Məhkəmə qərarları › İş №2-2(103)-473/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-473/2023

17.05.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-473/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair Açar söz: ölkədən gütmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, maraqlı şəxsin vəkili Vəkil iştirakı ilə, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsi üzrə kommersiya mübahisəsinə dair iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4254/2022 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan ümumilikdə 12255,08 manat, dövlət sosial müdafiə fonduna olan 0,83 manat, işsizlikdən sığorta fonduna olan 3,86 manat, icbari tibbi sığorta fonduna olan 57394,73 manat məbləğində borcu vardır.

Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 12255,08 manat, dövlət sosial müdafiə fonduna olan 0,83 manat, işsizlikdən sığorta fonduna olan 3,86 manat, icbari tibbi sığorta fonduna olan 57394,73 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan “X2” MMC-nin (VÖEN: **********) işsizlikdən sığorta fonduna 3,86 manat, icbari tibbi sığorta fonduna 57394,73 manat, dövlət büdcəsinə 12255,08 manat məbləğində (o cümlədən, vergilər üzrə 9951,01 manat, faizlər üzrə 2304,07 manat), dövlət sosial müdafiə fonduna 0,83 manat olmaqla, ümumilikdə 69654,5 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi üçün vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli bildirişlər göndərilmiş, lakin borc ödənilməmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4254/2022 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) ərizə təmin edilmişdir.

5. Məhkəmə tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan hüquqi şəxs “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin işsizlikdən sığorta fonduna 3,86 manat, icbari tibbi sığorta fonduna 57394,73 manat, dövlət büdcəsinə 12255,08 manat, dövlət sosial müdafiə fonduna 0,83 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA2088480) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

6. Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 4254/2022 nömrəli qətnaməsinin ləğv edilərək ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan dövrdə və hal-hazırda hüquqi şəxsin rəhbəri artıq dəyişmişdir. Hal-hazırda maraqlı şəxsin hüquqi şəxsin direktoru olmadığı halda əsassız olaraq belə məhdudiyyət tətbiq edilmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Maraqlı şəxs məhkəmə iclasında tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

9. Ərizəçiyə məhkəmə iclasını yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir.

10. Tətbiq edilən hüquq

“Avropa İnsan hüquqları Konvensiyası” 4 saylı Protokolunun 2-ci maddəsi- hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası Konstitusiyası 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddənin 3-cü bəndi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsi- insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddə - vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə - vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri

11. Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

12. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4254/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.

13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən vergi orqanının ərizəsinə baxılarkən “X2” MMC-nin direktoru maraqlı şəxs olsa da, X3 Reyestrindən Çıxarışdan görünür ki, qətnamə qəbul edildikdən sonra xx.xx.2022-ci il tarixdən “X2” MMC-nin qanuni təmsilçisi dəyişərək X1 olmuş, bu barədə reyestrdə müvafiq qeydiyyat aparılmışdır.

14. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs hazırda “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olmadığı üçün həmin hüquqi şəxsin dövlət büdcəsinə olan borcları ilə əlaqədar onun ölkədən getmək hüququ məhdudlaşdırılması üçün qanuni əsaslar olmadığından mübahisələndirilən qətnamə ləğv edilərək ərizə rədd edilməlidir.

15. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 4254/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.

16. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4254/2022 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Ərizə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar