Məhkəmə qərarları › İş №2-2(103)-47/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-47/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-47/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı yükdaşıma müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, e-2-2 (113)- 1106/2020 saylı qətnaməsindən (hakim Zeynəb Axundova) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7804 manat əsas borc, 56940 manat dəbbə pulu, 10.000 manat məbləğində əldən çıxmış fayda, 7,25 % bank uçot (faiz) dərəcəsi ilə hesablanmaqla 566 manat məbləğində pul və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "Cavabdeh" MMC arasında xx.xx.2017-ci il tarixli, 09/17 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi "Cavabdeh" MMC-nin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib, müvafiq xidmətləri göstərsə də, "Cavabdeh" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, göstərilən xidmətə görə 7804 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, e-2-2 (113)-1106/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdehndən 7804 manat məbləğində əsas borc, 500 manat məbləğində dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3,3 manat olmaqla, cəmi 8307,3 manat məbləğində pul İddiaçı xeyrinə tutulmuşdur. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin qismən iddianın təmini hissəsində ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosessual pozuntuya yol vermiş, işə baxılmasının vaxtı barədə cavabdehə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, cavabdehə məhkəmə iclasının vaxtı barədə lazımı qaydada bildiriş göndərilmiş, hüquqi ünvana göndərilmiş məhkəmə bildirişləri həmin ünvanda olmadığına dair poçt qeydi ilə qaytarılmış, məhkəmə bildirişi cavabdehin nümayəndəsinin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, e-2-2 (113)-1106/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda iş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Məhkəmə qətnaməni qeyd edilən hissədə yoxlayaraq hesab edir ki, qətnamənin iddianın təmin edildiyi hissədə dəyişdirilməsi və ya ləğvi üçün əsaslar mövcud deyil. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC ilə cavabdeh "Cavabdeh" MMC arasında xx.xx.2017-ci il tarixli, 09/17 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə əsasən ona məxsus olan yükləri daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə icra edilmiş xidmətlərin haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixli 01 nömrəli, xx.xx.2017-ci il tarixli 01 nömrəli, xx.xx.2017-ci il tarixli 02 nömrəli, xx.xx.2017-ci il tarixli 03 nömrəli, xx.xx.2017-ci il tarixli 04 nömrəli, xx.xx.2017-ci il tarixli 10 nömrəli, xx.xx.2017-ci il tarixli 11 nömrəli təhvil-təslim aktlarından görünür ki, İddiaçı MMC tərəfindən "Cavabdeh" MMC-yə 84831,2 manat dəyərində yükdaşıma xidməti göstərilmişdir. Qeyd olunan aktlar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Müqavilənin 7.2-ci bəndində nəzərdə tutulmuşdur ki, sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa hər gecikən gün üçün ümumi dəyərin 1 % əlavə hesablanacaq. İddiaçı MMC pretenziya qaydasında məktubla cavabdehə müraciət edərək, müqavilə üzrə yaranmış 7804 manat məbləğində borcun 5 iş günü müddətində ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zəruriyyəti yaranacağını bildirmişdir. Birinci instansiya məhkəməsi cavabdehin müqaviləyə əsasən göstərilmiş xidmətin dəyərini tam ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyinin işdəki sübutlarla təsdiq edildiyini nəzərə alaraq, MM-nin 385.1, 422, 443., 448.1-ci maddələrinə istinad edərək iddianı 7804 manat məbləğində əsas borcun tutulması hissəsində tam, cərimə tələbi hissəsində MM-nin 467-ci maddəsini tətbiq edərək qismən təmin etmiş, əldən çıxmış fayda və bank uçot faizi ilə zərərin tutulması hissəsində iddia rədd edilmişdir. Cavabdehin apelyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, məhkəmə cavabdehə iclasların vaxtı barədə bildiriş göndərməmiş, çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edilən halı araşdıraraq şikayətin əsassız olduğunu müəyyən etmişdir. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, növbəti məhkəmə iclasının xx.xx.2020-ci il tarixdə keçiriləcəyi barədə bildiriş cavabdehə rəsmi təqdim edilsə də nümayəndəsi iclasda iştirak etməmiş, cavabdehin iştirakının təmin edilməsi üçün məhkəmə iclası xx.xx.2020-ci il tarixə təxirə salınmış, həmin iclas barədə bildiriş cavabdehə xx.xx.2020-ci il tarixdə rəsmi təqdim edilsə də, cavabdeh iclasda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən apelyasiya şikayətində qeyd edilmiş prosessual pozuntuya yol verildiyi müəyyən edilmədiyindən cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, e-2-2 (113)-1106/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, e-2-2 (113)-1106/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar