Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-464/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli e-2-2(113)-413/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Cavabdeh ASC ilə İddiaçı arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair xx.xx.2021-ci il tarixli, 44347019 saylı müqavilədən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətə görə DÜİST 2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət –içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.
2. Hazırda İddiaçı mübahisəli müqavilənin etibarsız hesab edilməsinə dair tələbinə əsas kimi müqavilənin onun tərəfindən imzalanmamasına və onun həmin müqavilənin mövcudluğundan məlumatlı olmamasına, yəni faktiki olaraq müqavilənin bağlanmasına dair iradə ifadəsinin mövcud olmamasına istinad etmişdir.
3. Cavabdehin isə mövqeyi ondan ibarətdir ki, sudan istifadə faktı mövcuddur, bu səbəbdən sudan istifadə hesabatı aparılmış, borunun en kəsiyinə uyğun olaraq hesablama aparılmış, Cavabdeh ASC-də mübahisə predmeti olan əmlak qeyri-yaşayış sahəsi kimi qeydə alınmışdır. Həmin sözügedən mənzil daha əvvəl qeyri-yaşayış sahəsi olmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” xx.xx.2021-ci il tarixli, 44347019 saylı müqavilənin və onunla bağlı yaranan nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 1 ünvanında olan mənzillə bağlı ödəmə terminalı vasitəsilə 059466 Abunəçi kodu üzrə su təchizatı ilə əlaqədar ödəmə edən zaman 3.524 manat borcun olduğu məlum olmuşdur. Bununla əlaqədar tərəfindən Cavabdeh ASC-yə müraciət edilmişdir. ASC yaranan borcun aralarında olan “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” xx.xx.2021-ci il tarixli, 44347019 saylı müqavilə ilə bağlı olduğunu bildirmişdir. Cavabdeh orqana onun tərəfindən belə bir müqavilə bağlanmadığı, müqavilədən xəbərdar olmadığı bildirilmiş və müqavilənin surətinin ona təqdim edilməsi xahiş edilmişdir. Cavabdeh orqan tərəfindən ona təqdim edilən müqavilədən görünür ki, həmin müqavilə saxta olmaqla qanunsuz tərtib edilmişdir. Belə ki, 2 səhifədən ibarət müqavilənin sonuncu səhifəsində tərəflərin imza qrafasında qarşı tərəfin imzası olsa da, tərəfindən imza icra edilməmiş, həmin müqavilə üzrə borc öhdəliyi müəyyən edilmişdir. Tərtib edilmiş müqaviləyə qanunsuz olaraq, xəbəri olmadan barəsində əldə edilmiş anket məlumatları əlavə edilmişdir.
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3028/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3028/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibinin 2(102)-5871/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və həmin iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır
9. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(103)-413/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli e-2-2(113)-413/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında şərtlərlə bağlı hər hansı razılıq mövcud deyildir. Keçirilən məhkəmə prosesləri zamanı cavabdeh tərəf belə bir müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Hətta məhkəmə iclas protokolunda və məhkəmə qətnaməsində cavabdehin nümayəndəsinin belə bir müqaviləni təqdim edə bilmədikləri öz əksini tapmışdır ki, bu da tərəflər arasında müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlməməsinin göstəricisidir.
13. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə qaydalarının hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə Qaydaların 2 nömrəli əlavəsində tərəflər arasında bağlanan müqavilənin forması müəyyən edilmişdir. Həmin müqavilədən müqavilənin tərəflər arasında yalnız yazılı bağlanması halı müəyyən edilmişdir. Həmin 2 nömrəli əlavədə açıq-aşkar müqavilə üzrə tərəflərin imza qrafası, hüquq və öhdəlikləri göstərilmişdir ki, məhkəmə hansı əsasla müqavilənin yazılı şərtlərlə bağlanmamalı olmaması barədə qənaətini əsaslandırmamışdır.
14. Məhkəmə qətnamədə müqavilənin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs barəsində olan normalarını sadalasa da, qətnaməni Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi üçün kommunal xidmətlərə görə haqqın ödənilməsinə dair normasının tətbiqi ilə əsaslandırmışdır. Lakin müqavilədən görünür ki, müqavilə 2 saylı Əlavədə müəyyən edilmiş hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə bağlanmış (əslində bağlanmamış) olsa da, məhkəmə yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilə şərtlərinə istinad etmişdir.
15. Bundan əlavə, iddiaçı həmin mənzili xx.xx.2021-ci il tarixdə çıxarış əldə etməklə ünvan 2 ünvanındakı mənzilini sataraq yaşamaq üçün almış və mənzildən yalnız yaşayış məqsədilə istifadə edilmişdir. İddiaçının hazırkı qeydiyyat ünvanına haradan və nə zaman düşdüyünə baxan zaman bu hal açıq-aşkar görünür. Məhkəmənin istinad etdiyi VÖEN isə bundan uzun müddət əvvəl, xx.xx.2004-cü il tarixində alınmış və o VÖEN üzrə vergi ödəyicisi kimi başqa bir fəaliyyətlə əlaqədar olmuşdur. Nə cavabdeh orqan, nə də məhkəmə yaşayış mənzilinin hansı kommersiya fəaliyyətində istifadə edilməsini göstərə bilməmişlər. Məhkəməyə təqdim edilmiş reyestr nömrəsi **********49-05101-093029 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da açıq-aşkar görünür ki, daşınmaz əmlakın növü mənzil, daşınmaz əmlakın mülkiyyət növü xüsusi mülkiyyətdir. Lakin işə baxan məhkəmə qeyri-əhali ilə bağlı normalara istinad etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
19. Mülki Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
20. Mülki Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
21. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
22. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
23. Mülki Məcəllənin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
24. Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
25. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
26. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. [320]
27. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
28. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
29. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
30. Mənzil Məcəlləsinin 135.2.1-ci maddəsinə əsasən Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan.
31. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiyanın həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılmasını təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.
37. İş materiallarına əlavə edilmiş:
38. Cavabdeh ASC ilə İddiaçı arasında olan “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” xx.xx.2021-ci il tarixli, 44347019 saylı müqavilədən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətə görə DÜİST 2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət – içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.
39. 2.1-ci bəndinə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” qərarına uyğun olaraq istehlakçının istifadə etdiyi 1m3 xammal suya görə hesablaşma ƏDV ilə _____manat, digər məqsədlərlə istifadəyə görə 1m3 su üçün ƏDV ilə 1 manat və istehlakçıdan qəbul edilən 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 1 manat müqabilində aparılır.
40. 6.1-ci bəndinə görə müqavilə xx.xx.2021-ci ildən qüvvəyə minir.
41. 6.2-ci bəndinə görə müqavilə xx.xx.2024-cü ilədək qüvvədədir.
42. Müqavilə Cavabdeh ASC-nin adından imzalanmış və möhürlənmiş, istehlakçı tərəfindən isə imzalanmamışdır.
43. İddiaçı abonent haqqında məlumatlarından görünür ki, 2021-ci ilin iyun ayından 2021-ci ilin dekabr (dekabr ayı daxil) ayınadək abonentə içməli su və tullantı sularının axıdılmasına görə hesablanmış borc cəmi 2.408 manat və 2022-ci ilin yanvar ayından 2022-ci ilin iyun (iyun ayı daxil) ayınadək abonentə içməli su və tullantı sularının axıdılmasına görə hesablanmış borc cəmi 1.812 manat təşkil edir.
44. İddiaçı onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin içməli su ilə təchiz edilməsi və tullantı sularının axıdılması xidmətinin göstərilməsinə dair Cavabdeh ASC ilə müqavilə bağlamadığını, sonradan həmin mənzilə dair onunla Cavabdeh ASC arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan xx.xx.2021-ci il tarixli, 44347019 saylı müqavilənin mövcud olmasından xəbər tutduğunu, həmin müqavilənin tərəfindən imzalanmadığını əsas göstərərək Cavabdeh ASC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 44347019 saylı müqavilənin və onun doğurduğu nəticələrin etibarsız hesab edilməsini tələb edir.
45. Cavabdehin isə mövqeyi ondan ibarətdir ki, sudan istifadə faktı mövcuddur, bu səbəbdən sudan istifadə hesabatı aparılmış, borunun en kəsiyinə uyğun olaraq hesablama aparılmış, Cavabdeh ASC-də mübahisə predmeti olan əmlak qeyri-yaşayış sahəsi kimi qeydə alınmışdır. Həmin sözügedən mənzil daha əvvəl qeyri-yaşayış sahəsi olmuşdur.
46. Yuxarıda qeyd edilən normaların məzmunundan da göründüyü kimi tərəflər arasında müqavilənin bağlanması üçün ilk növbədə ikitərəfli və ya daha çoxtərəfli iradə ifadəsinin mövcudluğu tələb olunur. Belə bir iradə ifadəsi mövcud olmadığı halda müvafiq müqavilə bağlanmış hesab edilə bilməz. Əqdin bağlanmasına dair tərəflərin iradə ifadəsinin mövcud olmadığı bağlanmamış əqddən fərqli olaraq etibarsız əqdlərdə tərəflər arasında müqavilənin mühüm şərtləri barədə razılaşma, yəni əqdin bağlanmasına tərəflərin iradə ifadəsi mövcud olur, yəni həmin əqd bağlanır. Lakin etibarsız əqdlərin bağlanması zamanı tərəflərin iradə ifadəsi mövcud olsa da, həmin iradə ifadəsi ya qüsurlu olur, yəni iradə ifadəsi ilə həqiqi iradə arasında vəhdət pozulur və ya əqdin etibarlılığının digər şərtlərindən hər hansı birinə (əqdin subyekt tərkibinə, əqdin məzmununa və əqdin formasına dair şərtlərə) riayət olunmur.
47. Hazırkı halda İddiaçı mübahisəli müqavilənin etibarsız hesab edilməsinə dair tələbinə əsas kimi müqavilənin onun tərəfindən imzalanmamasına və onun həmin müqavilənin mövcudluğundan məlumatlı olmamasına, yəni faktiki olaraq müqavilənin bağlanmasına dair iradə ifadəsinin mövcud olmamasına istinad etmişdir ki, göstərilən hal (tərəfin əqdin və ya onun müvafiq hissəsinin bağlanmasına dair iradəsini başqa formada ifadə etmədiyi halda) müqavilənin etibarsız hesab edilməsi üçün deyil, bağlanmamış hesab edilməsi üçün əsas qismində çıxış edə bilər.
48. Digər tərəfdən mübahisəli müqavilənin İddiaçı tərəfindən imzalanmaması tərəflər arasında mübahisəli mənzilin içməli su və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsinə dair müqavilənin yazılı formada bağlanmamasına dəlalət edir.
49. Hazırkı halda qanunda və ya tərəflərin razılaşmasında müvafiq müqavilənin yazılı formada bağlanmalı olması nəzərdə tutulmadığından yazılı formaya riayət edilməməsi müqavilənin etibarsız hesab edilməsi üçün əsas vermir.
50. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarına görə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir.
51. Birinci instansiya məhkəməsi tərəfindən kommunal xidmətlərə görə haqqın ödənilməsi ilə bağlı mənzil məcəlləsinin müvafiq maddələrinə istinad etməsi ilə əlaqədar apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, mübahisə predmeti olan sahə mülkiyyət sənədinə əsasən mənzil kimi dövlət qeydiyyatına alınmışdır.
52. Kollegiya hesab edir ki, hazırkı iddia tələbi üzrə əqdin etibarsızlığı üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd etməkdə əsaslı nəticəyə gəlmişdir.
53. Bununla yanaşı iddianın əqdin nəticələrinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə “əqdin nəticələrinin etibarsızlığı” anlayışı yer almamışdır. Qanunvericiliyin tələblərinə görə əqd etibarsız hesab edildikdə əqd icra edildiyi halda həmin əqdin etibarsızlığının nəticələri tətbiq edilə bilər ki, hazırkı halda əqd etibarsız hesab edilmədiyindən həmin müqaviləyə münasibətdə əqdin etibarsızlığının nəticələrinin tətbiqi də mümkün deyil.
54. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mediasiya xərci və dövlət rüsumunun əvəzinin iddiaçıya aid edilməsi barədə də düzgün nəticəyə gəlmişdir.
55. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
56. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğun qəbul edilmişdir. Apellyasiya şikayətində qeyd edilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli e-2-2(113)-413/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova