Məhkəmə qərarları › İş №2-2(103)-468/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-468/2022

01.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-468/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 08.02.2022-ci il tarixli 2-2(113)-560/2022 nömrəli qətnaməsindən (hakim Emin Əliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanda yerləşən avtoyuma obyektinə hesablanmış 2196 manat məbləğində cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.02.2022-ci il tarixli 2-2(113)-560/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “2196 manat cərimənin hesablanma əsaslarına və qaydalarına dair sənədlərin təqdim edilməsi barədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müvafiq vəkil sorğusu verilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınmış 15.10.2020-ci il tarixli, 01/4/01- 7/6/14995 saylı məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh 2196 manat cərimənin hesablanmasında Nazirlər Kabinetinin 14.07.2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının 7.9-cu bəndini əsas götürmüş, qanunsuz sudan istifadə müddətini sutkada 5 saat, bütün dövrü isə 12 ay kimi qəbul etmişdir. Lakin cavabdehin həmin hesablamaları tamamilə əsassızdır. Belə ki, onlar tərəfindən suyun çənə qanunsuz doldurulması cəmi 30 dəqiqə çəkmiş, dərhal da yoxlayıcılar gələrək bu faktı aşkar etmişlər. Cavabdeh nəzərə almamışdır ki, COVİD- 19 pandemiyası ilə bağlı obyekt həmin vaxtlar uzun müddət işləməmiş, təsadüfdən-təsadüfə iş olduqda isə sutkada cəmi 1-2 saat işləmişdir. Eyni zamanda, cavabdeh obyekti müqavilədə şərtləşdirilmiş qaydada müntəzəm olaraq və lazımi miqdarda su həcmi ilə təmin etmədiyindən obyekti faktiki işlədən Hafiz Nəsibov məcbur qalaraq yaxın qohumunun istifadəsində olan su çənini avtomaşınla obyekti su ilə təmin etməli olmuşdur. Sözügedən “Sudan istifadə Qaydalarının 7.9-cu bəndində deyilir: “Suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. Lakin qeyd edildiyi kimi sudan qanunsuz istifadə cəmi 30 dəqiqə davam etdiyi halda cavabdeh həmin müddəti 12 ay hesablamışdır. Cavabdeh Qaydalarda göstərilən 12 ay məsələsini düzgün təfsir etməmişdir. Belə ki, 7.9-cu bənddə qeyd olunan 12 ay məsələsi zərər hesablanarkən istifadə olunan suyun həcminin əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə sərf olunmuş suyun orta aylıq sərfi ilə hesablamalı idi. Yəni bizim sudan qanunsuz istifadəmiz 12 aydan qat-qat az, yəni cəmi 30 dəqiqə olduğundan sərfiyyat da 30 dəqiqədə faktiki istifadə edilən su həcmi ilə hesablanmalı, cərimə də buna uyğun hesablanmalıdır. Məhkəmə müqavilənin Lazım Mehdiyev adlı şəxslə bağlandığını, sudan istifadəyə dair qaydaların pozulması barədə cavabdehin nümayəndələrinin aktı məhz Lazım Mehdiyevin iştirakı ilə yazdıqlarını qeyd etməklə iddianı qaldırmaq hüququnun ona məxsus olması qənaətinə gəlmişdir. Lakin məhkəmənin gəldiyi bu nəticə iş materialları ilə tam təkzib edilir. X4 2014-cü ildən obyektdə işləmir, onunla bağlanılmış sudan istifadəyə dair müqavilə bir il müddətinə bağlanılmış, həmin ildə də qüvvəsini itirmişdir. Eyni zamanda, Lazım Mehdiyevə verdiyi etibarnamənin də etibarlılıq müddəti həmin vaxtlar qurtarmışdır. Buna baxmayaraq cavabdeh müəssisə aktı guya X1 barəsində, onun iştirakı ilə tərtib etmişdir, halbuki Mehdiyev Lazım buna hüququnu itirdiyindən və faktiki olaraq obyekti işlətmədiyindən orada ola bilməzdi, bu səbəbdən aktda onun adı yazılmasına baxmayaraq akta imza etməmişdir, yoxlayıcılar isə 2014-cü ildən onlarda qalmış köhnə, müddəti keçmiş və qüvvəsini itirmiş müqaviləni əsas götürərək faktiki saxtakarlıq etməklə aktı tərtib etmiş orada qeyd etmişlər ki, guya Mehdiyev Lazım orada olmuşdur, lakin aktı imzalamaqdan imtina etmişdir. Halbuki, iş materiallarından göründüyü kimi sudan istifadə müqaviləsi 2014-cü ildə bir il müddətinə bağlanılmaqla qüvvəsini neçə il əvvəl itirmişdir, müqavilə bağlanılmış şəxs Lazım Mehdiyev isə həmin vaxtdan obyektdə işləməmişdir və yoxlama vaxtı orada olmamışdır. İşə apellyasiya qaydasında baxılması 01.06.2022-ci il tarixə təyin edilmiş, cavabdeh tərəf işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə izahatı, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 08.02.2022-ci il tarixli 2-2(113)-560/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş “Daşınmaz əmlakın texniki pasportu”ndan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.Vəzirov küçəsi, 125 A saylı evin yanındakı qaraj İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 007256 nömrəli 19.08.2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, ünvan 2 ünvanda su təchizatı sisteminə baxış keçirmiş, müəyyən edilmişdir ki, istehlakçı X5 qanunsuz olaraq obyektdə sayğacdan kənar su xəttinə rezin boru vasitəsilə qoşularaq su çənini doldurur. Akta əlavə edilmiş hesabatdan görünür ki, həmin akt əsasında istehlakçıya 2196 manat əlavə sərfiyyat hesablanmışdır. İddiaçı iddia edir ki, qeyd edilən akt onun mülkiyyətində olan 125 A saylı evin yanındakı qarajla bağlı tərtib edilmiş, yuyucu kimi fəaliyyət göstərən həmin obyekt onun tərəfindən X3 icarəyə verilmiş, bu səbəbdən Cavabdeh ASC ilə abonent müqaviləsi həmin şəxslə bağlanmışdır. İş materiallarında olan Cavabdeh ASC”-nin abonent haqqında məlumatdan və müqavilələrən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 127 saylı ünvanda yuyucu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin su təchizatı ilə bağlı 19210211 kodla X5 ilə 091903 nömrəli müqavilə bağlanmışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İşdəki sübutlardan göründüyü kimi, iddiaçının mübahisələndirdiyi borc məbləği X5 adlı şəxsin fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən avtoyuma obyektinin iddiaçının mülkiyyətində və ya qanuni sahibliyində olması barədə iş materiallarından hər hansı sübut yoxdur. İddiaçı işə apellyasiya qaydasında baxılarkən izahatında göstərmişdir ki, ərazidə yan-yana 2 avtoyuma məntəqəsi var. Lakin aktda X2 adı qeyd edildiyindən müəyyən olunur ki, akt onun mülkiyyətində olan qarajla bağlı tərtib edilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı ünvan 3 ünvanda yerləşən avtoyuma obyektinin həmin küçədəki (işdəki Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 20 saylı MKİS-nin arayışlarına əsasən Y.Vəzirov küçəsinin adı dəyişdirilərək Y.V.Çəmənzəminli küçəsi adlandırılmışdır) 125 A saylı evin yanındakı qaraj olduğunu iddia etsə də, bu barədə məhkəməyə mötəbər sübut (125 A saylı qaraja 127 saylı ünvan verilməsi barədə sənəd, X5 adlı şəxslə bağlanmış icarə müqaviləsi, 127 saylı ünvanda yerləşən obyektlə bağlı onunla Cavabdeh AC arasında bağlanmış müqavilə və s.) təqdim edilmədiyindən iddiaçının 007256 nömrəli 19.08.2020-ci il tarixli akt əsasında Cavabdeh ASC tərəfindən hesablanmış borcu mübahisələndirməyə subyektiv hüququ olduğu müəyyən olunmur. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 08.02.2022-ci il tarixli 2-2(113)-560/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 08.02.2022-ci il tarixli 2-2(113)-560/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar