Məhkəmə qərarları › İş №2-2(103)-468/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-468/2025

03.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-468/2025 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası QƏTNAMƏ İddiaçı İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: xidmət müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, işgüzar adətlər, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlundan, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçı İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə və nümayəndəsi (vəkili) Vəkil, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 nümayəndələri X1 və X3 iştirakları ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (icraçı) ilə “xxxx” ASC (sifarişçi) arasında ## ###### 2023-cü il tarixli SC-****/** nömrəli xidmətlər üzrə satınalma müqaviləsi imzalanmışdır.

2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi əsas fondların idarə olunması işlərinin avtomatlaşdırılmasına dair konsaltinq xidmətinin satın alınması üçün icraçının (bütün vergilər daxil) 450 996 manat məbləğində təklifini qəbul etmişdir. Eyni zamanda, müqavilənin 2.2-ci bəndinə görə, icraçı, müqavilədə nəzərdə tutulan şərtlər əsasında sifarişçiyə satın alınan * nömrəli əlavədə göstərilən xidmətlərin təhvil verilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş xidmətlər icraçının tender təklifinə və müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş müddətdə aradan qaldırılmasına təminat verir. Həmçinin müqavilənin 2.3-cü bəndinə əsasən, sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

3. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, icraçı müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra müqaviləni imzalayır. İcraçının bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir. Həmin müqavilənin 5.4-cü bəndinə görə, sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.

4. Həmin müqavilənin 13.1-ci bəndinə görə, müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. Həmin müqavilənin 13.2-ci bəndinə əsasən, sifarişçi satın alınan işlərin yerinə yetirilməsi üçün icraçıya müqavilənin xüsusi şərtlərində göstərilən məbləğdə avans ödəyə bilər. Avansın alınması üçün icraçı tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş qaydada sifarişçiyə avans ödənişinin təminatını təqdim edir. Avans ödənişi üçün verilən təminat avans qaytarılana qədər qüvvədə qalır, onun məbləği isə görülən işlərin müqabilində azaldılır. İcraçı avansı yalnız nəzərdə tutulmuş məqsəd üçün istifadə edə bilər. İcraçı avansın göstərilən məqsədlər üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərini sifarişçiyə təqdim etməlidir. Həmin müqavilənin 13.3-cü bəndinə görə, sifarişçi müqavilənin icrasını təmin etmək məqsədi ilə hər ödənişdən müqavilənin xüsusi şərtlərində göstərilən məbləği tutur. Həmin vəsait müqavilənin icrası tam başa çatdırıldıqdan sonra və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra 30 bank günü müddətində icraçıya ödənilir. Həmin müqavilənin 13.4-cü bəndinə əsasən, müqavilə icraçı və ya sifarişçi tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərildiyi qaydada ödənişlərin məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir. Həmin müqavilənin 14.1-ci bəndinə görə, icraçı tenderin əsas şərtlər toplusunda göstərilmiş müddət ərzində satınalma müqaviləsini imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir. İcraçının tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalamaması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir. İcraçı müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi halda sifarişçiyə dəyən ziyanı müqavilənin yerinə yetirilməsi təminatından ödəməlidir.

5. Eyni müqavilənin 20.1-ci maddəsinə əsasən, icraçı müqaviləni tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə, sifarişçi digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyəbləşdirilmiş maksimum həddə çatdıqdan sonra sifarişçi müqaviləni ləğv edə bilər. Həmin müqavilənin 20.2-ci maddəsinə görə, sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, icraçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər.

6. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. ## ###### 2023-cü il tarixli SC-****/** nömrəli müqavilənin “Xüsusi Şərtləri”nin 3-cü bəndinə əsasən qüsurlara görə məsuliyyət müddəti işlərin və xidmətlərin yerinə yetirildiyi tarixdən 1 ildir. Müqavilənin 8-ci bəndinə əsasən icraçı müqavilənin dəyərinin ödənilməsi ilə bağlı sənədləşdirmə işlərinin vaxtında və dəqiq aparılmasına təminat verir, müqavilənin 1 və * nömrəli əlavəsində göstərilmiş ximdətləri yerinə yetirir, tərəflər arasında təsdiq olunmuş təhvil-təslim aktı ilə xidmətlərin nəticəsini sifarişçiyə təhvil verir, sifarişçiyə xidmətlərin keyfiyyəti barəsində məcburi tələblərə uyğun gələn və müqavilədə göstərilən məqsədlər üçün istifadəyə yarayan xidmətlər göstərir, xidmətlərin nəticələrini tam şəkildə sifarişçiyə müqavilədə qeyd olunan formatda təhvil verir. Sifarişçi müqavilə üzrə öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirilməsini icraçıdan tələb edir, müqavilənin predmetinə uyğun olaraq göstərilən xidmətlərlə bağlı mövcud olan və müqavilənin tələblərinə uyğun gələn lazımi məlumatları icraçıya təqdim edir, müqavilənin icrası zamanı baş verən nöqsanların aradan qaldırılması icraçıdan tələb edir. Sifarişçi müqavilə üzrə ödənişi müqavilənin xüsusi şərtlərinin 16-cı maddəsində nəzərdə tutulan qaydada və müddətdə həyata keçirməlidir. Xüsusi şərtlərin 16-cı bəndinə əsasən sifarişçinin təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar, təhvil-təslim aktı və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.

8. Xüsusi şərtlərin 19-cu bəndinə əsasən, müqavilə müqavilənin icra müddəti bitdikdən sonra altı ay müddətinə qüvvədədir.

9. Xüsusi şərtlərin 31-ci bəndinə görə, icraçı tərəfindən müqavilənin yerinə yetirilməsinin sənədləşdirilməsi və tərtib olunan sənədlər: təhvil-təslim aktı, icra olunmuş xidmətlər təhvil-təslim aktı hər iki tərəfdən imzalanmaqla qəbul edilir.

10. Eyni zamanda müqavilənin xüsusi şərtlərinin 29-cu bəndinə görə, satınalma müqaviləsi üzrə sifarişçi tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği: hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-ini, cərimə məbləğinin yuxarı həddi isə ümumi müqavilə məbləğinin 10%-ini təşkil edir.

11. Sözügedən müqavilənin “Xüsusi Şərtlər”i tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. ## ###### 2023-cü il tarixli SC-****/** nömrəli müqaviləyə * nömrəli “X14”na əsasən, icraçı tərəfindən ümumi dəyəri 450 996 (ƏDV daxil) manat (382 200 manat əsas + 68 796 manat ƏDV (18%)) olan xidmət göstərilməsi barədə razılaşma olmuşdur. Həmin xidmətlər aşağıdakı kimi göstərilmişdir: 1) cari vəziyyətin qiymətləndirilməsi və boşluqların təhlili; 2) əsas vəsaitlərin invetarizasiyası; 3) məlumat bazası proqram təminatının hazırlanması; 4) əsas vəsaitlər üzrə sistemi sənədlərin hazırlanması; 5) “funksional tələblər sənədi” və “iddiaçıların və təkliflərin qiymətləndirilməsi mexanizmi” sənədlərin hazırlanması. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. Tərəflər arasında bağlanmış müqaviləyə texniki tapşırıq adlı * saylı Əlavənin 1ci bəndinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin ## #### 2004-cü il tarixli nömrəli Sərəncamı əsasında yaradılıb. “xxxx” ASC suyun mənbələrdən götürülməsi, emalı, nəqli, anbarlanması və paylanmasını təşkil edir, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edir və onlara kanalizasiya xidmətləri göstərir, tulantı suların toplanması, nəqli, emalı və kənarlaşdırılmasını həyata keçirir. Səhmdar Cəmiyyət içməli və tullantı su sistemlərinin layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmətlərin göstərilməsini təmin edir. Cəmiyyətin balansında 21 000 km uzunluğunda su, 10 500 km uzunluğunda kanalizasiya və yağış suları xətləri vardır. ## ###### 2021-ci il tarixə “xxxx” ASC üzrə işçi sayı 13 912 nəfərdir. Ölkə üzrə 1 697 098 abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri göstərir. Bunların 1 631 058-sı əhali, 66 040-i isə qeyri-əhali abunəçiləridir. Abonentlərin 78,5 faizi, Bakı şəhəri üzrə 81,7 faizi, regionlarda isə 71 faizi fasiləsiz içməli su ilə təmin olunur. Əlavənin 2-ci bəndinə əsasən, layihənin ümumi hədəfi təşkilatın profil (ana) fəaliyyəti üzrə əsas fondların texniki xidmət və təmir işlərinin idarə olunmasına müasir və rəqəmsal yanaşma tətbiq etməklə, təşkilat resurslarının daha optimal istifadəsinə təmin edərək səmərəlik və məhsuldarlıq göstəricilərin yüksəldilməsidir.

14. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ## ###### 2023cü il tarixli Fərmanı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaradılmışdır.

15. ## ### 2023-cü il tarixli, EBDG seriyalı, ****** nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən “xxxx” ASC-yə (indiki adı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 30 090 manat təşkil edir. Qaimənin əsası kimi ## ###### 2023-cü il tarixli LSC-****/** nömrəli müqavilə qeyd edilmişdir.

16. ## #### 2023-cü il tarixli, EBDK seriyalı, ****** nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən “xxxx” ASC-yə (indiki adı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 25 606 manat təşkil edir. Qaimənin əsası kimi ## ###### 2023-cü il tarixli LSC-****/** nömrəli müqavilə qeyd edilmişdir.

17. ## ###### 2024-cü il tarixli, EBDX seriyalı, ****** nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 41300 manat təşkil edir. Qaimənin əsası kimi ## ###### 2023-cü il tarixli LSC-****/** nömrəli müqavilə qeyd edilmişdir.

18. ## ###### 2024-cü il tarixli, EBDY seriyalı, ****** nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 318 600 manat təşkil edir. Qaimənin əsası kimi ## ###### 2023cü il tarixli LSC-****/** nömrəli müqavilə qeyd edilmişdir.

19. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ## #### 2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, “xxxx” ASC (indiki adı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) İddiaçı MMC-nin bank hesabına 25 000 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EBDG seriyalı, ****** nömrəli qaimə qeyd edilmişdir.

20. ## #### 2023-cü il tarixli ƏDV Sub-Uçot hesabından çıxarışdan məlum olur ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən İddiaçı MMC-nin bank hesabına 4590 manat köçürülmüşdür. Ödənişin təyinatı kimi EBDG seriyalı, ****** nömrəli qaimə qeyd edilmişdir.

21. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ## ###### 2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, “xxxx” ASC (indiki adı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) İddiaçı MMC-nin bank hesabına 21 700 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EBDK seriyalı, ****** nömrəli qaimə qeyd edilmişdir.

22. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından məlum olur ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 ## ###### 2024-cü il tarixinə İddiaçı MMC-yə 305 000 manat məbləğində əsas və 54 900 manat məbləğində ƏDV borcu olmaqla (## ###### 2023-cü il tarixli LSC/****/** nömrəli xidmətlər üzrə satınalma müqaviləsinə, ## ###### 2024-cü il tarixli, EBDX seriyalı, ****** saylı və ## ###### 2024-cü il tarixli, EBDY seriyalı, ****** saylı elektron qaimə-fakturalara əsasən) cəmi 359 900 manat borcu mövcud olmuşdur.

23. İddiaçı MMC tərəfindən iş materiallarına inventarizasiya siyahıları və inventarizasiya zamanı mal-materialların faktiki və uçot vəziyyəti haqqında akt əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

24. İddiaçı MMC (iddiaçı) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən öhdəliklərinin üzrlü səbəblər olmadan, qərəzli və qəsdən yerinə yetirilməməsi səbəbindən yaranmış 359 900 (üç yüz əlli doqquz min doqquz yüz) manat (ƏDV daxil) əsas borc, həmçinin habelə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 1 (bir) illik 5 (beş) faiz hesabı ilə 6 ay üçün 8997,50 manat (səkkiz min doquz yüz doxsan yeddi manat əlli qəpik) gecikmə borcu, dövlət rüsumu və bank xərci olaraq 650 (altı yüz əlli) manat olmaqla, ümumilikdə 369 547,50 manat (üç yüz atmış doqquz min beş yüz qırx yeddi manat əlli qəpik) məbləğində pul vəsaitinin cavabdehdən Cəmiyyətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ## ###### 2023-cü il tarixli SC-****/** saylı müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə bir sıra konsaltinq xidmətləri göstərilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən müvafiq xidmətlər həyata keçirilmiş və cavabdehə müvafiq qaydada təhvil verilmişdir. Cəmiyyət öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra edib xidmətləri cavabdehə təhvil versə də, cavabdeh tərəfindən ödənişlə bağlı öhdəliyi tam şəkildə icra etməmiş və hazırda cavabdehin 359 900 (üç yüz əlli doqquz min doqquz yüz) manat (ƏDV daxil) məbləğində borcu vardır. Cavabdeh tərəfindən xidmətlərin təhvil-təslimi barədə aktların imzalanmasından heç bir əsas göstərilmədən imtina edilir. Cəmiyyət tərəfindən göstərilmiş 359 900 (üç yüz əlli doqquz min doqquz yüz) manat (ƏDV daxil) dəyərində xidmətin ödənişi uzun müddətdir cavabdeh tərəfindən şifahi və yazılı müraciətlərə baxmayaraq, ödənilmir. Qeyd edilmişdir ki, sözügedən məbləğin ödənilməsi və məsələnin danışıqlar yolu ilə həll olunması üçün cavabdehə müvafiq pretenziya məktubu da təqdim edilmişdir. Lakin cavabdeh heç bir geri dönüş etməmişdir.

26. Sonradan iddiaçı “iddia ərizəsinə əlavə” barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 305 000 (üç yüz beş min) manat məbləğində əsas borc, 54 900 (əlli dörd min doqquz yüz) manat məbləğində ƏDV, 30 500 (otuz min beş yüz) manat gecikdirilən məbləğ, ərizənin verildiyi tarixə formalaşmış 5 faizin, yəni 10 152 (on min yüz əlli iki) manat məbləğində əldən çıxmış fayda və 690,55 manat (altı yüz doxsan manat əlli beş qəpik) məbləğində dövlət rüsumunun ödənilməsinə çəkilmiş xərc olmaqla, ümumilikdə 401 202 (dörd yüz bir min iki yüz iki) manat məbləğində pulun iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

27. Həmin ərizə işin faktiki hallarına uyğun əsaslandırılmış, tərəflər arasında bağlanmış ## ###### 2023-cü il tarixli LSC-****/** saylı müqavilə (bundan sonra “müqavilə”) tender təklifinə əsaslanmışdır və iddiaçı ## ###### 2022-ci il tarixində başlayan “Əsas fondların idarə olunması işlərinin avtomatlaşdırılmasına dair konsaltinq xidmətinin satın alınması” üzrə açıq tender müsabiqəsinin qalibi olmaqla (təsdiqedici sənədlər əlavə olunur), cavabdehlə qeyd olunan müqaviləni bağlamışdır. Müqavilənin məbləği kimi bütün vergilər daxil olmaqla 450 996 (dörd yüz əlli min doqquz yüz doxsan altı) manat müəyyən olunmuşdur. Müqavilə şərtlərinə uyğun olaraq, ilkin mərhələdə icrası tələb olunan xidmətlər (Müqavilənin * saylı Əlavəsi ilə təsdiq olunmuş Qiymətlərin razlaşdırılması Protokolunda qeyd olunmuş 1 və * saylı xidmətlər) cavabdehə təhvil verilmiş və ## ###### 2023-cü il və ## #### 2023-cü il tarixlərində icraçının bank hesabına müvafiq qaimələr əsasında ödənişlər icra olunmuşdur. Cavabdeh tərəfindən həmin ödənişə uyğun ƏDV öhdəliyi də müvafiq depozit hesabına köçürülmüşdür. İddiaçı müqavilə şərtlərinə tam riayət edərək, sonrakı mərhələdə “Qiymətlərin razlaşdırılması protokolun”da göstərilən 2 və * saylı xidmətləri də icra etdikdən sonra həmin xidmətlərin haqqının ödənilməsi üçün cavabdehə uyğun olaraq, ## ###### 2024-cü il tarixli, EBDY ****** saylı və ## ###### 2024-cü il tarixli, EBDX ****** saylı elektron qaimə-fakturaları təqdim etmiş (əlavə olunur), lakin cavabdeh bu xidmətlərin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Halbuki, o, əvvəlki xidmətlərin haqqını ödəməklə müqavilənin şərtlərini istisnasız qəbul etdiyini nümayiş etdirsə də, sonradan icra olunmuş digər xidmətlərin haqqının ödənilməsi barədə iddiaçının yazılı və şifahi müraciətlərinə naməlum səbəbdən heç bir reaksiya verməmiş və göndərilən pretenziya cavablandırmamışdır. Üstəlik, ödəniş öhdəliklərinin icra olunmaması səbəbindən, iddiaçının dövlət büdcəsinə formalaşmış vergi borcuna görə müvafiq bank hesabının üzərinə sərəncam qoyulmuşdur. Cavabdehin bu cür davranışının nəticəsi olaraq, iddiaçı sonuncu razılaşdırılmış xidmətin (Qiymətlərin razlaşdırılması protokolunda qeyd olunmuş * saylı xidmət) icrasından birtərəfli qaydada imtina etmiş və iddia tələbinə həmin xidmət üçün nəzərdə tutulmuş haqqı daxil etməmişdir.

28. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında qeyd etmişdir ki, əvvəllər edilmiş ödəniş avans deyildir. 1-ci və 3-cü punktlar üzrə ödənişlər olubdur, vergi məbləği də daxil olmaqla tam ödənilibdir. 2-ci və 4-cü punktlar qalıbdır. Vəsaitlərin invertarizasiyası, funksional sənədlərin hazırlanması və digər işlər görülməli idi. Tərəflər arasında münasibətlərin əsasını elektron qaimələr təşkil edir. Elektron qaimələr elə işlərin görülməsini təsdiq edir. 5 gün ərzində də geri qaytarılmayıbdır. 19 yanvar və 05 fevral qaimələrlə bağlı şirkət rəhbərliyi dəyişdiyi üçün həmin qaimələr fərqli olubdur. İşlərin görülməsi ilə bağlı və ödənişlərin edilməsi ilə bağlı xəbərdarlıq ediləndə bildirildi ki, səlahiyyətləri olmadığı üçün ödəniş edilə bilməz. Bu məlumat qaimələr vurulan dövrdə verilməli idi.

29. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, “...elektron qaimələrin olması o demək deyildir ki, işlər görülübdür. Ümumiyyətlə, işlər görülməyibdir, iddianı qəbul etmirik. Belə ki, işlərin görülməsi ilə bağlı aktlar, sənədlər yoxdur. Yekunda proqram təminatı hazırlanmalı idi, lakin hazırlanmayıb və təhvil verilməyibdir. Edilmiş ödənişlər avans kimi ödənilibdir. Əgər həmin proqram təhvil verilsə idi, şirkətin əməkdaşlarına təlim də keçirilməli idi. İddiaçının təqdim etdiyi sənədlər birtərəfli sənədlərdir və sübut kimi qəbul oluna bilməz. Proqram təminatı hazırlanmayıbdır. Ona görə də, iddia tələbinin rədd ediməsini məhkəmədən xahiş etdi.”.

30. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı tərəf işləri təhvil verməli idi, yəni proqramı sistemə yükləməli, test etməli, əməkdaşlara başa salınmalı, kurs keçilməli və sonra qəbul edilməli idi. Bu qaydalara riayət olunmamışdır. Ona görə də, iddia tələbinin rədd ediməsini məhkəmədən xahiş etdi.

31. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır.

32. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

32.1. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər arasında ## ###### 2023-cü il tarixli SC-****/** nömrəli xidmətlər üzrə satınalma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Tərəflər arasında bağlanmış ## ###### 2023-cü il tarixli SC-****/** nömrəli müqaviləyə X14 adlı * nömrəli Əlavəyə əsasən tərəflər arasında ümumi dəyəri 450 996 (ƏDV daxil) manat (382 200 manat əsas + 68 796 manat ƏDV (18%)) olan 5 adda xidmətin göstərilməsi barədə razılaşma olmuşdur. Həmçinin iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmişdir. Bunlar işin mübahisəsiz halını təşkil edir. 32.2. İşin faktiki hallarından da müəyyən edildiyi kimi, hazırkı halda cavabdehdən tutulması tələb olunan məbləğin aid olduğu xidmətlərin göstərilibgöstərilməməsi işin mübahisəli halını təşkil edir. 32.3. İddiaçı qeyd etmişdir ki, tərəflərindən cavabdehə göstərilmiş xidmətlərlə bağlı elektron qaimələr göndərilmiş və müəyyən ödənişlər edilmişdir. Buna sübut olaraq ödəniş tapşırıqlarını əlavə etmişdir. Cavabdeh tərəf isə məhkəmə icraatının gedişində izahatında bildirmişdir ki, elektron qaimələrin olması o demək deyildir ki, işlər görülübdür. Ümumiyyətlə işlər görülməyibdir. İşlərin görülməsi ilə bağlı aktlar, sənədlər yoxdur. Yekunda proqram təminatı hazırlanmalı idi, lakin hazırlanmayıb və təhvil verilməyibdir. İkinci olaraq edilmiş ödənişlərlə bağlı bildirilir ki, edilən ödənişlər avans kimi ödənilibdir. Əgər həmin proqram təhvil verilsə idi, şirkətin əməkdaşlarına təlim də keçirilməli idi. İddiaçının təqdim etdiyi sənədlər birtərəfli sənədlərdir və sübut kimi qəbul oluna bilməz. Ona görə də, iddia tələbinin rədd ediməsi məhkəmədən xahiş edilir. 32.4. Qeyd edilən halla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin qənaətinə əsasən hazırkı halda, elektron qaimənin göndərilməsi özlüyündə xidmətin göstərilməsini təsdiq edən sübut qismində qəbul oluna bilməz. Çünki müqavilənin xüsusi şərtlərinin 16-cı bəndində qeyd edilir ki, “Ödəniş şərtləri: icraçının təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar, təhvil-təslim aktı və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır”. Sözügedən bənddə ödənişin edilməsi üçün təqdim ediləcək sənədlərin siyahısını tərəflər müəyyən etmişlər. Bundan başqa, cavabdeh, iddiaçı tərəfindən ödənilməməsi iddia edilən pulun aid olduğu xidmətin göstərilməsini mübahisələndirdiyindən, həmin xidmətlərin göstərilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. 32.5. Məhkəmə icraatının gedişində iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi halları – cavabdehə xidmətlərinin göstərilməsini sübuta yetirə bilməmiş və iddia tələbi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. 32.6. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. 32.7. Məhkəmə təqdim olunmuş sübutları, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassız olduğundan təmin edilməməlidir. 32.8. İddia tələbinin digər hissələrini cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X4 30 500 (otuz min beş yüz) manat gecikdirilən məbləğ, ərizənin verildiyi tarixə formalaşmış 5 faizin, yəni 10 152 (on min yüz əlli iki) manat məbləğində əldən çıxmış faydanın tutulması təşkil edir. İddia tələbinin göstərilən hissələrinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində sübuta yetirilmədiyindən digər hissələrdə təmin edilə bilməz.

33. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 442-ci, 448.1-ci maddələrinə istinad etmişdir.

34. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) də apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin təqdim edilən elektron qaimələrə düzgün qiymət vermədiyini, iddiaçı tərəfindən işlərin yerinə yetirlməsini nəzərə almadığını və avans ilə bağlı düzgün hüquq dəyərləndirmə həyata keçirmədiyini, ümumiyyətlə, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, bununla da əsassız qənaətə gəlindiyini irəli sürmüşdür.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

35. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

36. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) təmsil etdiyi hüquqi şəxsin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndələri isə şikayətə etiraz edərək təmin olunmamasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

38. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

39. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

42. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

43. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

44. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

45. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

46. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

47. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

48. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

49. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

50. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

51. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

52. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

53. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

54. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

55. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

58. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

62. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

63. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

64. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

65. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

66. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

Apellyasiya baxışının həddi

67. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

69. Kollegiya hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmış, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

70. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

71. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

72. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır (§ 43, 44).

73. İşin faktiki hallarından, iddiaçının cavabdehlə ## ###### 2023-cü il tarixli SC- ****/** nömrəli xidmətlər üzrə satınalma müqaviləsi, həmin xidmət müqaviləsinə əlavə razılaşmalar bağladığı müəyyən olunur və müqavilənin şərtlərindən görünür ki, iddiaçı icraçı qismində müxtəlif (konsaltinq, proqram təminatının hazırlanması və s - § 12, 13) xidmətlərinin görülməsi barədə öhdəlik qəbul etmiş, cavabdeh isə sifarişçi kimi həmin xidmətlərə görə müvafiq ödənişləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür.

74. Mülki qanunvericilikdə xidmət müqaviləsi ilə bağlı tənzimləmələr olmasa da, Mülki Məcəllənin qanunun analogiyası ilə bağlı müəyyən etdiyi qaydalara uyğun olaraq, müqaviləyə podratla bağlı şərtlər tətbiq edilməlidir.1

75. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən Qərarında da göstərilmişdir ki,, “...Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar”. Göstərilən prinsipi podrat müqaviləsini tətbiq edərək Plenum göstərmişdir ki, “...Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır.”. Həmçinin Plenum qeyd etmişdir ki, “...Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir”.

1 Ali Məhkəmə, İş № 2-2(102)-324/2023, § 63

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_324+19.07.2023.pdf) Ali Məhkəmə, İş № 2-2(102)-250/2024, § 39 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_250+12.06.2024.pdf)

76. Beləliklə, iddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 53) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin yerinə yetirilməsini sübutetmə yükü iddiaçının, görülmüş işlərə görə ödənişlərin edilməsinin sübutetmə yükü isə cavabdehin üzərinə düşür.

77. İşin hallarından, tərəflərin izahlarından və apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, tərəflər arasında müqavilənin bağlanması və iddiaçının müvafiq elektron qaimələri tərtib etməsi işin mübahisəsiz halını təşkil edir. Bununla belə, tərəflər işlərin görülüb-görülməməsi məsələsində əks mövqedədirlər. Belə ki, iddiaçı hesab edir ki, elektronqaimənin göndərilməsi işlərin görülməsini sübut edir. Bununla müqayisədə cavabdeh isə iddia edir ki, işlərin görüldükdən sonra təhvil-təslim aktı tərtib edilməli idi, odur ki, elektron qaimənin göndərilməsi işlərin görülməsini sübut etmir.

78. Bu baxımdan, hazırkı mübahisənin həll edilməsi üçün tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən işlərin görülüb-görülməməsinə qiymət vermək lazımdır.

79. Bu kontekstdə iş üzrə xüsusi bilik tələb edən halların mövcudluğu nəzərə alınaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına əsasən məhkəmə ekspertizası təyin edilmişdir.

80. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */*** №-li ekspert rəyində müəyyən edilmişdir ki, təqdim edilən PDF faylların daxili strukturunda əsasən sənədlərin son dəyişdirilmə tarixlərinə (PDF Modify Date/Last Modified) dair rəqəmsal izlər mövcuddur. Lakin həmin faylların ilkin yaradılma tarixlərinə (PDF Creation Date) dair məlumatlar müəyyən edilməmişdir. Ekspert tərəfindən qeyd olunmuşdur ki, PDF faylların yaradılma tarixi yalnız faylın ilk dəfə hansı cihaz vasitəsilə yaradıldığı zaman həmin cihazın sistem tarix və vaxt göstəricilərinə uyğun olaraq formalaşır. Təqdim olunmuş faylların daxili metadata məlumatlarında isə belə ilkin yaradılma tarixləri aşkar edilməmişdir.

81. Beləliklə, ekspert rəyinə əsasən, təqdim olunmuş PDF sənədlərin mövcudluğu və onların son dəyişdirilmə tarixlərinə dair məlumatlar müəyyən edilsə də, həmin sənədlərin ilk dəfə nə vaxt yaradıldığını texniki baxımdan müəyyən etmək mümkün olmamışdır.

82. Lakin iddiaçının nümayəndəsi tərəfindən verilmiş izahatdan görünür ki, həmin sənədlər elektron məhkəmə sistemindən fləş daşıyıcıya köçürüldüyü üçün onların ilkin yaradılma tarixləri deyil, son dəyişiklik tarixləri əks olunmuşdur.

83. Kollegiya qeyd edir ki, bu hal sənədlərin yaradılma tarixinin texniki səbəblərdən düzgün əks olunmaması ehtimalını yaradır və əvvəlki ekspert rəyinin natamamlığını göstərir.

84. Bu səbəbdən, iş üzrə əhəmiyyət kəsb edən halların tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə tərəfindən əlavə məhkəmə kompüter-texniki ekspertizanın təyin edilməsi zəruri yaranmışdır.

85. Məhkəmə kollegiyası sonuncu ekspert rəyini araşdıraraq müəyyən edir ki, təqdim olunmuş elektron sənədlərin bir hissəsinin yaradılma və dəyişdirilmə tarixləri texniki vasitələrlə müəyyən edilmişdir.

86. ##.##.2026-cı il tarixli, */** №-li ekspert rəyində qeyd olunmuşdur ki, həmin tarix göstəriciləri faylların yaradıldığı və ya elektron daşıyıcıya köçürüldüyü anda istifadə olunan cihazın sistem tarixinə uyğun rəqəmsal izlərdir.

87. Bu isə təqdim olunmuş sənədlərin real olaraq müəyyən zaman kəsiyində formalaşdırıldığını və onların texniki baxımdan etibarlılığına şübhə yaratmadığını göstərir. Eyni zamanda, ekspert rəyində müəyyən edilmiş sənədlərin yaradılma tarixləri müqaviləyə əlavə edilmiş təhvil verilməsi qrafikində xidmətlərin görülməsi üçün nəzərdə tutulmuş müddətlərlə üst-üstə düşür ki, bu hal həmin sənədlərin məhz müqavilə üzrə öhdəliklərin icrası çərçivəsində hazırlandığını təsdiq edir.

88. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyində göstərilən hallar sənədlərin sonradan yaradılması və ya saxtalaşdırılması barədə iddiaları təsdiq etmir və əksinə, onların mövcudluğunu və müəyyən zaman çərçivəsində hazırlandığını təsdiqləyir.

89. İş materiallarından, o cümlədən ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər müqavilədə nəzərdə tutulan işlərin mühüm hissəsini əhatə edir və həmin sənədlərin mövcudluğu və yaradılması faktı təsdiq olunur.

90. Cavabdeh tərəfindən isə təqdim olunmuş sənədlərin müqavilə üzrə öhdəlikləri əhatə etmədiyini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir.

91. Eyni zamanda kollegiya cavabdehin təhvil-təslim aktlarının təqdim olunmaması, edilmiş ödənişlərin avans xarakterli olması barədə dəlillərini əsassız hesab edir.

92. Belə ki, tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.

93. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır (§ 43, 44).

94. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərar).

95. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına2, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına3, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıbdaşımamasına4, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilibedilməməsinə5 qiymət verilməsi zəruridir.

96. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.

97. Kollegiya qeyd edir ki, podrat müqavilələri üzrə işlərin təhvil-təslim anı iki formada müəyyən edilə bilər. İlk halda podrat müqaviləsi tərəflərin razılaşdırdıqları sənədləşmə vasitəsi ilə (təhvil-təslim aktı, elektron qaimə və digər sənədlər) təhvil alınır.

2 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 3 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 4 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 5 Ali Məhkəmə, İş № 2-2(102)-54/2024

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 Digər halda isə qanunvericilik ümumi qaydada tənzimləmə müəyyən etmişdir və bu halda müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur (§ 54).

98. Tərəflər arasında bağlanmış müqavilənin əlavəsindən görünür ki, işlərin görülməsinin yekunlaşmasının təsdiqedici sənədi kimi təhvil-təslim aktı razılaşdırılmışdır (§ 7).

99. Eyni zamanda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanmış xidmət müqaviləsinə əsasən icraçı tərəfindən sifarişçinin fəaliyyətinin təhlili, əsas vəsaitlərin inventarizasiyası, müvafiq proqram təminatı və digər sənədlərin hazırlanması kimi işlərin mərhələli qaydada icrası nəzərdə tutulmuşdur. Müqaviləyə əlavə edilmiş təhvil qrafikində həmin işlərin konkret müddətlər üzrə icrası müəyyən edilmişdir.

100. Məhkəmə kollegiyası müəyyən edir ki, tərəflər arasında formalaşmış münasibətlərə əsasən xidmətlərin təhvil-təslimi ənənəvi qaydada aktlarla deyil, elektron qaimə-fakturalar vasitəsilə rəsmiləşdirilmişdir.

101. İş materiallarından görünür ki, müqavilənin 1-ci və 3-cü mərhələləri üzrə iddiaçı tərəfindən təqdim olunmuş elektron qaimələrə (iş materialları:İ cild, iş vərəqə 181-182; 183- 184) cavabdeh tərəfindən istinad edilərək ödənişlər (iş materialları:İ cild, iş vərəqə 169, 170) həyata keçirilmişdir. Bu hal tərəflər arasında formalaşmış işgüzar adətə uyğun olaraq elektron qaimələrin xidmətlərin qəbulunu və icrasını təsdiq edən sənəd kimi istifadə olunduğunu göstərir.

102. Xüsusilə nəzərə alınmalıdır ki, təqdim olunmuş elektron qaimələrdə “görülmüş işlər” kimi müqavilənin 1-ci və 3-cü mərhələləri üzrə xidmətlərin qeyd edilməsi onların avans xarakterli ödənişlər deyil, faktiki icra olunmuş xidmətlərin qarşılığı olduğunu təsdiq edir.

103. Məhkəmə kollegiyası hesab edir ki, əgər ödənişlər avans xarakterli olsaydı, bu hal elektron qaimələrdə müvafiq şəkildə əks etdirilməli və ya cavabdeh tərəfindən həmin ödənişlərin geri qaytarılması tələb olunmalı idi. Lakin cavabdeh tərəfindən belə bir tələb irəli sürülməmişdir.

104. Kollegiya qeyd edir ki, cavabdehin iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina etməməsi və ya ən azından ötən müddət ərzində öz etirazını bildirməməsi, əksinə, əvvəlki mərhələlər üzrə göndərilmiş elektron qaimələrə istinad edərək ödənişlər etməsi təsdiq edir ki, iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmiş, bununla da mübahisə yaranan dövr və ondan sonrakı müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır.

105. Cavabdehin ona göndərilən elektron qaimələrin bir hissəsi üzrə ödənişlərini həyata keçirməsi onun elektron sisteminə aktiv nəzarət etdiyi, tərəflər arasında işgüzar münasibətin məhz elektron qaimə əsasında formalaşdığı, elektron qaimələrin təhvil-qəbul aktı kimi çıxış etdiyinin göstəricisidir.

106. Cərimə borcunun tutulması tələblərinə dair məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi hallarda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə uyğun, vaxtında və tam həcmdə icrasını təmin etməkdən ibarətdir.

107. İşin halları, tərəflər arasında bağlanmış müqavilənin şərtləri, öhdəliyin icra edilmə müddəti və ödənişlərin gecikdirilməsi nəzərə alınaraq, həmçinin müqavilədə nəzərdə tutulmuş cərimə şərtləri qiymətləndirilərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən öhdəliyin vaxtında icra edilməməsi müəyyən edilmişdir.

108. Kollegiya eyni zamanda nəzərə alır ki, müqavilənin müvafiq bəndinə əsasən ödənişlərin gecikdirilməsi halında hər gecikmə günü üçün müəyyən faizlə dəbbə pulu nəzərdə tutulmuş, lakin ümumi məbləğ üzrə yuxarı hədd müəyyən edilmişdir.

109. İş materialları, tərəflərin maliyyə münasibətləri, gecikmə müddəti və müqavilə şərtləri birlikdə qiymətləndirildikdə, məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun 15.250 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğun olmaqla ədalətli və mütənasibdir.

110. Məhkəmə kollegiyası hesab edir ki, əldən çıxmış faydanın ödənilməsi barədə iddia tələbi rədd edilməlidir.

111. Belə ki, iddiaçı fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını və s. halları təsdiq edən sübutları təqdim etməmişdir.

112. Yuxarıda göstərilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı iddia tələbi qismən təmin olunmalıdır.

113. Gəldiyi qənaətə uyğun olaraq kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun, əvəzi qismində 647 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

114. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 347 manat dövlət rüsumunun 325 manatı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

115. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı MMC-nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı iddia tələbi qismən təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 305.000 (üç yüz beş min) manat əsas borc, 54.900 (əlli dörd min doqquz yüz) manat ƏDV, 15.250 (on beş min iki yüz əlli) manat cərimə və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 647 (altı yüz qırx yeddi) manat olmaqla, ümumilikdə 375.797 (üç yüz yetmiş beş min yeddi yüz doxsan yeddi) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 347 (üç yüz qızx yeddi) manat dövlət rüsumunun 325 (üç yüz iyirmi beş) manatı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar