Məhkəmə qərarları › İş №2-2(103)-453/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-453/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-453/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı daşıma müqaviləsi üzrə borcun tutulması tələbinə dair Açar söz: daşıma müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “daşıma müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-346/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı (sifarişçi) ilə cavabdeh (ekspeditor) arasında bağlanmış 09 sentyabr 2022-ci il tarixli 09/22 nömrəli nəqliyyat ekspedisiyası haqqında müqaviləyə əsasən ekspeditor yükləri ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin sifarişçinin hesabına daşımağı, sifarişçi isə xidmətin dəyərini ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçinin yazılı göstərişlərinə əsasən ekspeditor müvafiq haqq müqabilində yük daşımalarını və yükün anbarlaşdırılmasını təmin edir, sifarişçi tərəfindən etibarnamə olduqda yüklərin gömrük rəsmiləşdirilməsini və müqavilənin ayrılmaz hissəsi olan Əlavələr əsasında tariflərin ödənilməsini, sifarişçi tərəfindən tələbnamə sənədi əsasında yüklərin beynəlxalq nəqliyyat vasitələri ilə daşınmasını həyata keçirir.

3. Müqavilənin 5.1-ci bəndinə əsasən sifarişçi tərəfindən xidmətin dəyərinin ödənilməsi ekspeditor tərəfindən hesab-faktura və elektron qaimə təqdim edildikdən sonrakı gün ərzində köçürmə yolu ilə həyata keçirilir.

4. Müqaviləyə xx.xx.2022-ci il tarixli 01 saylı əlavədən görünür ki, xx.xx.2022-ci il tarixdən İstanbuldan Bakıya 24,3 ton yükün çatdırılması, yük maşını boşaldıqdan sonra ödəmənin bank hesabına ödənilməsi razılaşdırılmışdır.

5. İddiaçı tərəfindən cavabdehə yük daşınması ilə bağlı EBCD 456809 nömrəli, xx.xx.2022-ci il tarixli (6885 manat) elektron qaimə təqdim edilmişdir.

6. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 01/2022 saylı hesabfakturaya əsasən yük daşınmasına görə ödənilməli məbləğ 6885 manat təşkil edir.

7. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıqda ekspedisiya xərcinin 3 gün müddətində ödənilməsi tələb edilmişdir.

8. Cavabdeh tərəfindən həmin xəbərdarlığa verilmiş cavabda yükün daşınmasının keyfiyyətsiz həyata keçirildiyi, yüklərin qeyri-peşəkarlıqla daşınması nəticəsində yararsız vəziyyətə düşdüyü, yararsız vəziyyətə düşmüş malların istifadəyə yararsız olduğu, bu səbəbdən onların məhv edilməsinə zərurət yarandığı göstərilmişdir. Həmin malların utilizasiyası "xxxx" MMC-yə həvalə edilmiş, bu məqsədlə 472 manat vəsait ödənilmişdir. Bu səbəbdən cavabdehə ümumilikdə 6954,14 manat ziyan dəydiyi üçün həmin vəsait iddiaçı tərəfindən ödənilməli və ya iddiaçıya ödənilməli olan daşıma haqqı ilə əvəzləşdirilməlidir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq cavabdehin sifarişinə əsasən xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində yüklənmiş 24.3 ton yükün Bakı şəhərinə çatdırılmasına görə cavabdeh tərəfindən ödənilməli olan 6885 manat pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında “Nəqliyyat ekspedisiyası haqqında” 09/22 saylı, 09 sentyabr 2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsəasən iddiaçı “Ekspeditor” yükləri ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin cavabdeh “Sifarişçi”nin hesabına daşımağı, cavabdeh “Sifarişçi” isə xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin qeyd olunan müqavilənin 2.2.5-ci bəndinə əsasən cavabdeh “Sifarişçi” yüklərin daşınmasının təşkil edilməsi və nəqliyyat ekspedisiya xidmətləri üçün razılaşdırılmış məbləğdə iddiaçı “Ekspeditor”a vaxtlı-vaxtında ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən və cavabdeh sifarişçinin sifarişinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində yüklənmiş 24.3 ton yükün Bakı şəhərinə çatdırılmasına görə ödənilməli olan 6885 manat pul vəsaitinin ödənilməsi üçün cavabdehə elektron qaimə göndərilmiş, lakin yükün çatdırılması ilə bağlı heç bir ödəniş edilməmişdir. Göstərilənlərə əsasən Türkiyə Respublikasının İstanbul şəhərində yüklənmiş malın Bakı şəhərinə çatdırılması üçün ekspedisiya xərclərinin 3 gün ərzində ödənilməsi ilə bağlı cavabdeh “Sifarişçi” Şirkətə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş (elektron və sürətli poşt xidməti ilə), lakin cavabdeh bundan sonra da hər hansı ödəniş etməmişdir. Cavabdeh tərəfindən ödənilməli xidmət haqqının ödənilməsi üçün tərəflərindən mediasiya prosesi ilə bağlı təklif göndərilmiş, lakin cavabdeh tərəfindən təklifə cavab gəlmədiyinə görə Mediasiya təşkilatına müraciət edilmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etmək üçün bir dəfə prosesin təxirə salınmasını xahiş etmiş, onların xahişi üzrə proses bir dəfə təxirə salınmış, daha sonra onlarla razılaşdırılmış vaxtda mediasiya prosesində iştirak etmədiklərindən prosesin baş tutmamasına görə mediator tərəfindən arayış təqdim olunmuş və ondan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-346/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi təmin edilmişdir.

12. Məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, daşınan mallar iddiaçı tərəfindən təyinat yerinə çatdırıldıqdan sonra cavabdeh tərəfindən qeyd-şərtsiz qəbul edilmiş (halbuki cavabdeh qüsurların malların tərəflərindən təhvil verildiyi məqamda aşkar edilən gözlə görünən qüsurlar olduğunu bildirir), daşıma ilə bağlı hər hansı irad bildirilməmişdir (həmin iradın bildirildiyini təsdiq edən sübut təqdim edilməmişdir). Belə ki, cavabdeh daşınmanın qüsurlu icra edilməsi, bununla əlaqədar özünün də zərərə məruz qalması barədə iddiaçıya hər hansı məlumat verməmiş, yalnız iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsindən əvvəl cavabdehə göndərdiyi xəbərdarlığa verdiyi cavab məktubunda həyata keçirilmiş daşınma ilə bağlı iradlarını bildirmiş, malların tərəflərindən məhv edilməsi barədə məlumat vermiş, öhdəliklərin əvəzləşdirilməsini təklif etmişdir. 13.Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə bağlı bildirmişdir ki, tərtib edilmiş aktlarda, habelə hesab-fakturalarda vaxtı keçmiş, satışa yararsız qida məhsullarının utulizasiya olunduğu göstərilsə də, lakin həmin sənədlərdən utilizasiya edilmiş malların məhz iddiaçı tərəfindən daşınması həyata keçirilmiş malların olması müəyyən edilmir.

14. Məhkəmə qeyd etmişdir ki, cavabdehin təqdim etdiyi şahidlər Nümayəndə2 və X1 ifadələrində malların daşınmasının qüsurlu həyata keçirildiyini bildirsələr də, yalnız çox ümumi olan ifadələr işlətmişlər, belə ki, şahidlər daşınmanın hansı tarixdə həyata keçirilməsi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, şahid Nümayəndə2 çatdırılmış malların təxminən 1/3 hissəsinin, digər şahid Qanuni nümayəndə2 isə malların hamısının yararsız olmasını bildirmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (cavabdeh təşkilatla əmək müqaviləsi əsasında çalışan işçilər olmaqla) maraqlı olan şəxslərdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-346/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə daşınmalı olan mallar cavabdeh, Cavabdeh MMC-yə məxsus anbara daxil olsa da, rəsmi şəkildə təhvil alınmamışdır. İddiaçı tərəfin sürücüsü sadəcə malları anbarın qapısına tərk edib getmişdir. Nə sürücü, nə də ekspeditor malları təhvil verməmişdir. Daha sonra maşının qapısı açıldığında cavabdeh tərəfindən daşınan malların qutuları aşmış, qabları zədələnmiş, turşuların suyunun axıb maşının içinə töküldüyü görülmüş, malların əzildiyi və tam şəkildə yararsız hala gəldiyini aşkar edilmişdir. Cavabdeh MMC-də anbardar vəzifəsini icra edən X2 isə həmin mallarda problemlərin olduğu üçün qəbul etməmişdir. Anbardar vəzifəsində işləyən işçinin zərərli məhsulu qəbul etməsi onun məsuliyyətinə səbəb olur və həmin zərərin qarşılanması onun öhdəliyinə düşür. Əlavə olaraq vurğulamaq lazımdır ki, bu cür yükdaşımaları zamanı sürücü ilə birlikdə ekspeditorun da gəlməyi daha uyğun bir haldır və müqavilədə öz əksini tapmışdır. Şahid qismində çıxış edən X2 öz ifadəsində bildirmişdir ki, yüklərin anbara daxil olması zamanı iddiaçı tərəfdən sadəcə sürücü iştirak etmişdir. Lakin, Bakı Kommersiya Məhkəməsi “Bakumart MMC tərəfində şahid qismində çıxış edən şəxslərin çox ümumi olan ifadələr işlətməsini dəlil gətirərək bu nüansı nəzərə almamışdır. Həmçinin digər şahidin də verdiyi ifadələrə hüquqi qiymət düzgün verilməmişdir. Mülki Məcəllənin 857-ci maddəsinin tələbi ilə daşıyıcı yükün çatdırılma yerinə gəlməsi barədə yük alana dərhal bildiriş verməlidir. Lakin, daşıyıcı mülki qanunvericiliyin bu tələbinə riayət etməmişdir. Daşıyıcı şirkətin nümayəndəsi malları cavabdehə aid olan anbarın giriş hissəsinə daxil etmiş və cavabdehə təqdim edilmiş kimi ifadə işlətmişlər. Cavabdeh şirkətdə çalışan anbardar isə bu malları qəbul etməmişdir. Ultizasiya prosesinin həyata keçirilməsində əsas səbəb isə onsuz da yararsız halda olan mallar anbara giriş-çıxışına və eyni zamanda anbarın bir hissəsində artıq yer tutduğu üçün məhv edilmişdir. Bundan başqa daşıyıcı şirkət, müqavilə öhdəliklərinin tələblərini pozmaqdadır. Gətirilən malların təhvil-təslim edilməsi dəfələrlə onlara bildirilsə də, məhəl qoymayaraq sürücü oranı tərk etmişdir. Təhvil-təslim aktı yoxdur. Təhvil-təslim edən şəxs yoxdur. Ekspeditor yoxdur. Malın qəbul edilməsi ilə bağlı rəsmi və ya qeyri-rəsmi hərəkət yoxdur. Vicdanlılıq prinsipinə əməl etməyərək qüsurlü malları tərk edib getmişdirlər. Bakı Kommersiya Məhkəməsi iş üçün əhəmiyyət kəsb edən şahid ifadələrinə, müqaviləyə, qeyri-qanuni tərtib edilmiş qaimələrə, xüsusilə anbardarın məhsulları qəbul etməməsi ilə bağlı çıxışına, iddiaçı tərəfin məhsulları hansı formada anbarın qapısına tərk edib getdiyinə məhəl qoymayaraq təhvil-təslim ilə bağlı sübut qismində təqdim edilə bilməyən nüanslara əsas götürüb qətnamə qəbul etmişdir. Məhkəmə sübutlara əsaslanır. Təhvil-təslimlə bağlı akt, arayış və s. sənəd növündə çıxış edən sübut olmadığı halda, cavabdehin güya malları qəbul etməsini təsdiqləyən mötəbər sübutlara əsaslanmışdır. Şahidlərin vermiş olduğu izahatları şifahi mülahizə hesab etmiş, halbuki iddiaçının şifahi şəkildə demiş olduğu “malları daşıyıb təqdim etmişik” mülahizəsini isə sübut kimi hesab etmişdir. Qəbul edilmiş qətnamənin 5-ci səhifəsinin sondan 2-ci abzasında qeyd olunmuş məktuba hansı cavab verilmişdir məlum deyildir. Məhkəmə məlum olmayan cavaba əsaslanıb qətnamə çıxarmışdır. İş üzrə malların daşınması, təhvil verilməsi ilə bağlı heçbir sübut yoxdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

18. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 859.5-ci maddəsinə əsasən daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

19. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

20. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-346/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat ekspedisiyası haqqında müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin sifarişi ilə Türkiyə Respublikasının İstanbul şəhərindən yüklərin Bakı şəhərinə çatdırılması həyata keçirilmiş, razılaşdırılmış 6885 manat daşıma haqqı cavabdeh tərəfindən ödənilməmişdir. İşdəki gömrük bəyannaməsindən görünür ki, daşınan yük xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasında daxil olmuşdur.

22. Cavabdehin iddiaya etirazı bundan ibarətdir ki, daşınan yüklər rəsmi təhvil verilmədiyindən və daşıma qüsurlu həyata keçirildiyi üçün daşınan məhsullar utilizasiya edildiyindən hər hansı ödəniş həyata keçirilməli deyil.

23. Məhkəmə cavabdehin etirazını əsassız hesab edir. Belə ki, yükün daşınması ilə bağlı öhdəliyin iddiaçı tərəfindən icra edildiyi və yüklərin təhvil verildiyi işin mübahisəsiz halıdırsa təhvil-təslim aktının tərtib edilməməsi ödənişin həyata keçirilməsindən imtina üçün əsas ola bilməz. Daşınan yükün yolda daşıyıcının təqsiri ucbatından zədələnməsi isə əsaslı şübhədən kənar sübutlarla təsdiq edilmir. Cavabdeh tərəfindən zədələnmiş malların utilizasiyası ilə bağlı iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktlarda utilizasiya edilmiş məhsulların vaxtı, yəni yararlılıq müddəti keçmiş qida məhsulları olduğu qeyd edildiyindən iddiaçı tərəfindən daşınan məhsullar olduğu müəyyən edilmir. Qüsur aktının iddiaçının səlahiyyətli nümayəndəsi dəvət edilmədən yalnız cavabdehin əməkdaşları tərəfindən tərtib edilməsi də həmin sübutun mötəbərliyini şübhə altına qoyur.

24. Bundan əlavə müqavilənin 4.2-ci bəndinə uyğun olaraq ekspeditora xidmətin qüsurlu icrası ilə bağlı bildiriş göndərilməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə verdiyi izahata əsasən, yüklərin boşaldılmasında direktor və anbar müdiri iştirak etmiş, mallarda gözlə görünən qüsurlar olmuşdur. Belə olan halda daşımanı həyata keçirmiş sürücünün iştirakı ilə yüklər boşaldıldığı gün qüsur aktı tərtib edilə bilərdi. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd edilmişdir ki, bu barədə yalnız iddiaçının pretenziyasına cavab məktubunda qeydlər edilməsi cavabdehin etirazında qeyd etdiyi halın həqiqətə uyğun olmadığınu şübhə altına alır. Mülki Məcəllənin 859.5-ci maddəsinə əsasən yükün zahirən görünən zədələrinə əsaslanan iddialar barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verilməsi nəzərdə tutulduğundan bu müddət keçdikdən sonra qüsurlara istinad edilməklə ödənişin həyata keçirilməsindən imtina edilməsi əsassızdır.

25. Birinci instansiya məhkəməsi şahid ifadələrinə də düzgün hüquqi qiymət verərək qeyd etmişdir ki, şahidlər Nümayəndə2 və X1 cavabdehlə əmək müqaviləsində olan şəxslər olduğu üçün onların ifadəsi digər sübutlarla təsdiq edilmədən mötəbər hesab edilə bilməz.

26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 346/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-346/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar