Məhkəmə qərarları › İş №2-2(103)-458/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-458/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-458/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X6 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “X6 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı pul tələbinə barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-475/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşdəki sənədlərdən görünür ki, satıcı “X6 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli **********659 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinin tələbinə görə satıcı “X6 Elemanları Teknolojileri Sanayi Ve Ticaret anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı alıcı Cavabdeh MMC-nin yazılı sifarişi əsasında, alqı-satqı müqaviləsinə əlavə edilmiş 01 saylı sifariş orderində/sifariş orderlərində müəyyən olunmuş malları alıcıya təhvil verməyi, alıcı isə bu malları qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş məbləğini ödəməyi öz öhdəsinə götürür.

2. Müqavilənin 6.6-cı maddəsinə əsasən, alıcı müqavilə üzrə müəyyən olunmuş öhdəliyini həmin müqavilədə nəzərdə tutulmuş müddətə yerinə yetirməzsə, Satıcı icranın gecikdirildiyi hər təqvim günü üçün bu gecikdirilən ödənişin 0.1%-i həddində cərimə ödəlinməsini tələb edə bilər.

3. xx.xx.2023-cü il tarixli proforma-faturadan görünür ki, “X6 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə 26319,90 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir.

4. xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolundan görünür ki, “X6 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə 26319,90 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir.

5. xx.xx.2023-cü il tarixli EBDF seriyalı 217127 nömrəli elektron qaimədən görünür ki, “X6 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə 26319,90 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir.

6. xx.xx.2023-cü il tarixli təhvil qəbul aktından görünür ki, “X6 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə 26319,90 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir.

7. xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01438 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “X6 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı 200 manat məbləğində mediasiya xərcini ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı “X6 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********659 nömrəli müqavilə üzrə ödənilməyən 26319,90 manat əsas (ƏDV daxil), 3948 manat cərimə məbləğinin və 200 manat mediasiyaya təşkilatına ödənilmiş rüsumun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı “X6 Elemanları Teknolojileri Sanayi Ve Ticaret Anonim şirketi”nin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında xx.xx.2022-cü il tarixli **********659 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, satıcı təchiz edilmiş mallara görə tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında alıcıya hesab-faktura və elektron qaiməfaktura təqdim edir. Yerinə yetirilmiş işlərin təhvil verilməsi və qəbul edilməsi tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq olunan təhvil-təslim aktı və ya elektron-qaimə əsasında rəsmiləşdirilir. Təhvil-təslim aktı və ya elektron-qaimə müqavilənin şərtlərinə uyğun olaraq İcraçı tərəfindən Sifarişçi üçün görülmüş işlərin lazımi qaydada yerinə yetirildiyini təsdiq edən sənəddir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-475/2024 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh MMCdən 26319,90 manat (ƏDV daxil) əsas borc, 680,10 manat dəbbə pulu, cəmi 27000 manat pulun, həmçinin mediyasiya xərci kimi ödənilmiş 200 manat məbləğində vəsaitinin tutularaq iddiaçı “X6 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialına ödənilməsi qət edilmişdir.

11. Məhkəmədə araşdırması zamanı müəyyən edilmişdir ki, satıcı “X6 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli **********659 nömrəli müqavilə bağlanmış, satıcı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək malları alıcıya təqdim etmiş, alıcı isə 26319,90 manat məbləğində borcu ödəməmişdir.

12. Bununla yanaşı məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd etmişdir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 680,10 manat məbləğində müəyyən edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, sonradan apellyasiya şikayətinin tələb hissəsini dəqiqləşdirərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-475/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, cavabdehin iddiaçıya olan borcuna 20 faiz endirim edilməsini, əsas borcun 21.056 manat, dəbbə pulunun 544,10 manat saxlanılmasını xahiş etmişdir.

14. Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdeh, xx.xx.2022-ciil tarixli “Malların Alqı-Satqı” müqaviləsi üzrə hesablanan 26.319,90 manat (ƏDV daxil) əsas borcla razı deyildir. Razı olmamasının da səbəbi aşağıdakıdır: cavabdehin iddiaçıya borcunu ödəmə ərəfəsində şirkətin daxilində dəyişiklik baş vermişdir. Şirkətin baş direktoru X4 xx.xx.2023-cü il tarixindən tutduğu vəzifəsindən azad edilərək əvəzinə yeni baş direktor X3 təyin edilmişdir. Bununla bağlı şirkətdə hal-hazırda təhviltəslim prosesi gedir. Təhvil-təslim gedişatında aparılan daxili təftiş zamanı iddiaçı tərəfindən irəli sürülən 26.319,90 manat (ƏDV daxil) əsas borc tələbinə dair satılmış mallara aid təhvil-təslim aktları da daxil olmaqla bəzi ödəniş sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Bu səbəbdən, müqavilə üzrə cavabdehə iddiaçı tərəfindən satılan malların satış haqlarında uyğunsuzluqlar olduğundan, cavabdeh həmin satılan malların real satış haqqlarını müəyyən etmək üçün audit şirkətinə müraciət etmiş və audit rəyini almışdır. Audit rəyinin nəticələrinə görə, iddiaçı müqavilə üzrə cavabdehdən tələb etdiyi 26.319,90 manat (ƏDV daxil) əsas borc məbləği şişirdilmişdir. Audit şirkətinin qiymətləndirmə rəyindən məlum olur ki, həmin məbləğ real məbləğdən 30-35 % artıq göstərilmişdir. Ehtimal olunur ki, cavabdehin keçmiş baş direktoru Azad Namazov və iddiaçının rəhbərliyi arasında sövdələşmə olmuşdur. Cavabdeh, həmin audit rəyini əldə etdikdən sonra, ikinci hazırlıq iclasında vəsatət ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya olan real borc məbləğinin tam və dəqiq müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə, cavabdehin audit rəyini təqdim etməsinə baxmayaraq, hesab etmişdir ki, hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə əsaslar olmadığından vəsatət rədd edilməlidir. Həmçinin, bir halı da nəzərə almaq lazımdır ki, hakim, vəsatəti şifahi rədd etsə belə, vəsatətin rədd edilməsi ilə bağlı qərardad qəbul etməli idi. Amma həmin qərardad elektron məhkəmə sisteminə yerləşdirilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

16. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

17. Tətbiq edilən hüquq

567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddə- satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 597.1-ci maddə-alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddə-əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddə-alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddə-əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Qətnamə cavabdeh tərəfindən qismən –5263,9 manat əsas borc və 136 manat dəbbə pulu tutulması hissəsində mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-475/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı Türkiyə Respublikasının “X6 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı olduğundan subyekt tərkibinə görə xarici elementli olan mübahisəyə Azərbaycan Respublikasının məhkəməsində baxılmasının qanuna uyğun olub olmadığından hüquqi qiymət verilməlidir.

21. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 7.1-ci bəndində qeyd edilmişdir ki, tərəflər arasında mübahisə doğuran bütün məsələlər 30 təqvim günü ərzində qarşılıqlı razılaşma və danışıqlar yolu ilə həll edilmədikdə həmin mübahisələr Azərbaycan Respublikasının məhkəmələrinin həllinə veriləcək. Müəyyən olunur ki, tərəflər arasında müqavilədən irəli gələn mübahisəyə Azərbaycan Respublikasında müvafiq məhkəmə tərəfindən baxılacağı barədə yazılı saziş mövcud olduğundan işə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılması qanuni və əsaslı olmuşdur.

22. İş üzrə tətbiq edilən hüquqla bağlı məhkəmə qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq olunan hüquqla barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. 25.1.1-ci maddə-alqı-satqı müqaviləsində-satıcının. Hazırkı halda iddiaçı-satıcı filial olaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərdiyindən işə Azərbaycan Respublikası qanunvericiliyi tətbiq edilməklə baxılması zamanı hüququn tətbiqində hər hansı pozuntuya yol verilməmişdir.

23. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının 1.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər. İşə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş etibarnamədən, əsasnamədən, Türkiyə Ticarət Sicili qəzetindən çıxarışdan və digər sənədlərdən görünür ki, “X6 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketi İstanbul Ticarət Reyestrində 436618-384200 saylı nömrə ilə qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə təsis edilmiş, şirkət tərəfindən türk vətəndaşı Burak Akidilə xx.xx.2022-ci ildə etibarnamə ilə (etibarnamənin tərcümə edilmiş və apostil edilmiş nüsxəsi təqdim edilmişdir) “X6 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialına rəhbərlik etmək, filialı fəaliyyəti ilə bağlı filialın adından Azərbaycan Respublikasının istənilən dövlət orqanları, məhkəmələri, eləcə də fiziki və hüquqi şəxsləri ilə ilə əlaqədar bütün işləri həyata keçirmək, istənilən növ sənədləri vermək, imzalamaq, təqdim etmək, sənədlərdə dəyişiklik etmək, Filialın əsas müqaviləsini (əsasnaməsini) imzalamaq səlahiyyəti verilmişdir. Eyni zamanda Əsasnamənin 2.1-ci bəndində qeyd edilmişdir ki, filial şirkətin mənafelərini Azərbaycan Respublikasında təmsil və müdafiə edir.

24. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış iddiaçı tərəfindən cavabdehə iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli EBDF seriyalı 217127 saylı elektron qaimə əsasında inşaat materialları satılmış, malların ƏDV daxil dəyəri olan 26319,90 manat dəyəri ödənilməmişdir.

25. Cavabdeh tərəf işə birinci instansiya qaydasında baxılarkən malın təhvil alındığını mübahisələndirməmişdir. Cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin dəlili malın alış qiymətinin şişirdilməsi, malların əvvəlki direktor tərəfindən bağlanmış müqavilə əsasında real bazar dəyərindən yuxarı qiymətlə satın alınmasıdır. Cavabdeh bununla bağlı məhkəməyə "xxxx" MMC-nin qiymətləndirmə rəyini təqdim etmiş, rəydə cavabdehə satılmış malların bazar dəyəri 11792 manat göstərilmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətini əsassız hesab edərək qeyd edir ki, cavabdeh apellyasiya şikayətinə əlavədə tələb olunan borc məbləğinə 20 % endirim edilməsini xahiş etsə də, bu tələbinin qanuni əsasını göstərə bilməmişdir.

27. MM-nin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə borclu olduğundan hazırkı halda cavabdehin daxili audit yoxlaması keçirməklə müqavilə bağlandığı qiymətlərin yüksək olmasına istinad etməklə ödəniş zamanı qiyməti dəyişdirmək hüququ yoxdur. Bu səbəbdən cavabdehin nümayəndəsinin işə apellyasiya qaydasında baxılarkən satılan malların real bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatəti əsassız hesab edilərək təmin edilməmişdir.

28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-475/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-475/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar