Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-454/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh Beyləqan-Q kiçik müəssisəsinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh Beyləqan-Q kiçik müəssisəsinə qarşı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli 07-LA/12 nömrəli müqavilə üzrə 257332 manat gecikdirilmiş borcun, hesablanmış 314320,06 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 (beş yüz) manat cəmi 572152,06 (beş yüz yetmiş iki min yüz əlli iki manat 6 qəpik) manat pul vəsaitinin cavabeh Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-3705/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 257.332 manat əsas borc, 10.000 manat cərimə borcu olmaqla, cəmi 267.332 (iki yüz altmış yeddi min üç yüz otuz iki) manat, hüquqi yardıma görə ödənilmiş pulun əvəzi olaraq 300 (üç yüz) manat, dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun Beyləqan-Q kiçik müəssisəsindən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Həmin qətnamə ilə razılaşmayan cavabdeh apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, əsas borcun məhkəmə mühasibatlıq ekspertizası keçiirlməklə yenidən hesablanmasına dair yeni qərar qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə ekspertiza keçirilməsi barədə vəsatət verilməsinə baxmayaraq, nəzərə alınmamışdır. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qətnamənin qismən ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2012-ci il tarixli 07-LA/12 nömrəli lizinq müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş 60.000 broyler və 2 dəst inkubator avadanlığı (quraşdırılması ilə birlikdə) 10 il müddətinə lizinq alana verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, müqavilə üzrə sonuncu ödəniş 2021-ci ilin sonuncu rübü həyata keçirilməli idi. Hesabdan çıxarışdan göründüyü kimi, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə 500 manat məbləğində edilmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin müddəaları baxımından iddiaçı və cavabdeh arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun əsas borcu və cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarışdan görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixə xx.xx.2012-ci il tarixli 07-LA/12 nömrəli müqavilə üzrə 257.332 manat gecikdirilmiş borcu mövcuddur. Cavabdeh apelyasiya şikayətində borc məbləğinə dair məhkəmənin bir tərəfli sübutlara əsaslandığını, ətraflı araşdırma aparmadığını, ekspertiza aparılaraq borc məbləğinin dəqiq müəyyən edilməli olmasını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-454/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyul 2022-ci il tarixli, 9/4486 №li ekspert rəyinin nəticə hissəsində müəyyən edilmişdir ki, “... iş materiallarında olan çıxarış (c.i.v - 72 - 74), "müqavilə üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən xx.xx.2012-ci il tarixli 07-LA/12 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixə “Aqrolizinq" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc - 284.000,00 manat, cərimə - 346.893,82 manat” İşdən göründüyü kimi, hazırki iddia tələbi üzrə əsas borc - 257332 manat, cərimə isə 314320,06 manat məbləğində tələb edilir. Ekspert rəyi ilə müəyyən edilmiş məbləğlər iddia tələbində müəyyənləşdirilən məbləğdən artıq olsa da, məhkəmə mübahisə üzrə iddia tələbinin həcmindən kənara çıxmağa haqlı deyildir. AR MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Göründüyü kimi, iddiaçının müvafiq lizinq müqaviləsi üzrə cavabdehin öhdəliyi olan 257332 manat əsas borcunun olması iş materialları ilə öz təsdiqini tapır. Bunun əksini sübut edən hər hansı dəlil isə cavabdeh tərəfindən apelyasiya şikayətinə əlavə edilməmiş, məhkəməyə təqdim edilməmişdir. Dİgər tərəfdən, birinci instansiya məhkəməsi haqlı olaraq tələb olunan əsas borc məbləğinə münasibətdə iddiaçının tələbini tam təmin etsə də, cərimə borcunun ağlabatan olmadığı qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, dəbbə pulununun tələb edilməsi hissəsində tələbin qismən təmin edilməsi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. İddia tələbinin 314320,06 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi 10 000 manat cərimə pulu işin halları baxımından əsaslı və ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunvericiliyin tələblərini nəzərə alan kollegiya hesab edir ki, hüquqi yardımla bağlı 300 manat və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də məhkəmənin mübahisələndirilən qətnaməsi əsaslı olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, cavabdehin apelyasiya şikayəti hər hansı dəlillə əsaslandırılmadığından şikayət təmin edilməməli, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirildiyindən və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Кollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-2(103)-454/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-454/2022
25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver