqdim etmişdir. İddiaçının bildirməsinə görə guya cavabdeh “Həsənov Ağaisa” adlanan hansısa şəxsin öhdəlikərini üzərinə götürmüşdür. Həmin öhdəliyin hansı səbəblərdən təmsil etdiyi şəxs tərəfindən üzərinə götürməsi, yaxud belə bir öhdəliyin üçüncü “Həsənov Ağaisa” adlanan şəxs tərəfindən Cavabdeh MMC-nə ötürülməsinə dair də hər hansı bir müqavilə mövcud deyildir. İddiaçının təqdim etdiyi sənədlərdə borcun, həmçinin “Həsənov Ağaisa” adlanan şəxsin yenidən təşkil olunması nəticəsində yarandığı göstərilir. Lakin Cavabdeh MMC hansısa hüquqi şəxsin yenidən təşkil olunması nəticəsində deyil, ilkin təsis sənədlərinin qeydiyyatı nəticəsində birbaşa təsis edilmişdir. Cavabdeh MMC ilə “Həsənov Ağaisa” adlı şəxs arasında hər hansı bir müqavilə mövcud deyildir. İddiaçının təqdim etdyi sənədlərdə göstərilən xüsusatlar əqd kimi qiymətləndirilə bilməz və bu əqd deyildir. Belə ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Tədim edilmiş sənədlərdə isə şərtlər, mübadilə predmeti, öhdəliklər, o cümlədən öhdəliklərin icra üsulu, həmçinin öhdəliklərin icra edilməməsinin nəticələrinə dair heç bir şərt müəyyən edilməmişdir. Hətta bu müqavilə də sayılmış olsaydı, o zaman aşağıdakı hallara əsasən bu əqd etibarsız hesab edilməli olardı. Cavabdeh iddiaçı və “Həsənov Ağaisa” adlı şəxslər arsındakı öhdəlik münasibətlərində hər hansı bir formada iştirak etməmişdir. Cavabdeh “Həsənov Ağaisa” şirkətindən hər hansı bir mal almamışdır. Cavabdeh MMC-nin əsas borclu şəxs, o cümlədən kreditor (iddiaçı) ilə öhdəliyin üçüncü şəxsə verilməsinə dair müqaviləsi olmamışdır. Cavabdeh MMC ilə hazırki iddiaçı “X3 San.Tic A.Ş.Şirkəti” arasında mətbəx avadanlıqlarının alqı-satqısına dair 2016-cı il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC alıcı qismində çıxsış etmişdir. Müqavilə bağlanan tarixdən 2020-ci il tarixədək Cavabdeh MMC “X3 San.Tic A.Ş.Şirkəti”ndən aşağıdakı X2 (bu arayışa əlavə edilir) əsasında dəyəri 132989, 68 ABŞ dolları təşkil edən mal idxal etmişdir: İdxal olunan mallara görə Cavabdeh MMC tərəfindən “X3 San.Tic A.Ş.Şirkəti” nə aşağıda göstərilən tarixlər və dəyərdə ödənişlər həyata keçirilmişdir. Bu ödənişlər "xxxx" ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin sorğusuna ünvanlanmış sorğuya cavabda da öz əksini tapmışdır: Bundan əlavə, iddiaçı məhkəməyə sair kağızlar da təqdim etmişdir ki, bunun da Cavabdeh MMCnin ödənişlərinə (köçürmələrinə) aidiyyatı yoxdur. Belə ki, yuxarıda sadalanan məbləğlər üzrə bank çıxarışları həqiqətən də iddiaçıya məxsus hesabdan və ona xidmət edəın bankdan götürülmüş, müvafiq electron barkod vasitəsilə təsdiq edilmişdir. Digər vərəqlər isə T.Garanti Bankası A.Ş. adlanan bankdan təqdim edilsə də bunun Cavabdeh MMC-nə aidiyyatı yoxdur. Həmin vərəqlərdən də göründüyü kimi “X3 San.Tic A.Ş.Şirkəti” nə “parayı yatıran Hakan Kunter” yazılmış, həmin vərəqələrdə göstərilən məbləğ CEM GROUP” MMC tərəfindən deyil, bilavasitə Türkiyədə bizim cəmiyyətə heç bir aidiyyatı olmayan naməlum şəxs tərəfindən həyata keçirilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər sübut kimi qiymətləndirilə bilməz. AR MPM-nin 78.1-ci maddəsinə əsasən Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tərəfindən təqdim edilən sənədlər yalnız kserosurət olmuş, həmin sənədləri təqdim edən şəxs tərəfindən müvafiq qaydada təsdiq edilməmişdir. Bundan əlavə, qeyd edilən sənədlərin iddaçı, cavabdeh və “Həsənov Ağaisa” şirkəti ilə mövcudluğu ehtimal olunan münasibətlərə hər hansı bir aidiyyatı yoxdur. İş materiallarında təmsil etdiyim şəxsin “Həsənov Ağaisa” şirkətindən mal qəbul etməsi, onun öhdəliyini öz üzərinə götürməsinə dair “Həsənov Ağaisa” şirkətinin müvafiq razılığı yoxdur. Bundan əlavə, iddiaçının təqdim etdiyi sənədlərdə mövcud olan möhür Cavabdeh MMC-nə məxsus olsa da, əlyazma və s. şəkildə olan qeydlər nə Cavabdeh MMC-nin nümayəndələri tərəfindən icra edilməmişdir. Belə olduğu təqdirdə bunun əqd kimi qiymətləndirilməsi, xüsusən də kserosurətlər üzərindən qanunun sübutlara dair tələblərinə ziddir. Hətta bunu əqd kimi qimətləndirsək belə həmin dövrdən iddia verilən günədək 6 (altı) il müddət keçmişdir. Bu müddət ərzində iddiaçının iddia və ya hansısa pretenziya təqdim etməməsi belə bir öhdəliyin mövcud olmamasını bird aha təsadiq edir. Bunu nəzərə alaraq, tərəfimizdən iddia müddətinin tətbiqinə dair müvafiq ərizə birinci insatnsiya məhkəməsinə təqdim edilmişdir. Hesab edirəm ki, bu da hazırki iddianın rədd edilməsi üçün qanuni bir əsasdır.

21. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 522.1-ci maddə-kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddə- əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 522.1-ci maddə- kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.3-cü maddə- icazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. 524-cü maddə- öhdəliyi qəbul etmiş şəxs kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilər.

“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu 1.1-ci maddə-bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. 1.2-ci maddə-xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 17.2-ci maddə- əqdlərin forması onların bağlandığı yerin hüququna tabedir. Lakin Azərbaycan Respublikası hüququnun tələblərinə riayət olunduğu halda xaricdə bağlanan əqd xarici hüququn tələb etdiyi formanın pozulmasına görə etibarsız hesab edilə bilməz. 19.1-ci maddə-müvafiq münasibətin tənzimlənməsi üçün hansı ölkənin hüququ tətbiq olunursa, iddia müddəti də həmin ölkənin hüququ ilə müəyyən edilir. 24.1-ci maddə- müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. 24.3-cü maddə-tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər. 25.1.1.-ci maddə- müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 439.1-ci maddə-əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. 440.1-ci maddə- Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

22. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1424/2022 saylı qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilərək Cavabdeh MMC-dən İddiaçı “X3 San.Tic A.Ş.Şirkəti”nin xeyrinə 107.016 ABŞ dolları borc, 151 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

24. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı Türkiyə Respublikasının hüquqi şəxsi olduğuna görə mübahisə xarici elementlidir. İddia Azərbaycan Respublikasının hüquqi şəxsi olan cavabdehə qarşı qaldırıldığından Azərbaycan Respublikası məhkəməsi (konkret halda mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyinə görə Bakı Kommersiya Məhkəməsi) işə baxmağa səlahiyyətli olmuşdur. Tərəflər arasında aralarındakı mübahisəyə hansı dövlətin hüququnun tətbiqi barədə yazılı razılaşma olmadığı halda “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mübahisəyə satıcının, yəni hazırkı halda Türkiyə Respublikasının qanunvericiliyi tətbiq edilməklə baxılması nəzərdə tutulsa da, hər iki tərəf öz tələb və etirazlarını Azərbaycan Respublikası qanunvericiliyi ilə əsaslandırdıqlarından işə Azərbaycan Respublikası qanunvericliyinin normalarını tətbiq edərək baxmaqda məhkəmə hə hansı pozuntuya yol verməmişdir.

25. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 2016-cı ildə alqı-satqı münasibətləri yaranmış, cavabdehə müxtəlif tarixlərdə mallar göndərilmiş və cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi hesab fakturalar üzrə ödənişlər edilmişdir.

26. İddiaçının hazırda cavabdehdən tələb etdiyi borc tərəflər arasında şifahi əldə edilmiş razılığa əsasən cavabdehə ötürülmüş “Hasanov Aqaisa” firmasının borcudur. Tərəflər arasında belə bir razılaşmanın olduğu əsli işə apellyasiya qaydasında təqdim edilmiş, cavabdehin möhürü və direktorunun imzası ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixdə ötürülmüş qalıq borcun məbləği barədə məktubla təsdiq edilir.

27. Cavabdeh həmin sənədin üzərindəki möhürün Cavabdeh MMC-nin möhürü olduğu mübahisələndirməsə də etirazında qeyd edilir ki, həmin sənədə borcun ötürülməsi barədə müqavilə kimi hüquqi qiymət verilə bilməz. Bundan əlavə cavabdehlə “Hasanov Aqaisa” firması arasında hər hansı müqavilə münasibəti olmadığından həmin şirkətin borcunu ödəməyi hansı məqsədlə üzərinə götürdüyü aydın deyil. Bundan əlavə iddiaçı tərəfindən müqavilədən irəli gələn tələb üzrə iddia müddəti ötürülmüşdür.

28. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, həmin tarixə cavabdehin iddiaçıya qalıq borcu 107.016 ABŞ dolları təşkil edir. “X3 San.Tic A.Ş.Şirkəti”nin nümayəndəsi və vəkili Vəkil1 işə apellyasiya qaydasında baxılarkən tələb olunan borcun “Hasanov Aqaisa” firmasının cavabdehə ötürülmüş borc öhdəliyi üzrə qalıq məbləğ olduğunu göstərmişdir.

29. Beləliklə müəyyən olunur ki, iddianın əsasını tərəflər arasında şifahi olaraq bağlanmış alqı-satqı müqaviləsi deyil, öhdəliyin verilməsi barədə müqavilə təşkil edir. MMnin 522-ci maddəsində öhdəliyin verilməsi barədə müqavilənin yazılı olaraq bağlanmasına dair məcburi şərt nəzərdə tutulmamışdır. Həmin normaya əsasən borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma o halda etibarlı olur ki, kreditor buna icazə vermiş olsun. Hazırkı halda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, üzərində cavabdehin möhürü və qanuni təmsilçisinin imzası olan məktublardan görünür ki, kreditor olaraq iddiaçı “Hasanov Aqaisa” firmasının alqı-satqı müqaviləsi üzrə öhdəliyinin cavabdehə verilməsinə razılıq verdiyindən bu əqd etibarlı hesab olunur. Cavabdeh “Hasanov Aqaisa” firması ilə aralarında belə bir razılaşma olduğunu qəbul etməsə də, verilən öhdəlik üzrə qalıq borc məbləğinin dəqiqləşdirilməsi məqsədi ilə iddiaçı tərəfindən göndərilmiş məktubların hansı səbəbdən möhürlə təsdiq edildiyini və hansı səbəbdən idxal etdiyi malların dəyərindən artıq məbləğdə qarşı tərəfə ödənişlər etməsinin səbəbini izah edə bilməmişdir.

30. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9247 saylı rəyində qeyd edilmişdir ki, işdəki invoys, “cari hesab ekstesi” məlumatına, gömrük bəyannamələrinə əsasən “X3 San.Tic A.Ş.Şirkəti” tərəfindən Cavabdeh MMC-yə ümumilikdə xx.xx.2016-xx.xx.2019-cu illərdə 546970 ABŞ dolları (gömrük bəyannamələrinə əsasən 132989,68 ABŞ dolları) məbləğində mal təqdim edilmiş, cavabdeh tərəfindən iddiaçının hesabına 439954 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür.

32. Birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən cavabdehin "xxxx" ASC-də olan hesablarından iddiaçının hesabına pul məbləğləri ilə bağlı çıxarışların təqdim edilməsi üçün sorğu verilməsi barədə vəsatət verilsə də əsassız olaraq təmin edilməmişdir.

33. Cavabdehin nümayəndəsi Vəkil2 işə apellyasiya qaydasında baxılarkən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdeh tərəfindən faktiki idxal edilmiş malın dəyərindən artıq ödəniş edildiyini təsdiq edərək bildirmişdir ki, artıq ödəniş borcun verilməsi barədə müqavilə üzrə deyil, alqı-satqı müqaviləsi üzrə olmuşdur. Direktorun imzası olan məktublarla bağlı nümayəndə qeyd etmişdir ki, bu direktorun özünün fərdi öhdəliyi ola bilər. Nümayəndə eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizənin borcun verilməsi barədə müqavilə üzrə deyil, alqı-satqı müqaviləsindən irəli gələn borc tələbi üzrə verildiyini göstərmişdir.

34. Cavabdehin iddiaya etirazı ilə bağlı məhkəmə qeyd edir ki, müqavilə azadlığı prinsipinə əsasən Cavabdeh MMC-nin “Hasanov Aqaisa” firmasının borcunu ödəməyi hansı məqsədlə üzərinə götürdüyü mübahisənin həlli üçün əhəmiyyətli deyil. İddiaçının nümayəndəsinin izahatına əsasən Azərbaycan Respublikasında iddiaçı tərəfindən satılan məişət əşyalarının satış hüququ cavabdehə yalnız bu borcun ödəniləcəyi şərti ilə verilmişdir. Məhkəmə kollegiyası işdəki sübutlara əsasən müəyyən edir ki, Cavabdeh MMC-nin iddiaçının (kreditorun) razılığı ilə iddiaçıya borclu olan “Hasanov Aqaisa” firmasının borcunu ödəməyi üzərinə götürdüyü üzərində cavabdehin imzası və möhürü olan verilmiş öhdəlik üzrə qalıq borcun təsdiq edilməsi üçün iddiaçı tərəfindən göndərilmiş məktublar, hesab faktura dəyərindən artıq ödəniş edilməsi (403075 ABŞ dolları dəyərində mal təqdim edildiyi və bu məbləğdə hesab faktura göndərildiyi halda 439954 ABŞ dolları vəsait ödənilməsi) ilə təsdiq edildiyindən həmin öhdəlik üzrə 107.016 ABŞ dolları məbləğində qalıq borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslı hesab edilərək təmin edilməli, qalan hissədə isə rədd edilməlidir.

35. Məhkəmə eyni zamanda hesab edir ki, MPM-nin 119-cu maddəsinin tələbinə əsasən iddianın təmin edilmiş məbləğinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə 151 manat dövlət rüsumu tutulmalıdır. Hüquqi xidmətə görə 1000 manat xərcin ödənilməsi barədə sübutlar iddia ərizəsinə əlavə edilmədiyindən MPM-nin 121.1-ci maddəsinə əsasən həmin xərcin tutulması barədə tələb təmin edilmir.

36. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 1424/2022 saylı qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilərək Cavabdeh MMC-dən İddiaçı “X3 San.Tic A.Ş.Şirkəti”nin xeyrinə 107016 ABŞ dolları borc, 151 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı “X3 San.Tic A.Ş.Şirkəti”nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1424/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək Cavabdeh MMC-dən İddiaçı “X3 San.Tic A.Ş.Şirkəti”ninxeyrinə 107016 ABŞ dolları borc, 151 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. 100 manat ekspertiza xərci Cavabdeh MMC-dən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar