Məhkəmə qərarları › İş №2-2(103)-456/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-456/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-456/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçının nümayəndəsi X6, cavabdeh X1 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 28.02.2022-ci il tarixli 2-2(113)- 592/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.06.2012-ci il tarixli 810-L/12 nömrəli müqavilə üzrə 12.902,50 manat gecikdirilmiş borc və hesablanmış 5.710,12 manat cərimə borcu olmaqla, cəmi 18.612,62 manat, habelə mediasiya prosesi ilə bağlı cavabdehin əvəzinə ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 19.062,62 manat pulun tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 12.06.2012-ci il tarixli 810-L/12 nömrəli texnikanın lizinqə verilməsi barədə müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 01.09.2021-ci il tarixə müqavilə üzrə 12.902,50 manat gecikdirilmiş borc, 5.710,12 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.02.2022-ci il tarixli 2-2(113)-592/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 12.06.2012-ci il tarixli lizinq müqaviləsi üzrə əsas borc üzrə 12.902,50 manat, 600 manat məbləğində cərimə borcu olmaqla cəmi 13.502 manat, 50 qəpik məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, hüquqi yardıma görə ödənilmiş pulun əvəzi olaraq 160 manat, Mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin hüquqi yardımla bağlı iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın həmin hissədə tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və ona görə də 12.902,50 manat pul tələbi ilə bağlı işə görə 350 manat pul ödənilmişdir. İşdən də görünür ki, hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən peşəkarcasına həyata keçirilmişdir. Vəkilin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı məhkəmənin dəlilinə gəldikdə isə nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə kommersiya mübasəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 apellyasiya şikayətinin təmin olunmasına etiraz etmədi. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 28.02.2022-ci il tarixli 2-2(113)-592/2022 nömrəli qətnaməsi hüquqi xidmət xərci ilə bağlı hissədə dəyişdirilməli, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə hüquqi xidmət xərci olaraq 350 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qəbul edilmiş qətnamə hüquqi xidmət xərci ilə bağlı iddianın təmin olunmadığı hissədə mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. İş materiallarında olan “Məhkəmə hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə” 27.05.2021-ci il tarixli sazişdən görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında məhkəmə hüquq xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 20.12.2021-ci il tarixli 866593/00837 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Vəkil hesabına hüquqi xidmət haqqına görə 030921 nömrəli müqaviləyə əsasən 350 manat pul ödənilmişdir. Birinci instansiya məhkəməsi hüquqi xidmət xərci ilə bağlı hissədə iddianı qismən-160 manat məbləğində təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Vəkil məhkəmənin heç bir hazırlıq iclasında və məhkəmənin baxış iclasında iştirak etməmişdir, ancaq ərizə tərtib edərək, onun elektron sistemə yüklənməsi ilə kifayətlənmişdir. Belə olan halda göstərilmiş hüquqi yardıma görə 160 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.1.-ci maddəsinə əsasən iş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. Həmin Məcəllənin 69.2.-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.3.-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Həmin Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kollegiyası hesab edir ki, kommersiya mübahisələri ilə bağlı mediasiya prosesində iştirak, qarşı tərəfə pretenziya məktubu göndərmək, iddianın qaldırılması üçün zəruri olan sübutları toplamaq və iddia ərizəsini tərtib etmək də daxil olmaqla vəkil tərəfindən göstərilmiş hüquqi xidmətlərə görə 350 manat ödəniş edilməsi ağlabatan olduğundan və Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsi məhkəməyə müqavilə şərtlərinin pozulmasından irəli gələn mübahisələr üzrə məhkəmə xərclərini işin nəticəsindən (iddianın tam və ya qismən təmin edilməsindən) asılı olmayaraq müəyyən etmək və cavabdehdən tutmaq hüququ verdiyindən qətnamə mübahisələndirilən hissədə dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə 350 manat hüquqi xidmət xərci tutulmalıdır Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 28.02.2022-ci il tarixli 2-2(113)-592/2022 nömrəli qətnaməsi hüquqi xidmət xərci ilə bağlı hissədə dəyişdirilməli, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə hüquqi xidmət xərci olaraq 350 manat tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 28.02.2022-ci il tarixli 2-2(113)-592/2022 nömrəli qətnaməsi hüquqi xidmət xərci ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə hüquqi xidmət xərci olaraq 350 manat tutulsun. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar