Məhkəmə qərarları › İş №2-2(103)-460/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-460/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-460/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1241/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.10.2020-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25 dekabr 2002-ci il tarixdən 2019-cu il tarixədək hər il üçün “xxxx” ASC-nin illik maliyyə vergi, sosial müdafiə və s. hesabatlarının, mühasibat balanslarının, “xxxx” ASC-nin səhmdarlarının o, cümlədən qiymətli kağız sahiblərinin reyestr məlumatlarının, 25 dekabr 2002-ci ildən ASC-nin səhmdarlarına divident verilibverilmədiyi, əgər verilməyibsə hansı səbəbdən verilmədiyi barədə, “xxxx” ASC-nin balansında və inzibati ərazisində mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin hansı şərtlərlə, hansı hüquqi və fiziki şəxslərə verilməsi barədə, 25 dekabr 2002-ci ildən ASC-nin növbəti və növbədənkənar Ümumi Yığıncaqlarının keçirilməsi barədə protokolların və qəbul edilmiş qərarlarının təsdiq olunmuş surətlərinin, “xxxx” ASC-nin səhmdarlarının növbəti və növbədənkənar Ümumi Yığıncaqlarda iştirak etmək üçün çağırılmaları barədə bildiriş məktublarının və həmin məktubların səhmdarlara çatdırılmasını təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərini, 25 dekabr 2002-ci ildən “xxxx” ASC tərəfindən hər ilin yekunlarına dair Cəmiyyətin maliyyə təsərrüfat fəaliyyəti barədə X1 (KİV-də) verilmiş elanların təsdiq edilmiş surətlərinin və dərc olunmasına dair çap materiallarının (qəzet, jurnal və s) təsdiq olunmuş formada “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilməsinin “xxxx” ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.10.2020-ci il tarixli e-2-2(113)-1241/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 25 dekabr 2002-ci il tarixdən 2019-cu il tarixədək hər il üçün «xxxx» ASC-nin illik maliyyə hesabları, mühasibat balansları, «xxxx» ASC-nin səhmdarlarının o, cümlədən qiymətli kağız sahiblərinin reyestr məlumatları, 25 dekabr 2002-ci ildən ASC-nin səhmdarlarına divident verilib-verilməməsi haqqında məlumat, 25 dekabr 2002-ci ildən ASC-nin növbəti və növbədənkənar Ümumi Yığıncaqlarının keçirilməsi barədə protokolların və qəbul edilmiş qərarlarının təsdiq olunmuş surətləri, «xxxx» ASC-nin səhmdarlarının növbəti və növbədənkənar Ümumi Yığıncaqlarda iştirak etmək üçün çağırılmaları barədə bildiriş məktublarının və həmin məktubların səhmdarlara çatdırılmasını təsdiq edən sənədlərin təsdiq olunmuş surətləri, 25 dekabr 2002-ci ildən «xxxx» ASC tərəfindən hər ilin yekunlarına dair Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə X1 (KİV-də) verilmiş elanların surətləri və dərc olunmasına dair çap materiallarının «xxxx» MMC-yə təqdim etməyi «xxxx» ASC-yə həvalə edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, “xxxx” MMC 25 dekabr 2002-ci il tarixdə “xxxx” ASC-nin 27227 ədəd səhmlərini hər biri 2500 manat olmaqla satın alaraq həmin ASC-nin səhmdarı olmuş və ona rəsmi qaydada 25 dekabr 2002-ci il tarixli AA 000937 saylı Səhmlərin Sertifikatı verilmişdir. İddiaçı bildirir ki, o, cavabdehin səhmdarı olmaqla qanunvericiliklə səhmdara verilmiş bütün hüquqlara malikdir. Lakin, “xxxx" ASC-nin rəhbərliyinin qanunsuz hərəkətləri nəticəsində “xxxx” MMC-nin hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, 29.04.2019-cu il tarixdə və 03.06.2019-cu il tarixlərdə cavabdehə rəsmi qaydada müraciət edərək, iddia ərizəsində göstərilən sənədlərin təqdim edilməsini xahiş etmişdir. Lakin, cavabdeh həmin məlumatları bu günə qədər hansısa səbəbdən təqdim etməmişdir. “xxxx” MMC “xxxx” MMC ilə 04 iyun 2019-cu il tarixli, 19/38 saylı auditor xidməti göstərilməsi barədə müqavilə bağlayaraq “xxxx” ASC-nin səhmdarı olan 2002-ci il tarixdən hal-hazırki dövrədək “xxxx” MMC-yə hesablanmış dividentlərin dürüstlüyünü müəyyən etməyi “xxxx” MMC-ə həvalə etmişdir. İlk öncə cavabdeh auditorun müraciətlərinə cavab verməsə də, sonradan 2010cu il tarixdən 2019-cu il tarixədək əldə olunmuş gəlirlər barədə məlumat vermişdir. Dəfələrlə Bakı şəhər Lokal Gəlirlər Departamentinə rəsmi qaydada müraciət edərək “xxxx” ASC tərəfindən 2002-2018-ci illərdə Vergi orqanlarına təqdim edilmiş bütün növ bəyannamələr, şəxsi vərəqələr və depozit hesabları barədə məlumatların verilməsini xahiş etsələr də, ərizələri təmin olunmamış və onlara həmin məlumatlar vergi xidməti tərəfindən təqdim edilməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, tələb olunan sənədlərin bir çoxunun saxlama müddəti bitdiyindən aktlaşdırılaraq məhv edilmiş, qalan sənədlər isə iddiaçıya təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 106-1.3.2-ci maddəsinin tələbinə görə səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq hüququ vardır. Həmin Məcəllənin 106-1.3.5-ci maddəsinin tələbinə görə cəmiyyətin Səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 106-2.3-cü maddəsinin tələbinə görə səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanı səhmdarının reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. Həmin Məcəllənin 107-5.3 və 107-6.3-cü maddələrinə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. Səhmdarların tələbi ilə protokolun surəti ona təqdim edilməlidir. Hazırki işdə də iddiaçı "xxxx" ASC-nin səhmdarı kimi iddia ərizəsində adları sadalanan və cəmiyyətin fəaliyyətinə dair sənədlərin ona təqdim edilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin sənədlərin ona təqdim edilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, iddia tam təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş 20.10.2016-cı il tarixli sənədlərin və işlərin məhv edilməsi haqqında aktın surətindən görünür ki, “xxxx” zavodunun vaxtı keçmiş tarixi, elmi-praktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan işləri və sənədləri 2001-2010-cu illər üzrə 499 iş olmaqla yandırmaqla məhv edilmişdir. 20.10.2016-cı il tarixli sənədlərin və işlərin məhvə ayrılması haqqında aktın surətindən görünür ki, “xxxx” zavodunun vaxtı keçmiş tarixi, elmi-praktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan işləri və sənədləri 2002-2010-cu illər olmaqla kassa kitabı, çek kitabçasının kötüyü, əmrlərin surəti, anbar kartoçkaları, inventarizasiya aktı, müqavilələr, mühasibat sənədlərinin qeyd jurnalı, vəkalətnamələr, dövriyyə cədvəlləri, ayrıayrı təşkilatlarla yazışmalar, yoxlama aktları, 1994-2005-ci illəri əhatə edən illik mühasibat hesabatları, baş kitabı məhvə ayrılmışdır. 06.02.2019-cu il tarixli sənədlərin və işlərin məhv edilməsi haqqında aktın surətindən görünür ki, “xxxx” zavodunun vaxtı keçmiş tarixi, elmi-praktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan işləri və sənədləri 2011-2013-cü illər üzrə 150 iş olmaqla yandırmaqla məhv edilmişdir. 25.01.2019-cu il tarixli sənədlərin və işlərin məhvə ayrılması haqqında aktın surətindən görünür ki, “xxxx” zavodunun vaxtı keçmiş tarixi, elmi-praktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan işləri və sənədləri - 2011-2013-cü illər olmaqla kassa kitabı, çek kitabçasının kötüyü, əmrlərin surəti, anbar kartoçkaları, inventarizasiya aktı, müqavilələr, mühasibat sənədlərinin qeyd jurnalı, vəkalətnamələr, dövriyyə cədvəlləri, ayrıayrı təşkilatlarla yazışmalar, yoxlama aktları, 2006-2008-ci illəri əhatə edən illik mühasibat hesabatları, baş kitabı məhvə ayrılmışdır. 13.02.2019-cu il tarixli sənədlərin və işlərin məhv edilməsi haqqında aktın surətindən görünür ki, “xxxx” zavodunun vaxtı keçmiş tarixi, elmi-praktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan işləri və sənədləri 2014-cü il üzrə 65 iş yandırmaqla məhv edilmişdir. 31.01.2019-cu il tarixli sənədlərin və işlərin məhvə ayrılması haqqında aktın surətindən görünür ki, “xxxx” zavodunun vaxtı keçmiş tarixi, elmi-praktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan işləri və sənədləri – 2014-cü il üzrə kassa kitabı, çek kitabçasının kötüyü, əmrlərin surəti, anbar kartoçkaları, inventarizasiya aktı, müqavilələr, mühasibat sənədlərinin qeyd jurnalı, vəkalətnamələr, dövriyyə cədvəlləri, ayrı-ayrı təşkilatlarla yazışmalar, yoxlama aktları, 2009-cu il üzrə illik mühasibat hesabatları, baş kitabı məhvə ayrılmışdır. Göründüyü kimi “xxxx” zavodunun 2002-2009-cu illər üzrə illik mühasibat hesabatları yandırmaqla məhv edilmişdir. Belə olan halda isə iddiaçının tələb etdiyi həmin illərə dair maliyyə hesabları cavabdehdə mövcud deyil. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maliyyə hesabları hissəsində dəyişdirilməli, qətnamənin qalan mübahisələndirilən hissələri isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1241/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.10.2020-ci il tarixli qətnaməsi maliyyə hesabları hissəsində dəyişdirilsin və 2010-2019-cu illər üçün cavabdeh "xxxx" ASC-nin illik maliyyə hesabları İddiaçı MMC-yə təqdim edilsin. Qətnamə digər mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar