Məhkəmə qərarları › İş №2-2(103)-468/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-468/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-468/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-383/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixi aralığında cavabdeh tərəfindən artıq hesablanmış 60355,20 manat məbləğində, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixi aralığında cavabdeh tərəfindən artıq hesablanmış 21596,80 manat məbləğində vəsaitin hesablanması qaydasının etibarsız hesab edilməsi və həmin məbləğlərin ödənilmiş 30 manat dövlət rüsumu ilə birlikdə, cəmi 81952 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(82)- 383/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(103)-24/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(102)-181/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi İddiaçı2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış, xx.xx.2017-ci il tarixdən etibarən isə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsində faktiki fəaliyyətə başlamışdır. Çörək və un məmulatlarının istehsalı və satışı ilə məşğuldur. xx xxxx 2017-ci il tarixdə iddiaçı ilə Cavabdeh arasında bağlanmış ***-**** saylı müqaviləyə əsasən cavabdeh tərəfindən G-65 markalı, zavod № 75158533 olan qaz sayğacı quraşdırılmışdır. Sayğac quraşdırılarkən müəssisədə qazla işləyən avadanlıqlar siyahıya alınaraq aktlaşdırılmışdır. İddiaçı tərəfindən 2017-ci ilin aprel ayından 2018-ci il noyabr ayınadək 54028,61 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır. Lakin cavabdeh tərəfindən həmin müddət ərzində iki dəfə artıq, yəni 104785,40 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır. Halbuki istifadəsində olan avadanlıqlar cavabdehin hesabladığı qədər qaz sərf edə bilməzdi. Belə ki, iddiaçının istifadəsində tunel tipli, dönər tipli çörəkbişirmə sobası və buxar generatoru kimi müasir çörəkbişirmə avadanlıqları var, həmin avadanlıqlarda qənaət rejiminin mövcudluğu qaz sərfiyyatını minimallaşdırır. Qənaət rejiminin mahiyyəti avadanlığın lazımi temperaturu yığdıqdan sonra qaz sərfiyyatını dayandırmasından ibarətdir. Avadanlıqların saatlıq qaz sərfiyyatı müvafiq olaraq tunel tipli soba - 20-25 m3, dönər tipli çörəkbişirmə sobası - 5-8 m3 və buxar generatoru - 15-18 m3 aralıqlarında dəyişir. Tunel tipli soba ilə buxar generatorunun gün ərzində fasilələrlə 12 saat, buxar generatorunun isə müvafiq olaraq 6 saat işlədiyini nəzərə aldıqda, avadanlıqların aylıq maksimum qaz sərfiyyatı aşağıdakı kimi olar: Tunel tipli sobanın gündəlik qaz sərfiyyatı 300 m3 (25 m3 x 12 saat), gündəlik sərf olunmuş qazın məbləği 50,82 (300m3x0,1694) manat, aylıq sərf olunmuş qazın məbləği 1544,93 (50,82 manat x 30,4) manat, dönər tipli çörəkbişirmə sobasının gündəlik qaz sərfiyyatı 48 m3 (8 m3 x 6 saat), gündəlik sərf olunmuş qazın məbləği 8,13 (48m3x0,1694) manat, aylıq sərf olunmuş qazın məbləği 247,15 (8,13 manat x 30,4) manat, buxar generatorunun gündəlik qaz sərfiyyatı 216 m3 (18 m3x 12 saat), gündəlik sərf olunmuş qazın məbləği 36,59 (216 m3x 0,1694) manat, aylıq sərf olunmuş qazın məbləği 1112,35 (36,59 manat x 30,4) manat, aylıq sərf olunmuş qazın maksimal məbləği 2904,43 (1544,93+247,15+1112,35) manat. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən göndərilən hesab-fakturalarda tələb olunan aylıq sərf olunmuş qazın məbləğləri, yuxarıda göstərilən qaydada hesablanmış qaz qurğularının maksimal aylıq sərfiyyatını dəfələrlə üstələmişdir. Məbləğlər arasındakı fərq 2017-ci ilin aprel ayından 2018-ci ilin noyabr ayınadək olan dövrdə 50756,79 manat təşkil edir. İddiaçı xx xxxx 2017-ci il tarixli məktubla cavabdehə müraciət etmiş və məktubunda 2017-ci ilin iyun ayı üçün sərf edilmiş qazın həmin ilin aprel və may aylarındakı göstəriciləri dəfələrlə üstələdiyini və bu problemin cavabdehin yerli idarəsinin mütəxəssisləri tərəfindən sayğacın filterinin təmizlənməsindən sonra baş verdiyini əsas göstərərək həmin qaz sayğacının tənzimlənməsini xahiş etmişdir. xx xxxx 2018-ci il tarixdə iddiaçı cavabdehə məlumat ünvanlayaraq müəssisənin fəaliyyət göstərdiyi təxminən bir il ərzində qaz təchizatı ilə bağlı montaj olunmuş tənzimləmə qurğuları və sayğacın iki dəfə sıradan çıxdığını, bunun səbəbinin qaz təzyiqinin stabil olmaması və qazın çirkli olması olduğunu cavabdehin nəzərinə çatdırmış və göstərilənlərə əsasən müəssisəyə qazın qanunvericilikdəki standartlara uyğun verilməsini xahiş etmişdir. Bununla yanaşı, xx xxxx 2018-ci il tarixdə cavabdehə istifadəsində olan G-65 markalı, zavod № 75158533 olan qaz sayğacı qaz sərfiyyatını düzgün hesablamadığı üçün həmin sayğacın növbədənkənar dövlət yoxlamasının keçirilməsi barədə ərizə ilə müraciət edilmişdir. Həmin ərizəyə cavab məktubunda cavabdeh sayğacın yoxlanıldığını və heç bir qüsur aşkarlanmadığını bildirmişdir. Lakin cavabdehin nümayəndəsi tərəfindən sayğaca baxış keçirilərkən onların nümayəndəsinin iştirakı təmin edilməmiş və sayğacın vəziyyəti ilə bağlı akt tərtib edilməmişdir. Cavabdehin cavab məktubunu aldıqdan sonra iddiaçı xx.xx.2018-ci il tarixdə saat 17:00 radələrində sayğaca baxış keçirmiş, baxış nəticəsində sayğacın plombunun cavabdehin əməkdaşları tərəfindən açılması və sayğacın işləməməsi aşkarlanmış, bununla bağlı cavabdehin nümayəndəsinə telefon vasitəsilə məlumat verilmiş və sayğacın fotoşəkilləri çəkilmişdir. Növbəti gün yəni, xx xxxxxx 2018-ci il tarixdə iddiaçı tərəfindən sayğaca təkrar baxış keçirilmiş və sayğacın yenə də işləməməsi aşkarlanmışdır. Bundan sonra iddiaçı həmin sayğacın dövlət yoxlamasından keçirilməsi və ya yenisi ilə əvəz edilməsi ilə bağlı yenidən cavabdehə müraciət etmişdir. Sayğacın işləməməsi ilə bağlı çoxsaylı müraciətlərdən sonra xx xxxxxxx 2018-ci il tarixdə sayğac çıxarılaraq laboratoriyaya göndərilmiş və müəssisə müvəqqəti sayğacla təmin olunmuşdur. xx.xx.2018-ci il tarixdə sayğacın istismara yararsız (təmirə ehtiyacı var) olması barədə qüsur aktı tərtib olunmuşdur. Müəssisəyə yeni sayğacın alınması və montaj edilməsi ilə bağlı müraciət olunmuşdur. Cavabdeh iddiaya etiraz edir. Birinci instansiya məhkəməsi aşağıdakı sübutlara istinad etmişdir. İş materiallarında olan qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, ***-**-** saylı “Qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı (cavabdeh) tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Müqavilənin 4.3-cü bəndinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə 1 ədəd PQ-4, 2 ədəd kombi, 1 ədəd şirniyyat sobası, 1 ədəd çörək bişirən soba, 1 ədəd buxar qazanı quraşdırılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2017-ci il tarixli, ******* saylı aktdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğacı qaz xəttindən açılmış, filtri və içərisi yuyulub təmizlənmişdir, normal işləyir. “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” xx.xx.2017-ci il tarixli, SS29/1640-166-1 saylı aktdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qaz xətti üzərində quraşdırılmış G65 markalı, 75158533 nömrəli rotor tipli “ELSTER” qaz sayğacı xx.xx.2017-ci il tarixdə xətdən çıxarılmış, xx.xx.2017-ci il tarixdə İnformasiya Texnologiyaları və X5 və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, rotorlar balansdan çıxıb, bu halda mexaniki hissədən keçən qaz həcmi qeydə alınmır. xx.xx.2018-ci il tarixli, Q-005598 saylı qüsur aktından görünür ki, G-35 markalı, 75158533 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş, 1 dəst rotorun deformasiyaya uğradığı, 1 dəst yastığın ağır fırlandığı qeyd edilmişdir. “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” xx.xx.2018-ci il tarixli, SS29/1640-1021 saylı aktdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qaz xətti üzərində quraşdırılmış G65 markalı, 75158533 nömrəli rotor tipli “ELSTER” qaz sayğacı xx.xx.2018-ci il tarixdə xətdən çıxarılmış, xx.xx.2018-ci il tarixdə İnformasiya Texnologiyaları və X4 və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında texniki baxış keçirilmiş və yoxlamanın nəticəsi olaraq xətalar normaya uyğun olması müəyyən edilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə qaz xəttində müvəqqəti quraşdırılmış qaz sayğacı qaz xəttindən açıldıqdan sonra öz yerinə quraşdırılmış, sayğac yoxlanılmış, təhvil verilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış 75158533 saylı qaz sayğacı dövlət yoxlamasına aparılması üçün çıxarılmış, yerinə müvəqqəti sayğac quraşdırılmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru tərəfindən Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Z.Rəsulova ünvanlanmış xx.xx.2018-ci il tarixli, Cavabdeh İB-nin Baş direktoru Əkbər Hacıyevə ünvanlanmış xx.xx.2018-ci il tarixli, “Cavabdeh İB-nin baş direktorunun satış və istismar üzrə müavini R.Əliyevə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizələrdən görünür ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC istifadəsində olan qaz sayğacında nasazlıq olduğundan sayğacın növbədənkənar dövlət yoxlamasından keçirilməsini xahiş etmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış 75158533 saylı qaz sayğacı növbədənkənar dövlət yoxlamasına aparılmış, əvəzinə 75018644 saylı müvəqqəti sayğac quraşdırılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğac qaz xəttindən açılıb laboratoriyaya aparılmış, 75158533 saylı sayğacın yerinə müvəqqəti sayğac quraşdırılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə qaz xəttində müvəqqəti quraşdırılmış 75018644 saylı qaz sayğacı qaz xəttindən açıldıqdan sonra sayğac öz yerinə quraşdırılmışdır. xx.xx.2018-ci il tarixli 006943 saylı qüsur aktından görünür ki, G-35 markalı, 75158533 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş, rotorun deformasiyaya uğradığı, yastığın sıradan çıxdığı müəyyən edilmişdir. “Qaz sayğaclarının texniki vəziyyəti haqqında” xx.xx.2018-ci il tarixli 002447 saylı bildirişdən görünür ki, müəssisənin qaz xətti üzərində quraşdırılmış qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmiş və sayğacın istismara yararsız olması barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinin tələblərinə əsasən yeni qaz sayğacının alınaraq quraşdırılması və ya mövcud sayğacın təmir edilməsi 15 gün ərzində MMC tərəfindən təmin edilməlidir. Yeni tipli qaz sayğaclarının alınması və sənaye tipli qaz sayğaclarının təmiri ilə əlaqədar müqavilənin bağlanması üçün Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamentinə müraciət edilməsi xahiş edilmişdir. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 2018-ci ilin iyun ayının sərfiyyatına uyğun hesablanmışdır. Belə ki, 2018-ci ilin avqust ayı üçün 36811 m3 qaz sərfiyyatına görə 7362,20 manat borc hesablanmışdır. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 2018-ci ilin avqust ayının sərfiyyatına uyğun hesablanmışdır. Belə ki, 2018-ci ilin sentyabr ayı üçün 36811 m3 qaz sərfiyyatına görə 7362,20 manat borc hesablanmışdır. "Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında" xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 2018-ci ilin oktyabr ayının sərfiyyatına uyğun hesablanmışdır. Belə ki, 2018-ci ilin xx.xx.2018-ci il tarixdən xx.xx.2018 tarixə kimi 5 gün müddətində 4448 m3 qaz sərfiyyatına görə 889,60 manat borc hesablanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, xx xxxx 2019-cu il tarixdə ekspert və tərəflərin iştirakı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus çörək və un məmulatları istehsal edən qeyri-yaşayış sahəsində quraşdırılmış hesablaşma qaz sayğacına baxış keçirilərkən, həmin sayğacın elektron hissəsinin göstərici ilə mexaniki hissəsinin göstəricisi arasında 2 dəfəyə yaxın fərqin olduğunu (356.771-179.372=177.399) nəzərə aldıqda, həmin qaz sayğacının qüsurla işlədiyini qeyd etmək olar. Konkret olaraq həmin qaz sayğacının hansı qüsurla işləməsi, müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoriyada, stenddə və s.) sayğacda sınaq və yoxlamalar aparmaqla müəyyən etmək olar. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz qurğularının saatlıq qaz sərfiyyatını, işləmə rejimini və ayda 30 günün olmasını nəzərə almaqla, həmin qurğuların maksimal aylıq qaz sərfiyyatı: qış ayı üçün 11913 m3 (397,1 m3 x 30 gün=11913 m3), yay ayı üçün 11649 m3 (388,3 m3 x 30 gün=11649 m3) təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz qurğularının maksimal aylıq qaz sərfiyyatına əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün həmin qeyri-yaşayış sahəsində təbii qazın sərfiyyatı 222651 m3 təşkil etməklə, həmin sərfiyyatın dəyəri 44430,2 (qırx dörd min dörd yüz otuz manat iyirmi qəpik) təşkil edir və MMC tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyinin Məhkəmənin sorğusuna xx.xx.2019-cu il tarixli AERA-01-17-506/19 saylı cavab məktubunda bildirilmişdir ki, sənaye sektorunda quraşdırılan qaz sayğacları elektron həcm korrektoru ilə təchiz edilməlidir. Elektron hissənin təyinatı boru kəmərində təzyiqi və qazın temperaturunu ölçüb, korreksiya əmsalını hesablayaraq sayğacdan keçən qaz həcminin standart şəraitə gətirilməsidir. Elektron hissənin tablosunda sayğacdan keçən qaz həcmi Vmt kimi, standart şəraitə gətirilmiş qaz həcmi Vbt kimi əks olunur. İstifadə edilmiş qaz həcminin hesabatı standart şəraitə gətirilmiş qaz həcmi ilə aparılmalıdır. Elektron hissənin tablosunda əks olunan Vbt və Vmt göstəriciləri arasında fərqin olması sayğacın qüsurla işləməsinə dəlalət etmir. Vmt göstərici ilə mexaniki hissənin göstəricisi arasında fərqin olması sayğacın qüsurla işləməsini göstərir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Cavabdehnə ünvanlandığı xx xxxxx 2017-ci il tarixli **********72 saylı məktubda bildirilmişdir ki, sənaye qaz qurğuları vasitəsi ilə təhvil verilən qaz həcminin hesablanma parametrləri mütəmadi olaraq elektron korrektorlarda qeyd olunur. Ona görə də təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır. Qeyd olunan sübutları araşdıraraq birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC düzgün hesablanmamasını iddia etdiyi qazdan istifadəyə görə haqq 2018-ci ilin avqust, sentyabr və oktyabr ayının birinci beş günü üçün hesablanmış 15614 manat (7362,20+7362,20+889,60) hissəsi istisna olmaqla Cavabdeh İB tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin istifadəsində olmuş qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə istinad edərək məhkəmə qeyd etmişdir ki, 2018-ci ilin avqust, sentyabr və oktyabr ayının birinci 5 günü üçün hesablanmış borca gəldikdə xx.xx.2018-ci il tarixli qüsur aktına əsasən qaz sayğacının işləməməsi müəyyən edildiyindən 2018-ci ilin avqust, sentyabr ayı və oktyabr ayının birinci 5 günü üçün qaz sərfiyyatı 2018-ci ilin iyul ayının sərfiyyatına əsasən avqust və sentyabr ayı 7362,20 manat məbləğində, oktyabr ayının birinci 5 günü üçün 889,60 manat məbləğində hesablanmışdır. Daha sonra “Qazdan istifadə qaydaları”nın 5.4-cü maddəsinə istinad edərək məhkəmə qeyd etmişdir ki, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən hesablanması qaydasının etibarsız sayılmasını tələb etdiyi borc məbləğləri “Qazdan istifadə Qaydaları”nda və tərəflər arasında bağlanmış müqavilənin şərtlərində müəyyən edilmiş qaydada hesablanmışdır. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçı qazdan istifadəyə görə 60355,20 manat məbləğində borcun hesablanması qaydasının etibarsız hesab edilməsi tələbinə dair iddia tələbini 2017-ci ilin aprel ayından 2018-ci ilin noyabr ayının 1-dək olan dövrdə qaz sayğacının qüsurlu işləməsi və qaz sərfiyyatının olduğundan artıq qeydə alması ilə, 21596,80 manat borcun hesablanması qaydasının etibarsız hesab edilməsi tələbinə dair iddia tələbini isə təmir olunduqdan sonra xx.xx.2019-cu il tarixdə yenidən quraşdırılmış qaz sayğacının (halhazırda da həmin qaz sayğacının iddiaçının istifadəsindədir) xx.xx.2018-ci il-xx.xx.2019-cu il tarixləri arasında da qüsurla işləməsi, qaz sərfiyyatını olduğundan artıq qeydə alması ilə əsaslandırmışdır. 2017-ci ilin aprelindən – 2018-ci ilin noyabrınadək müddətdə müəssisədə quraşdırılmış qaz sayğacının qüsurlu işləməsi səbəbindən sərfiyyatı düzgün qeydə almaması barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının həmin dəlilləri təsdiq etmək üçün istinad etdiyi xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli qüsur aktları yalnız müəssisədə quraşdırılmış qaz sayğacının qaz xəttindən çıxarılarkən yararsız olması faktını təsdiq etməklə, müəssisədə quraşdırılmış qaz sayğacının 2017-ci ilin aprelindən – 2018-ci ilin noyabrınadək olan bütün müddət ərzində qüsurla işləməsi və eləcə də həmin müddət ərzində qaz sayğacının sərfiyyatı düzgün qeydə almaması, ələlxüsus sərfiyyatı olduğundan artıq qeydə almasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Əksinə iş materiallarından görünür ki, həmin müddət ərzində müəssisədə quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə olması cavabdehin nümayəndələri tərəfindən dəfələrlə yoxlanılmış, SOCAR-ın İnformasiya texnologiyaları və Rabitə İdarəsinin sayğacın istismara yararlığı haqqında xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli arayışlarına, “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” xx.xx.2018-ci il tarixli, SS-29/1640-1021 saylı aktına əsasən sayğacın istismara yararlı olması müəyyən edilmişdir. Qaz sayğacının qüsurla işləməsi müəyyən edildiyi hallarda isə qaz sayğacın xətdən çıxarılmış, yoxlanılması üçün laboratoriyaya göndərilmiş, yerinə müvəqqəti sayğac quraşdırılmışdır. Göründüyü kimi müəssisədə quraşdırılmış qaz sayğacının 2017-ci ilin aprelindən – 2018-ci ilin noyabrınadək müddətdə davamlı olaraq qüsurla işləməsi iş materiallarında olan sənədlərlə təkzib edilir. Bununla yanaşı abonent saldosundan və digər iş materiallarından da göründüyü kimi 2017-ci ilin aprelindən – 2018-ci ilin noyabrınadək qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacı bir neçə dəfə, 2017-ci ilin iyulunda, 2018-ci ilin aprelində, 2018-ci ilin oktyabrında (müvəqqəti sayğac quraşdırılmış), 2018-ci ilin noyabrında (daimi sayğac quraşdrırılmış) dəyişdirilmişdir. Lakin 2017-ci ilin aprelindən – 2018-ci ilin noyabrınadək olan müddətdə qaz sayğacı 4 dəfə çıxarılaraq dövlət yoxlamasına göndərilməsinə və sonradan yenidən quraşdırılmasına baxmayaraq həmin müddət ərzində müəssisədə quraşdırılmış bütün qaz sayğacları (həm daimi, həm müvəqqəti sayğaclar) təxmini eyni məbləğlərdə - 5000-8000 manat civarında aylıq qaz sərfiyyatı qeydə almışdır. Belə olan halda isə müəssisədə qaz sərfiyyatının düzgün qeydə alınmaması barədə iddiaçının dəlilləri inandırıcı görünmür. Mülki Prosessual Məcəllənin 103.1, 103.2, 206.1-ci maddələrinə istinad edərək məhkəmə qeyd etmişdir ki, sınaq aparılmadan sayğacın qüsurla işləyib-işləməməsi barədə əsaslı nəticəyə gəlməyin mümkün olmamasının ekspert rəyindən və ekspertin izahatından aydın göründüyünü, eyni zamanda sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərqin sayğacın qüsurla işləməsinə dəlalət etməsi barədə ekspert rəyində göstərilən fikrin ziddiyyətli olmaqla digər iş materialları ilə təkzib edildiyini nəzərə alaraq və ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək hesab etmişdir ki, xx xxxx 2019-cu il tarixli ekspert rəyi iddiaçının istifadəsində olan qaz sayğacının qüsurla işləməsi, ələlxüsus sərfiyyatı olduğundan artıq qeydə alması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri saymışdır ki, həm 2018-ci ilin noyabrınadək iddiaçının istifadəsində olmuş qaz sayğaclarının, həm də hazırda iddiaçının istifadəsində olan qaz sayğacının qüsurla işləməsi ehtimal edilsə belə həmin hal özözlüyündə iddiaçıya hesablanmış borcun bir hissəsinin qanunsuz hesab edilməsi üçün əsas vermir. Belə ki, borcun qanunsuz hesab edilməsi üçün qaz sayğacının hansı qüsurla işləməsi, qaz sərfiyyatını olduğundan artıq qeydə alıb-almaması da müəyyən edilməlidir. xx xxxx 2019-cu il tarixli ekspert rəyinin qeyri-yaşayış sahəsində quraşdırılmış qaz qurğularının maksimal aylıq qaz sərfiyyatının müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ekspert birinci sual üzrə qaz sayğacının qüsurla işləyibişləməməsi və sərfiyyatı düzgün qeydə alıb-almaması barədə əsaslı nəticə gəlmədiyindən ikinci və üçüncü suallara verilən cavablar iş üzrə əhəmiyyət kəsb etmir. Belə ki, qaz sərfiyyatının digər üsullarla, o cümlədən qaz qurğularının maksimal sərfiyyatına əsasən hesablanması yalnız o zaman mümkündür ki, qaz sayğacının sərfiyyatı düzgün qeydə almaması müəyyən edilmiş olsun. Göstərilən hal müəyyən edilmədiyi halda isə qaz sərfiyyatı qaz sayğacının göstəriciləri əsasında hesablanır. Bundan əlavə ekspert rəyi ilə və ekspertin verdiyi izahatla həmçinin təsdiq edilir ki, ekspert tərəfindən qaz qurğularının maksimal qaz sərfiyyatı qaz qurğularının saatlıq qaz sərfiyyatı və qaz qurğularının bir qayda olaraq gün ərzində istifadə olunma saatları (məsələn, dönər peçi gündə 3,5 saat, qaz peçi gündə 8 saat və s.) nəzərə alınaraq hesablanmışdır. Məhkəmə hesab etmişdir ki, çörəkbişirmə sexlərində qaz qurğularının adətən istifadə edilmə saatları nəzərə alınmaqla hesablanmış aylıq qaz sərfiyyatı maksimal qaz sərfiyyatından daha çox, qaz qurğularının orta aylıq qaz sərfiyyatı kimi qəbul edilə bilər ki, müəssisədə həmin sərfiyyatdan daha yüksək sərfiyyatın olması istisna edilmir. Beləliklə, məhkəmə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC iddia tələbinin əsası kimi istinad etdiyi halları, hazırda istifadə etdiyi sayğacın qaz sərfiyyatını düzgün qeydə almamasını, eləcə də əvvəllər müəssisədə quraşdırılmış (2017-ci ilin aprelindən 2018-ci ilin noyabrınadək müddətdə) bütün sayğacların qaz sərfiyyatını düzgün qeydə almamasını, ona sayğac göstəricilərinə əsasən hesablanmış 81951,9 manat məbləğində qazdan istifadəyə görə haqqın əsassız olmasını məhkəmə baxışı zamanı sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia əsassız olmaqla rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Eyni zamanda iddiaçının öz iddiasının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(102)-181/2020 saylı qərarındakı göstərişlərlə bağlı aşağıdakılar qeyd olunur. Həmin qərarda göstərilmişdir ki, kassatorun birinci əsas dəlili sayğacın elektron və mexaniki göstəriciləri əsasında böyük (iki dəfəyə yaxın) fərqin olmasının səbəblərinin araşdırlmaması ilə bağlıdır. Ekspert rəyində bununla bağlı qeyd olunmuşdur ki, qaz sayğacına baxış keçirilərkən, həmin sayğacın elektron hissəsinin göstərici ilə mexaniki hissəsinin göstəricisi arasında 2 dəfəyə yaxın fərqin olduğunu (356.771- 179.372=177.399) nəzərə aldıqda, həmin qaz sayğacının qüsurla işlədiyini qeyd etmək olar. Göründüyü kimi, ekspert göstəricilər arasındakı fərqin məhz 2 dəfəyə yaxın olduğunu əsas götürməklə sayğacın qüsurla işlədiyi qənaətinə gəlmişdir. Məhkəmə isə həmin məqama lazımi diqqət yetirməmiş, cavabdehin vəsatəti ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyinə göndərdiyi sorğu məktubunda qoyduğu suallarda həmin məsələni nəzərə almamışdır. Belə ki, xx xxxxxx 2019-cu il tarixli e-2-2(82)- 383/2019 saylı sorğu məktubunda sayğacdakı göstəricilər arasındakı fərqlə bağlı aşağıdakı sualı qoymuşdur: “Elektron qaz sayğaclarının tablolarının (elektron və mexaniki) göstəriciləri arasında fərqin olmasının sayğacın qüsurla işləməsinə dəlalət edibetməməsi”. Göründüyü kimi, sual ümumi şəkildə qoyulduğundan Agentliyin cavab məktubunda da bu məqama (göstəricilər arasında böyük, konkret halda 2 dəfəyə yaxın fərqin olması) aydınlıq gətirilməmişdir. Bunun nəticəsidir ki, sözü gedən göstəricilər arasında fərqin yol verilən maksimum həddinin nə qədər olması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, məsələ apellyasiya instansiya məhkəməsinin də diqqətindən kənarda qalmışdır. Halbuki həmin suala dəqiq cavab almadan hazırkı mübahisənin həlli istiqamətində birmənalı nəticə çıxarılması qeyri-mümkündür. Şikayətçinin digər əsas dəlili 2018-ci ilin iyul ayında sayğacın qüsurla işləməsi müəyyən olunsa da, həmin ilin avqust, sentyabr ayları və oktyabr ayının ilk beş günü üçün sərfiyyat hesabatının məhz iyul ayındakı sərfiyyata uyğun hesablanması ilə bağlıdır. Bununla bağlı, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə istinadən hesab etmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləğləri bu Qaydalarda və tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə müəyyən edilmiş qaydada hesablanmışdır. Apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşmışdır. “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İşin hallarından görünür ki, iddiaçı 2018-ci ilin iyul ayında sayğacın qüsurla işlədiyini aşkar etdikdən sonra Cavabdeh İB-nin müvafiq vəzifəli şəxslərinə ünvanlanmış xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli ərizələrlə müraciət edərək qaz sayğacında nasazlıq olduğundan sayğacın növbədənkənar dövlət yoxlamasından keçirilməsini xahiş etmişdir. Çoxsaylı müraciətlərə baxmayaraq yalnız xx xxxxxxx 2018-ci il tarixdə sayğac çıxarılaraq laboratoriyaya göndərilmişdir və müəssisə müvəqqəti sayğacla təmin olunmuşdur. xx.xx.2018-ci il tarixdə sayğacın istismara yararsız olması barədə qüsur aktı tərtib olunmuşdur. “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələblərinin hərfi mənasından görünür ki, sayğac oktyabr ayında çıxarıldığından hesabat sentyabr ayı üçün orta gündəlik sərfiyyata uyğun aparılmalı idi. Lakin hesabat sayğacın yarasız vəziyyətdə olduğunun aşkar edildiyi iyul ayı üzrə aparılmışdır. Halbuki iddiaçının 20 iyul tarixində etdiyi ilk müraciətə cavabdeh tərəfindən vaxtında düzgün reaksiya verilsəydi sayğac həmin ayda çıxarılaraq laboratoriyaya göndərilər və hesabat da iyun ayı üzrə aparılardı. Məhz cavabdeh tərəfindən istehlakçının müraciətinə laqeyd münasibət göstərilməsi nəticəsində “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl olunmamış, hesabat sayğacın yarasız vəziyyətdə olduğunun aşkar edildiyi iyul ayı üzrə aparılmış, bununla da iddiaçının əsassız hesab etdiyi borc hesablanmışdır. Bununla əlaqədar işə baxan məhkəmələr ədalətin gözlənməsi, düzgün qərarın çıxarılması məqsədilə, iddiaçının çoxsaylı müraciətlərinə cavabdehin gec reaksiya verməsinin, hesabatın 2018-ci ilin iyul deyil, iyun ayı üzrə hesablanmamasının səbəblərini araşdırmalı idilər. Göstərilənlərlə bağlı kollegiya qeyd edir ki, hazırki apelyasiya baxışı zamanı elektron qaz sayğaclarının tablolarının (elektron və mexaniki) göstəriciləri arasında böyük, konkret halda iki dəfəyə yaxın fərqin mövcud olmasının sayğacın qüsurla işləməsinə dəlalət edib-etməməsi məsələlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan X1 Agentliyinə sorğu göndərilmiş və sonuncunun xx xxxxxxx 2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasında qüvvədə olan QOST 2939-63 “Qazı. Usloviə dlə opredeleniə obcema” standartının tələblərinə əsasən istehlakçılara təhvil verilən qazın həcmi standart şəraitdə təzyiq 1,01325 bar və temperatur 20 °C olmaqla hesablanmalıdır. Bunun üçün qaz sayğacları elektron korrektorla təchiz edilir və qazın dəyəri üzrə hesablaşmalar sayğacın elektron göstəricisinə uyğun aparılır. Həmçinin, AzDTN 2.13-1 “Qaz təchizatı. Layihələndirmə normaları” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının tələblərinə əsasən, izafi təzyiqi 1,2 Mpa-dan (12 bar-dan) yüksək olmayan və qazdan yanacaq kimi istifadə edən istehlakçıların qaz təchizatı sistemlərinin layihələndirilməsinə və istismarına icazə verilir. Bu səbəblərdən qaz sayğaclarının tablolarının (elektron və mexaniki) göstəricilər arasında böyük, konkret halda iki dəfəyə yaxın fərqin mövcud olması sayğacın qüsurla işləməsinə dəlalət etmir. Qərarda göstərilən ikinci dəlillə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 2018-ci ilin iyun ayının sərfiyyatına uyğun hesablanmışdır. Belə ki, 2018-ci ilin avqust və sentyabr ayları üçün hər ay üzrə 36811 m3 qaz sərfiyyatına görə 7362,20 manat borc hesablanmışdır. Göründüyü kimi 2018-ci ilin avqust-sentyabr ayları üçün qaz sərfiyyatı 2018-ci ilin iyul ayının deyil, məhz iyun ayının sərfiyyatına uyğun hesablanmışdır. Həmçinin iş materiallarında olan abonentin saldosundan görünür ki, 2018-ci ilin iyun ayının qaz sərfiyyatı 36811 m3, iyul ayının qaz sərfiyyatı isə 31564 m3 təşkil etmişdir. Göründüyü kimi iyun ayının qaz sərfiyyatı, iyul ayının qaz sərfiyyatından 5300 m3 çox olmuşdur. Bu hal isə iddiaçının mövqeyinin ümumiyyətlə məntiqli və anlaşılan olmamasını göstərir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-383/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar