Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-465/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, iddiaçı “X2 Sanayi ve Ticaret LTD” STİ-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun və cərimənin tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, e-2-2 (113)-236/2020 saylı qətnaməsindən (hakim S.Nuriyeva) cavabdeh və iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Sanayi ve Ticaret LTD” STİ Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 691.185 ABŞ dolları əsas, 186.619 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 877.804 ABŞ dolları borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 20151016/ATL/DBZ/016- 6 saylı xx.xx.2016-cı il tarixdə malların alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti inşaat mallarının alqı-satqısı olmuşdur. İddiaçı cavabdehin ünvanına gömrük bəyannamələrinə uyğun olaraq dəyəri cəmi 845274 ABŞ dolları məbləğində mallar göndərmişdir və alıcı həmin malları qəbul edərək göndərilən mallara görə bank vasitəsi ilə satıcıya cəmi 154089 ABŞ dolları məbləğində vəsait ödəmişdir. Bəyannamələrə uyğun olaraq göndərilən mallara görə alıcının satıcıya 691.185 ABŞ dolları borcu qalmışdır. Satıcı xx xxx 2018-ci il tarixdə alıcının müqavilədə göstərdiyi ünvana pretenziya göndərərək 3 gün ərzində 691.185 ABŞ dolları borcun ödənilməsinin təmin edilməsi tələb edilsə də bu günə kimi pretenziyaya heç bir cavab verilməmişdir. Müqavilənin 4.4-cü bəndində göstərilmişdir ki, alıcı tərəfindən bu müqavilə üzrə etdiyi ödənişlərin gecikdirilmiş hər həftə üçün satıcı tərəfindən ona bu müqavilə üzrə ödəniləcək ümumi məbləğin 0,5% miqdarında cərimə tətbiq edilə bilər, tələb olunan ödəmə tarixindən başlayaraq iki həftə sonra satıcı sonuncu dəfə xx.xx.2017-ci il tarixdə mal göndərmiş, alıcı isə sonuncu dəfə xx.xx.2017-ci il tarixdə pul ödəmişdir. Göründüyü kimi alıcı 691.185 ABŞ dolları borcu 54 həftə ərzində gecikdirdiyinə görə ona müqavilədə nəzərdə tutulmuş cərimə tətbiq edilə bilər. Alıcı sonuncu ödənişi xx.xx.2017-ci il tarixdə ödədiyindən iki həftə sonra yəni xx.xx.2017-ci il tarixdən başlayaraq 54 həftə ərzində gecikdirilmiş 691.185 ABŞ dolları borca dair hər həftəyə görə 0,5% miqdarında yəni (691.185 X 0,5% X 54=186619) 186619 ABŞ dolları cərimə ödəməlidir. Beləliklə alıcının 691.185 ABŞ dolları əsas, 186.619 ABŞ dolları cərimə olmaqla ümumilikdə 877.804 ABŞ dolları borcu yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, e-2-2 (113)-236/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək “xxxx” MMC-dən 691.185 ABŞ dolları əsas, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 696185 ABŞ dolları borcun tutularaq “X2 Sanayi ve Ticaret LTD STİ”-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissədə ləğv edilməsini və tələbin tam təmin edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə ümumi dəyəri 845274 ABŞ dolları olan mal göndərilmiş, xx.xx.2017-ci il tarixdə sonuncu dəfə iddiaçıya pul ödənilmişdir. Cavabdehin borclu qaldığı 691185 ABŞ dolları əsas borcun ödənilməsi 24 həftə gecikdirildiyinə görə müqavilədə nəzərdə tutulmuş xx.xx.2017-ci il tarixdən başlayaraq ona pretenziya göndərilən xx.xx.2018-ci il tarixədək 186619 ABŞ dolları cərimə tətbiq edilməlidir. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsini, iddianın tam rədd edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin ünvanına 845274 ABŞ dolları dəyərində mal göndərmiş, göndərilən mallara görə 154089 ABŞ dolları vəsait iddiaçıya bank vasitəsilə, qalan vəsaitlər isə nağd olaraq ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş gömrük bəyannamələri 100 nömrə ilə qeyd olunmuşdur. Bu o deməkdir ki, alıcı tərəfindən göndərilən malların dəyəri tam ödənilmişdir. Bu hal Azərbaycan Respublikası Gömrük Komitəsinin məhkəməyə ünvanlandığı məktubla da öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmişdir. Müqavilə bağlandığı tarixdən 3 il 9 ay keçdiyindən iddia müddəti də ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil3 tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, e-2-2 (113)-236/2020 saylı qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh MMC-dən iddiaçı “X2 Sanayi ve Ticaret LTD” STİ-nin xeyrinə 538685 ABŞ dolları əsas borc tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, satıcı “X2 Sanayi ve Ticaret LTD STİ” ilə alıcı Cavabdeh MMC arasında 20151016/ATL/DBZ/016-6 saylı xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi imzalanmış, satıcı müvafiq malları təqdim etməyi, alıcı isə həmin malları əvəzini tam olaraq ödəməyi üzərinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən satıcı malları İncoterms 2010 EXW İstanbul təslim qaydası əsasında alıcıya satır. Alıcı mal müqabilində bu müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə və ya proforma invoysda nəzərdə tutulmuş ödənişi satıcıya ödəyir. İş materiallarına göndərilmiş mallarla bağlı gömrük sənədləri, invoyslar əlavə edilmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən ümumilikdə 845274 ABŞ dolları dəyərində mal göndərildiyi cavabdeh tərəfindən işə birinci instansiya qaydasında baxılarkən mübahisələndirməmiş, cavabdehin etiraz ərizəsində, apelyasiya şikayətində, o cümlədən işə apelyasiya qaydasında baxılarkən cavabdehin qanuni təmsilçisi Taleh İsmayılzadənin xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında həmin dəyərdə malın iddiaçıdan alındığı təsdiq edilmişdir. İddia ərizəsində iddiaçı cavabdehə satılmış mallara görə cəmi 154089 ABŞ dolları vəsaitin bank vasitəsilə ödənildiyini göstərmiş, bank vasitəsilə həyata keçirilmiş 149089.64 ABŞ dolları məbləğində ödənişlə bağlı sənədlər iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh tərəfindən iddiaçının tələb etdiyi məbləğdə borcun ödənilməsini təsdiq edən sübutlar təqdim edilmədiyindən birinci instansiya məhkəməsi qeyd edilən normalara istinad edərək iddianın əsas borc tələbi hissəsində əsaslı olduğuna dair nəticəyə gəlmişdir. İşə apelyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi iddiaçının xeyrinə tutulmuş borc məbləğindən bir hissəsinin nağd və müəssisənin rəhbərinin hesabına köçürmə yolu ilə ödənildiyinə sübut olaraq “X2 Sanayi ve Ticaret LTD” STİ-nin rəhbəri Adnan Aydın tərəfindən elektron poçta və adi poçtla göndərilmiş məktubları təqdim etmişdir. Həmin məktublarda cavabdeh tərəfindən xx.xx.2016-xx.xx.2016-ci il tarixlərdə 102189 ABŞ dolları, xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə 59400 ABŞ dolları ödəniş həyata keçirildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilən normaların tələblərinə əsasən, cavabdeh tərəfindən apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş sənədlər məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən cavabdeh tərəfindən ödənişlərin bir hissəsinin nağd qaydada həyata keçirildiyini etiraf edərək bu barədə məhkəməyə xx.xx.2020-ci il tarixli arayış təqdim etmiş, həmin arayışda iddiaçıya olan borcun 152500 ABŞ dolları hissəsinin nağd ödənildiyi, qalıq əsas borcun 538689 ABŞ dolları təşkil etdiyi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili isə iddiaçıya olan qalıq borcun cəmi 18.000 ABŞ dolları təşkil etdiyini göstərsə də, 306598 ABŞ dolları (154098 ABŞ dolları bank hesabı vasitəsi ilə+152500 ABŞ dolları nağd) vəsaitdən əlavə iddiaçıya ödəniş edildiyinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin apelyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, Azərbaycan Respublikasının gömrük orqanında iddiaçı tərəfindən göndərilmiş mallarla bağlı tərtib olunmuş gömrük bəyannamələrinin “Çatdırılma şərtləri” adlanan 20-ci qrafasının “100” nömrəsi ilə doldurulması həmin mallara görə ödənişlərin alıcı tərəfindən əvvəlcədən həyata keçirildiyini təsdiq edir. Məhkəmə apelyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, iddiaçının özü tərəfindən doldurulmuş gömrük bəyannamələri digər sübutlar olmadan alqı-satqı müqaviləsi üzrə ödənişin həyata keçirildiyini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Cavabdehin nümayəndəsi tərəfindən apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu ildə məhkəmə sorğusuna verilmiş cavab məktubunda qeyd edilmişdir ki, gömrük bəyannamələrinin 20-ci qrafasının 3-cü yarımbölməsində “100” rəqəminin (malların dəyəri əvvəlcədən ödənilmişdir) müqavilə, invoys (ödəniş şərtlərinin müəyyən edilməsi məqsədi) və tələb olunduğu təqdirdə ödənişi təsdiq edən bank sənədi (ödəniş tapşırığı, swift) əsasında yazılması (doldurulması) həyata keçirilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin qeyd edilən məktubundan aydın olur ki, bəyannamənin qeyd edilən hissəsi doldurularkən ödənişi təsdiq edən bank sənədi bütün hallarda tələb olunmur. İddiaçı tərəfindən Türkiyə Respublikasının gömrük orqanına təqdim edilmiş gömrük bəyannamələrindən görünür ki, həmin bəyannamələrdə ödənişlərin sənəd müqabilində həyata keçirilməli olduğu (“Vesaik mükabili”) qeyd edilmişdir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, göndərilən malların dəyəri əvvəlcədən ödənilməmişdir. Bundan əlavə cavabdehin iddiaçıya aldığı mallara görə 18.000 ABŞ dolları borcu olduğunu qəbul etməsi də təsdiq edir ki, malların dəyəri ödənildikdən sonra idxal edildiyinə dair cavabdehin mülahizələri əsassızdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə cəmi 306.598 ABŞ dolları ödəniş həyata keçirildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə qəbul edilmiş qətnamə əsas borcun tutulması hissəsində dəyişdirilərək Cavabdeh MMC-dən iddiaçı “X2 Sanayi ve Ticaret LTD” STİ-nin xeyrinə 538685 ABŞ dolları əsas borc tutulmalıdır. Cavabdehin müqavilə tələbi üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair dəlili də məhkəmə tərəfindən əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə uyğun olaraq müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Hazırkı halda tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli malların alqı-satqı müqaviləsinin 3.1-ci bəndində malların dəyərinin 100 %-nin müqavilə imzalandıqdan sonra alıcı tərəfindən ödənilməsi nəzərdə tutulsa da, işin hallarından görünür ki, mallar alıcıya müxtəlif vaxtlarda hissə-hissə göndərilmiş və ödənişlər müvafiq olaraq hissəhissə həyata keçirilmişdir. Müqavilənin 4.4-cü bəndində nəzərdə tutulmuşdur ki, tələb olunan ödəmə tarixindən başlayaraq iki həftə sonra “alıcı” tərəfindən bu müqavilə üzrə ödənişlərin gecikdirilmiş hər həftə üçün “satıcı” tərəfindən ona bu müqavilə üzrə ödəniləcək ümumi məbləğin 0,5 % miqdarında cərimə tətbiq edilə bilər. Göründüyü kimi, müqavilədə alıcının öhdəliyinin icrası üçün konkret müddət müəyyən edilməmiş, öhdəliyin icrası tələbetmə məqamı ilə müəyyənləşdirilmişdir. İddiaçının pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə cavabdehə alqı-satqı müqaviləsi üzrə borcun 3 gün ərzində ödənilməsi üçün pretenziya göndərilmişdir. Belə olan halda iddiaçının iddia irəli sürmək hüququ pretenziya məktubunun cavabdehə təqdim edildiyi tarixdən 3 gün sonra başlamış, iddiaçı xx.xx.2019cu il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. Cərimə tələbi ilə bağlı hissədə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən öhdəliyin icrasının gecikdirilməsinə görə tələb edilən 186.619 manat cərimə əsas borc məbləğinə münasibətdə tənasübsüz şəkildə yüksək olduğundan məhkəmənin MM-nin 476-ci maddəsinə istinad edərək cərimə məbləğini 5000 ABŞ dolları məbləğində müəyyən etməsi və müqavilənin 4.4-cü bəndinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulması qanuni və əsaslıdır. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə qəbul edilmiş qətnamə cavabdehdən iddiaçının xeyrinə 5000 ABŞ dolları cərimə tutulması hissəsində dəyişdirilmədən saxlanılmalı, cərimə borcunun tam tutulması barədə iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, e-2-2 (113)-236/2020 saylı qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh MMC-dən iddiaçı “X2 Sanayi ve Ticaret LTD” STİ-nin xeyrinə 538685 ABŞ dolları əsas borc tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “X2 Sanayi ve Ticaret LTD” STİ-nin apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, e-2-2 (113)-236/2020 saylı qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilərək Cavabdeh MMC-dən iddiaçı “X2 Sanayi ve Ticaret LTD” STİ-nin xeyrinə 538.685 ABŞ dolları məbləğində əsas borc tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-465/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-465/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver