Məhkəmə qərarları › İş №2-2(103)-463/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-463/2022

03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-463/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X2 qarşı iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-464/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 26.08.2021-ci il tarixə 1309- GL/18 nömrəli müqavilə üzrə 17.844 manat gecikdirilmiş əsas borc və 9.117,11 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 350 manat olmaqla, cəmi 27.311,11 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.01.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 17.844 manat əsas borcun, 1.000 manat cərimənin, hüquqi yardıma görə ödənilmiş 350 manat olmaqla, cəmi 19.194 manat məbləğdə pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, "xxxx" ASC ilə aralarında bağlanmış 10.12.2018-ci il tarixli 1309-GL/18 nömrəli lizinq müqaviləsi üzrə təhvil-təslim aktı əsasında iddiaçıya ötürülən portfelin dəyəri nəzərə alınmaqla iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, borc məbləği düzgün hesablanmamışdır. Lakin Məhkəmə də bu halı nəzərə almamış və işə birtərəfli qaydada baxmışdır. Digər tərəfdən, 10.12.2018-ci il tarixli 1309-GL/18 nömrəli lizinq müqaviləsi "xxxx" (hazırkı "xxxx") ASC ilə cavabdeh arasında bağlanmışdır. Yəni iddiaçı həmin müqavilənin tərəfi deyil. Doğrudur, "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli Fərmanı ilə "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri iddiaçıya keçməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı Bakı Kommersiya Məhkəməsinə "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsi üzrə tələblərin iddiaçıya ötürülməsini təsdiqləyən heç bir sənəd (təhvil-təslim aktı) təqdim etməmişdir. Eyni zamanda, həmin Fərmanla "xxxx" ASC-nin və Agentliyin sərəncamındakı əmlakın qiymətləndirilməsinin təşkil edilməsi üçün kənar audit təşkilatının cəlb edilməsi qərara alınmışdır. Sözügedən Fərmana əsasən mövcud qalıq portfelinin cavabdehlə bağlanmış lizinq müqavilələri üzrə hüquq və öhdəliklərinin Agentliyə ötürülməsi zamanı Agentliyin hesabında ”Aqrolizinq” ASCdə kənar auditorun və aidiyyatı dövlət orqanlarının (qurumlarının) apardığı yoxlamaların nəticələri nəzərə alınmalıdır. Göründüyü kimi, mövcud qalıq portfelinin ötürülməsi zamanı auditorun rəyi və aidiyyatı dövlət orqanlarının apardığı yoxlamaların nəticələri nəzərə alınmalı idi. Lakin hazırda Agentliyin hüquqlarının həcmi müəyyənləşdirilmədiyindən iddiaçının sözügedən lizinq müqaviləsi üzrə lizinq ödənişlərini hansı həcmdə tələb etmək hüququnun olması məsələsi qeyri-müəyyəndir. İddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş sənədlər siyahısında cavabdehlə bağlanmış lizinq müqaviləsi üzrə hüquq və öhdəliklərin iddiaçıya təhvili haqqında sənəd yoxdur. Məhkəmə qətnamədə ümumiyyətlə həmin məsələyə heç bir münasibət bildirməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, tərəflər arasında lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində cavabdeh arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 10.12.2018-ci il tarixli 1309-GL/18 nömrəli lizinq müqaviləsi (güzəşt) bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 29.100 manat olan (Traktor Belarus-1221, Traktor Belarus-1221 və Kotan 5 gövdəli AG-14-5) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir; 1.2-ci bəndinə görə, lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə No 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. "xxxx" ASC-nin 10.12.2018-ci il tarixli 6058/ü nömrəli əmrində qeyd olunmuşdur ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 28.03.2014-cü il tarixli 417-L/14 nömrəli və 28.03.2014-cü il tarixli 603/ü nömrəli lizinq müqavilələrinə xitam verilmiş və əmrlər qüvvədən düşmüş hesab olunmuş, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 10.12.2018-ci il tarixli 1309-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən 3 adda qeyd olunmuş kənd təsərrüfatı texnikaları "xxxx" ASC tərəfindən cavabdehin istifadəsinə verilmişdir. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 08.04.2014-cü il tarixli akta əsasən, 3 adda qeyd edilən (Traktor Belarus-1221, Traktor Belarus-1221 və Kotan 5 gövdəli AG- 14-5) texnikalar "xxxx" ASC-nin 28.03.2014-cü il tarixli 603/ü nömrəli əmri əsasında saz, nizamlanmış və komplekt halda Bazadan lizınq alana təhvil verildi. 26.08.2021-ci il tarixli maliyyə arayışına görə, lizinq alan cavabdehin 10.12.2018-ci il tarixli 1309-GL/18 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borcu 17.844 manat, hesablanmış cəriməyə görə 9.117,11 manat olmaqla, ümumilikdə 26.961,11 manat təşkil edir. Ödənilib: 0 manat. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanının 1-ci bəndi ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın. Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki: Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir (2.1); "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçir (2.2). Fərmanın 4-cü bəndi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır ki, bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyin həyata keçirməsi ilə bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin (4.3): mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsini (4.3.1); lizinq ödənişləri üzrə borcların yığılmasını (4.3.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd olunmalıdır ki, “Lizinq mühüm iqtisadi-hüquqi hadisə olub, iqtisadiyyata investisiya qoyma forması, istehsalı maliyyələşdirmə üsuludur. Lizinq dünya kommersiya təcrübəsinə bəlli olan elə bir vasitədir ki, onun köməyi ilə sahibkar sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün lazım olan yeni əmlakı müvəqqəti istifadə üçün əldə edir, istifadə müddəti başa çatdıqda isə o, həmin əmlakı ya sahibinə qaytarır, ya istifadə müddətini uzadır, ya da mülkiyyət hüququ ilə əldə edir. Nə alqı-satqı, nə icarə, nə də kredit müqavilələrinin bu kimi kompleks məsələni ayrı-ayrılıqda həll etmək qabiliyyəti və imkanı vardır. Odur ki, lizinq, qeyd olunan müqavilələrin hər biri ilə müqayisədə əlverişli, sərfəli və münasib vasitədir. Bu səbəbdən, lizinqdən istifadə edilməsi böyük üstünlüyə malikdir. Belə ki, istehsalı təşkil etmək və ya istehsalı yenidən qurmaq üçün az olmayan məbləğdə investisiya lazımdır. Əgər sahibkar lizinq vasitəsi ilə avadanlıq əldə edirsə, onda investisiyaya ehtiyac qalmır. Lizinqin üstünlüyü də məhz bundan ibarətdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 04.06.2021-ci il tarixli Qərardadı, 12-ci bənd). “Hüquq ədəbiyyatında lizinqin əsasən 2 növü fərqləndirilir: 1) əməliyyat (operativ) lizinqi; 2) maliyyə lizinqi. Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində əsasən maliyyə lizinqi nəzərdə tutulmuşdur. ... Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları əsasən müştəri (lizinq alan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinq alan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12.01.2017-ci il taerixli Qərarı). Lizinq münasibətləri Mülki Məcəllənin XXXVİİİ fəsli ilə tənzimlənir və həmin Məcəllənin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı verilmişdir. Adıçəkilən normaya əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin: Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, lizinq müqaviləsinin şərtlərinə və təyinatına uyğun vəziyyətdə ona təhvil verilən lizinq obyekti əmlakdan istifadəyə görə müqavilə ilə müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Belə ki, cavabdeh mübahisəli borcun əsasını təşkil edən müqaviləni, lizinq avadanlığının ona təhvil verilməsini və ödəniş cədvəlinə əsasən heç bir ödəniş aparmadığı borcun məbləğini mübahisə etmir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, şikayətin borc məbləğinin düzgün hesablanmaması barədə dəlili konkret heç bir fakt, hesablamaya istinad etmir. Bunun üçün cavabdeh əvvəlcə səhvin nədə ifadə olunduğuna, miqdarına dair öz variantını irəli sürməli idi ki, məhz bundan sonra Məhkəmə həmin gümanın doğru yaxud yanlış olması haqqında hüquqi mühakimə yürüdə bilərdi. Şikayətin "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsi üzrə tələblərin iddiaçıya ötürülməsini təsdiqləyən sənəd (təhvil-təslim aktının) təqdim edilməməsi barədə dəlili də əsassızdır. Belə ki, həmin dəlilin özündə cavabdeh Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanına istinad edir, sözügedən Fərman isə bilavasitə "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərinin iddiaçıya keçdiyini və lizinq ödənişləri üzrə borcların iddiaçı tərəfdən yığılmalı olduğunu tənzimləyir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-464/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar