Məhkəmə qərarları › İş №2-2(103)-461/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-461/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-461/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1041/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04.03.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı "xxxx" MMC cavabdeh "ATEF ŞİRKƏTLƏR QRUPU” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 18.02.2020-ci il tarixli nəqliyyat vasitələrinə servis xidmətinin göstərilməsi ilə əlaqədar mülki hüquqi müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 3162,27 manat əsas borcun, gecikdirilmiş dövr üzrə 284,58 manat cərimə borcunun, cəmi 3446,85 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 54,4 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.03.2022-ci il tarixli e-2-2(113)-1041/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə "ATEF ŞİRKƏTLƏR QRUPU” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış Nəqliyyat vasitələrinə servis xidməti haqqında müqavilə üzrə "ATEF ŞİRKƏTLƏR QRUPU” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 3162,27 manat əsas borc, 100 manat cərimə, cəmi 3262,27 manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun 51,48 manat məbləğinin "ATEF ŞİRKƏTLƏR QRUPU” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, qalan 2,92 manat məbləğinin tutularaq İddiaçınə aid edilməsi qət edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən göstərilmiş xidmətlərin qiyməti və quraşdırılmış ehtiyat hissələrinin qiyməti, xidmətlərin təhvil-təslim aktında əks olunmalı idi. Belə aktlar mövcud olmadığından, xidmət haqqının ödənilməsini tələb etmək əsassızdır. Həmçinin elektron qaimələr, xidmətlərin göstərildiyini sübut etmir. Bu sənəd ödəniş təklifidir, məcburi ödəniş sənədi deyil. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, icraçı "xxxx" MMC ilə sifarişçi Cavabdeh MMC arasında 18.02.2020-ci il tarixli Nəqliyyat vasitələrinə servis xidməti haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında sonuncuya onun nəqliyyat vasitələrin təminatlı istismar müddətindən sonrakı dövrdə servis xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, xidmətlər göstərilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliklərə 6 aydan çox müddətdir ki, əməl etməmiş və 3162,27 manat əsas borc və gecikdirilmiş dövr üzrə 284,58 manat cərimə məbləğini ona ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış 18.02.2020-ci il tarixli müqavilə mahiyyət etibarı podrat müqaviləsidir. Çünki cavabdeh iddiaçıya məxsus nəqliyyat vasitələrinə servis xidmətlərini göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırkı işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək, cavabdehə məxsus nəqliyyat vasitələrinə servis xidmətlərini göstərmiş, cavabdeh isə həmin xidmətlərin dəyərini ona ödəməmişdir. Belə ki, iş materiallarında olan 15 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 3664,97 manat dəyərində xidmətlər göstərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir xidmət göstərilməsəydi, o, iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətləri qəbul edilməsi və həmin xidmətlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 3162,27 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və ona görə həmin hissədə iddia əsaslıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü maddəsinə əsasən ödəniş vaxtında edilmədikdə Sifarişçi İcraçıya ötürülmüş hər bir gün üçün bu müqavilə üzrə ödənişə təqdim edilmiş hesabın ödənilməmiş məbləğinin 0.05 %-i miqdarında cərimə ödəyir. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh göstərilən xidmətlərin dəyərini, elektron qaimələrin göndərilməsi tarixlərini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 100 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində göstərilən dəlillərə dair qeyd olunur ki, cavabdehin nümayəndəsinin izahatına əsasən iddiaçı tərəfindən müəyyən işlər görülmüş, onların dəyəri ödənilmiş, lakin həmin işlər üzrə də təhvil-təslim aktı tərtib edilməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində göstərilən xidmətlərlə bağlı təhvil-təslim aktının tərtib edilməsi şərti müəyyən edilsə də, tərəflər arasındakı işgüzar adətlər başqa şəkildə müəyyənləşmiş və göstərilən xidmətlərlə bağlı təhvil-təslim aktları tərtib edilməmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilədə 11 ədəd nəqliyyat vasitəsinin rekvizitləri əlyazma ilə qeyd edilsə də, cavabdehin nümayəndəsi etiraf etdi ki, həmin nəqliyyat vasitələri cavabdehə məxsusdur. Həmin nəqliyyat vasitələrinin markaları və dövlət qeydiyyat nişan nömrələri isə cavabdehə göndərilmiş elektron qaimələrdə göstərilmiş, lakin yuxarıda qeyd edildiyi kimi cavabdeh tərəfindən həmin qaimələrə etiraz edilməmiş, ümumiyyətlə iddiaçıya hər hansı pretenziya və ya məktub göndərilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1041/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04.03.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar