Məhkəmə qərarları › İş №2-2(103)-457/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-457/2025

25.04.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-457/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2-2(113)-2598/2025 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. Şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, “Kəngərli Rayon Mərkəzi Xəstəxanası" X3 (VÖEN: **********) dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna borcu vardır.

2. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ünvanlanmış bildirişlərin surətlərindən görünür ki, vergi ödəyicisindən borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

3. Hüquqi şəxs barədə məlumatla təsdiq edilir ki, “Kəngərli Rayon Mərkəzi Xəstəxanası" X3 rəhbəri Maraqlı şəxsdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. Ərizəçi Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “Kəngərli Rayon Mərkəzi Xəstəxanası" X3 dövlət büdcəsinə olan ümumilikdə 17475 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 57097,94 məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix – xx xxxxx 1986-ci il, Doğulduğu yer – Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan “Kəngərli Rayon Mərkəzi Xəstəxanası" X3 (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 57097,94 manat, dövlət büdcəsinə 17475 manat məbləğində (o cümlədən, vergilər üzrə 15525,6 manat, faizlər üzrə 1949,4 manat) olmaqla, ümumilikdə 74572,94 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********477800, xx.xx.2024-cü il tarixli **********478500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan X1 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda yaşayır.

6. Ərizəçi tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 73-cü, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.1, 77.3 və 78.1-ci maddələrinə istinad etmişdir

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2-2(113)-2598/2025 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs “Kəngərli Rayon Mərkəzi Xəstəxanası" X8 vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxsin dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, ərizə təmin edilməli, “Kəngərli Rayon Mərkəzi Xəstəxanası" X3 icra orqanının rəhbəri – xx.xx.1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.Məhkəmə xərclərinə gəldikdə hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

9. Birinci instasniya məhkəməsi gəldiyi nəticəni AR Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə istinadla əsaslandırmışdır.

10. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamənin əsaslandırma hissəsi yalnız bir cümlə ilə yekunlaşmışdır formal olaraq məhkəmə qətnaməsi qəbul edilmişdir. Belə ki, iş materiallarından görünür ki, “Kəngərli Rayon Mərkəzi Xəstəxanası" X5 mühasibi vəzifə cinayətləri törətdiyi üçün barəsində cinayət işi başlanılmışdır və maraqlı şəxs həmin iş üzrə yalnız şahid qismində cəlb edilmişdir. Prokurorluq orqanının verdiyi məktubdan görünür ki, qeyd edilən iş üzrə maraqlı şəxsin heç bir təqsiri yoxdur. Belə olduğu halda göstərilən borcların maraqlı şəxs tərəfindən ödənilməsini tələb etmək və ölkədən getmək hüququnu məhdudlaşdırılması həm qanunsuz, həm də ədalətsizdir. Birinci instansiya məhkəməsi nə ərizəçin nümayəndəsini nə də maraqlı şəxsin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən birtərəfli mövqe göstərmişdir. Belə ki, ərizəçi dövlət orqanı olduğu üçün verilən ərizə tərəflər məhkəmə iclaslarında iştirakı təmin edilmədən, dindirilmədən birinci instansiya məhkəməsi sübut qismində ərizəni əsas götürərək təmin etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Maraqlı şəxsin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin təmin edilməsini və ərizənin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borc kimi göstərilən pul vəsaitinin yaranma səbəbləri ilə bağlı maraqlı şəxs cavabdehlik daşımır.

14. Ərizəçi məhkəmə iclasında iştirak etmədi və səbəbləri bardə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

16. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. - 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

17. AR MPM-in: -355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

18. İnsan hüqüqları üzrə Avropa Məhkəməsinin Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, və Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir.

Apellyasiya baxışının hədləri:

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan “Kəngərli Rayon Mərkəzi Xəstəxanası” PHŞ vergi və dövlət sosial sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, vergi və Dövlət Sosial Sığorta Fonduna borcları yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxsin Dövlət Sosial Sığorta Fonduna və dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

22. Bundan əlavə kollegiya işin diqqətəlayiq hallarını, o cümlədən “Kəngərli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin borcunun 70.000 manatdan artıq olduğunu, həmin borcun uzun müddətdir ki, ödənilmədiyini (şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir) nəzərə alaraq hesab edir ki, hazırkı halda həmin borcun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin sərbəst hərəkət azadlığının məhdudlaşdırılması mütənasiblik meyarlarına cavab verir.

23. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, “Kəngərli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nnin vergi və dövlət sosial sığorta haqları üzrə borclarının ödənilməsini təmin etmək məqsədilə sözügedən hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdılması qanuni və əsaslıdır.

24. X6 mühasib vəzifəsində çalışan şəxs barəsində cinayət işinin başlanılması, belə olan halda maraqlı şəxsin mübahisəli vergi borcunun yaranmasında təqsirinin olmaması barədə maraqlı şəxsin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicinin icra orqanının rəhbəri barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının tətbiqi vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərini vergi öhdəliklərini lazımi qaydada icra etməməsinə görə cəzalandırmaq deyil, hüquqi şəxs tərəfindən vergi öhdəliklərinin icrasını təmin etmək, o cümlədən vergi ödəyici olan hüquqi şəxsin rəhbərini vergi öhdəliklərinin ödənilməsi üçün aktiv tədbirlər görməyə sövq etmək məqsədi daşıyır. Odur ki, sözügedən məhdudlaşdırıcı tədbirinin tətbiq edilməsi üçün vergi ödəyicisinin icra orqanının rəhbərinin vergi öhdəliyinin yaranmasında təqsirli olub-olmaması əhəmiyyət kəsb etmir.

25. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclaslarında iştiraklarının təmin edilməməsi barədə maraqlı şəxsin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən poçt vasitəsilə maraqlı şəxsin rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş, eləcə də mobil telefon nömrəsinə SMS bildiriş göndərilmişdir. Odur ki, sözügedən dəlil formal mülahizəyə söykənir.

26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2-2(113)-2598/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Elnur Həsənov

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar