Məhkəmə qərarları › İş №2-2(103)-471/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-471/2022

07.07.2022 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-471/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və cərimənin tutulması barədə iddia ərizəsinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1200/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə iddianın dəyişdirilməsi (tələbin həcminin artırılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, 06 noyabr 2012-ci il tarixli 104-LD/12 və 28 mart 2013-cü il tarixli 50-LD/13 saylı müqavilələr üzrə yaranmış 23965,92 manat əsas borc, 40189,63 manat cərimə və 30 manat məbləgində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 06 noyabr 2012-ci il tarixli 104-LD/12 və 28 mart 2013-cü il tarixli 50-LD/13 saylı müqavilələrə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 52 baş cins damazlıq heyvanı lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 45318,55 manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin müqavilələr üzrə 04 fevral 2020-ci il tarixədək 23965,92 manat əsas borc, 40189,63 manat cərimə borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh "xxxx" ASC ilə bağladığı müqavilələrin həmin bəndləri ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İş üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-104/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə cəmi 27965,92 manat məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu tutulmuş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4062/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qeyd edilən qətnamədən cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)- 104/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4873/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4062/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli, e-2-2(113)-1200/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 23965,92 manat əsas borcun, 1000 manat dəbbə pulunun, cəmi 24965,92 manat pulun və 11,40 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, 18,60 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1200/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsinin iddianın təmin edildiyi hissəsini ləğv edərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, MPM-nin 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir İş hələ Sabunçu Rayon Məhkəməsində olarkən cavabdeh ekspertiza təyin olunması barədə vəsatət vermiş, həmin vəsatətə ödənilmiş pullarla bağlı kassa mədaxil qəbzləri əlavə etmişdir. Lakin həmin qəbzlər ekspertin rəyində öz əksini tapmamışdır və məhkəmə həmin kassa mədaxil qəbzlərinə hüquqi qiymət verməmişdir. Sabuncu Rayon Məhkəməsində hakim Zaur Hacıyevin icraatında mülki iş olarkən düzgün hesablanma aparılmadığından təkrarən ekspertiza keçirilməsi barədə xx.xx.2020-ci il tarixdə vəsatət vermiş, lakin vəsatət təmin olunmamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2013-cü il tarixli 286552 №-li kassa mədaxil qəbzdən görünür ki cavabdehə 1498,35 manat ödənilmişdir, xx.xx.2013-cü il tarixli 286665 №-li kassa mədaxil qəbzdən görünür ki cavabdehə 8000 manat ödənilmişdir, xx.xx.2013-cü il tarixli 288798 №-li kassa mədaxil qəbzdən görünür ki cavabdehə 7000 manat ödənilmişdir, xx.xx.2013-cü il tarixli 357220 №-li kassa mədaxil qəbzdən görünür ki cavabdehə 3525 manat ödənilmişdir. Göründüyü kimi cavabdehə əlavə ödənilmiş 20023,35 manat nəzərə alınmamışdır. MM-nin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Məhkəmə tərəfindən 1000 manat dəbbə pulun tutulması qət edilmişdir. Məhkəmə düzgün hesablama aparmadığından, iddiaçıya borc qalmadığından dəbbə pulu da tutula bilməz. Cavabdehin Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, guya sığorta ilə bağlı 4785, 62 manat məbləğində sığorta ödənişi təmin edilmiş həmin məbləğ cavabdeh ərizəsi əsasında borcuna silinmişdir. Göstərilmiş 4785,62 manat məbləğ iddiaçı tərəfindən silinməsi göstərilsə də ekspertin rəyində öz əksinin tapmamış və ümumiyyətlə silinmə ilə bağlı Cavabdeh ərizəsi məhkəməyə təqdim edilməmişdir. Hesab edirəm məhkəmə yalnız iddiaçının məhkəməyə sığorta ilə bağlı təqdim etdiyi məktubla kifayətlənməməli idi, 3-cü şəxsin mövqeyini nəzərə almalı idi. Həmin məktubda göstərilmişdir ki, 13 baş damazlıq heyvandan dördü ilə bağlı sığorta pulu alınıb, 7 heyvanla bağlı ( 12 301,43 manat) imtina olunması göstərilmiş, 1 baş heyvanla bağlı (1745,66 manat) "xxxx" ASC ləğv olunması ərəfəsində olduğundan cavabsız qalmış, 1 baş heyvanla bağlı sənədlərin sahibkar tərəfindən təqdim edilmədiyi göstərilmişdir. Lakin göstərilən dəlillərlə bağlı iddiaçı tərəf heç bir sənəd təqdim etməmişdir, çünki həmin heyvanlarla bağlı iddiçı tərəf pul almışdır. Həmçinin sığorta şirkətinin ləğv olunması imtina üçün əsas ola bilməz. Mülki iş materiallarda olan müqavilənin 8-ci bəndindən görünür ki, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və həlli 30 gün müddətində danışıqlar yolu ilə, mümkün olmadıqda məhkəmə müraciət olunacaq. Göründüyü kimi tərəflər məhkəmədən əvvəl pretenziya ilə müraciət etməlidirlər. Lakin iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl 23 965, 92 manat əsas və sair tələbdən bağlı Cavabdeh müraciət etməmişdir. İşə apellyasiya qaydasında baxılarkən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının vəsatəti əsasında məhkəmənin protokol qərardadı ilə iddiaçı MPM-nin 58-ci maddəsinə əsasən hüquq varisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz edilmişdir. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2022-ci il tarixə təyin edilmiş, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 oğlu məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1200/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmi qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında iki lizinq müqaviləsi bağlanmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2012-cı il tarixli 104-LD/12 saylı dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilə bağlanmış, lizinq verən "xxxx" ASC 50 faiz güzəştdən sonrakı ümumi dəyəri 3622.80 manat olan Holştin-friz cinsindən olan 2 baş damazlıq heyvanı 3 il müddətinə Cavabdeh lizinqə vermişdir. Lizinq alan Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 1816,90 manatı əvvəlcədən lizinq verənə ödənilmiş, qalan 1816,90 manatı isə müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən sonuncu ödəniş 2015-ci ilin İV rübü həyata keçirilməli idi. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 28 mart 2013-cü il tarixli 50-LD/13 saylı dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən "xxxx" ASC ümumi dəyəri 87003.29 manat olan Holştin-friz cinsindən olan 50 baş damazlıq heyvanı 3 il müddətinə Cavabdeh lizinqə vermişdir. Lizinq alan Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 43501.65 manatı əvvəlcədən lizinq verənə ödənilmiş, qalan 43501,64 manatı isə müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən sonuncu ödəniş 2015-ci ilin İV rübü həyata keçirilməli idi. Müqavilələrdən görünür ki, iki müqavilə üzrə ilkin ödənişlər çıxılmaqla cavabdeh tərəfindən cəmi 45318,54 manat (1816,90 manat+43501,64 manat) ödəniş edilməli idi. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarından görünür ki, borcla bağlı cavabdehə xx.xx.2014-cü il tarixli və xx.xx.2016-cı il tarixli pretenziya məktubları göndərilmiş, borc ödənilmədiyindən iddiaçı xx.xx.2017-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2019-cu il tarixli 31369 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan sənədlər (maliyyə arayışı məlumatları) 06 noyabr 2012-ci il tarixli 104-LD/12 və 28 mart 2013-cü il tarixli 50-LD/13 saylı lizinq müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2017-ci il tarixinə "xxxx" ASC-yə olan əsas borcu 23965,93 manat, cərimə borcu 17922,15 manat olmaqla, ümumi borcu 41888,08 manat müəyyən edilir. Rəyə əsasən cavabdeh tərəfindən iki müqavilə üzrə ödəniş qrafikləri əsasında ödənilməli olan məbləğdən 21352,62 manat ödəniş həyata keçirilmişdir. İddiaçı tərəfindən təqdijm edilmiş, iş materiallarının 1-ci cildinin 96-cı vərəqinə əlavə edilmiş maliyyə arayışında da cavabdehin qrafiklər üzrə ödənişlərinin ümumi məbləğinin 21352,62 manat olduğu qeyd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə tələb edilən 40189,63 manat cərimənin hansı qaydada hesablanması ilə bağlı cədvəl təqdim edilmişdir. Cavabdehin iddiaya etirazı bundan ibarət olmuşdur ki, cavabdehin lizinq şirkətinə qalıq borcu düzgün hesablanmamış, 80.000 manata yaxın məbləğ ödənildiyi nəzərə alınmamış, 13 baş heyvan tələf olmuş, həmin heyvanlara görə iddiaçı "xxxx" ASC –dən sığorta pulu almışdır. Cavabdeh "xxxx" ASC tərəfindən cavabdehə lizinqə verilmiş və tələf olmuş mallara görə iddiaçıya hansı məbləğdə sığorta ödənişi ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kassa mədaxil orderlərindən görünür ki, lizinq müqavilələrinə əsasən tərtib edilmiş qrafiklər üzrə nağd olaraq xx.xx.2013-cü il tarixdə 604 manat, xx.xx.2013-cü il tarixdə 3500 manat, xx.xx.2013-cü il tarixdə 604 manat, xx.xx.2013-cü il tarixdə 4105 manat, xx.xx.2013-cü il tarixdə 4103 manat, xx.xx.2014-cü il tarixdə 4105 manat vəsait ödənilmişdir. Cavabdeh tərəfindən sığorta haqqı ödənişləri, heyvanların saxlanma xərci ilə bağlı təqdim etdiyi mədaxil qəbzləri məhkəmə tərəfindən lizinq borcu üzrə ödəniş kimi qəbul edilməmişdir. "xxxx" ASC iş üzrə üçüncü şəxs qismində cəlb edilsə də, nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və mübahisə ilə bağlı məhkəməyə yazılı izahat göndərməmişdir. İddiaçının Sabunçu rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, cavabdehə lizinqə verilmiş və tələb olmuş 22745,06 manat dəyərində 13 baş damazlıq heyvandan 4 baş heyvana görə "xxxx" ASC tərəfindən 4785,61 manat məbləğində sığorta ödənişi ödənilmiş, həmin məbləğ cavabdehin ərizəsi əsasında borcuna yönəldilmişdir. 12301,43 manat məbləğində 7 baş heyvanın sığorta hadisələri "xxxx" ASC tərəfindən araşdırılaraq baxımsızlıq və təsərrüfatsızlıq səbəbindən sığorta ödənişlərindən imtina edilmiş, 1745,66 manat məbləğində 1 baş heyvanın tələb olması barədə sənədlərin cavabdeh tərəfindən sığorta hadisəsindən uzun müddət (6-8 ay) keçdikdən sonra "xxxx" ASC-nin sığorta şirkətinə müraciəti cavabsız qalmış, 1769,25 manat məbləğində 1 baş heyvanın tələf olması barədə sənədlər isə sahibkar tərəfindən ümumiyyətlə təqdim edilməmişdir. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Birinci instansiya məhkəməsi qeyd edilən normaların tələblərini nəzərə alaraq işdəki sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı lizinq müqavilələri üzrə cəmi ödəməli olduğu 23965,92 manat əsas borcun ödənildiyini sübut edə bilmədiyindən iddia əsas borcun tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab etmişdir ki, iddiaçı lizinq müqavilələrinin 4.2-ci bəndinə əsasən cavabdehdən öhdəliyin ödəniş qrafikinə uyğun həyata keçirilməməsinə görə dəbbə pulu tələb etməyə haqlı olsa da, öhdəliyinin icrasının gecikdirilməsinə görə cavabdehin ödəməli olduğu dəbbə pulunun məbləği 40189,63 manat deyil, ekspert rəyinə əsasən 17922,15 manat müəyyən olunduğundan və bu məbləğ borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, azaldaraq 1000 manat həddində müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə tərəfindən MPM-nin 102-ci maddəsinin tələbi pozularaq iş üzrə təkrar ekspertiza təyin edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, MPM-nin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2019-cu il tarixli 31369 nömrəli ekspert rəyi məhkəmənin razılaşmaması üçün apellyasiya şikayətində hər hansı əsaslı dəlil qeyd etməmişdir. Apellyasiya şikayətində istinad edilmiş xx.xx.2013-cü il tarixli 285552 saylı (damazlıq heyvanların üstəlik xərci), xx.xx.2013-cü il tarixli 286665 saylı (damazlıq heyvanların saxlanma xərci), xx.xx.2013-cü il tarixli 288798 saylı (sığorta haqqı), xx.xx.2013-cü il tarixli 357220 saylı (sığorta haqqı) kassa mədaxil qəbzlərində ödənişin təyinatı fərqli olduğundan həmin ödənişlərin cavabdehin lizinq borcundan çıxılmaması pozuntu hesab edilə və təkrar ekspertiza təyin edilməsi üçün əsas ola bilməz. Lizinq müqavilələrinin 2.2.1-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların daşınma, saxlanma, boşaltma və digər xərclərinin ödənilməsini öz üzərinə götürdüyündən heyvanların saxlanma xərci, sığorta xərcləri ilə bağlı ödənişlərin lizinq verən tərəfindən lizinq borcundan çıxılmaması müqavilə şərtlərinə uyğundur. Lizinq müqavilləri üzrə əsas borcun tam ödənildiyi cavabdeh tərəfindən sübut edilmədiyindən qətnamə cavabdehdən iddiaçının xeyrinə öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu tutulması hissəsində də əsaslı hesab edilir. Apellyasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, məhkəmə tələf olmuş heyvanlara görə sığorta ödənişinin məbləği ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş məktubla kifayətlənmiş, bununla bağlı üçüncü şəxsin mövqeyini nəzərə almamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin tələbinə əsasən lizinqə verilmiş və tələf olmuş heyvanlara görə "xxxx" ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişinin məbləğinin iddiaçının qeyd etdiyi məbləğdən artıq olduğunun sübut edilməsi (sübut etmə yükü) cavabdehin üzərinə düşdüyü halda, cavabdeh bu barədə məhkəməyə sübut təqdim etmədiyindən məhkəmənin iş materiallarında mövcud olan sübutlar əsasında qətnamə qəbul etməsi pozuntu hesab edilə bilməz. "xxxx" ASC mübahisə ilə bağlı hər hansı mövqe bildirmədiyindən məhkəmə tərəfindən üçüncü şəxsin mövqeyinin nəzərə alınmadığına dair mülahizə də əsassız hesab edilir. Apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, cavabdehə tələb edilən borc məbləği ilə bağlı iddiaçı tərəfindən pretenziya məktubu göndərilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməməsi iddianın rədd edilməsi üçün deyil, MPMnin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün əsas ola bilərdi. İş materiallarından görünür ki, hazırkı halda gecikdirilmiş borcun ödənilməsi ilə bağlı cavabdehə iddiaçı tərəfindən iki dəfə, sonuncu dəfə 28751,54 manat məbləğində borcla bağlı xx.xx.2016-cı il tarixdə pretenziya göndərilmiş, həmin məktubların surətlərii iş materiallarına əlavə edilmişdir. (1-ci cild 11-ci və 137-ci vərəqlər). İşə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılarkən cavabdeh məhkəməyə pretenziya məktublarını almaması və bu əsasla iddianın baxılmamış saxlanılmasına dair vəsatətlə müraciət etməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən hər hansı pozuntuya yol verildiyi müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1200/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1200/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar