Məhkəmə qərarları › İş №2-2(103)-450/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-450/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-450/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkətinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5699/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkəti ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri bağlanmış və müqavilələrə əsasən satıcı əlavədə nəzərdə tutulan elektrik avadanlıqlarını alıcıya satmağı, alıcı isə alınmış malların dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 32657,28 manatın ödənilməmiş pulun, 250 manat hüquq xidməti üçün çəkilmiş xərcin və 200 manat mediasiya üçün çəkilmiş xərcin ümumilikdə 33107,28 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, o, müqavilələrə əsasən cavabdehə 121336,20 manat dəyərində olan malları verməklə müqavilələr üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Lakin cavabdeh razılaşdırılmış məbləğin 88678,92 manat hissəsini ödəmiş, qalan 32657,28 manat hissəsini isə indiyə qədər ödəməmişdir.

4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5699/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 32657,27 manat əsas borc, 200 manat mediasiya xərci və 250 manat hüquqi yardıma görə çəkilmiş xərc cəmi 33107,27 manat məbləğində pulun tutularaq iddiaçı “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkətinə ödənilməsi qət edilmişdir.

6. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bir qisim malların uyğunluq və mənşə sertifikatları onlara təqdim edilmədiyi üçün sifarişçi şirkətdən müəyyən qisim ödənişləri ala bilməmişlər. Bununla bağlı aralarında danışıqlar olmuş və satıcı həmin sənədləri təqdim edəcəyini söz vermiş, onlar da həmin sənədləri sifarişçiyə təqdim etdikdən sonra ödənişləri alaraq satıcının borclarını ödəyəcəklərini bildirmişlər. Lakin satıcı əsassız iddia qaldırmaqla öz öhdəliklərinə əməl etməməklə bərabər hüquqlarını pozmuşdur. Həmçinin iddiaçıya 27.675,65 manat əsas məbləğ borcu olduğu halda məhkəmə qətnaməsində 32.657,27 manat əsas borcun olduğunu göstərmişdir, halbuki 4.981.61 manat vəsait ƏDV məbləği borcudur, əsas məbləğ cari hesaba ödənilərkən ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənilir və bu ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. Bu halda ƏDV məbləğinin əvəzləşdirilməsi mümkün olmayaraq cavabdehin hüquqlarını pozur. Həmçinin nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının etibarnaməsini təqdim etmiş və xx.xx.2022-ci il tarixli qərardadla iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Halbuki, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən etibarnamə düzgün olmamış, filialın rəhbərinin xx.xx.2022-ci il tarixli etibarnamə üzrə səlahiyyət vermək hüququnun olub-olmaması yoxlanılmamış, məhkəməyə təqdim edilmiş sənədlər arasında bunu təsdiq edən etibarnamə olmadığı halda iddia mümkün hesab olunmuş və Mülki Məcəllənin 53.2 və 53.3-cü maddələrinin tələbləri pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi “X1 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinin verdiyi etibarnaməni məhkəməyə təqdim etmişdir. Həmin etibarnamə də birbaşa hüquqi şəxsin filialı tərəfindən deyil, məhz hüquqi şəxsin özü tərəfindən verilmişdir. Həmçinin cavabdehin iddiaçıya olan borcu 2 hissədən ibarətdir. Borcun əsas hissəsi 27675,65 manat, ƏDV məbləği borcu isə 4981,61 manat təşkil edir. Vergilər Məcəlləsinin 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Həmin normadan da aydın olur ki, qanunvericiliyin tələbinə əsasən vergi ödəyicisi malların satışı zamanı qiymətləri müəyyən edərkən hər məhsulun əsas qiymətinin üzərinə 18 faiz ƏDV əlavə etməklə malların satışını həyata keçirir və bu ƏDV məbləği elektron qaimə-fakturada və ya kassa çekində göstərilir. Həmçinin iddiaçı tərəfindən cavabdehə həm kağız daşıyıcıda, həm də elektron qaydada təqdim edilən elektron qaimə-fakturalarda mallara dair qiymətlərdə həm malların qiyməti, həm də malların ƏDV məbləği göstərilmiş və bu da cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən kağız daşıcıyıda təqdim edilən elektron qaimə-fakturalarda imza və şirkətin möhürü ilə təsdiq edilmiş, habelə cavabdeh həmin elektron qaimə-fakturalar üzrə ödənişlər etmişdir. Əgər cavabdeh ƏDV məbləğini borc kimi qəbul etməsəydi həmin elektron qaimə-fakturaları imzalayaraq təsdiq etməzdi, həmçinin həmin elektron qaimə-fakturalar üzrə 88678,92 manat ödəniş etməzdi. Ödəniş üsuluna gəldikdə isə iddiaçı da cavabdehin ƏDV məbləği borcunu ƏDV-nin depozit hesabına və ya satıcının bank hesabına ödənilməsinə etiraz etmir. Hər bir halda qanunvericiliyə əsasən ƏDV məbləği borcunun ödənilməsi alıcının öhdəliyinə düşür.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir.

12. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.

13. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

15. Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

16. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir.

17. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır.

18. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, baxılan hissədə iddia əsaslıdır.

21. İlk olaraq kollegiya qeyd edir ki, iddiaçı xarici hüquqi şəxs olduğundan tərəflər arasında olan münasibətlər xarici elementli mülki hüquqi münasibətlərdir.

22. Bu baxımdan, hazırki iş üzrə tətbiq olunmalı hüquq normaları “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun müəyyən edilməlidir.

23. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 8-ci bəndində müəyyən edilmişdir ki, tərəflər arasında yaranmış mübahisələr və müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

24. Müqavilənin qeyd olunan şərtini və “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 1.3-cü maddəsinin tələblərini nəzərər alaraq kollegiya qeyd edir ki, hazırki mübahisə üzrə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunmalıdır.

25. Mübahisənin mahiyyətinə dair kollegiya qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

26. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, tərəflər arasında 26 noyabr 2021-ci il tarixli üzləşmə aktı imzalanmış və akta əsasən “X1 İthalat İhracat Sanayi ve Dış Ticaret Limited” şirkəti Cavabdeh MMC-yə ümumilikdə ƏDV daxil 121336,19 manat məbləğində mal satmış, cavabdeh tərəfindən satılan mallara görə ƏDV daxil 80958,89 manat məbləğində borc ödənilmiş, 26 noyabr 2021-ci il tarixə cavabdehin iddiaçıya ödənilməmiş 40377,30 manat məbləğində borcu qalmışdır.

27. Göründüyü kimi Cavabdeh MMC 26 noyabr 2021-ci il tarixli üzləşmə aktını imza etməklə həm ona malların verildiyini, həm də verilmiş mallara görə ödənilməmiş pulun qaldığını qəbul etmişdir.

28. Apellyasiya şikayətinin dəlillərindən də görünür ki, Cavabdeh MMC onun iddiaçıya 27.675,65 manat əsas məbləğdə borcun olduğunu etiraf etmiş, lakin 4.981.61 manat ƏDV məbləğinin ondan tutulmalı olmadığını bildirmişdir.

29. Kollegiya cavabdehin həmin dəlilini əsassız hesab edir.

30. Belə ki, qeyd olunduğu kimi mübahisələndirilən borc məbləği 2 hissədən ibarətdir: 27675,65 manat borcun əsas hissəsi, 4981,61 manat ƏDV borcu.

31. Qeyd edilir ki, əlavə dəyər vergisi (ƏDV) istehlak vergisinin növüdür. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma (distribusiya) mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur və axırda istehlakçının üzərinə düşür. Yəni ƏDV dolayı vergi olmaqla məhsulun qiymətinə əlavə formasında çıxış edir.

32. Hazırkı halda da, təqdim edilmiş mallara görə pulun ödənilməsi öhdəliyi alıcı Cavabdeh MMC-nin üzərində olduğundan həmin pul ümumilikdə tutulmalıdır.

33. Göründüyü kimi tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.

34. Ona görə də, iddiaçı həmin mallara görə ödənilməyən ümumilikdə 32657,27 manat (iddia ərizəsində yalnız 32657,28 manat pulun tutulması tələb olunmuşdur) məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

35. Apellyasiya şikayətinin digər dəlilləri də əsassızdır. Belə ki, işdən görünür ki, iddiaçının nümayəndəsi “X1 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinin verdiyi etibarnaməni məhkəməyə təqdim etmişdir. Həmin etibarnamə də hüquqi şəxsin filialı tərəfindən deyil, məhz hüquqi şəxsin özü tərəfindən verilmişdir.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5699/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar