Məhkəmə qərarları › İş №2-2(103)-450/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-450/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-450/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X1 iştirakı ilə Cavabdeh qarşı lizinq borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-419/2022 nömrəli iş üzrə 11 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 755- GL/19 nömrəli müqavilə üzrə xx.xx.2021-ci il tarixə 6.317 manat gecikdirilmiş borcun və hesablanmış 2.346,28 manat cərimə borcunun və hüquqi yardımla bağlı 350 manat, cəmi 9.013,28 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 6.317 manat əsas borcun, 100 manat cərimənin, hüquqi yardıma görə ödənilmiş 350 manatın, cəmi 6.767 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddiaçının verdiyi ifadələri təhrif etmişdir. O, ümimiyyətlə iddia tələbini qəbul etmir, məhkəmədə xx.xx.2021-ci il tarixə 6.317 manat gecikdirilmiş borcun və hesablanmış 2.346,28 manat cərimə borcunun və hüquqi yardımla bağlı 350 manat iddia tələblərinin rədd edilməsini bildirmişdir. Həmin məbləğdə iddia ərizəsinə etiraz edir. Məhkəmə iddianı rədd etmək əvəzinə, təmin etmişdir. İddiaçı əsassız olaraq cavabdehdən artıq pul tələb etmiş, onun dəlillərini araşdırmamışdır. Məhkəmə iclasında bildirmişdir ki, ona yazılan borc düzgün hesablanmamışdır, ona subutların təqdim edilməsinə şərait yaratmamışdır. xx.xx.2022-ci il tarixdə 5.700 manat ödəniş etmişdir. Belə olan halda məhkəmə tərəfindən şişirdilmiş borcla bağlı dəlilləri tamamilə əsassızdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, tərəflər arasında lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində cavabdeh arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli 755-GL/19 nömrəli lizinq müqaviləsi (güzəşt) bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 29.979 manat olan (Traktor Belarus-1221 və Kotan 5 gövdəli AG-14-5) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir; 1.2-ci bəndinə görə, lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə No 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür; 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. xx.xx.2021-ci il tarixli maliyyə arayışına görə, lizinq alan cavabdehin xx.xx.2019-cu il tarixli 755-GL/19 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borcu 6.317 manat, hesablanmış cəriməyə görə 2.346,28 manat olmaqla, ümumilikdə 8.663,28 manat təşkil edir. Ümumi müqavilə məbləği 29.979 manatdan ödənilib 2.057 manat. İddiaçı (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış Məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə xx.xx.2021-ci il tarixli Sazişin 1-ci bəndinə əsasən, içraçı sifarişçinin adından məhkəməhüquq xidmətlərinin həyata keçirilməsi ilə bağlı müvafiq müqavilələr bağlayır, habelə vəkil qurumlarına və ya fərdi vəkillərə ödənilən haqqın büdcə təşkilatının vəsaitinə qənaət etmək üçün vəkillərə etdikləri kömək üçün ödənilən xərc kimi qarşı tərəfdən alınıb xeyrinə qətnamə çıxarılan sifarişçiyə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görür. Bakı şəhəri 5 saylı Vəkil Bürosu ilə "xxxx" MMC arasında Cavabdeh qarşı məhkəmədə hüquqi yardım göstərilməsi üçün xx.xx.2021-ci il tarixli 2045 nömrəli Hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmış, müqavilə ilə hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 340 + 10 manat, 350 manat müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli 000İPX12131518D2 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2021-ci il tarixli sazişə və Bakı şəhəri 5 saylı Vəkil Bürosu ilə bağlanan 2045 nömrəli müqaviləyə əsasən, Cavabdeh qarşı iş üzrə "xxxx" MMC tərəfindən 5 saylı Vəkil Bürosuna 350 manat ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanının 1-ci bəndi ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın. Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki: Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir (2.1); "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçir (2.2). Fərmanın 4-cü bəndi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır ki, bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyin həyata keçirməsi ilə bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin (4.3): mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsini (4.3.1); lizinq ödənişləri üzrə borcların yığılmasını (4.3.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Lizinq mühüm iqtisadi-hüquqi hadisə olub, iqtisadiyyata investisiya qoyma forması, istehsalı maliyyələşdirmə üsuludur. Lizinq dünya kommersiya təcrübəsinə bəlli olan elə bir vasitədir ki, onun köməyi ilə sahibkar sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün lazım olan yeni əmlakı müvəqqəti istifadə üçün əldə edir, istifadə müddəti başa çatdıqda isə o, həmin əmlakı ya sahibinə qaytarır, ya istifadə müddətini uzadır, ya da mülkiyyət hüququ ilə əldə edir. Nə alqı-satqı, nə icarə, nə də kredit müqavilələrinin bu kimi kompleks məsələni ayrı-ayrılıqda həll etmək qabiliyyəti və imkanı vardır. Odur ki, lizinq, qeyd olunan müqavilələrin hər biri ilə müqayisədə əlverişli, sərfəli və münasib vasitədir. Bu səbəbdən, lizinqdən istifadə edilməsi böyük üstünlüyə malikdir. Belə ki, istehsalı təşkil etmək və ya istehsalı yenidən qurmaq üçün az olmayan məbləğdə investisiya lazımdır. Əgər sahibkar lizinq vasitəsi ilə avadanlıq əldə edirsə, onda investisiyaya ehtiyac qalmır. Lizinqin üstünlüyü də məhz bundan ibarətdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərardadı, 12-ci bənd). “Hüquq ədəbiyyatında lizinqin əsasən 2 növü fərqləndirilir: 1) əməliyyat (operativ) lizinqi; 2) maliyyə lizinqi. Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində əsasən maliyyə lizinqi nəzərdə tutulmuşdur. ... Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları əsasən müştəri (lizinq alan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinq alan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarı). Lizinq münasibətləri Mülki Məcəllənin XXXVİİİ fəsli ilə tənzimlənir və həmin Məcəllənin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı verilmişdir. Adıçəkilən normaya əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin: Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, lizinq müqaviləsinin şərtlərinə və təyinatına uyğun vəziyyətdə ona təhvil verilən lizinq obyekti əmlakdan istifadəyə görə müqavilə ilə müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, lazımınca icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Belə ki, cavabdeh mübahisəli borcun əsasını təşkil edən müqaviləni, lizinq predmeti əmlakın ona təhvil verilməsini və ödəniş cədvəlinə əsasən ödəmədiyi borcun məbləğini mübahisə etmir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, şikayətin borc məbləğinin düzgün olmaması barədə dəlili konkret heç bir fakt, hesablamaya istinad etmir. Bunun üçün cavabdeh əvvəlcə səhvin nədə ifadə olunduğuna, miqdarına dair öz variantını rəqəmlərlə irəli sürməli idi ki, məhz bundan sonra Məhkəmə həmin gümanın doğru yaxud yanlış olması haqqında hüquqi mühakimə yürüdə bilərdi. Şikayətin məhkəməyə verdiyi izahatların təhrif olunması barədə dəlili də əsaslı deyil. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci tarixli iclasının elektron məhkəmə sistemində qeydə alınmış audio-videoyazısından məlum olur ki, iddiaçı əsas borcu qəbul etmiş, cərimə borcunu isə minimum həddə endirilməsini xahiş etmiş, məhkəmə də Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq, 2.346,28 manat dəbbə pulunu 100 manata endirmişdir. Şikayət hüquqi yardımla bağlı 350 manatın ödənilməsi hissədə də əsassızdır. Belə ki, prosessual qanunun tələbləri, işin müəyyən edilmiş faktiki halları, ödənilən xərcin məbləği və bu sahədə formalaşmış məhkəmə təcrübəsi nəzərə alınaraq, vəkilə etdiyi köməyə görə iddiaçı tərəfindən ödənilən 350 manat xərc ağlabatan məbləğdə olduğu üçün, tam həcmdə cavabdehdən alınıb xeyrinə qətnamə çıxarılan iddiaçıya verilməsi əsaslı olmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixdə 5.700 manat ödəniş etməsinə gəldikdə isə, bu məbləğ birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra ödənildiyi üçün, MPM-in 372.2-ci maddəsinin təsirinə düşür, lakin tərəflər arasında gələcək hesablaşmalarda hər bir halda nəzərə alınmalıdır. MPM-in: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-419/2022 nömrəli iş üzrə 11 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar