Məhkəmə qərarları › İş №2-2(103)-457/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-457/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-457/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X10 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 və Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli e-2-2(113)- 425/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə A452 saylı X5 əlavə bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə həmin tarixdə Cavabdeh1 təhvil vermişdir.

2. Cavabdehlər lizinq obyektinin onlara təhvil verilməsinə baxmayaraq ona avtomobilin idarə edilməsi ilə bağlı müvafiq etibarnamə təqdim edilməməsi səbəbindən ondan təyinatı üzrə istifadə edilmədiyini bildirirlər.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021 tarixli A452 saylı X5 (Əlavə Razılaşma) əsasən hesablanmış 6906 ABŞ dolları gecikmə, 4301 ABŞ dolları cərimə, ümumilikdə 11207 ABŞ dolları, həmçinin 200 manat mediasiya xərcinin müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Mercedes-Benz S63 markalı (Tipi - Sedan, Buraxılış ili - 2014, Rəngi – Qara metalik, BAN - WDD2221781A061778) avtomobilin alınması məqsədilə Lizinq alanla iddiaçı arasında A452 saylı daxili Lizinq müqaviləsi bağlanmışdır. Lizinq alan tərəfindən öhdəliklər xx.xx.2021-ci il tarixində Cavabdeh1 ötürülmüşdür. Müqavilə şərtlərinə əsasən 65661 ABŞ dolları ekvivalent həcmində borc üzrə 34 ay 2788 ABŞ dolları ödəmək öhdəliyi götürülmüşdür. Avtomobil Cavabdeh1 2 ay 14 gün istifadəsində olmuş, lakin bu müddət ərzində heç bir ödəniş etməmişdir. Hazırda Cavabdeh1 bu müqavilə üzrə 6906 ABŞ dolları gecikmə, 4301 ABŞ dolları cərimə, ümumilikdə 11207 ABŞ dolları gecikmə borcu mövcuddur. Hesab edir ki, 6906 ABŞ dolları gecikmə, 4301 ABŞ dolları cərimə, ümumilikdə 11207 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

5. Cavabdeh1 iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia edir ki, xx.xx.2021-ci il tarixində A452 saylı Lizinq müqaviləsi üzrə 65661 ABŞ dolları ekvivalenti həcmində borc üzrə 34 ay 2788 ABŞ dolları ödəmək öhdəliyini üzərinə götürmüşdür. Belə bir razılaşmanın olmasını göstərən iddiaçı onu da göstərməliydi ki, o bu müqavilənin formal tərəfidir, yəni avtomobil ona yox, işlədiyi və bu iş üzrə 2-ci cavabdeh kimi göstərilmiş Cavabdeh2 MMC-nin tələbatı üçün zəruri idi, həmin təşkilatla birbaşa müqavilənin bağlanmasına iddiaçı razı olmadığından müqavilə onun adıyla bağlanmışdır. Bu faktı Cavabdeh2 MMC-nin nümayəndəsi də xx.xx.2022-ci il tarixində məhkəmənin hazırlıq iclasında təsdiq etmişdir. Odur ki, bu iş üzrə cavabdeh kimi o yox, yalnız Cavabdeh2 MMC işə cəlb olunmalıdır, yəni həmin MMC əsl tərəf kimi onunla əvəz edilməlidir. Lizinqin obyekti avtomobildir. Məlumdur ki, avtomobil yüksək təhlükə mənbəyidir və onun istifadə olunması üçün qanunvericilikdə müəyyən normalar mövcuddur. Avtomobillərin idarə edilməsi üçün ya avtomobil xüsusi mülkiyyətdə olmalı, ya da həmin avtomobilin idarə edilməsinə mülkiyyətçi etibarnamə verməlidir. İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2 maddələrinin tələbinə görə nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi qadağandır və belə hərəkətə görə 40 manatdan 100 manata qədər cərimə nəzərdə tutulmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə etibarnamə yoxdur və məhkəmənin xx.xx.2022-ci il tarixindəki hazırlıq iclasında hakimin bu barədə sualına da cavab verdi ki, guya 1 aylıq etibarnamə olub, onu işə əlavə etməyiblər. Alıcı olaraq onlara iddiaçı tərəfindən heç bir etibarnamə verilməmişdir, məhz buna görə də tərəflərindən həmin avtomobil istismar olunmadığından heç bir ödəniş etməmişlər. İddiaçı həmçinin məhkəmədə təsdiq etdi ki, avtomobili onun həyətindən götürmüşlər, bu faktın özü də bir daha sübut edir ki, avtomobil cavabdeh tərəfindən istifadə edilməmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göründüyü kimi, Mülki Məcəllə zərərin ödənilməsi üçün əsas kimi təqsirli, hüquqa zidd əməli qəbul edir, indiki halda isə iddiaçı lizinq obyektini istismar etmək üçün cavabdehə etibarnamə vermədiyindən, bu səbəbdən də, yəni iddiaçının özünün günahından lizinq obyektinin istismarı mümkün olmadığından və buna görə də ödəniş edilmədiyindən cavabdehin əməli təqsirli və hüquqa zidd əməl hesab edilə bilməz və buna görə iddia əsassızdır və təmin edilməməlidir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-425/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 6412,40 ABŞ dolları əsas borc, 300 ABŞ dolları cərimə, ümumilikdə 6712,40 (altı min yeddi yüz on iki dollar qırx sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pulun və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 470.1, 472.1, 472.2, 462.1, 467, 747.1, 748-1.1, 748-1.9, 748-1.12.4, 748-10.1, 748-11.1.4, 748-10.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, iddiaçının iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının məhkəməy təqdim etdiyi sənədlərdə etibarnamə yoxdur və məhkəmənin xx.xx.2022-ci il tarixindəki hazırlıq iclasında hakimin bu barədə sualına da cavab verdi ki, guya bir aylıq etibarnamə olub, onu işə əlavə etməyiblər. Həmin iddia ilə əlaqədar hakimin 3 dəfə məhkəmə hazırlıq iclasını təxirə salmasından sonra iddiaçı elektron kabinet vasitəsilə etibarnamə və ərizənin surətini təqdim etmişdir.

10. Avtomobil mənim işlədiyim şirkət – Cavabdeh2 MMC üçün nəzərdə tutulmuşdu, lakin həmin anda şirkətin təsisçisinin müvafiq sənədləri olmadığından məcbur qalıb avtomobili onun adına sənədləşdirmişlər. Bu faktı şirkətin nümayəndəsi də məhkəmədə təsdiq etmişdir.

11. Məhkəmədə bildirdiyi kimi, avtomobil üçün heç bir ödəmə aparılmamışdır. Ona görə ki, sənədləşmədən sonra avtomobili idarə etmək üçün onlara iddiaçı tərəfindən müvafiq etibarnamə verilməmişdir. Onlardan əvvəlcədən ödəniş aparılması tələb edilirdi. Onlar isə avtomobili istifadə edib aylıq ödəmə aparacaqlarını bildirirdilər. Buna görə də onlara müvafiq etibarnamə verilmirdi. Məhkəməyə surətləri təqdim olunan etibarnamələrin ona və oğluna təqdim olunmasını sübut edən qeydiyyat jurnalı olmalıdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən ona avtomobili idarə etmək üçün etibarnamə verilmədiyi üçün heç, bir gündə istifadə etməmişdir. Təqdim etmək üçün jurnal olmalıdır, lakin iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçı tərəf 1 ay 10 günlük etibarnamə verdiyi halda 2 ay 15 günün borcunu tələb edir. O, kreditor olmamış, götürülən vəsait onun tərəfindən xərclənməyib, onun mülkiyyətində olmamışdır. Lakin hazırda faiz hissəsinin ödənilməsinə etiraz etmir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, cavabdeh tərəf avtomobilə dair öhdəlik götürmüşdür. 1 ay ərzində avtomobil idarə olunmuş, lakin heç bir ödəniş edilməmişdir. xx.xx.2021-ci il tarixdə və 22 dekabr - 31 dekabr tarixlərində etibarnamə vermişlər. 28 yanvar 2022-ci il tarixdə geri götürmüşlər. Qarşı tərəfə etibarnamə vermələrinə dair sənəd iş materiallarına əlavə olunmuşdur. Hətta cavabdeh yazılı müraciət edərək oğlu üçün də etibarnamə istəmişdir.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəf etibarnamə vermədiyi üçün avtomobilləri heç idarə edə bilməmişlər. Məlumdur ki, avtomobil yüksək təhlükə mənbəyidir və onun istifadə olunması üçün qanunvericilikdə müəyyən normalar mövcuddur. Avtomobillərin idarə edilməsi üçün ya avtomobil xüsusi mülkiyyətdə olmalı, ya da həmin avtomobilin idarə edilməsinə mülkiyyətçi etibarnamə verməlidir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

20. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

21. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

22. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

23. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

24. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

25. Mülki Məcəllənin 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

26. Mülki Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.

27. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

28. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

29. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

30. Mülki Məcəllənin 748-11.1.4-cü maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq verənin mükafatının məbləği də daxildir;

31. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdehlərdən 6412,40 ABŞ dolları əsas borc, 300 ABŞ dolları cərimə borcunun tutulması hissəsində əsaslıdır.

38. İş materiallarına əlavə edilmiş:

39. Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin AD 520187 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz S63 AMG Minik markalı Sedan tipli avtomobil iddiaçının mülkiyyətindədir.

40. İddiaçı ilə lizinq alan (öhdəlik ötürən) X8 və öhdəlik götürən X6 arasında bağlanmış 14 iyun 2021-ci il tarixli A452 saylı X5 öhdəliyin ötürülməsi haqqında Əlavə razılaşmaya əsasən öhdəlik ötürən lizinq verənin razılığı ilə A452 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürənə verir və öhdəlik götürən də bütünlüklə qəbul edir. Lizinq müddəti bitdikdən sonra öhdəlik götürən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququ lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin öhdəlik götürənin ödəməsi şərtilə öhdəlik götürənə keçir.

41. İddiaçı, X8 və X6 arasında bağlanmış 14 iyun 2021-ci il tarixli A452 saylı X11 müqaviləsinə 03 nömrəli Əlavə qəbul və istifadəyə verilmə protokoluna əsasən lizinq obyekti müqavilə üzrə 14 iyun 2021-ci il tarixdə müvəffəqiyyətlə lizinq verən istifadəyə təhvil verib, lizinq alan qəbul edib.

42. İddiaçı, X6 (öhdəlik ötürən) və Cavabdeh1 (öhdəlik alan) arasında bağlanmış A452 saylı X5 19 noyabr 2021-ci il tarixli öhdəliyin ötürülməsi haqqında Əlavə razılaşmaya əsasən öhdəlik ötürən lizinq verənin razılığı ilə A452 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürənə verir və öhdəlik götürən də bütünlüklə qəbul edir. Lizinq müddəti bitdikdən sonra öhdəlik götürən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququ lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin öhdəlik götürənin ödəməsi şərtilə öhdəlik götürənə keçir.

43. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış A452 saylı X11 müqaviləsinə 03 saylı 19 noyabr 2021-ci il tarixli Əlavə - qəbul və istifadəyə verilmə protokoluna əsasən lizinq obyekti olan qiyməti 200000 manat olan Mercedes Benz S63 AMG markalı minik avtomobili 19 noyabr 2021-ci il tarixdə tam saz vəziyyətdə lizinq alan Cavabdeh1 istifadəsinə təhvil verilmişdir.

44. İddiaçı ilə cavabdehlər Cavabdeh1 (lizinq alan) və Cavabdeh2 MMC (zamin) arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli A452 nömrəli zaminlik müqaviləsinə əsasən lizinq verən ilə lizinq alan arasında 19 noyabr 2021-ci il tarixdə bağlanmış A452 saylı Daxili Lizinq müqaviləsi ilə əlaqədar olaraq, lizinq alan lizinq verən qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin lizinq alan ilə lizinq verən qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.

45. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəliyin əsası 19 noyabr 2021-ci il tarixdə bağlanmış A452 saylı Daxili lizinq müqaviləsindən irəli gələn bütün öhdəliklərdir.

46. Müqavilənin 2.2-ci bəndinə əsasən təmin edilən müqavilənin predmetini Mercedes Benz S63 AMG – minik, tipi - Sedan, Buraxılış ili - 2014, rəngi – Qara metalik, BANWDD2221781A061778 avtomobilin lizinqə verilməsi üzrə ödənilməli olan 65662 dollar məbləğində lizinq öhdəliyi təşkil edir.

47. Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti: lizinq alanın lizinq verən qarşısında 19 noyabr 2021-ci il tarixdə bağlanmış A452 saylı Daxili Lizinq müqaviləsi və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirilənədək olan dövrü əhatə edir.

48. Cavabdeh1 xx.xx.2021-ci ildə iddiaçıya yazılı ərizə təqdim edərək lizinq obyektinə dair X3 etibarnamə verilməsini xahiş etmişdir.

49. 22 dekabr 2021-ci il tarixli P10436/21 nömrəli iddiaçı tərəfindən verilmiş etibarnamədən görünür ki, X3 iddiaçıya məxsus olan Mercedes Benz – S63 AMG, Tip – minik, Rəngi –Qara metalik, Buraxılış ili – 2014, BAN –WDD2221781A061778, dövlət qeydiyyat nömrəsi 99AA344 olan nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası ərazisində idarə etmək hüququ vermişdir.

50. 19 noyabr 2021-ci il tarixli P10176/21 nömrəli iddiaçı tərəfindən verilmiş etibarnamədən görünür ki, X1 iddiaçıya məxsus olan Mercedes Benz – S63 AMG, Tip – minik, Rəngi –Qara metalik, Buraxılış ili – 2014, BAN – WDD2221781A061778, dövlət qeydiyyat nömrəsi 99AA344 olan nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası ərazisində idarə etmək hüququ vermişdir.

51. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 0594/22 nömrəli arayışdan görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli A452 nömrəli X5 əsasən cavabdehin gecikmə borcu 6906 ABŞ dolları, cərimə borcu 4301 ABŞ dolları, ümumilikdə 11207 ABŞ dolları öhdəliyi mövcuddur.

52. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi növbətçi hissələri idarəetmə xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3/3/3/2/754/23 nömrəli sorğuya cavabdan görünür ki, Cavabdeh1 2021-ci ildə yalnız bir dəfə yanvar ayının 17-də “102” Xidmətinə Binəqədi rayonu ərazisində yerləşən bağ evindən oğurluq edilməsi barədə müraciət etmişdir.

53. İddiaçı tərəfindən tərtib olunmuş 28 yanvar 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan 99AA344 dövlət qeydiyyat nişanlı Mercedes Benz S63 AMG markalı avtomobil Bakı şəhəri, ünvan 1ndə olan zaman baxış keçirilmiş, avtomobilin açarı olmadığı üçün evakuator vasitəsilə təxliyyə olunmuşdur.

54. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, 2018-ci ildən İddiaçı MMC-də lizinq mütəxəssisi vəzifəsində işləyir. Cavabdeh1 tanıyır, münasibəti normaldır. İddiaçı MMC-nin müştərisi olmuşdur. Tərəfindən ödənişlərdə gecikmələr olub, dəfələrlə xəbərdarlıqlar etmişlər, lakin heç bir nəticə verməmişdir. Bir qayda olaraq avtomobillərə GPRS cihazı quraşdırılır, həmin cihaz ilə avtomobilin yerini müəyyənləşdirirlər. Avtomobili geri götürdükləri ünvan dəqiq yadında deyil, təxmini Kooperasiya Universtitetinin yaxınlığında beş mərtəbəli binaların həyəti idi. xx.xx.2022-ci il tarixində avtomobili geri götürmüşlər. Avtomobil həmin vaxt tozlu vəziyyətdə idi. Cavabdeh1 oğlu kimi özünü təqdim etmiş şəxs həmin vaxt onlara yaxınlaşaraq avtomobili geri götürməmələrini xahiş etdi. Cavabdeh1 oğlu avtomobilin açarlarını onlara təqdim etmədi və onlar avtomobili evakuator ilə təxliyyə etdilər. Daha sonra Cavabdeh1 oğlu evakuatorun qarşısını kəsmişdir. Aralarında mübahisə yarandığına görə Cavabdeh1 oğluna aktı imzalatdıra bilməmişlər. Avtomobil geri alınan vaxt video çəkiliş aparılmamaşdır. Foto şəkillər var. Həmin foto şəkilləri Fərid bəy qeydə almışdır. Avtomobilin qapısı bağlı olduğuna görə avtomobilin spidometrinə nəzər sala bilməmişlər. GPRS cihazı avtomobilin Cavabdeh1 tərəfindən dəfələrlə istifadə edildiyini göstərirdi.

55. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, 2021-ci ildən İddiaçı MMC-də lizinq mütəxəssisi vəzifəsində işləyir. O, xx.xx.2022-ci il tarixdə iş yoldaşı Turqut ilə bərabər ünvan 1 ünvanında, Kooperasiya Universtitetinin arxasında doqquz mərtəbəli binaların həyətində avtomobili aşkar etmişlər. Turqut avtomobildə olan GPRS cihazı vasitəsilə avtomobilin olduğu yeri dəqiq şəkildə aşkar etmiş, o da Turqutla ona kömək etmək məqsədilə həmin yerə getmişdir. Onlar gələndən təxmini yarım saat sonra Cavabdeh1 oğlu kimi özünü təqdim etmiş şəxs onlara yaxınlaşdı və avtomobili niyə geri götürdüklərini soruşdu. Cavabdeh1 oğlu avtomobilin açarlarını onlara təqdim etmədiyinə görə avtomobili evakuator vasitəsilə təxliyyə etdilər. Cavabdeh1 oğlu öz maşını ilə evakuatorun qarşısını kəsmək və avtomobili aparmalarına mane olmaq istəmişdir. Təxliyyə zamanı fotoçəkiliş aparılmış, foto şəkilləri o, özünə məxsus telefonla çəkmişdir. Həmin foto şəkillər hazırda onun telefonunda vardır, həmin şəkilərin qeydə alındığı tarix də xx.xx.2022-ci ildir.

56. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə A452 saylı X5 əlavə bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə həmin tarixdə Cavabdeh1 təhvil vermişdir.

57. Cavabdehlər lizinq obyektinin onlara təhvil verilməsinə baxmayaraq ona avtomobilin idarə edilməsi ilə bağlı müvafiq etibarnamə təqdim edilməməsi səbəbindən ondan təyinatı üzrə istifadə edilmədiyini bildirirlər.

58. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmır və bununla bağlı bildirir ki, materiallarda olan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli etibarnamələrin surətlərinə əsasən (iddiaçı həmin etibarnamələrin bir nüsxədə tərtib edilərək Cavabdeh1 verildiyini bildirir) lizinq obyektinin cavabdehə təhvil verildiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ona lizinq obyektindən istifadə edilməsi ilə bağlı iddiaçı tərəfindən səlahiyyət verilmişdir.

59. İddiaçı lizinq obyektinin 2 ay 9 gün Cavabdeh1 sahiblik və istifadəsində olduğunu bildirir, cavabdeh isə lizinq obyektinin 2021-ci ilin dekabr ayında ondan geri alındığını iddia edir.

60. İddiaçının təqdim etdiyi şahidlər X9 və X2 ifadələrindən, habelə iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən lizinq obyektinin xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən geri alındığı məlum olur.

61. Bundan əlavə, Cavabdeh1 iddiaçıya xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq iddiaçıya məxsus və onun istifadəsində olan lizinq obyektindən oğlu Akif Cəfərzadənin istifadə edilməsi üçün etibarnamə verilməsini xahiş etmiş, ərizənin həqiqiliyi birinci instansiya məhkəməsində Cavabdeh1 tərəfindən təsdiq edilmişdir.

62. Bundan əlavə, Cavabdeh1 avtomobil ondan geri alındığı gün bununla bağlı 102 qaynar xəttinə müraciət etdiyini bildirmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi növbətçi hissələri idarəetmə xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3/3/3/2/754/23 nömrəli sorğuya cavabdan görünür ki, Cavabdeh1 2021-ci ildə yalnız bir dəfə yanvar ayının 17-də 102 Xidmətinə Binəqədi rayonu ərazisində yerləşən bağ evindən oğurluq edilməsi barədə müraciət etmişdir.

63. Məhkəmə kollegiyası Cavabdeh2 MMC-nin lizinq müqaviləsinin əsl tərəfinin Cavabdeh1 deyil, onların olması barədə dəlili ilə də razılaşmır, bununla əlaqədar bildirir ki, materiallardan görünür ki, lizinq müqaviləsi üzrə hüquq və öhdəliklər Cavabdeh1 ötürülmüş, lizinq obyekti ona təhvil verilmiş, Cavabdeh2 MMC ilə iddiaçı arasında həmin tarixdə (xx.xx.2021-ci il) zaminlik müqaviləsi imzalanmış, lizinq və zaminlik müqavilələri onlar tərəfindən mübahisələndirilməmiş, lizinq obyekti iddiaçı tərəfindən geri alındığı tarixədək də Cavabdeh1 olmuşdur.

64. Məhkəmə kollegiyası Cavabdeh2 MMC-nin hər bir halda onlardan yalnız əsas borcun tələb edilə bildiyini, əlavə olaraq mükafat borcunun da tələb edilməsinin əsassız olması barədə dəlili ilə də razılaşmır, bununla əlaqədar olaraq aşağıdakıları qeyd edir.

65. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 3-cü bəndinə əsasən müqavilə vaxtından əvvəl ləğv edildikdə tərəflər arasında hesablaşma bütün haqlı tələblərin ödənilməsi prinsipi ilə aparılır. Bütün hallarda lizinq obyekti geri verilən günə qədər müqavilə ilə müəyyən edilmiş lizinq ödənişləri tam məbləğdə ödənilməlidir.

66. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən aylıq ödəniş 2800 ABŞ dolları (1372,80 ABŞ dolları əsas, 1427,20 ABŞ dolları lizinq mükafatı) müəyyən edilmişdir.

67. Məhkəmə araşdırması zamanı lizinq obyektinin iddia ərizəsində göstərildiyi kimi 2 ay 15 gün deyil, 2 ay 9 gün lizinq alanda olması müəyyən edilmiş, iddiaçının nümayəndəsi də göstərilən xüsusatı öz izahatlarında təsdiq etmişdir.

68. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas borcun tutulması hissəsində qismən təmin etməkdə, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan dövr üzrə hesablanmış 6412,40 ABŞ dolları məbləğində pulun (2 ay üzrə 2788 ABŞ dolları, 9 gün üzrə isə 836,40 ABŞ dolları) cavabdehlərdən (əsas borclu və zamindən) tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.

69. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən hesablanmış 4301 ABŞ dolları cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

70. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

71. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə kollegiyası tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğin azaldılaraq cavabdehlərdən tutulacaq cərimənin 300 ABŞ dolları məbləğində müəyyən edilməsi hissəsində də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

72. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 200 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir.

73. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

74. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-425/2023 saylı qətnaməsi mübahisələndirilən - cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 6412,40 ABŞ dolları əsas borc, 300 ABŞ dolları cərimə, ümumilikdə 6712,40 (altı min yeddi yüz on iki dollar qırx sent) ABŞ dolları məbləğində pulun və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

75. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-425/2023 saylı qətnaməsi mübahisələndirilən - cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 6412,40 ABŞ dolları əsas borc, 300 ABŞ dolları cərimə, ümumilikdə 6712,40 (altı min yeddi yüz on iki dollar qırx sent) ABŞ dolları məbləğində pulun və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar