Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-469/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Açar söz: alqı-satqı müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-490/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, Cavabdeh MMC “alıcı” İddiaçı MMC “satıcı” olmaqla 17 mart 2014-cü il tarixli 14-AİS-077 nömrəli malların alqı-satqısına dair müqavilə imzalanmış, həmin müqavilə əsasında 15 yanvar 2015-ci il tarixli BƏT seriyalı 031881 nömrəli qaimə-faktura ilə ümumilikdə 6.088,80 manat məbləğində mal Cavabdeh MMC-yə verilmişdir.
2. 2.1-ci bəndində alınacaq malların vahid qiyməti 85.940 manat məbləğində müəyyən edilmişdir.
3. 8.1-ci bəndə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənədək qüvvədədir.
4. 08 yanvar 2015-ci il tarixli İddiaçı MMC tərəfindən tərtib edilmiş təhvil-təslim aktında xx.xx.2014-cü il tarixli seriya BƏT/2 031881 nömrəli qaimə-fakturaya əsasən “Solideal” markalı müxtəlif ölçülərdə 30 ədəd təkərlərin təhvil verilməsi qeyd olunmuşdur. Təhvil-təslim aktında qaimə-fakturanın nömrəsinə düzəliş edilərək 031881 qeyd olunmuşdur. Təhvil-təslim aktında İddiaçı MMC tərəfindən möhürlənmiş, təhvil alan olaraq Kazımov R. adlı şəxs qeyd olunmuş və imzalanmışdır.
5. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 210 manat Bakı “4 saylı” Vəkil Bürosunun hesabına ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə ƏDV daxil olmaqla ümumi məbləği 6088.80 manat olan borcun, ilkin mediyasiya sessiyasının aparılmasına ödənilmiş 100 manat xərcin və hüquqi xidmətin göstəriməsi üçün vəkilə ödənilmiş 210 manatın, cəmi 6398.80 AZN pulun Cavabdeh MMC-dən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında malların alğı-satqısı barədə 17 mart 2014-cü il tarixli 14- AİS-077 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinin tələbinə görə satıcı alıcının sifarişi ilə müqavilənin əlavələrində göstərilən malları alıcıya təqdim etməklə onun mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib onun dəyərini müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinin tələbinə görə alıcı müqavilə imzalandıqdan sonra müqavilə dəyərinin 50%-i həcmində avans ödənişi həyata keçirilir. Müqavilənin 2.4-cü bəndinin tələbinə görə məbləğin qalan hissəsi mallar təhvil verildikdən sonra 15 (on beş) iş günü ərzində ödəniləcəkdir. Həmin müqavilənin 8.1-ci bəndinin tələbinə görə müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənədək qüvvədədir. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı tərəfindən alıcıya verilən malların ümumi dəyəri 85.940 (səksən beş min doqquz yüz qırx) manat müəyyən olunmuşdur. Müqavilənin şərtinə görə alıcı tərəfindən satıcıya ölçüləri 315/80R22.5 Austone AT 209 markalı 20 ədəd, 385/65R22.5 Austone AT 16 markalı 15 ədəd, 11.00R20 Kumho KFD04 markalı 14 ədəd, 23.5R25 SRGP L3/E3 SOLİDEAL markalı 10 ədəd, 20.5- 25 Solideal L3 20PR 8 ədəd, 14.00-24 L3 SD SOLİDEAL markalı 22 ədəd, 10.00-20 Solideal WL set markalı 14 ədəd, 315/80R22.5 Bridgestone M840 markalı 20 ədəd, 315/80R22.5 Bridgestone L355 markalı 20 ədəd avtomobil şinlərini verməyi üzərinə götürmüşdür. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli qaimə-faktura seriya BƏT/2 № 031881 olan təhvil-təslim aktı əsasında ölçüləri 8.15- 15(28x9-15) olan 6 (altı) ədəd Solideal, ölçüləri 6.50-10 olan 6 (altı) ədəd Solideal, ölçüləri 7.50-16 olan 6 (altı) ədəd Solideal, ölçüləri 7.50-15 olan 6 (altı) ədəd Solideal, ölçüləri 7.50-12 olan 6 (altı) ədəd Solideal, markalı təkərlər alıcı Cavabdeh MMC-nin məsul şəxsinə təhvil verilmişdir. Eyni zamanda satılan malların ƏDV-də daxil olmaqla ümumi məbləğ 6088.80 (altı min səksən səkkiz AZN 80 qəpik) pul vəsaitinin İddiaçı MMC-nin hesabına ödənilməsi barədə satıcı tərəfindən xx.xx.2015-ci il tarixli EVHF seriya HJ № 580153 elektron qaimə alıcı Cavabdeh MMC-yə göndərilir. Lakin ötən müddət ərzində Cavabdeh MMC tərəfində alınan malların dəyəri cəmiyyətə ödənilməmişdir. Nəticədə alıcı üzərinə götürdüyü öhdəlikləri vaxtı vaxtında və lazımi qaydada yerinə yetirməyərək müqavilənin şətrlərini pozmuşdur. Borcun ödənilməsinin təmin edilməsi məqsədilə satıcı tərəfindən alıcıya xx.xx.2022-ci il tarixdə yazılı müraciət etməsinə baxmayaraq, heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görməmişdir. Eyni zamanda müqavilə öhdəliyinin yerinə yetirilməməsi barədə pul tələbinə dair iddiaçı tərəfindən Mediyasiya Şurasına müraciət olunmuşdur. Mediyasiya Şurasının Bakı 5 saylı Mediyasiya təşkilatı tərəfləri ilkin mediyasiya sessiyasında iştirak etməyə dəvət etsə də cavabdeh tərəf həmin iclasa gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi ƏDV-də daxil olmaqla ümumi məbləğ 6088.80 (altı min səksən səkkiz AZN 80 qəpik) təşkil edir.
9. Cavabdeh tərəf dəyəri tələb edilmiş malın təhvil verildiyini mübahisələndirməmiş, işin hazırlıq mərhələsində elektron kabinet vasitəsi ilə məhkəməyə mübahisəyə iddia mddətinin tətbiq edilməklə baxılmasını xahiş etmişdir. 10 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-490/2023 nömrəli qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbini sübuta yetirilməsi ilə bağlı məhkəməyə malların təhvil-təslim aktı, qaimə-faktura və qaimə təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qaimə fakturanı hər iki tərəf təsdiqləmişdir. Eyni zamanda cavabdeh malların təhvil verilməməsini məhkəmə araşdırması zamanı mübahisələndirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətlərinin olması, həmin müqavilə əsasında malların qarşı tərəfə təhvil verilməsi öz təsdiqini tapır. Bununla belə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən ərizəyə münasibət bildirilməsi zəruridir. Belə ki, cavabdeh qeyd olunan ərizədə bildirmişdir ki, iş üzrə 3 illik iddia müddəti tətbiq edilməlidir.
12. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizəni əsas götürərək, hesab etmişdir ki, iş üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. (MM maddə 377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. (maddə 377.3.). Tərəflər arasında imzalanmış müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuşdur ki, alıcı bu müqavilə imzalandıqdan sonra müqavilə dəyərinin 50%-həcmində avans ödənişi həyata keçirir. 2.4-cü bəndinə əsasən məbləğin qalan hissəsi mallar təhvil verildikdən sonra 15 (on beş) iş günü ərzində ödəniləcəkdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan məlum olur ki, mübahisələndirilən mallar qarşı tərəfə 15 yanvar 2015-ci il tarixli BƏT seriyalı 031881 nömrəli qaimə-faktura tərtib edildiyi tarixdə təhvil verilmiş, iddiaçının öhdəliyin icrasını tələb etmək hüququ həmin tarixdən sonra əmələ gəlmişdir. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2022-ci ildə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, tərəflər arasında imzalanmış müqavilənin 8.1-ci bəndində “müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənədək qüvvədədir” müddəasının olması iddia müddətinin tətbiq edilməməsi üçün əsas deyildir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-490/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, tərəflər arasında bağlanmış 14- AİS-077 saylı 17 mart 2014-cü il tarixli malların alqı-satqısı barədə müqavilənin. şərtinə görə malların alıcı tərəfindən tam qəbulu başa çatdıqdan sonra müqavilə bitmiş hesab olunur. Bu hal müqavilənin 8.1-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin müqavilənin 8.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənədək qüvvədədir. Göründüyü kimi, cavabdeh satıcıdan aldığı maldan əlavə 79.851,2 manat dəyərində mal aldıqdan sonra müqavilə üzrə öhdəlik başa çatmış hesab olunur. Həmçinin müqavilənin 8.2-ci bəndinə əsasən alıcı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə bağlı satıcıya hər hansı rəsmi məlumat göndərilməmişdir. Yəni müqavilə üzrə öhdəliklərin icrası hələ də başa çatmamışdır. Birinci instansiya məhkəməsi öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə istinad etsə də qətnamədə həmin halları düzgün tövsif etməmişdir. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinin tələbinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alınmış malların dəyərinin ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət olunmuş, alıcı isə qısa müddət ərzində borcunu ödəməyə söz versə də, borcunu ödəməmiş və rəsmi qaydada göndərilmiş pretenziya məktubuna isə heç bir münasibət bildirməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
16. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
17. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi 372.1-ci maddə- başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddə- müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddə-məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddə- iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddə-icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 399.1-ci maddə-müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2-ci maddə-tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3-cü maddə- müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 427.1-ci maddə-əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
18. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə iddiaçı tərəfin izahatını apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-490/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış 17 mart 2014-cü il tarixli 14-AİS-077 nömrəli malların alqı-satqısına dair müqaviləyə əsasən cavabdehə 15 yanvar 2015-ci il tarixli BƏT seriyalı 031881 nömrəli qaimə-faktura ilə təhvil verilmiş ümumilikdə 6.088,80 manat məbləğində malın dəyəri ödənilməmişdir. İddiaçı hazırda həmin borcun ödənilməsini tələb edir.
21. Cavabdeh tərəfindən müqavilədən irəli gələb tələb üzrə 3 illik iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermiş, məhkəmə müqavilə şərtlərinə əsasən satılan malın dəyərinin ödənilməsi üçün 15 iş günü müddət nəzərdə tutulduğunu müəyyən edərək malın təhvil verildiyi 2015-ci ildən sonra 3 illik iddia müddətini ötürərək iddiaçının 2022-ci iddia qaldırması əsası ilə iddianı rədd etmişdir.
22. İddiaçının apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə hal-hazıradək qüvvədə olduğundan iddia müddətinin ötürüldüyə dair məhkəmənin mövqeyi əsassızdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, müqavilənin qüvvədə olma müddəti ilə müqavilə üzrə öhdəliyin icra müddəti fərqli anlayışlardır. Müqavilənin qüvvəsinin anlayışı MM-nin 399-cu maddəsində, öhdəliyin icra müddətinin anlayışı isə 427-ci maddəsində nəzərdə tutulmuşdur.
23. Hazırda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində müqavilənin qüvvəsi tərəflərin öz öhdəliklərini yerinə yetərənədək, satılmış malın dəyərinin ödənilməsi ilə bağlı icra müddəti isə 2.4-cü bənddə ən geci mallar təhvil verildiyi tarixdən 15 iş günü müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, MMnin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlandığından iddiaçının tələbi üzrə iddia müddəti 2018-ci ilin yanvarında bitmişdir. İddiaçı iddia müddəti keçdikdən sonra xx.xx.2022-ci ildə məhkəməyə müraciət etdiyindən iddianın rədd edilməsi barədə məhkəmənin mövqeyi qanunu və əsaslıdır.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 490/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-490/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.