Məhkəmə qərarları › İş №2-2(103)-461/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-461/2024

04.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-461/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, İddiaçı "xxxx" ATSC-nin cavabdehlər Cavabdeh5, Bakı şəhər 38 saylı Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə, X2 və qarşı “səhmlərin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, e-2-2(113)-877/2024 nömrəli qərardadından iddiaçı "xxxx" ATSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ATSC cavabdehlər Bakı Şəhəri 38 Saylı Notariat Ofisi, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə, Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh7 Əbülfəz oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 38 saylı Xüsusi Notariat ofisinin notariusu İkram Xəlilov tərəfindən xx.xx.2023-cü il tarixli 3M/133, 3M/134 və 3M/135 saylı reyestrlə təsdiq edilmiş səhmlərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli yazılı ərizəsinə əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Qanuni nümayəndə cavabdehlər Cavabdeh5, Bakı şəhər 38 saylı Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə qarşı “səhmlərin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə iddiaçı Qanuni nümayəndə əsl iddiaçı "xxxx" ASC ilə əvəz edilmiş və X2 və Cavabdeh7 başqa cavabdehlər qismində iş üzrə icraata cəlb edilmiş və işin icraatının təzələnməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-877/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" ATSC-nin cavabdehlər Cavabdeh5, Bakı şəhər 38 saylı Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə, X2 və Cavabdeh7 qarşı “səhmlərin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata Cavabdeh7 Əbülfəz oğluna münasibətdə xitam verilməsi qərara alınmışdır. İddiaçı "xxxx" ATSC xx.xx.2024-cü il tarixli, e-2-2(113)-877/2024 saylı qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-2(113)- 877/2024 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-2(113)-877/2024 saylı qərardadı ilə "xxxx" ATSC-nin cavabdehlər Cavabdeh5, Bakı şəhər 38 saylı Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə, X2 və Cavabdeh7 qarşı “səhmlərin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata Cavabdeh7 Əbülfəz oğluna münasibətdə xitam verilmişdir. Qərardadın surəti 20 fevral 2024-cü il tarixində təqdim edilmişdir. Qərardadda qeyd olunur ki, Cavabdeh7 19 noyabr 2023-cü il tarixində vəfat etdiyindən iş üzrə icraata xitam verilməlidir. Cavabdeh7 vəfatından sonra vərəsələri vardır. Belə olan təqdirdə həmin şəxsə münasibətdə iş üzrə icraata xitam verilməsi düzgün hesab edilmir. Belə bir qərardadın qəbul edilməsi ilə iddia tələbin öz əhəmiyyətini itirir. Bakı Kommersiya Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh7 Əbülfəz oğlu 19 noyabr 2023-cü il tarixində vəfat etmişdir. İddiaçının iş üzrə cavabdeh qismində cəlb etdiyi şəxs məhkəmə gedişatında deyil, məhkəmə prosesinə cavabdeh qismində cəlb edilməmişdən əvvəl vəfat etmişdir. Belə ki, Cavabdeh7 19 noyabr 2023-cü il tarixində vəfat etmişdir, iddiaçı isə onun cavabdeh qismində işə cəlb edilməsi barədə ərizə ilə xx.xx.2024-cü il tarixində müraciət etmiş, cavabdeh qismində isə xx.xx.2024-cü il tarixində məhkəmənin qərardadı ilə cəlb edilmişdir. Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsi tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçıya izah olunmalıdır ki, o, cavabdeh kimi göstərdiyi Cavabdeh7 miras qalmış əmlakı qəbul edən vərəsəni və ya vərəsələri müəyyən etməklə, hazırkı iddianı həmin şəxsə və ya şəxslərə qarşı irəli sürə bilər. Eyni zamanda, kollegiya qeyd edir ki, hazırkı işdə prosessual hüquq varisliyinin həyata keçirilməsi mümkün deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd olunan maddədən görünür ki, yalnız iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə cavabdeh kimi göstərilmiş Cavabdeh7 isə tərəf kimi qəbul edilə bilməz. Çünki o, cavabdeh qismində işə cəlb edilməsi barədə ərizə verilməmişdən əvvəl vəfat etdiyinə görə hazırkı işdə tərəf statusunu əldə etməmişdir. Bu baxımdan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin icraatına Cavabdeh7 Əbülfəz oğluna münasibətdə xitam verməkdə haqlı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" ATSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, e-2-2(113)-877/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar