Məhkəmə qərarları › İş №2-2(103)-454/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-454/2024

02.04.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-454/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3795/2023 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC tərəfindən dövlət büdcəsinə olan 2790,29 manat, dövlət sosial müdafiə fonduna olan 8,30 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3795/2023 saylı, 14 iyul 2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. İşdə iştirak etməyən "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3795/2023 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Maraqlı şəxs həmin qərardaddan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, maraqlı şəxs "xxxx" MMC-nin dövlət büdcəsinə borcu olduğundan hüquqi şəxsin qanuni təmsilçisi Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmışdır. Bununla əlaqədar olaraq, məhkəmənin müvafiq qətnaməsindən hüquqi şəxs "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti etibarnamə üzrə nümayəndəsi X1 tərəfindən imzalanmışdır. Həmin etibarnamə apellyasiya şikayətinə əlavə edilmişdir. Lakin, birinci instansiya məhkəməsi apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməli olduğu halda, əsassız olaraq apellyasiya şikayətini geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə maraqlı şəxs qismində "xxxx" MMC deyil, həmin hüquqi şəxsin qanuni təmsilçisi olan Maraqlı şəxs çıxış edir və həmin şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Apellyasiya şikayəti isə "xxxx" MMC-nin adından verilmiş və dövlət rüsumu da hüquqi şəxsin adından ödənilmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsində isə təsbit edilmişdir ki, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Lakin "xxxx" MMC hazırki iş üzrə tərəf deyil, habelə MPM-in 357.2-ci maddəsində göstərilən şəxslərə aid edilə bilməz. Çünki qətnamə onun hüquq və vəzifələrinə toxunmur. Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olduğuna görə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 363.1.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3795/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar