Məhkəmə qərarları › İş №2-2(103)-459/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-459/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-459/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinov ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-379/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 13 fevral 2023-cü il tarixli, SPARK008/2023 saylı saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən qiymət razılaşdırma protokollarında göstərilən müxtəlif növ beton/tikinti məhsullarını razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərdə satıcıya ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa alıcı hər ay üzrə ona təhvil verilmiş malların dəyərini, mallar təhvil verildikdən sonra 30 gün ərzində ödəməyi öhdəsinə götürür.

3. Müqavilənin 9.4-cü bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə 0,01 % məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürür.

4. İddiaçıya verilmiş uyğunluq sertifikatına əsasən iddiaçı tərəfindən istehsal olunan beton qarşıqları ГOCT 7473-2010 tələblərinə cavab verir. Sertifikatın qüvvədə olma müddəti xx.xx.2024-cü ilədək müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış 198917,04 manat əsas borc, 3282,14 manat cərimə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmaqla 4496,08 manat, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 manat məbləğində mediasiyaya dair xərc, 97 manat dövlət rüsumu, ümumilikdə 207192,26 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, müqavilə üzrə cavabdehin mülkiyyətinə müxtəlif markalı beton məhlulu təhvil verilmişdir. Cavabdehə təqdim edilmiş qaimə üzrə cavabdeh tərəfindən cəmi bir dəfə - 30000 manat məbləğində ƏDV ödənilmiş, əsas məbləğ, ƏDV-nin qalan hissəsi üzləşmə aktından sonra da ödənilməmişdir. Malların dəyərinin bir hissəsi ödənilsə də, ƏDV daxil 198.917,04 manat məbləğində borcu qalmışdır.

7. Cavabdeh MMC birinci instansiya məhkəməsində iştirak etməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-379/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

9. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində cavabdeh tərəfdən heç kim məhkəmə prosesində iştirak etmədiyindən iş üçün əhəmiyyətli sübutları təqdim edə bilməmişlər. Belə ki, cavabdeh tərəfindən öhdəlik qismən icra edilmişdir. Lakin, faktiki öhdəliyin nə qədər icra olunub-olunmaması tam aydınlaşdırılmadığından borc yenidən hesablanmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

14. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

15. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

20. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

21. Bu baxımdan kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir.

22. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcüddur.

23. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi halını satıcı, malın dəyərinin ödənilməsi halını isə alıcı, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.

24. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixili qiymətlərin razılaşdırılması protokolunda iddiaçı tərəfindən cavabdehə təqdim olunacaq malların adı, markası (çeşidi, növü), miqdarı, ölçü vahidi, qiyməti göstərilmiş və həmin razılaşma protokolu hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

25. İddiaçı tərəfindən təqdim edilmiş EBDA 234255 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən cavabdehə 228.917,64 manat dəyərində beton məhlulu təhvil verilmişdir.

26. İddiaçının ƏDV hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü ildə 30000 manat ƏDV ödənilmişdir.

27. Eyni zamanda, tərəflər arasında 27 aprel 2023-cü il tarixli üzləşmə aktı imzalanmış və cavabdeh iddiaçıya 193998 manat əsas borc, 4919,64 manat ƏDV borcu, cəmi 198.917,64 manat borcu olduğunu təsdiq etmişdir.

28. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, PB/VB-OUT-00017-2024 saylı məktubundan görünür ki, İddiaçı MMC-nin "xxxx" ASC-də mövcud olan hesablarına Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək vəsait daxil olmamışdır.

29. Qeyd olunanlara əsaən müəyyən edilir ki, iddiaçı tərəfindən ƏDV daxil 228.917,64 manat dəyərində mal (beton) cavabdehə təhvil verilmiş, cavabdeh isə cəmi 30.000 manat ƏDV məbləğini ödəmiş və ƏDV daxil cəmi 198.917,64 manat ödənilməmiş borcu qalmışdır.

30. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən ödənilməyən 198.917,64 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

31. Cərimənin tutulmasına dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.

32. Tərəflər arasında bağlanmış 13 fevral 2023-cü il tarixli müqavilənin 9.4-cü bəndində də müəyyən edilmişdir ki, alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə 0,01 % məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürür.

33. İşin hallarını, yəni cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirildiyi günlərin sayını və cərimə məbləğinin əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 3282,14 manat məbləğində cərimə tutulmasını tələb etməkdə haqlıdır.

34. Həmçinin, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərini və işin hallarını, yəni müqavilənin 4.2-ci bəndinə əsasən alıcının malların dəyərinin təhvil verildikdən sonra 30 gün ərzində ödəməyi öhdəsinə götürdüyünü, malların xx.xx.2023-cü il tarixdə təhvil verildiyini və üzləşmə aktının xx.xx.2023-cü il tarixdə tərtib edildiyini, həmin tarixlərdən iddiaçının məhkəməyə müraciət etdiyi tarixə qədər müvafiq olaraq 8 və 6 ay keçdiyini və hazıra qədər 198.917,64 manat məbləğində vəsaitin ödənilmədiyini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı əsas borca illik 5 faiz hesablamaqla 4496,08 manat məbləğində faizin ödənilməsini tələb etməkdə haqlıdır.

35. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlər cavabdehin elektron kabinetinə yerləşdirilmiş, həmçinin SMS bildirişlər cavabdehin iddia ərizəsində qeyd edilmiş telefon nömrəsinə göndərilmişdir. Cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin öhdəliyinin nə qədər icra olunub-olunmamasının tam aydınlaşdırılmaması barədə dəlillərə dair isə qeyd olunur ki, alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsini sübutetmək vəzifəsi alıcıya, yəni cavabdehə aiddir, lakin o, iddiaçının etiraf etdiyi 30.000 ƏDV məbləğindən əlavə vəsaitin ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-379/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar