Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-465/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbinə dair” iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1181/2022 nömrəli 27 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 01 noyabr 2016-cı il tarixli, 01 nömrəli müqaviləyə əsasən iddiaçı müqavilənin 1 saylı əlavəsində göstərilən malları alıcıya satmağı, alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 1-ci bəndində qeyd edilmişdir ki, müqavilənin qiymətinin ödənilməsi tərəflər arasında malın qəbul edilməsinə dair Təhvil-Qəbul aktının və ya X1 imzalanmasından sonra həyata keçirilir.
3. Müqavilənin 2-ci bəndində qeyd edilmişdir ki, malın miqdarı, çeşidi, vahidin qiyməti və spesifikasiyası bu müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilir.
4. İşin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən iddiaçıdan müxtəlif mallar (dəftərxana ləvazimatları) alınmış və ümumilikdə 23340,29 manat məbləğində ödəniş edilmiş, sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir.
5. İddiaçı tərəfindən məhkəməyə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş elektron qaimələr və qaimə-fakturalara görə mallar cavabdehə 2017-ci ilin yanvar-may aylarında təhvil verilmişdir.
6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubunda iddia ərizəsində qeyd edilmiş borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 13675,39 manat məbləğində əsas borc, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1367,53 manat pul və ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə "X6 A" MMC arasında 01 noyabr 2016-cı il tarixli, 01 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetinə görə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə satıcının bu müqavilənin 1 saylı əlavəsində göstərilən malları alıcıya satması, alıcının isə əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə məbləği ödəməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 5-ci bəndinə görə alıcı bu müqaviləyə uyğun müddətdə və qaydada ödənişi həyata keçirməlidir. Həmin müqavilənin 6-cı bəndinə görə alıcı malları qaimə ilə təhvil verildiyi gündən 30 bank günü ərzində malın dəyərini ödəyir. Həmin müqavilənin 9-cu bəndinə görə müqavilə müddətsiz bağlanmışdır. Lakin bir ay qabaqcadan qarşılıqlı rəsmi məlumatla pozulana qədər, həmçinin bu müqavilə üzrə bütün öhdəliklərin tam və müvafiq qaydada icrasına qədər qüvvədədir. İddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, malları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh hazırkı müqavilə üzrə yalnız 23340,29 manat məbləğində ödəniş etmiş, qalıq 13675,39 manat məbləğində pulu hal-hazıradək ödəməmişdir. MM-nin 445.7ci maddəsini rəhbər tutaraq hesab edirlər ki, 13675,39 manat üçün illik 5 %, yəni 1367,53 manat (13675,39 x 5 % x 3 il) məbləğində pul vəsaiti də iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.
9. Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin əsasla da iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1181/2022 saylı qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia qismən təmin edilərək Cavabdeh MMC-dən 10975,13 manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 1367,53 manat və 200 manat mediasiya xərci olmaqla, cəmi 12542,66 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olduğu müəyyən edilmişdir. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.
12. Məhkəmə hesab etmişdir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən əsas borca görə ƏDV daxil 10975,13 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, cavabdehin nümayəndəsi iddiaçı ilə aralarında 34315,42 manat məbləğində dövriyyənin olduğunu və borcun tam olaraq ödənildiyini bildirmişdir. İddiaçı tərəf həmin rəqəmin 37015,68 manat olduğunu bildirərək, həmin məbləğdən 23340,29 manat məbləğində ödəniş edildiyi, qalıq məbləğin 13675,39 manat təşkil etdiyini bildirmiş, bununla bağlı məhkəməyə elektron qaimələr, qaimə-fakturalar, elektron vergi hesab-faktura və s. təqdim etmişdir. Həmin sənədlərin bəziləri iddiaçı tərəfindən birtərəfli qaydada imzalanmışdır. Dövriyyənin tam olaraq 37015,68 manat təşkil etməsi ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutların təqdim olunmamasını, cavabdehin nümayəndəsinin 34315,42 manat məbləğində dövriyyənin olduğunu bildirməsini, lakin həmin məbləğin tam olaraq ödənilməsi barədə sübut təqdim etməməsini, eyni zamanda 23340,29 manat məbləğində ödənişin edildiyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdehndən 10975,13 manat (34315,42- 23340,29=10975,13) məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır.
13. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilməyə görə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan 1367,53 manat məbləğin cavabdehdən tutulması ilə bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh icranı gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik 5 faizlə hesablanmış məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və gecikdirilmiş vaxt nəzərə alınaraq, həmin hissədə iddia təmin olunmalı və cavabdehdən 1367,53 manat (min üç yüz altmış yeddi manat əlli üç qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
14. İddia müddətinin ötürülmədiyinə dair mövqeyini məhkəmə belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilə 01 noyabr 2016-cı il tarixdə bağlansa da, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 1382 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmiş, bu hal cavabdehin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkət kimi qəbul edilmiş, iddia müddətinin axımının kəsildiyi müəyyən edilmişdir. Hazırkı tələblə bağlı isə iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən iddia müddəti ötürülməmişdir.
15. Məhkəmə öz mövqeyini MM-in 372.1, 373.1, 373.2, 374.1, 374.2, 375.2, 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 567, 598.1, 598.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 28 noyabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, müqavilənin 3-cü bəndində malın qəbulu qaydası qeyd edilmişdir. Həmin bəndə əsasən tərəflər arasında malın kəmiyyətcə qəbuluna dair Təhvil-təslim aktı və ya X2 imzalanmalıdır. İddiaçı tərəfindən isə məhkəməyə qaimələrdə əks olunmuş malların Cavabdeh MMC–yə verilməsini, onların təhvil-təslimini təsdiqləyən, malların anbardan çıxmasını təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Təqdim edilmiş qaimə fakturalardan Cavabdeh MMC-yə ünvanlanmış 03 fevral 2017-ci il tarixli, 313969 nömrəli qaimə-faktura sistemə əlavə edilmiş qaimə fakturalar arasında görülməməkdədir. İddiaçı tərəfindən təqdim edilmiş elektron-qaimələrin Əliyev Habil və Əliyev İsmayıl tərəfindən qəbul edildiyi qeyd edilsə də, cavabdeh tərəf olaraq tələb edilməsinə baxmayaraq malların həmin şəxslər tərəfindən qəbul edilməsinə dair təhvil-təslim aktları təqdim edilməmişdir. Halbuki müqavilənin bəndlərində birbaşa nəzərdə tutulmuşdur ki, malların məhz kəmiyyətcə qəbuluna dair X8 və ya X4malıdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıdan mal alınmamışdır, malların alınmasını təsdiq edən sənəd yoxdur. Məhkəmə bunu nəzərə almamışdır. Bundan başqa iddia müddətinin tətbiqi barədə ərizə verilsə də təmin edilməmişdir. Hesab edirik ki, məhkəmə tərəfindən qanunvericilik düzgün tətbiq edilməmişdir. Cavabdeh tərəfindən ödənilmiş bütün ödənişlər 2017-ci ilin fevral-mart aylarında təqdim edilmiş və hər iki tərəf tərəfindən təsdiqlənmiş qaimə-fakturalar əsasında olmuşdur. Bu baxımdan 2019-cu ildə edilmiş ödəniş də 2017-ci ilin fevral ayına aid olan qaimə faktura (cavabdehdə ancaq qaimə fakturalar məlumdur) üzrə edildiyindən hesab edirik ki, iddia müddəti təqdim edilmiş digər elektron qaimələrə münasibətdə ötürülmüşdür. Vergi ödəyicisi malları təhtəl-hesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına rəsmiləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı mal göndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəl hesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab faktura tərtib edilməklə həyata keçirilir. Topdan-satış və bölüşdürücü bazarlardan, anbarlardan mallar ticarət obyektlərinə məsul şəxsin sifarişi əsasında buraxılır. Məhkəmə proseslərində alıcının sifarış məktubları təqdim edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 oktyabr tarixli e-2-2(103)-814/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 may tarixli e2-2(113)-1181/2022 saylı qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv edilmiş, iddia Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 12.452,66 manat pulun tutulması hissəsində rədd edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh iddiaçıya təhvil alınmış mallar üzrə 34.000 manatdan artıq ödəniş etdiyini bildirməklə həmin dəyərdə malların cavabdehə təhvil verilməsi faktını dolayısı ilə etiraf etdiyindən, iddiaçı tərəfindən təhvil verilmiş mallarla bağlı məhkəməyə sübut qismində təqdim edilmiş elektron qaimələrə və qaimə fakturalara cavabdeh tərəfindən etiraz bildirilmədiyindən, tərəflər arasında formalaşmış işgüzar münasibətlər araşdırılarkən dəyəri ödənilmiş mallarla bağlı təhvil-təslim aktı və ya X2 tərtib edildiyi müəyyən edilmədiyindən malların cavabdehə təhvil verildiyinin mötəbər sübutlarla təsdiq edilmədiyinə dair cavabdehin mülahizələri əsassız hesab edilmişdir.
21. Məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Belə ki, hazırkı halda iddiaçının məhkəməyə təqdim etdiyi 2016-cı il 1 noyabr tarixli, 1 saylı yazılı müqavilə formasında tərtib edilmiş sənəddə alqı-satqı müqaviləsinin mühüm şərtləri-satılacaq məhsulların nədən ibarət olması, qiyməti, ödəniş qaydası nəzərdə tutulmadığından MM-in 405-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, həmin sənəd yazılı alqı-satqı müqaviləsi deyildir, müqavilənin mühüm şərtlərinin öz əksini tapmadığı ilkin müqavilə hesab edilə bilər.
22. Qeyd edilən ilkin müqavilənin 2-ci bəndində malın miqdarı, çeşidi, vahidin qiyməti və spesifikasiyasının bu müqavilənin 1 saylı əlavəsi ilə müəyyənləşdiriləcəyi nəzərdə tutulsa da tərəflərin nümayəndələrinin izahatlarına əsasən, belə bir əlavə tərtib edilməmişdir. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında bildirmişdir ki, mallar cavabdeh tərəfindən şifahi olaraq sifariş verilmiş, bütün şərtlər şifahi olaraq razılaşdırılmış, malların qiyməti elektron qaimələrdə qeyd edilmişdir.
23. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab etmişdir ki, hazırkı halda tərəflər arasında alqı-satqı müqaviləsinin mühüm şərtlərinin (məhsulun növü, miqdarı, qiyməti) şifahi olaraq hər bir sifariş üzrə ayrıca razılaşdırıldığı müəyyən edildiyindən iddia müddətinin axımı hər bir qaimə üzrə ayrı-ayrılıqda hesablanmalıdır.
24. Tərəflər arasında bağlanmış ilkin müqavilənin 6-cı bəndində tərəflər arasında bağlanacaq alqı-satqı müqavilələri üzrə öhdəliklərin icra müddəti razılaşdırılmış və qeyd edilmişdir ki, malların dəyəri qaimə ilə təhvil verildiyi vaxtdan 30 bank günü ərzində ödənilməlidir. Belə olan halda cavabdehə göndərilmiş elektron qaimələr üzrə malların dəyərinin ödənilməsi ilə bağlı cavabdehin öhdəliyi qaimənin alındığı vaxtdan 30 bank günü ərzində icra edilməli olduğundan iddia müddətinin axımı da bu müddət bitdikdən sonra başlamışdır.
25. Cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərdə təyinat göstərilmədiyindən müəyyən olunmuşdur ki, MM-in 432.3-cü maddəsinin tələbi nəzərə alınaraq iddiaçı tərəfindən ödənilmiş vəsait öhdəliyin yaranma ardıcıllığı üzrə (malların təhvil verilməsi ilə bağlı qaimələrin göndərilmə ardıcıllığı üzrə) borclara silinmiş, sonuncu qaimələr üzrə (əsasən 2017-ci ilin may ayında göndərilmiş) borc ödənilməmişdir. İddia müddətinin axımı hər bir elektron qaimə üzrə ayrıca hesablanmalı olduğu halda birinci instansiya məhkəməsi isə MM-in 377-ci maddəsinin tələbini nəzərə almayaraq hesab etmişdir ki, üç illik iddia müddətinin axımı 2016-cı il 1 noyabr tarixli müqavilə bağlandığı tarixdən başlamış, 2019-cu il 18 fevral tarixində kəsilmişdir.
26. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab etmişdir ki, cavabdehə sonuncu elektron qaimələrin 2017-ci il 16 may tarixində göndərildiyi nəzərə alınarsa iddiaçının təqdim etdiyi bütün qaimələr üzrə üç illik iddia müddəti 2020-ci il 16 iyul ayında bitmişdir. İddiaçı hazırkı mübahisə ilə bağlı 2022-ci ilin yanvar ayında mediasiya təşkilatına, fevral ayında isə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Əsas tələb üzrə iddia müddəti keçdiyindən əlavə tələblər üzrə də iddia müddətinin keçdiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia müddəti ötürüldüyü üçün iddiaçının tələbi tam rədd edilməlidir.
27. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 373.2, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 405.1, 405.2, 432.3, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 567, 598.1-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci; MPM-in 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır c)Kassasiya instansiya məhkəməsində birinci icraat
28. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarı ilə hakimlər (İ.Dadaşov, A.Abbasov və B.Qəribov) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 oktyabr tarixli e-2-2(103)-814/2022 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və iddiaçının kassasiya şikayəti qismən təmin edilmişdir.
30. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərdə təyinat göstərilmədiyini qeyd etsə də, sonradan bu halı iddiaçının ziyanına qiymətləndirməklə həmçinin öz mövqeyinə zidd nəticəyə gəlmişdir. Belə ki, həmin ödənişlərdə ödənişin təyinatının göstərilməməsi bu ödənişlərin konkret olaraq hansı qaimə faktura üzrə həyata keçirildiyini müəyyən etməyə imkan vermir və belə olan halda da bu ödəniş konkret hər hansı qaimə-faktura üzrə deyil, ümumilikdə borcun bir hissəsinin ödənişinin həyata keçirildiyini təsdiq edir. Məhkəmə kollegiyası hər qaimə faktura üzrə ayrıca ödənişin həyata keçirilməli olduğunu da səhvən vaxtaşırı ödənişlərə aid etməklə MM-in 373.3-cü maddəsinin tətbiqində də səhvə yol verilmişdir. Halbuki, alqı-satqı müqaviləsi üzrə yaranmış vahid borc vaxtaşırı icra edilməli olan öhdəliklərə aid edilə bilməz və bu zaman məhz MM-in 373.2-ci maddəsi tətbiq edilməli idi. Bu isə öz növbəsində həmin norma ilə bərabər MM-in 432.3-cü maddəsinin səhv tətbiqinə, MPM-in isə 88-ci maddəsinin pozulmasına səbəb olmuşdur. İş materiallarından isə kreditorun, borclu tərəfindən öhdəliyin hissə-hissə icrasına razılıq verdiyi görünmür və bu məsələ ümumiyyətlə müzakirə predmeti olmamışdır. Malların dəyərinin, qaimə ilə təhvil verildiyi vaxtdan 30 bank günü ərzində ödənilməli olduğu barədə müqavilədə qeyd edilənlər isə yalnız tərəflərə, öhdəliklərini icra etmədikləri təqdirdə cərimə və s. tətbiq edilməsi, hesablanması üçün əhəmiyyət kəsb edə bilərdi. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən isə tərəflər arasında müqavilə 2016-cı il 1 noyabr tarixində bağlansa da, cavabdeh tərəfindən sonuncu dəfə 2019cu il 18 fevral tarixində 1.382 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmiş, hazırkı tələblə bağlı isə iddiaçı 2022-ci il 3 fevral tarixində məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında vurğulanmış hüquqi mövqelərə uyğun olaraq borcun qismən ödənilməsi borcun etirafı olaraq dəyərləndirilir, cavabdeh tərəfindən isə qeyd edildiyi kimi, 2019-cu il 18 fevral tarixində iddiaçının hesabına ödənişin edilməsi, cavabdehin borcu etiraf etməsini göstərən və təsdiqləyən, beləliklə də iddia müddətinin axımını kəsən hərəkət kimi qəbul edilməlidir.
Proses iştirakçılarının izahatı
31. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
32. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
33. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
34. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
35. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
36. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
37. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
38. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
39. Maddə 405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
40. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
41. Maddə 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
42. Maddə 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
43. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
44. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
45. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
46. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
53. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
54. Qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya baxışının predmetini həmin hissə təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir.
57. İddiaçı hazırki tələbində yaranmış borc olaraq 13675,39 manat məbləğində əsas və gecikdirilməyə görə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan 1367,53 manat məbləğində borcun tutulmasını tələb etmişdir.
58. Məhkəmə iddia tələbini qismən təmin etməklə 10975,13 manat məbləğində əsas və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 1367,53 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir.
59. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
60. İşin müəyyən edilmiş hallarına əsasən mübahisəsizdir ki, ümumilikdə 23340,29 manat məbləğində ödəniş edilmişdir.
61. İddiaçı dövriyyənin 37015,68 manat olduğunu bildirsə də, bu halı təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmiş, cavabdeh isə dövriyyənin 34315,42 manat olduğunu bildirərək, tam ödənildiyini qeyd etsə də, tam ödəməsini sübuta yetirə bilməmişdir.
62. Məhkəmə də haqlı olaraq dövriyyəni cavabdehin qeyd etdiyi 34315,42 manat götürməklə, ödənilmiş 23340,29 manat məbləği həmin məbləğdən çıxmaqla, qalan 10975,13 manat əsas borcun tutulmalı olması qənaətinə gəlmişdir.
63. Gecikdirməyə görə illik 5 faizlə hesablanan borc məbləğinə aid hissədə isə Kollegiya qeyd edir ki, tutulması müəyyən edilmiş əsas borc 10975,13 manat olduğundan, gecikdirməyə görə illik 5 faizlə hesablanan borc məbləği 1646,26 manat təşkil edir (10975,13x5%x3), iddiaçı isə 1367,53 manat tələb etdiyindən məhkəmə də haqlı olaraq bu hissədə iddia tələbi həcmində iddianı təmin edərək, illik 5 faizlə hesablanmış borc olaraq 1367,53 manat tutulması qənaətinə gəlmişdir.
64. İddia müddəti ilə bağlı cavabdehin dəlilini əsassız hesab edən Kollegiya qeyd edir ki, məhkəmə haqlı olaraq iddia müddətinin ötürülməməsi qənaətinə gəlmişdir.
65. Həyata keçirilmiş ödənişlərdə ödənişin təyinatının göstərilməməsi bu ödənişlərin konkret olaraq hansı qaimə faktura üzrə həyata keçirildiyini müəyyən etməyə imkan vermir və belə olan halda da bu ödəniş konkret hər hansı qaimə-faktura üzrə deyil, ümumilikdə borcun bir hissəsinin ödənişinin həyata keçirildiyini təsdiq edir.
66. Malların dəyərinin, qaimə ilə təhvil verildiyi vaxtdan 30 bank günü ərzində ödənilməli olduğu barədə müqavilədə qeyd edilənlər isə yalnız tərəflərə, öhdəliklərini icra etmədikləri təqdirdə cərimə və s. tətbiq edilməsi, hesablanması üçün əhəmiyyət kəsb edə bilərdi.
67. Tərəflər arasında müqavilə 1 noyabr 2016-cı il tarixdə bağlansa da, cavabdeh tərəfindən sonuncu dəfə 18 fevral 2019-cu il tarixdə 1.382 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilməklə iddia müddətinin axımı kəsilmiş və yeni müddətin axımı başlamışdır. Hazırkı tələblə bağlı isə iddiaçı 3 fevral 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
68. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ləğv edilməsinə əsas vermir.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1181/2022 nömrəli iş üzrə 27 may 2022ci tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.