Məhkəmə qərarları › İş №2-2(103)-455/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-455/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-455/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-199/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı İddiaçı QSC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, AFF-83-21 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı malları - vərəqə şüşəni sifarişçiyə satmağı, bunun müqabilində isə sifarişçi alınan malların dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat 2.İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borca görə 57882,45 manat, pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 4485,88 manat olmaqla, cəmi 62368,33 manat məbləğində pul vəsaitinin, 200 manat məcburi ilkin mediasiya xərci və 77,1 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçı bildirir ki, onun tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, Cavabdeh MMC tərəfindən öhdəliklər hələ də icra olunmamış və verilmiş malların dəyəri tam ödənilməmişdir. Belə ki, hal-hazırda müqavilə üzrə satılmış malların dəyəri olaraq 57882,45 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə ödənilməmişdir. Tərəflər arasında təsdiq edilmiş təhvil-təslim aktlarına əsasən müxtəlif həcmdə olan şüşə məhsulları iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və həmin məhsullar təhvil-təslim aktlarında göstərilən həcmlərdə cavabdeh tərəfindən qəbul edilmişdir. Həmçinin cavabdeh müqavilə üzrə ödənilməmiş 57882,45 manat pul vəsaitini qanunsuz özündə saxladığına görə həmin məbləğdən faizlər ödəməlidir. 4.Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir. 5.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-199/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən 46428,14 manat (qırx altı min dörd yüz iyirmi səkkiz manat on dörd qəpik) əsas borc, ödənişin gecikdirilməsinə görə 3598,18 manat (üç min beş yüz doxsan səkkiz manat on səkkiz qəpik) pul vəsaiti, 200 (iki yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 61,84 manat (altmış bir manat səksən dörd qəpik) olmaqla, cəmi 50288,16 manat (əlli min iki yüz səksən səkkiz manat on altı qəpik) məbləğində pulun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 6.Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a)Apellyasiya şikayətinin dəlilləri 7.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mediasiya mərhələsi zamanı qanun normalarına əməl olunmamışdır. İddiaçının mediasiya arayışı almasına baxmayaraq, mediasiya prosesi ilə bağlı nə təklif, nə də ki mediasiya təşkilatı tərəfindən proses barədə bildiriş göndərilməmişdir. Həmçinin, iddiaçı tərəfindən müqavilənin müvafiq maddələrinə əməl olunmamışdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş təhvil-təslim aktlarının cavabdeh tərəfindən təsdiq olunmamasına baxmayaraq, iddiaçı həmin sənədləri sübut qismində məhkəməyə təqdim etmiş, məhkəmə isə onları qəbul etmişdir. Cavabdeh tərəfindən vəsatət verilərək, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunaraq, ilkin mühasibatlıq sənədləri əsasında Cavabdeh MMC-nin "xxxx" QSC-yə hansı məbləğdə borcunun olması məsələsinin dəqiqləşdirilməsi barədə sualın qoyulması, həmçinin təhvil-təslim aktlarında olan imzalar ilə bağlı xətşünaslıq ekspertizasının keçirilməsi xahiş olunsa da, məhkəmə həmin vəsatəti əsassız olaraq təmin etməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən müqavilənin müvafiq maddələrinə əməl olunmamışdır. Belə ki, iddiaçı tərəfindən indiyədək müqavilə üzrə heç bir öhdəlik yerinə yetirilməmiş və cavabdehə həmin məhsulları təqdim edilməmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən “Bu müqavilənin qiyməti “İcraçı” tərəfindən faktiki təhvil verilən “mallar”ın dəyəri ilə müəyyən edilir və qiymət razılaşma protokolu bu müqavilənin ayrılmaz hissəsi hesab olunur. “Mal”ın qiymətində dəyişiklik baş verdikdə qiymət razılaşdırma protokolu ilə tənzimlənir”. Lakin, iddiaçı ilə arasında protokol imzalanmamışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən içraçının vəzifələrindən biri müqavilə ilə müəyyən olunmuş “malı” “Sifarişçinin” mülkiyyətinə vermək üçün hər dəfə qaimə-fakturanı “Sifarişçi” ilə qarşılıqlı təsdiq etməsidir. Müqavilənin 4.1-ci bəndinə əsasən isə sifarişçi “Mallar”ı “İcraçı”dan qaimə-faktura əsasında alır. Lakin iddiaçı tərəfindən qaimə-fakturalar tərtib olunsa belə, həmin sənədlər cavabdeh tərəfindən təsdiq olunmamışdır. Yəni həmin sənədlərin tərtib olunması icraçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi hesab olunmur. Müqavilənin 3.4-cü bəndinə əsasən “İcraçı” satdığı “malı” aidiyyatı sənədlərlə birlikdə “Sifarişçi”yə təqdim edir. Lakin, buna baxmayaraq iddiaçı tərəfindən cavabdehə mal təqdim edilib, nə də ki, aidiyyatı sənədlər. İddiaçı tərəfindən iş materiallarına əlavə olunan təhvil-təslim aktları isə göründüyü kimi şirkət tərəfindən möhürlənməmiş və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən imzalanmamışdır. Buna görə də, məhkəmə həmin aktları sübut qismində nəzərə ala bilməzdi. Müqavilənin 3.7-ci bəndinə əsasən “İcraçı” müqavilədə nəzərdə tutulan “malı”n haqqının ödənişinin vaxtında edilməsini “Sifarişçi”dən tələb etmək hüququna malikdir. Qeyd olunanlara baxmayaraq, "xxxx" QSC tərəfindən cavabdehə borc tələbi ilə bağlı heç bir məlumat verilməmişdir. Ümumiyyətlə, hazırki tələbin olduğu cavabdeh tərəfindən məhkəmə mübahisəsi ilə bağlı məlumat əldə olunduqdan sonra aşkar olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 8.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c)Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz etdi.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

12. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

15. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

16. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

20. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

21. Eyni zamanda iş materiallarında olan təhvil-təslim aktından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə 943,74 miqdarda məhsul (məhsulun təsviri: FCLRN08.0_3210x6000_M1_07_PLF_NN, glass, clear, 8 mm, LES, 3210x6000 M1) İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu isə öz növbəsində təhvil almışdır.

22. Təhvil-təslim aktından görünür ki, xx.xx.2021-ci il tarixdə 1348,2 miqdarda məhsul (məhsulun təsviri: FCLRN06.0_3210x6000_M1_10_PLF_NN, glass, clear, 6 mm, LES, 3210x6000 M1) İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu isə öz növbəsində təhvil almışdır.

23. Təhvil-təslim aktından görünür ki, xx.xx.2021-ci il tarixdə 943,74 miqdarda məhsul (məhsulun təsviri: FCLRN08.0_3210x6000_M1_07_PLF_NN, glass, clear, 8 mm, LES, 3210x6000 M1) İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu isə öz növbəsində təhvil almışdır.

24. Təhvil-təslim aktından görünür ki, xx.xx.2021-ci il tarixdə 1348,2 miqdarda məhsul (məhsulun təsviri: FCLRN06.0_3210x6000_M1_10_PLF_NN, glass, clear, 6 mm, LES, 3210x6000 M1) İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu isə öz növbəsində təhvil almışdır. - xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 239597 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11759,76 (ƏDV daxil) manat təşkil edir.

25. xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 242494 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11454,31 (ƏDV daxil) manat təşkil edir.

26. xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 243097 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11759,76 (ƏDV daxil) manat təşkil edir.

27. xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 243372 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11454,31 (ƏDV daxil) manat təşkil edir.

28. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi elektron qaimələr və təhvil-təslim aktları ilə təsdiq olunur.

29. Bu mənada kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.

30. Ona görə də kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 46428,14 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

31. Həmçinin kollegiya qeyd edir ki, faiz borcunun tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 598.3 və 449.1-ci maddələri təşkil edir.

32. Həmin maddələrin tələblərini, elektron qaimənin göndərilməsi və iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı pul öhdəliyinin gecikdirilməsinə görə hesablanmış 3598,18 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır (46428,14 x 7,75% = 3598,18).

33. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, əvvəla işdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməsini, o cümlədən iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin cavabdehə göndərilməsini təsdiq edən sənədlər iddia ərizəsinə qoşma olaraq “Elektron Məhkəmə” İnformasiya Sisteminə yüklənmişdir. Həmçinin Bakı 10 saylı Mediasiya Təşkilatının MŞB/10-00071 nömrəli xx.xx.2022-ci il tarixli arayışında da qeyd olunmuşdur ki, "xxxx" ММС ilkin mediasiya sessiyasının tarixi, saatı və уеri barədə 8 gün əvvəlcədən poçt vasitasilə məktub göndərilməklə məlumatlandırılmışdır. Borcun düzgün hesablanmaması ilə bağlı dəlillər isə əsaslandırılmayıb və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki borc məbləğini iddiaçı tərəfindən təqdim edilən 4 ədəd elektron qaimə və 4 ədəd təhvil-təslim aktına əsasən sadə riyazi hesablama ilə hesablamaq mümkündür. Həmin sənədlərlə də cavabdehin iddiaçıya 46428,14 manat məbləğində borcunun olması müəyyən edilir. Təhvil-təslim aktlarının cavabdeh tərəfindən təsdiq olunmaması ilə bağlı dəlillərə dair kollegiya qeyd edir ki, həmin təhviltəslim aktlarında Cavabdeh MMC-nin adından təhvil alan şəxs qismində sürücü Kazım Cabbarovun adı qeyd olunmuş və imza edilmişdir. Birinci instansiya məhkəməsində və apellyasiya şikayətində həmin şəxslə bağlı dəqiq məlumatlar, yəni həmin şəxsin cavabdeh təşkilatda işləyib-işləməməsi və bundan asılı olaraq aktlardakı imzalarla bağlı aydın mövqe göstərilməmişdir. Bu baxımdan, hazırki apellyasiya baxışı zamanı Kazım Cabbarovun təhvil-təslim aktlarının tərtib olunduğu tarixlərdə Cavabdeh MMCdə işləyib-işləməməsi barədə məlumatların, işləmədiyi halda həmin tarixdə Cavabdeh MMC-də fəaliyyət göstərən bütün işçilərin ad, soyad və ata adlarının əks olunduğu ştat cədvəllərinin məhkəməyə təqdim edilməsi üçün sonuncudan tələb edilmiş, lakin cavabdeh bu məsələyə heç bir münasibət bildirməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsində isə təsbit edilmişdir ki, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Bu baxımdan kollegiya hesab edir ki, həmin aktlardakı imzaların cavabdehin əməkdaşına məxsus olması müəyyən olunmuş hesab edilməlidir. Malların təhvil verilməməsinə dair kollegiya qeyd edir ki, əgər cavabdeh malları təhvil almasaydı iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirər, o cümlədən təhvil-təslim aktlarını təsdiq etməzdi. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən içraçının vəzifələrindən biri müqavilə ilə müəyyən olunmuş “malı” “Sifarişçinin” mülkiyyətinə vermək üçün hər dəfə qaimə-fakturanı “Sifarişçi” ilə qarşılıqlı təsdiq etməsidir. Göründüyü kimi, müqavilədə də malların təhvil-təslim aktı əsasında deyil, qaimə-faktura əsasında təhvil verilməsi müəyyən edilmişdir. İddiaçı da elektron qaimələr əsasında malları təhvil vermiş, cavabdeh isə həmin qaimələrə etiraz etmədiyi üçün dolayısı ilə təsdiq etmişdir. Əlavə olaraq kollegiya qeyd edir ki, cavabdeh bir tərəfdən malların təhvil verilmədiyinə istinad edir, digər tərəfdən isə ilkin mühasibatlıq sənədləri əsasında cavabdehin iddiaçıya hansı məbləğdə borcunun olması məsələsinin dəqiqləşdirilməsi məqsədi ilə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verir. Göründüyü kimi cavabdehin iddiaya qarşı etirazı özü-özlüyündə ziddiyətlidir.

34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-199/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar