Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-467/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-17/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı MMC-yə dəymiş real zərərə görə 31500 manat, əldən çıxmış faydaya görə 3470 manat olmaqla, cəmi 34970 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehxxxxMMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(82)-17/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-793/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MMC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-135/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili X2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı MMC ilə X6 arasında xx xxxx 2014-cü il tarixli 14/766 saylı daxili lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən Rauf Niftəliyevə 36 ay müddətinə qiyməti 31500 manat təşkil edən 1 ədəd “Lexus LX460” sedan markalı, 99AB522 dövlət qeydiyyat nişanlı minik avtomobili lizinqə verilmişdir. xx.xx.2015-ci il tarixdə, təxminən saat 22:30 radələrində Bakı şəhəri, Ə.Rəcəbli küçəsində 10TN305 qeydiyyat nişanlı “Mersedes” markalı avtomobil ara məsafəsini düzgün saxlamadığından lizinqalanın idarə etdiyi “Lexus LS 460” markalı 99AB522 dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, zərbənin təsirindən lizinq obyekti avtomobilin arxa hissəsi əzilmişdir. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar 10TN305 qeydiyyat nişanlı “Mersedes” markalı avtomobilin sürücüsü olmuşdur. Hadisədən sonra “Lexus LX 460” markalı 99AB522 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 26 saylı ünvanında yerləşən “xxxx” MMC-yə məxsus servis mərkəzinin ərazisində yerləşdirilmişdir. Lakin xx xxxx 2015-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 26 saylı ünvanda yerləşən “xxxx” MMC-nin ərazisində olarkən həmin avtomobildə yanğın hadisəsi baş vermiş və nəticədə avtomobil yanaraq, tam yararsız hala düşmüşdür. Bununla bağlı “xxxx” MMC tərəfindən xx.xx.2015ci il tarixli quşu aktı tərtib edilmişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı Bakı şəhəri Xətai rayon Polis İdarəsində müvafiq araşdırılma aparılmış və həmin İdarənin Polis Şöbəsinin müstəntiqi X.Şükürovun xx.xx.2015-ci il tarixli qərarı ilə cinayət işinin bağlanması rədd edilmişdir. Həmin araşdırılma zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2015-ci il tarixli 11091 saylı məhkəmə yanğın-texniki ekspertizası rəyi verilmiş və həmin rəyə əsasən müəyyən edilmişdir ki, “Lexus LX 460” markalı 99AB522 dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğının mənbəyi avtomobilin yük bölməsinin sol əzilmiş küncündə nöqtəvi sahədən başlamış və münbit hava mübadiləsi şəraitində yanar materialların səthi ilə genişlənərək avtomobilin yük bölməsinə və salonuna keçmiş, avtomobilin arxa sol tərəfdə yerləşən elektrik qurğularının elektrik naqillərində yaranmış qəza halı (avtomobildə baş vermiş avtoqəza nəticəsində naqillərin izolyasiya qatının pozulması ilə qısa qapanma) nəticəsində əmələ gəlməsi üçün xarakterik olan lokal formalı damar ərimələrin əlamətləri vardır, avtomobildə baş vermiş yanğına səbəb, elektrik naqillərində yaranmış qəza halı (qısa qapanma) olmuşdur. X8 cavabdehlər İddiaçı MMCyə, ləğv prosesində olan “xxxx” ASC-yə və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyektinə dəymiş zərərin aradan qaldırılması və cavabdehlərdən 51962,34 manat tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı MMC-dən 16295 manat pul, hüquqi xidmətə görə 1000 manat və 30 manat dövlət rüsumunun tutularaq X8ə ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv olunmuş, həmin hissədə iddia qismən təmin olunaraq, cavabdeh İddiaçı MMC-dən 8380 manat pulun tutularaq iddiaçıya ödənilməsi və qətnamənin iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə X8in və cavabdeh İddiaçı MMC-nin kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı bildirir ki, avtomobil təmir üçün servisə yerləşdirildiyindən qeyd olunan hadisəyə cavabdehlik məhz “xxxx” MMC-də olmuşdur. Avtomobil avtoservisə yerləşdirildikdən sonra “xxxx” MMC-nin mütəxəssisləri servisə verilən əmlakın təhlükəsizliyini təmin etməli, naqillərini, akkumulyatorunu ayırmalı və sair lazımi işləri görməli olduqları halda bu təhlükəsizlik tədbirlərini görməmişlər. Bütün bu işlərin görülməməsi nəticəsində bu cür zərər baş vermişdir. Podratçı “xxxx” MMC ona saxlanca və təmirə verilən bütün avtomobillərə görə onların məhv olması və ya zədələnməsi və ya oğurlanması və s. digər risklər üzrə sifarişçilər qarşısında qanunvericiliklə cavabdehdir. Həmçinin işçilərinin (servis mütəxəssislərinin) hərəkət və ya hərəkətsizliyinə görə də “xxxx” MMC subyektiv məsuliyyəti daşıyır. Beləliklə, “Lexus LX-460” markalı avtomobilin məhv olması ilə iddiaçı əmlakından məhrum olmuş və ona 31500 manat məbləğində real zərər dəymişdir. Bundan başqa lizinq obyekti olan avtomobil tamamilə məhv olduğundan 14/766 saylı daxili lizinq müqaviləsinin tələblərinə müvafiq olaraq həmin müqaviləyə vaxtından daha əvvəl xitam verilmiş, bu barədə lizinqalana müvafiq bildiriş göndərilmiş və o, həmin bildirişi qəbzə imza etməklə qəbul etmişdir. 14/766 saylı daxili lizinq müqaviləsinin 2 saylı Əlavəsinə əsasən lizinqalan lizinq mükafat məbləği (dəyişən haqq) üzrə 8073 manat ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyekti məhv olanadək lizinqalan bu məbləğdən 4603 manat ödəniş etmiş, lizinq obyekti məhv olduğundan tərəflər arasındakı müqaviləyə xitam verilmiş və iddiaçı ödənilməmiş mükafat məbləği olan 3470 manat məbləğdən məhrum olmuşdur. Nəticə olaraq avtomobilin məhv olması nəticəsində iddiaçıya ümumilikdə 34970 manat maddi zərər dəymişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı lizinq obyekti olan avtomobildə baş verən yanğın hadisəsinin xx xxxx 2015-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 26 saylı ünvanda yerləşən “xxxx” MMC-nin ərazisində baş verdiyini iddia etdiyi halda, həmin avtomobilin servis mərkəzinə qəbul edilməsi, görüləsi işlər barəsində tərəflər arasında hər hansı formada müqavilə, saziş və razılaşmanın mövcud olmasını təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də bu əsaslar mövcuddur. Çünki xx.xx.2015-ci il tarixdə, təxminən saat 22:30 radələrində yol-nəqliyyat hadisəsi baş verdikdən sonra “Lexus LX460” sedan markalı 99AB522 dövlət qeydiyyat nişanlı minik avtomobilinin Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 26 saylı ünvanında yerləşən “xxxx” MMC-yə məxsus servis mərkəzinin ərazisində yerləşdirilməsi işin mübahisəsiz halıdır. Həmin avtomobilin məhz təmir üçün yerləşdirilməsi isə aşağıdakılarla təsdiq olunur. Belə ki, X8in cavabdehlər İddiaçı MMC-yə, ləğv prosesində olan “xxxx” ASC-yə və “xxxx” MMC-yə qarşı irəli sürdüyü zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-2977/2018 saylı qətnaməsi ilə işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixdə üçüncü şəxsin idarə etdiyi avtomobil lizinq obyekti ilə toqquşmuş, avtomobil təmir üçün “xxxx” MMC-yə məxsus servis mərkəzində yerləşdirilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində isə təsbit edilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa, baş vermiş yanğın hadisəsi ilə bağlı “xxxx” MMC-nin sığorta üzrə mütəxəssisi X7 tərəfindən Azərbaycan Respublikası FHN-nin 3-cü Dövlət X4 inspektoru Samir Feyzullayevə verdiyi izahatın kserosurətindən görünür ki, o, 98AB522 dövlət qeydiyyat nişanlı avtomobilin təmir üçün servizin ərazisinə gətirildiyini, avtomobilə üzdən baxış keçirildiyini, avtomobilin sahibinə sığorta şirkətinin razılığı ilə təmirə başlanacağı barədə məlumat verdiyini, avtomobilin sahibindən açarların aldığını, avtomobilə baxış keçirdikdən sonra akkumulyatorun ayırmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi tərəfindən həmin izahatın sübut kimi qəbul edilməsinə etiraz etməsini isə kollegiya qəbul etmir və qeyd edir ki, birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi həmin izahata istinad edərək, X3 şahid qismində dindirilməsi barədə vəsatət vermişdir. Həmçinin apellyasiya şikayətində həmin izahata istinad olunmuş, habelə işə birinci dəfə apellyasiya qaydasında baxılarkən keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən verilmiş izahatda da həmin şəxsin izahatına istinad olunmuşdur. Lakin cavabdeh tərəf həmin izahata etirazını bildirməmiş, əksinə həmin məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, avtomobilin açarı sığorta şirkətinin mütəxəssisləri tərəfindən qəbul edilmiş, servis şirkəti tərəfindən qəbul edilməmişdir. Bununla da, cavabdehin nümayəndəsi həqiqətən belə izahatın verildiyini dolayısı ilə etiraf etmişdir. Bundan başqa hazırki apellyasiya baxışında cavabdehin nümayəndəsi bildirdi ki, avtomobil təmir üçün “xxxx” MMC-nin ərazisinə gətirilsə də, avtomobilin təmiri ilə bağlı ödənişin kim tərəfindən edilməsi məsələsi aydın olmadığından müqavilə bağlanılmamış və qüsur aktı tərtib olunmamışdır. Göründüyü kimi avtomobilin məhz təmir üçün cavabdeh MMC-nin ərazisinə gətirilməsi halı tam təsdiq olunur. Avtomobilin təmir edilməsi ilə bağlı münasibətlər isə Mülki Məcəllənin 39-cu fəslinə aid podrat müqaviləsinə aid müddəalarla tənzimlənir. Mülki Məcəllənin həmin fəslinə aid 771-ci maddəsində göstərilmişdir ki, podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsində isə təsbit olunmuşdur ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu baxımdan kollegiya hesab edir ki, baş vermiş yanğın hadisəsinə görə məsuliyyəti məhz cavabdeh daşıyır. Çünki, avtomobil təmir üçün cavabdeh MMC-nin serviz mərkəzində yerləşdirildikdən sonra onun əməkdaşları lazımi diqqət göstərməmişlər və avtomobilin qorunması üçün müvafiq təhlükəsizlik tədbirlərini, o cümlədən qəzalı vəziyyətdə olan avtomobilin akkumulyatorunu ayırmamışlar. Bunun nəticəsində qısa qapanma baş vermiş və avtomobil yanaraq məhv olmuşdur. Göründüyü kimi zərərin ödənilməsi üçün zəruri olan bütün əsaslar, yəni zərərin mövcud olması, zərərin podratçı tərəfindən sifarişçinin əmlakı barəsində lazımi diqqət göstərilməsi öhdəliyinin pozulması nəticəsində vurulması, zərərlə cavabdehin öz öhdəliyinin pozulması arasında səbəbli əlaqənin olması və cavabdehin təqsirli olması əsasları mövcuddur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı avtomobilin yanması nəticəsində dəymiş zərərin əvəzinin buna məsul şəxs kimi cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Ona görə də, avtomobilin ümumi dəyəri olan 31500 manat məbləğində zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin əldən çıxmış faydanın ödənilməsi barədə iddia tələbləri də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Hazırki işin hallarında da ondan ibarətdir ki, iddiaçı lizinq predmeti olan avtomobili Rauf Niftəliyevə lizinqə vermiş, lakin cavabdehin təqsirli hərəkətsizliyi nəticəsində lizinq obyekti olan avtomobil məhv olduğundan lizinq müqaviləsinə xitam verilmiş və iddiaçı ödənilməmiş mükafat məbləği olan 3470 manat məbləğdən məhrum olmuşdur. Belə ki, iddiaçı ilə Rauf Niftəliyev arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14/766 saylı daxili lizinq müqaviləsinin 2 saylı Əlavəsinə əsasən lizinqalan lizinq mükafat məbləği (dəyişən haqq) üzrə 8073 manat ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyekti məhv olanadək lizinqalan bu məbləğdən 4603 manat ödəniş etmiş, lizinq obyekti məhv olduğundan tərəflər arasındakı müqaviləyə xitam verilmiş və iddiaçı ödənilməmiş mükafat məbləği olan 3470 manat məbləğdən məhrum olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, 3470 manat məbləğində əldən çıxmış fayda cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında podrat müqaviləsinin bağlanılmaması, qüsur aktının tərtib edilməməsi və s. bununla bağlı cavabdeh tərəfin dəlillərinə dair kollegiya edir ki, yuxarıda göstərildiyi kimi avtomobil məhz təmir üçün “xxxx” MMC-yə məxsus servis mərkəzinin ərazisində yerləşdirilmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi öz izahatında bildirdi ki, avtomobilin təmiri ilə bağlı ödənişin kim tərəfindən edilməsi məsələsi tam aydınlaşdırılmamışdır. Göründüyü kimi cavabdehin özünün bildirdikləri əsas götürüldüyü halda müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsinin bağlanması ilə bağlı hazırlıq işləri görülmüş, yəni avtomobil cavabdehin mərkəzinə gətirilmiş, təmir xərclərinin kim tərəfindən ödənilməsi ilə bağlı danışıqlar aparılmış, bu müddət ərzində də avtomobil cavabdehin mərkəzində olmuş və məhz həmin mərhələdə avtomobil yanmışdır. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.2-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 385ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Göründüyü kimi qanunverici müqavilənin hazırlanması əsasında da Məcəllənin 385ci maddəsində nəzərdə tutulmuş öhdəliklərin, o cümlədən qarşı tərəfin əmlakına xüsusi qayğı göstərmək vəzifəsinin yarana biləcəyini nəzərdə tutmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında podrat müqaviləsinin bağlanmaması, qüsur akının tərtib edilməməsi və s. bununla bağlı cavabdehin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin iş üzrə müəyyən etdiyi hallar (yanğın hadisəsinin “xxxx” MMC-nin ərazisində baş verməsinin sübut olunmaması, vurulmuş zərərə görə cavabdehin hüquqa zidd davranışı, habelə vurulmuş zərər faktı arasında səbəbli əlaqəsi və təqsirinin müəyyən edilməməsi) isə səhvdir. Belə ki hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-135/2020 saylı qərarında göstərilmişdir ki, bu iş üzrə eyni tərəflər arasında, onların iştirak etdiyi başqa bir mübahisə olmuş və həmin iş üzrə müvafiq məhkəmə instansiyaların 3 qərarı qəbul edilmişdir. Belə ki, həmin işdə iddiaçı R.Niftəliyev cavabdehlər İddiaçı MMC-yə, Ləğv prosesində olan “xxxx” ASC-yə və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyektinə dəymiş zərərin aradan qaldırılması və cavabdehlərdən 51962,34 manat tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı MMC-dən 16295 manat pul, hüquqi xidmətə görə 1000 manat və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı R.Niftəliyevə ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin olunmaması, cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv olunması, həmin hissədə iddianın qismən təmin olunması, cavabdeh İddiaçı MMC-dən 8.380 manat pulun tutularaq iddiaçıya ödənilməsi, qətnamənin iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçı R.Niftəliyevin və cavabdeh İddiaçı MMC-nin kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Araşdırılan hazırki qətnamədə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əvvəlki məhkəmə qərarlarında mübahisə predmet olan avtomobilin yanmasında “xxxx” MMC-nin əməkdaşlarının təqsiri olması barədə heç bir qeyd yoxdur. Lakin qeyd olunan məhkəmə qərarlarında müəyyən edilmiş hal kimi, açıqaydın göstərilmişdir ki, lizinq obyekti olan avtomobil “xxxx” MMC-nin ərazisində yanaraq məhv olmuşdur. Eyni zamanda bu faktın mövcudluğu işin materiallarında olan, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli “Baxış keçirilməsi haqqında Protokol”da, xx.xx.2015-ci il tarixli “Yanğın haqqında akt”da və məhkəmə yanğın texniki ekspertizasının 11091 saylı xx.xx.2015-ci il tarixli rəyində öz əksini tapmışdır (bax i.v. 83-102). Həmçinin apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi məhkəmə qərarlarında müəyyən edilmişdir ki, lizinq obyekti olan avtomobil “xxxx” ASC tərəfindən sığortalanmış və ödənilməli olan Kasko sığorta ödənişi 18.500 manat müəyyən edilmişdir. İddiaçı ASC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, yolnəqliyyat hadisəsi zamanı qəzaya uğramış lizinq obyekti olan avtomobil evakuator vasitəsilə cavabdeh MMC-nin qapalı olan ərazisinə gətirilmiş və təmir üçün orada saxlanca verilmişdir. İddiaçı ASC bu dəlillərini yanğın hadisəsi ilə bağlı aparılan araşdırma zamanı cavabdeh MMC-nin işçisi – sığorta üzrə mütəxəssisi F.Məlikov adlı şəxsdən alınmış izahatındakı məlumatla əsaslandırır. Belə ki, həmin şəxs izahatında bildirmişdir ki, sözügedən avtomobilin açarlarını sahibindən almış, avtomobilə baxış keçirdikdən sonra onun akkumulyatorunu açmamışdır. Məhkəmə kollegiyası qeyd etməlidir, araşdırılan qətnamədə qeyd ediləndərdən fərqli olaraq istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin məzmununa görə, delikt nəticəsində zərərin vurulması üçün səbəb təkcə təqsirli şəxsin aktiv hərəkətləri deyil, həm də onun hərəkətsizliyi də ola bilər. Yuxarıda qeyd edlənlərdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə aparılmış araşdırma ciddi və dolğun araşdırma olmamışdır, bu səbəbdən işin yenidən araşdırılmasına ehtiyac yaranmışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Bu baxımdan hazırki apellyasiya baxışı üzrə araşdırma və hüquqi dəyərləndirmə də qeyd olunan göstərişlərə uyğun aparılmış və yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Həmçinin məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-17/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. 31500 manat zərər və 3470 manat əldən çıxmış fayda, cəmi 34970 manat məbləğində pul vəsaiti, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 45 manat dövlət rüsumu cavabdeh “xxxx”xxxxİddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2-2(103)-467/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-467/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver