Məhkəmə qərarları › İş №2-2(103)-452/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-452/2023

18.05.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-452/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, e-2-2(113)-619/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1572,47 manat, dövlət sosial müdafiə fonduna olan 491,61 manat, icbari tibbi sığorta fonduna olan 157,50 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçi bildirir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 1572,47 manat məbləğində (o cümlədən, vergilər üzrə 386,54 manat, faizlər üzrə 185,93 manat, maliyyə sanksiyası üzrə 1000 manat), dövlət sosial müdafiə fonduna 491,61 manat, icbari tibbi sığorta fonduna 157,50 manat olmaqla, ümumilikdə 2221,58 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********091600, xx.xx.2022-ci il tarixli **********739500 nömrəli bildirişlərgöndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir.

3. Maraqlı şəxs birinci instansiya məhkəməsində iştirak etməmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, e-2-2(113)-619/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.

5. Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-619/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, faizlərin və maliyyə sanksiyalarının ləğv edilməsi, ondan vergilər üzrə 386.54 manatın tutulması, ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizənin mətnindən aydın olur ki, həmin məbləğin 386,54 manatı vergi borcu, 185,93 manat faizlər, maliyyə sanksiyası isə 1000 manatdır. Halbuki, o, xx.xx.20222-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə isə 300 manat vergiyə pul ödəmişdir. Həmin ödəmələr toplam 490 manat miqdarındadır. Həmin tələbi irəli sürən ərizəçi iddianı əsaslandıran dəlilləri açıqlamadığı üçün alınan məbləğin nədən qaynaqlandığı aydın olmur. Məhkəmə tələb üzrə düzgün məbləği müəyyən etmək məqsədilə müvafiq maliyyə-vergi ekpertizası təyin etməmiş, yalnız ərizəçinin yazdığı rəqəmlərə uyğun qətnamə çıxarmışdır. Qətnamədə göstərilir ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının xx.xx.2023-cü il tarixə təyin edilməsi barədə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş bildiriş ona xx.xx.2023-cü il tarixdə günorta saatlarıda çatmışdır. Məhkəmə iclası səhər saat 9:20-yə təyin edilmişdir. Bu səbəbdən o məhkəmədə iştirak edə bilməmiş, özünü müdafiə etmək hüququndan, qəbzləri təqdim etmək imkanından məhrum olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, məhkəmə iclasının xx.xx.2023cü il tarixə təyin edilməsi barədə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş bildiriş ona xx.xx.2023-cü il tarixdə günorta saatlarıda çatmışdır. Məhkəmə iclası səhər saat 9:20-yə təyin edilmişdir. Bu səbəbdən o, məhkəmədə iştirak edə bilməmiş, özünü müdafiə etmək hüququndan, qəbzləri təqdim etmək imkanından məhrum olmuşdur. Qeyd olunan borcu qəbul edir, ödəyəcək, lakin maddi imkanının zəif olması ilə əlaqədar bir dəfəyə ödəyə bilmir. 700 manat ödəniş etmişdir, borcunu hissə-hissə ödəmək şərti ilə ödəyə bilər.

9. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

11. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

12. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

13. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

14. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

15. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslıdır.

18. Belə ki, ərizəçinin istinad etdiyi hallar iş materiallarında olan Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsi, vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli **********091600 nömrəli, xx.xx.2022-ci il tarixli **********502300 nömrəli və xx.xx.2022-ci il tarixli **********739500 nömrəli bildirişlərlə təsdiq olunur.

19. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə düzgün nəticəyə gəlmişdir.

20. Maraqlı şəxsin istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, vergi borcunun yaranma mənbəyi və bunun qanuni olub-olmaması hazırkı mübahisənin predmeti deyildir. Əgər maraqlı şəxsin bununla bağlı etirazı varsa bunu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Eyni zamanda vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün yeganə əsas vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır. Ərizəçi tərəfindən ərizəyə əlavə olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, Maraqlı şəxs dövlət büdcəsinə ödənilməmiş vergi borcu, Dövlət Sosial Müdafiə Fondu və İcbari Tibbi Sığorta Fonduna borcu vardır.

21. Maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, vergi orqanı tərəfindən maraqlı şəxsə xx.xx.2022-ci il tarixli **********091600 nömrəli, xx.xx.2022-ci il tarixli **********502300 nömrəli və xx.xx.2022-ci il tarixli **********739500 nömrəli bildirişlər göndərilərək borcun ödənilməsi tələb edilmiş, qeyd edilən bildirişlərdən xx.xx.2022-ci il tarixli **********091600 nömrəli bildiriş xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən oxunmuşdur. Həmçinin vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə də vergi ödəyicinin elektron kabinetinə göndərilmişdir.

22. Maraqlı şəxs tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş qəbzlər şəxsi hesab vərəqəsi ilə qarşılaşdırıldıqda xx.xx.2022-ci il tarixdə ödənilmiş 50 manatın, xx.xx.2022-ci il tarixdə ödənilmiş 100 manatın və xx.xx.2022-ci il tarixdə ödənilmiş 300 manatın şəxsi hesab vərəqəsində öz əksini tapdığı görünür. xx.xx.2021-ci il tarixdə ödənilmiş 40 manatın təyinatını isə müəyyən etmək mümkün olmamışdır.

23. Yəni qeyd edilən vəsaitlər ödənildiyi halda belə maraqlı şəxsin dövlət büdcəsinə ödənilməmiş vergi borcu, Dövlət Sosial Müdafiə Fondu və İcbari Tibbi Sığorta Fonduna borcu qalmaqdadır.

24. Ona görə də, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsaslı hesab edilə və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, e-2-2(113)-619/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar