Məhkəmə qərarları › İş №2-2(103)-465/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-465/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-465/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi Məmmədov Seymur Əliyusif oğlunun, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə İddiaçı «X6» ASC-nin Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC) qarşı “banka vurulmuş maddi zərərin tutulması tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-89/2020 saylı 29.09.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı «X6» ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 83.520,55 ABŞ dolları məbləğində banka vurulmuş maddi zərərin və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış 12.12.2017-ci il tarixdə 1720 saylı müqavilə şərtlərinə (2.1.8-ci bənd) uyğun olaraq, cavabdeh 12.04.2018-ci il tarixli ərizə ilə iddiaçıya müraciət edərək, həmin şirkətdə olan Pos Terminalda “Manual Entry” funksiyasının (kartın iştirakı olmadan əməliyyat aparılması) aktivləşdirilməsi və bu funksiyanın aktivləşdirilməsiilə bağlı sonralar yarana biləcək bütün problemlərə görə məsuliyyəti öz üzərinə götürməsini qeyd etmişdir. Müqavilənin 2.1.8-ci bəndinə əsasən partnyorun (Cavabdeh MMC) ərizəsi əsasında bank tərəfindən “Manual Entry” funksiyasını (kartın iştirakı olmadan əməliyyat aparılması) aktivləşdirilmişdir. Həmin funksiyanın aktivləşdirilməsi nəticəsində iddiaçı tərəfindən həyata keçirilən hesablaşmalar üzrə 88.975,14 ABŞ dolları məbləğində banka zərər vurulduğu müəyyən olunmuş və iddiaçı tərəfindən həmin zərər kart sahiblərinin bank hesablarına köçürülmüşdür. Müqavilə şərtlərinə əsasən həmin zərərin 5.454,59 ABŞ dolları məbləğində olan hissəsi cavabdehin bank hesabından silinmişdir. Hazırda 26.02.2019-cu il tarixli ƏD/1085 saylı arayışa əsasən mövcud zərər 83.520,55 ABŞ dolları təşkil edir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-89/2020 saylı 29.09.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, "Cavabdeh" MMC-dən "X6" ASC-nin xeyrinə 83.520,55 ABŞ dolları məbləğində maddi zərər ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və 30 manat məbləğində dövlət rüsumu tutulması və 200 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İddia tələbinin, eləcə də qətnamənin iddianın təmin edilməsinin əsasını təşkil edən cavabdeh tərəfindən həyata keçirilən kartın iştirakı olmadan əməliyyat zamanı ziyan dəymiş “kart sahibləri”nin kimliyi və həmçinin iddiaçı tərəfindən “ziyan dəymiş kart sahiblərinin hesabına pulun köçürüldüyü” iş üzrə müəyyən edilməmişdir və bununla bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. İddianın əsasını təşkil edən bu dəlilin aydınlaşdırılması üçün əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2020-ci il tarixli 26379 saylı rəyinə əsasən, təqdim edilmiş çıxarış məlumatlarında 88.975,14 ABŞ dolları məbləğində vəsaitin Visa şirkəti tərəfindən “chargeback” əməliyyatı nəticəsində “xxxx” KB ASC-nin hesabından tutulduğu öz əksini tapsa da, həmin vəsaitin X11 adlı şəxsə məxsus kart hesablarına köçürüldüyünü müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, tələbin cavabdehə yönəldilməsi ilə bağlı iddia tələbinin və qətnamənin də əsası kimi istinad edilmiş ikinci hal xxxx pos terminalında “Manual entry” fimksiyasımn aktivləşdirilməsi ilə bağlı cavabdehin iddiaçıya ünvanladığı 12 aprel 2018-ci il tarixli ərizədir. Cavabdeh müqavilə əsasında 12 aprel 2018-ci il tarixli ərizə ilə istifadəsinə verilmiş xxxx pos terminalında “Manual entry” funksiyasının aktivləşdirilməsi üçün iddiaçıya müraciət etmişdir. Eyni zamanda, həmin ərizədə cavabdehə “Manual entry” funksiyasının aktivləşməsi ilə bağlı sonralar yarana biləcək bütün problemlərə görə məsuliyyəti öz üzərinə götürməsi də qeyd etdirilmişdir. Lakin həmin ərizənin verilməsinə əsas olan müqavilənin şərtində belə bir öhdəlik nəzərdə tutulmamışdır. Belə ki, həmin ərizənin verilməsi tərəflər arasında 12.12.2017-ci il tarixdə bağlanmış 1720 saylı müqavilənin 2.1.8-ci bəndinin tələbindən irəli gəlmişdir. Həmin bəndin tələbi isə yalniz “Manual Entry” funksiyasını aktivləşdirilməsi ilə bağlı olmaqla, müqavilə üzrə cavabdehin yox, iddiaçının öhdəliyinə aiddir. Müqavilə üzrə tərəflərin öhdəliyi ərizə ilə deyil, müqavilənin şərtlərindən irəli gəlir. Müqavilə tərəfi olan cavabdeh MMC adı çəkilən müqavilənin şərtinə uyğun hərəkət edərək, kartın iştirakı olmadan, ona göndərilmiş kart şifrəsini sistemə daxil etməklə, hesablaşmaların aparılmasını təmin etmişdir. Ekspert rəyində də əməliyyatların aparıldığı zaman cavabdehin müqavilə şərtlərinə əməl etdiyi və hər hansı maliyyə pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. İstifadə olunan kart sahiblərinin cavabdeh tərəfindən həyata keçirilən ödənişlərlə bağlı hər hansı tələbi mövcud deyildir və bir il davam edən məhkəmə araşdırılması müddətində də dəfələrlə bunun üzərində dayanılsa da, belə bir tələbin mövcudluğu müəyyən edilməmişdir. Heç ola da bilməzdi. Çünki, kartlardakı pul vəsaiti sifarişə uyğun olaraq, razılaşdırılmış məbləğdə cavabdeh tərəfindən silinmiş və təyinatı üzrə biletlərin alınması üçün köçürülmüş, alınmış təyyarə bilitləri isə sifariş edilən şəxslər tərəfindən istifadə edilmişdir. Belə olan halda (sifarişçi məlum, təyyarə reysi məlum, uçan məlum) kiməsə ziyan dəydiyi və ya maliyyə pozuntusuna yol verildiyini qeyd etmək məntiqsizdir. Qətnamə məhkəmədə müəyyən edilmiş hallarla əsaslandırılmamışdır. Mövcud olmayan hallarla bağlı ümumi sözlərlə tərtib edilnişdir. Bu da AR MPM-nin 217.4- cü maddəsinin tələbinə tam ziddir. Hazırkı mübahisə üzrə ziyan vurma iki halda baş verə bilərdi. 1 - tərəflər arasında müqavilə şərtinin cavabdeh tərəfindən pozulması, 2 - cavabdehin maliyyə pozuntusuna (maliyyə fırıldağı, dələduzluq və s.) yol verməsi. Lakin iş üzrə bunun heç biri müəyyən edilməmişdir. Bütün hallarda müqavilə tərəfi olaraq cavabdehin müqavik şərtlərinin daxilində hərəkət etmişdir. Əgər iddiaçı müqavilə şərtlərinə uyğun hərəkət edər cavabdehin hərəkətlərində ziyan dəydiyini hesab edirsə, bunun günahı müqavilə tərəfi olaraq, iddiaçının özünə aiddir. Çünki müqavilədə şərtləri o, müəyyən etmişdir. Müqavilənin 6.2-6.3-cü bəndlərinin şərtinə görə kartların istifadəsi İlə bağlı bütün hallarda məsuliyyət cavabdehə aid edilir və tələblər ona yönəldiləcəyi, bu məsələlərlə bağlı bank hər hansı məsuliyyət daşımır. Belə olan halda yəni əgər kart sahibləri onalara aid kartların iradələrinə zidd istifadə edildiyi (şifrədən istifadə etməklə pulların oğurlanması) Hə bağlı irəli sürdüklər tələblər var idisə, bank niyə ödəyirdi. Ödəməkdə məqsədi nə idi. Lakin məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən həmin halları hüquqi qiymətdən kənarda saxlamış və aydınlaşdırmamışdır. Nəticədə cavabdehin üzərinə əsassız və hüquqa zidd olan, ona aid olmayan öhdəliklər qoyan qətnamə çıxarılmışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Səfərov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi S.Məmmədov onunla razılaşmamış, iddia ərizəsinə uyğun izahat vermiş və “VİSA” kartın regional nümayəndəliyinin birinci instansiya məhkəməsinə ünvanladığı məktubunda da pulun «X6»ndan tutulduğu öz təsdiqini tapdığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi E Məmmədov kartsız əməliyyatların POS termianala PİN-kod əlavə edilməklə aparılalın, riskli əməliyyatlar olduğunu bildirərək qeyd etmişdir ki, belə əməliyyat zamanı kartdan kənar silinmələr nəticəsində “Charebanck” (kart sahibinin etirazı) halı baş verir. Belə ki, müştərinin emitent bankı vasitəsilə kart sahibinə məlumat verilir, kart sahibi də qeyd-şərtsiz kartdan silinmiş vəsaiti POS terminalında aparılan bankın hesabından akseptsiz qaydada tutulur. Konkret halda da oxşar hadisə baş vermiş, cavabdeh MMC-nin müştərisi ilə “X11” adlı şəxslə 2018-ci ilin aprel-may aylarında aparılan əməliyyatlar zamanı kartlarından silinmələr baş vermiş və kartın sahibi “Viza Kart” iddiaçı bankdan həmin pulu tutmuşdur. Bu halda da, bankın VİSA kartdan pulun tutulmasına etiraz etmək hüququ yoxdur. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinə və apellyasiya şikayətinə əsasən müəyyən edilən tərəflərin mövqeyindən göründüyü kimi, onlar arasında 12.12.2017-ci il tarixdə 1720 saylı müqavilə bağlandığı işin mübahisələndirilməyən halını təşkil edır. Həmin müqavilənin: 1-.1-ci bəndinə əsasən bank ("X6" ASC) partnyora (Cavabdeh MMC) səlahiyyət verir eki, kartları mallara, işlərə və xidmətlərə ödəniş kimi qəbul etsin. MiiliKart partnyouru kartlarla əməliyyat lar keçirək üçün texniki imkanla təmin edir, hesabların işlənib hazırlanması və hesablaşma məlumatının banka verilməsini həyata keçirir. Bank kartlardan istifadə etməklə keçirilən əməliyyatların məbləğini, komisyon haqları tutulmaqla, partnyorun hesabına köçürülməsini həyata keçirir. 1.2-ci bəndinin birinci bəndindən görünür ki, VİSA kartlar, POS terminal və s. müqavilədə istifadə olunan əsas anlayşlar hesab olunur. 4.1-ci bəndinə əsasən kartla bankomat, POS-terminal və digər avadanlıqlar vasitəsilə nağd pul vəsaitinin əldə olunması yalnız kar istifadəçisi tərəfindən PİN-kodun daxil edilməsi ilə həyata keçirilir. 2.1.8-ci bəndinə əsasən bank partnyorun ərizəsi əsasında “Manual Entry” funksiyasını (kartın iştirakı olmadan əməliyyat aparılması) aktivləşdirməyi öhdəsinə götürür. 2.3.25-ci bəndinə əsasən partnyor POS terminallar vasitəsilə Maestro və Aisa Elektron və s. növlü kartlara xidmət göstərərkən müştərinin PİN-kod yığmasınıtəmin etməlidir. PİN-kod şəxsən müştərinin özü tərəfindən yığılmalıdır. Əks təqdirdə Charebanck” (kart sahibi etiraz edərsə) ödənişlər üzrə tam məsuliyyəti partnyor daşıyacaqdır. 2.3.26-cı bəndinə əsasən partnyor kartın dövlət mənsubiyyətindən asılı olmayraq bütün ölkələrdə buraxılan kartları qəbul etməlidir. 2.3.27-ci bəndinə əsasən bankın icazəsi olmadan, partnyor “Card not present” (kartın iştirakı olmadan) tipli əməliyyatlar həyata keçirə bilməz. İşə əlavə olunmuş 20 dekabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, qeyd olunan müqavilə şərtlərinə müvafiq olaraq, iddiaçı tərəfindən İD POS 22726 olan terminal cavabdehə işlək vəziyyətdə təhvil verilmiş və sonuncu onun istifadə qaydaları ilə tanış olmuşdur. İddia ərizəsinə, cavabdehin apellyasiya şikayətinə və iş üzrə digər sənədlərə, habelə, işdə iştirak ədən şəxslərin izahatlarına əsasən işin mübahisələndirilən halları cavabdeh tərəfindən iddiaçıya məxsus POS terminalda aparılan “Manual Entry” əməliyyat zamanı “Chargeback” halının baş verməsi nəticəsində iddiaçının hesabından 88.975,14 ABŞ dolları məbləğində vəsaitin silinməsi ilə bağlıdır. Daha konkret adıçəkilən “Chargeback” əməliyyatı - “X11” adlı şəxsə məxsus 13 ədəd kartından, 2018-ci ilin aprel-may aylarında cavabdehdən aviabilet alınması üzrə əməliyyatların həyata keçirilməsi zamanı, ümumilikdə, qeyd olunan məbləğdə pul vəsaitinin silinməsi səbəbindən baş vermişdir. Üçüncü şəxs “xxxx” MMC-nin işə əlavə olunmuş iddiaçıya ünvanlanan 15 fevral 2019-cu il tarixli 28/22 saylı məktubundan da görünür ki, cavabdeh tərəfindən istifadə edilən İD POS (22726) terminalında həyata keçirilən əməliyyatlar 28.04.2018-ci il tarixdən 05.05.2018-ci il tarixədək (kart nömrəsini əl ilə daxil etmə üsulundan (X10) istifadə edərək) həyata keçirilmişdir. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə mühasibatlılıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2020-ci il tarixli 26379 saylı rəyi və “xxxx” MMC-nin çıxarış məlumatlarında VİSA şirkəti tərəfindən “chargeback” əməliyyatı nəticəsində “xxxx” KB ASC-nin hesabından 88.975,14 ABŞ dolları məbləğində vəsaitin tutulduğu və əməliyyatların aparıldığı kart nömrələrinin “Cavabdeh MMC-nin “xxxx” KB ASC-də olan hesabında və “X11” adlı şəxsə məxsus plastik kartlardan aparılan əməliyyatlar olduğu öz təsdiqini tapır. Eyni zamanda, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş, “VİSA” Kartın Regional nümayəndəliyinin birinci instansiya məhkəməsinə ünvanladığı məktubunda “chargeback” əməliyyatı baş verməsi “xxxx” KB ASC-dən pulun tutulduğu öz təsdiqini tapır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin kart sahiblərinin kimliyinin müəyyən edilmədiyini mübahisələndirən dəlilləri əsassızdır. Cavabdehin apellyasiya şikayətində həmçinin, mübahisələndirir ki, “Manual entry” funksiyasının aktivləşməsi ilə bağlı sonralar yarana biləcək bütün problemlərə görə cavbdehin məsuliyyəti öz üzərinə götürməsi barədə öhdəlik tərəflər arasındakı müqavilədə nəzərdə tutulmamış, ərizənin verilməsi isə müqavilənin 2.1.8-ci bəndinin tələbindən irəli gəlsə də,həmin tələb yalniz “Manual Entry” funksiyasını aktivləşdirilməsi ilə bağlı olub, cavabdehin yox, iddiaçının müqavilə üzrə öhdəliyinə aid edilir və müqavilə üzrə tərəflərin öhdəliyi ərizə ilə deyil, müqavilə şərtlərindən irəli gəlir.” Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəliləri ilə də aşağıdakılara görə razılaşmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Tərəflər arasındakı müqavilənin 2.1.8-ci bəndindən görünür ki, iddiaçı (bank) cavabdehin (partnyor) ərizəsi əsasında “Manual Entry” funksiyasını (kartın iştirakı olmadan əməliyyat aparılması) aktivləşdirməyi öhdəsinə götürmışdür. Lakin, bunun qarşılığı olaraq, müqavilənin digər 2.3.25-ci bəndi ilə cavabdehin də üzərinə öhdəlik qoyulmuşdur ki, POS terminallar vasitəsilə Maestro və Visa Elektron və s. növlü kartlara xidmət göstərərkən müştərinin PİN-kod yığmasını təmin etməli və PİN-kod şəxsən müştərinin özü tərəfindən yığılmalıdır, əks təqdirdə, “Charebanck” (kart sahibi etiraz edərsə) ödənişlər üzrə tam məsuliyyət daşıyacaq. Göründüyü kimi, iki müqavilə şərti bir-birini tamamlayır. Yəni, konkret halda, cavabdehin ərizəsi əsasında “Manual Entry” funksiyasını aktivləşdirilmək iddiaçının üzərinə düşən öhdəlik olsa da, həmin əməliyyat zamanı yarana biləcək bütün probləmlər üzrə məsuliyyət cavabdehin öz üzərinə düşür. Deməli, banka dəyən zəzərə görə məsüliyyəti də məhz cavabdeh Cavabdeh MMC daşıyır. Onu da qeyd etmək lazımdır ki, müqavilənin 10.3-cü bəndi ilə tərəflər razılığa gəlmişlər ki, məxfi məlumatları gizli saxlayacaq və onları yalnız digər Tərəf qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi məqsədilə istifadə edəcək. Tərəflər məxfi məlumatı işçilərinə, müdirlərinə yalnız o şərtlə açıqlaya və ya ötürə bilər ki, sadalanan şəxslər həmin məlumatı bu Müqavilənin şərtlərinə uyğun olaraq gizli saxlayacaqlar. Müqavilənin bu şərti baxımından da, məsuliyyət əməliyyatı aparmış cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 351.3-cü maddəsi də nəzərdə tutur ki, əgər əqdi onun barəsində mübahiisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o. mübahisə etmək hüququnu itirir. İşə əlavə olunmuş, cavabdehin iddiaçıya ünvanlanmış 12.04.2018-ci il tarixli ərizəsi isə aşağıdakı məzmunda ifadə olunmuşdur : Yazıb sizdən xahiş edirik ki, bizim şirkətə aid aşağıda qeyd edilmiş obyektdə olan xxxx pos terminalında “Manual entry” funksiyasını aktivləşdirəsiniz. Bu funksiyanın aktivləşməsi ilə bağlı sonralar yarana biləcək bütün problemlərə görə məsuliyyəti öz üzərimizə götürürük.” Birincisi, ərizənin mətnindən də göründüyü kimi, müqavilənin qeyd olunan 2.18-ci və 2.3.25-ci bəndlərinin şərtlərində ehtiva olunan mənaya tamamilə uyğundur, qeyd olunan şərtlərə müvafiq verilmişdir. Ona görə də cavabdehin apellyasiya şikaytinin cavabdehin öhdəliyi ərizə ilə deyil, müqavilə şərtlərindən irəli gəldiyini vurğulayan dəlilləri əsassızdır. Hətta cavabdehin deydiyi kimi kimi qəbul olunsa belə, onun “pos terminalda “Manual entry” funksiyasını aktivləşdirilməsi ilə bağlı yarana biləcək bütün problemlərə görə məsuliyyəti öz üzərimizə götürməsi” barədə həmin ərizəsi birtərəli əqd meyarlarına uyğun gəlir. Mülki Məcəlləin 326-cı maddəsinin tələbindən isə görünür ki, birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Qanunvericiliyin qeyd olunan tələbi baxımından, cavabdeh tərəfindən ərizəsində üzərinə götürdüyü həmin öhdəyliyin yerinə yetirilməsi onun vəzifəsidir. Yəni, iddiaçıya məxsus POS terminalda müştərisi “X11” adlı şəxsə məxsus plastik kartların iştirakı olmadan, apardığı əməliyyatlar zamanı “Charebanck” (kart sahibi etirazı) tətbiq olunmaqla, kart sahibi (VİSA) tərəfindən iddiaçıdan 88.975,14 ABŞ dolları məbləğində pulun tutuluması nəticəsində, sonuncunun məruz qaldığı həmin zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən isə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Tədqiq olunan sübutlarla cavabdeh müşətrisi ilə POS terminal vasitəsilə keçirdiyi əməliyatlar nəticəsində iddiaçının 88.975,14 ABŞ dolları məbləğində maddi zərərə məruz qaldığı sübuta yetirilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuş, nəticədə “Charebanck” əməliyyatı üzrə iddiaçıya 88.975,14 ABŞ dolları məbləğində maddi zərər dəymişdir. İş materiallarına və tərəflərin nümayəndələrinin izahatlarına əsasən həmin zərərin 5.454,59 ABŞ dolları məbləğində olan hissəsinin cavabdehin bank hesabından iddiaçının hesabına silindiyi işin mübahisələndirilməyən halıdır. Zərərin yerdə qalan 83.520,55 ABŞ dolları məbləğində hissəsi isə ödənilməmiş qalmışdır. Ona görə də mülki qanunvericiliyin qeydd olunan tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin məbləğin də cavabdehdən bankın xeyrinə tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə də, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-89/2020 saylı 29.09.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən həmin halları hüquqi qiymətdən kənarda saxladığını və aydınlaşdırmadığını, nəticədə, cavabdehin üzərinə əsassız və hüquqa zidd olan, ona aid olmayan öhdəliklər qoyan qətnamə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-89/2020 saylı 29.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar