Məhkəmə qərarları › İş №2-2(103)-474/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-474/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-474/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X15 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-576/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Sifarişçi qismində Cavabdeh ilə icraçı İddiaçı arasında xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci maddəsinə əsasən müqavilənin predmetini Bakı-Quba magistral yolunun 4-cü kilometrində yerləşən X24 Kompleksində aparılan yenidənqurma, əsaslı təmirtikinti işləri ilə əlaqədar icraçı tərəfindən KS 3575 n/ş ZİL-133 QYA markalı, mavi rəngli, qeydiyyat nömrəsi **-BF-***, buraxılış ili 1989-cu il olan avtokran ilə xidmət göstərilməsinə dair tərəflərin qarşılıqlı hüquq və vəzifələri təşkil edir. 2.1-ci maddəsinə əsasən sifarişçinin icraçının işinin müqavilənin şərtlərinə uyğun olan nəticələrini qəbul etmək və icraçının haqqını müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödəmək vəzifəsi vardır. 3.1-ci maddəsinə əsasən icraçının hazırkı müqavilənin 1.1-ci maddəsində göstərilmiş işləri sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini təmin etmək, müqavilənin 1.1-ci bəndində qeyd olunan texnikanın təmir və qulluq xərclərini öz vəsaiti hesabına ödəmək vəzifəsi vardır. 3.2-ci maddəsinə əsasən icraçının zərurət olduğu halda üçünçü şəxsləri cəlb etmək, gördüyü işlərin haqqının ödənilməsini tələb etmək hüququ vardır. 4.1-ci maddəsinə əsasən sifarişçi müqavilənin 1.1-ci maddəsinə göstərilmiş xidmətə görə avans olaraq və ya qarşılıqlı akt əsasında müəyyən olunan məbləği ödəyir. Ödəniş forması: tərəflərin qarşılıqlı razılaşması ilə işlər görüldükdə nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilir. 4.2-ci maddəsinə əsasən göstərilən xidmətlərin həcmi və qiyməti müqaviləyə əlavə olunan protokolda razılaşdırılır və təsdiq olunur. 5.1-ci maddəsinə əsasən icraçı onun tərəfindən təqdim edilmiş layihə eskizlərdə səhv məlumatın verilməsi nəticəsində sifarişçiyə, sifarişçinin işçilərinə və ya üçüncü şəxslərə dəymiş zərərə və ya ziyana, ya da hər hansı bədən xəsarətinin yetirilməsinə və ya ölüm hadisəsinə cavabdehdir. 5.2-ci maddəsinə əsasən icraçı xidmət göstərdiyi iş müddətində texniki və əməyin təhlükəsizliyi qaydalarının pozulmasına görə tam məsuliyyət daşıyır. 5.3-cü maddəsinə əsasən icraçı müqavilə üzrə xidmət göstərdiyi müddət ərzində özünün və ya cəlb etdiyi digər şəxsin hərəkət və hərəkətsizlikləri nəticəsində sifarişçiyə və ya üçüncü şəxslərə vurulmuş ziyana görə tam maddi məsuliyyət daşıyır. 7.1-ci maddəsinə əsasən müqavilədən irəli gələn, yaxud müqavilə barədə meydana çıxan bütün mübahisələr tərəflərin razılığı ilə həll edilir. 7.2-ci maddəsinə əsasən tərəflər öz aralarında razılığa gələ bilməzlərsə, mübahisə həll olunması üçün Azərbaycan Respublikasının müvafiq kommersiya məhkəməsinə verilir.

2. xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 463963 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 11872 manat təşkil etdiyi qeyd olunur.

3. xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 834152 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 7667 manat təşkil etdiyi qeyd olunur.

4. xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 148901 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 5495 manat təşkil etdiyi qeyd olunur.

5. xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 322591 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 2113,25 manat təşkil etdiyi qeyd olunur.

6. Cavabdeh MMC tərəfinən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 775 nömrəli ezamiyyət vəsiqəsində X3 Cavabdeh MMC-yə məxsus X25-Tədris Kompleksinin yenidənqurma təmir, tikinti işləri üçün 30 gün müddətində (yolda olduğu vaxt nəzərə alınmadan) ezam olunduğu qeyd edilmişdir. Vəsiqə Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş və imzalanmışdır. Vəsiqənin təmir-tikinti işləri ilə bağlı ölkə ərazisində iş zərurəti ilə əlaqədar sərbəsi hərəkət üçün verildiyi yazılır. Vəsiqədə müvafiq olaraq “çıxdı” və “gəldi” qrafaları mövcuddur və hər qrafada 3 möhür olmaqla, 6 möhür var, tarix olaraq yalnız birinci qrafada çıxdı hissədə “16 iyun 2020” qeydi edilmiş, digərlərində möhür vurulsa da, tarix qoyulmamışdır.

7. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin məzmunundan görünür ki, İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə 525,79 manat ödənilmişdir.

8. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin məzmunundan görünür ki, İddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 125,4 manat ödənilmişdir.

9. Kapital Bank tərəfindən verilmiş iddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən iddiçının hesabına xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 834152 nömrəli elektron qaimə üzrə 5000 manat, xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 148901 nömrəli elektron qaimə üzrə 5495 manat ödəniş edilmişdir.

10. X11 tərəfindən Əmək və Əhalinin Müdafiə Nazirliyi yanında X14 Xidmətinin rəhbərliyinə göndərilmiş ərizədə qeyd edilmişdir ki, İddiaçı ilə MMC arasında xx.xx.2020-ci il tarixində xidmət müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı atası X3 avtokran maşını ilə xidmət göstərdiyi hər gün müqavilində 230 manat pul vəsaiti alacağı razılaşdırılmışdır. X1 imzası ilə təsdiq edilmişdir.

11. İddiaçı tərəfindən Cavabdehnə pretenziya məktubu göndərilərək, borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

12. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı Ayvaz oğlunun xeyrinə tapşırıq müqaviləsinə əsasən ödənilməmiş 9660 manat borc, vergi borcuna görə ödənilmiş 525 manat və DSMF-yə ödənilmiş 125 manat olmaqla, cəmi 10310 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, maraqlı şəxs X2 rayon ərazisində özünə məxsus ekskavatorla (avtokran maşını ilə) qazma, təmir-tikinti işləri görür. İddiaçı maraqlı şəxsin oğludur. Cavabdeh MMC Quba rayon İdman Təlim-Tədris Kompleksinin (Olimiya Kompleksi) yenidənqurma və təmir-tikinti işləri ilə bağlı müxtəlif işlərin görülməsini Mövlüdov Ayvaza tapşırmışdır. Mövludov Ayvazın VÖEN-i olmadığı üçün İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanılır, həmin müqaviləyə əsasən görülən işlərə görə günəmuzd təyin edilir və hər gün üçün 230 manat ödəniş razılaşdırılır. Qeyd edilmişdir ki, həmin müqavilə sonra cavabdeh tərəfindən götürülmüş və iddiaçıda həmin müqavilənin əsli və ya sürəti qalmamışdır. Lakin cavabdeh tərəfindən bu halları təsdiq edən etiraf ərizəsi vardır və həmin sənədi iddia ərizəsinə əlavə edir. İddiaçı və atası A.Mövlüdov üzərinə götürdükləri öhdəliyi təxmini 120 gün ərzində icra etmişlər. Cavabdeh "xxxx" MMC göndərilən qaiməfakturaları bəzən tam, bəzən qismən ödəmiş, sonunda tam haqq-hesablaşmağı vəd etmişdir. Nəticədə cavabdehin iddiaçıya ödənilməmiş 42 günün (yəni 42 gün*230 manat=9660 manat) günəmuzd borcu qalmışdır. 2020-ci ilin avqust ayında cavabdeh bildirmişdir ki, borcunu ödəmək istəmir. Buna görə iddiaçı bir-sıra dövlət və hüquq mühafizə orqanlarına müraciətlər etmişdir. Lakin cavab məktublarında həmin orqanlar bildirmişlər ki, yaranmış borc tələbinə dair mübahisə mülki zəminli olduğu üçün məhkəməyə müraciət etmək tövsiyyə olunur. Bundan sonra mübahisənin həlli məqsədilə mediasiya təşkilatına müraciət edilmiş, lakin cavabdeh iştirak etməmişdir. Cavabdeh təşkilata göndərilmiş pretenziya da cavabsız qalmışdır. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Əlavə olaraq qeyd edilmişdir ki, yaranmış mübahisənin həlli məqsədi ilə iddiaçı bir sıra xərclər çəkmişdir, həmin xərcləri də ona vurulmuş zərər hesab edir. Belə ki, görülmüş işlərə görə ödənişi almasa da, iddiaçı öz vəsaiti hesabına Dövlət Vergi Xidmətinə 525 manat, Dövlət Sosial Müdafiə Fonduna isə 125 manat pul ödəmişdir. Qeyd edilmişdir ki, bu tələblə daha öncə də Bakı Kommersiya Məhkəməsinə bir neçə dəfə müraciət edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs olması əsası ilə məhkəmə mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalı olduğunu bildirərək, iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarmışdır. Bundan sonra iş materiallarından aydın olmuşdur ki, aldığı tapşırığı faktiki olaraq Ayvaz Mövludov icra etsə də, bütün sənədləşmələr və müqavilələr onun oğlu Xalil Ayvazovun adından bağlanmışdır

14. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq, “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16500 manat borc, vergi borcuna görə ödənilmiş 525 manat və DSMFyə ödənilmiş 125 manat olmaqla, cəmi 17150 manat pulun tutlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi verilərkən texniki səhvə yol verilmişdir. Belə ki, tələb olunan məbləğ Mavludov Ayvazın şifahi məlumatı əsasında 42 iş gününün 230 manata vurulması ilə müəyyən edilmişdir. Lakin təqdim edilmiş qaimə-fakturalarda və bank çıxarışlarından məlum olmuşdur ki, ümumilikdə 27000 manatlıq iş görülüb və həmin məbləğdən 10500 manat ödənilib, hazırda cavabdehin əsas borcu 16500 manat təşkil edir.

15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.2, 385.1, 752, 756.1, 759, 769, 770-ci maddələrinə istinad olunmuşdur.

16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 576/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 16500 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında sifarişçiyə məxsus Bakı- Quba magistral yolunun 4-cü kilometrində yerləşən X24 Kompleksində aparılan yenidənqurma, əsaslı təmir-tikinti işləri ilə əlaqədar icraçı tərəfindən KS 3575 n/ş ZİL- 133 QYA markalı, qeydiyyat nömrəsi **-BF-*** olan avtokran ilə xidmətin həyata keçirilməsi, sifarişçi isə bu xidmətin müqabilində icraçıya əvvəlcədən razılaşdırılmış məbləğdə xidmət haqqının ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Xidmət iddiaçının tapşırığı əsasında X9 tərəfindən göstərilmişdir. Belə ki, müqavilə şərtlərinə əsasən icraçının zərurət olduğu halda işlərin görülməsi üçün üçünçü şəxsləri cəlb etmək hüququ olmuş, o da X6 cəlb etmiş, X9 avtokran vasitəsilə xidmətlər göstərmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmişdir. Eyni zamanda xidmət haqqının məbləği ilə bağlı əvvəlcədən razılaşdırılma olmamış, elektron qaimələr göndərilmiş, qaimədə məbləğlər göstərilmiş və qismən ödənişlər olunmuşdur. İddia tələbinin bir hissəsi xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi üzrə yerinə yetirilmiş və təhvil verilmiş işlərə görə ödənilməli olan 16500 manat məbləğində borcun cavabdehdən tutulmasından ibarətdir. Tərəflər arasında müqavilənin bağlanması, xidmətlərin göstərilməsi, ödənişlərin edilməsi işin mübahisəsiz hallarını təşkil edir. Mübahisəli hal ondan ibarətdir ki, iddiaçı gördüyü işlərin haqqının qismən ödənildiyini, qalıq məbləğin 16500 manat təşkil etdiyini iddia etmiş, cavabdeh isə iddiaçıya heç bir borcun qalmadığını, görülən işlərin haqqının tam ödənildiyini bildirmişdir. Məhkəmənin qənaətinə əsasən iddia qeyd olunan hissədə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, tədim olunmuş 4 elektron qaimə üzrə ümumi məbləğ 27147,25 manat (11872+7667+5495+2113,25=27147,25) təşkil edir. Bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfidən həmin qaimələrdən bir üzrə (xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 148901 nömrəli elektron qaimə, məbləğ 5495 manat) tam 5495 manat, biri üzrə isə (xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 834152 nömrəli elektron qaimə, məbləğ 7667 manat) qismən, 5000 manat olmaqla, ümumilikdə 10495 manat ödəniş olunmuşdur. Beləliklə, 4 elektron qaimə üzrə ümumi məbləği təşkil edən 27147,25 manatdan ödənilən 10495 manat məbləği çıxdıqda 16652,25 manat məbləğ (27147,25-10495=16652,25) qalır. İddiaçı cavabdehdən 16500 manat məbləğin tutulmasını xahiş edir. Eyni zamanda məhkəmə cavabdehin etirazını əsassız sayır. Belə ki, iddiaçı tərəflər arasında işgüzar münasibətlərin yalnız elektron qaimələr vasitəsi ilə həyata keçirildiyini bildirmiş, cavabdehin nümayəndəsi isə qeyd etmişdir ki, elektron qaimələrin sistem tərəfindən təsdiq olunması işlərin görülməsini təsdiq etmir, digər qaimələr üzrə iddiaçı tərəf alt sənədləri təqdim etməlidir. Ödənişi edilən qaimələr üzrə aktlar ola bilər ki, olubdur, həmin aktları tapa bilməmişik. Məhkəmə qəbul etmişdir ki, tərəflər aralarında heç də müqavilənin bütün şərtlərinə uyğun hərəkət etməmişdir. Göründüyü kimi, qaimələr göndərilmiş, ödəniş edilmişdir, ödənişi olunmayan qaimələr isə geri qaytarılmamış, onlarla bağlı iddiaçıya hər hansı etiraz bildirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin iddiaçıya muzdu ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab etmişdir ki, iddia göstərilən hissədə təmin olunmalı, Cavabdehndən 16500 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddiaçı eyni zamanda vergi borcuna görə ödənilmiş 525 manat və DSMF-yə ödənilmiş 125 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etmişdir. İddia həmin hissədə əsassız olduğundan təmin oluna bilməz. Həmin ödənişlərin cavabdehlə hər hansı əlaqəsinin olmasına və s. dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

18. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə tətbiq edilən maddi hüquq normaları olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 752.1,386.1, 753.1, 769, 777.1, 442 və 448.1 ci maddələrinə əsaslanaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməli olduğu halda, bunu etməyərək, əsassız olaraq iş üzrə tədqiq olunan sübutlara düzgün hüquqi qiymət vermədən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. İşə baxan birinci instansiya məhkəməsi, Cavabdehndən 16500 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmasını yalnız iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 463963 nömrəli elektron qaimə, xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 834152 nömrəli elektron qaimə, xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 148901 nömrəli elektron qaimə və xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 322591 nömrəli elektron qaimələrin cəmi məbləğinə və həmin cəmi məbləğdən cavabdeh tərəfindən iddiaçıya ödənilmiş vəsaitin çıxılması nəticəsində alınan məbləğə əsaslanmışdır ki, bu əsaslanma da iş materialları, tədqiq olunan sübutlar və məhkəmə iclası zamanı müəyyən edilən işin faktiki halları ilə tam ziddiyyət təşkil edir. Apellyasiya instansiyasının diqqətinə çatdırır ki, iddia ərizəsində iddiaçının müqavilə üzrə öhdəliyini 120 gün müddətində icra etdiyi qeyd edilsə də, iddiaçının öz öhdəliyini məhz 120 gün müddətində icra etməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda işə baxan birinci instansiya məhkəməsi iddiaçının müqavilə üzrə öhdəliyini neçə gün ərzində icra etməsi barədə heç bir araşdırma aparmamışdır. Bundan əlavə iddia ərizəsində qeyd edildiyi kimi, müqavilə üzrə xidmət göstərən şəxs (texnikanın sahibi və sürücüsü) iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 olmuş və sadəcə olaraq onun VÖEN-i olmadığından müqavilə onun oğlu olan hazırkı iş üzrə iddiaçı ilə bağlanmışdır. Müqavilə üzrə bütün danışıq və razılaşmalar isə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Ayvaz Mövludovla aparılmışdır. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında dindirilən X9, izahatında və cavabdehin nümayəndəsi tərəfindən verilən sualları cavablandırarkən, özünə məxsus texnika ilə, cavabdehin sifarişi əsasında Quba Olimpiya kompleksində cavabdehə xidmət göstərdiyini, həmin dövrdə cavabdehin nümayəndələri əvvəlcə Davud, sonra isə Tural adlı şəxslərlə razılaşaraq bir müddət müqaviləsiz işlədiyərək pulunu nağd olaraq aldığını, 24 aprel 2020 ci il tarixdən isə cavabdehlə rəsmi müqavilə bağlayaraq xidmət göstərdiyini, xidmət haqqının 230 manat razılaşdığını, 2020-ci ilin iyun ayınadək işlədiyini bildirmişdir. Sonradan, iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırılmışdır ki, iddia ərizəsi verilərkən texniki səhvə yol verilmişdir. Belə ki, tələb olunan məbləğ Mövludov Ayvazın şifahi məlumatı əsasında 42 iş gününün 230 manata vurulması ilə müəyyən edilmişdir. Lakin təqdim edilmiş qaimə-fakturalarda və bank çıxarışlarından məlum olmuşdur ki, ümumilikdə 27000 manatlıq iş görülüb və həmin məbləğdən 10500 manat ödənilib, hazırda cavabdehin əsas borcu 16500 manat təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin tələbin həcminin artırılması barədə ərizə heç bir araşdırma aparılmadan sübut kimi qəbul edilmişdir. Belə ki, İş materialları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, müqavilə İddiaçıla bağlansa da, müqavilə üzrə bütün danışıqlar, işin faktiki icraçısı və texnikanın sahibi və sürücüsü olan, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs (iddiaçının) Ayvaz Mövludovla aparılmışdır. Belə olan halda təbii ki, müqavilə danışıqlarını aparan və işi icra edən Ayvaz Mövludov şifahi məlumatları məhkəmə üçün obyektiv nəticəyə gəlmək üçün daha əsas götürülməli idi nəinki, iddiaçının nümayəndəsinin elektron qaimələrə əsasən sonradan formalaşdırdığı mövqeyi. Bundan əlavə, cavabdeh təşkilatın iddiaçıya xx.xx.2020 ci il tarixli müqavilə üzrə 16500 manat borcu qalmışdırsa, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl 3 ilə yaxın müddət ərzində müxtəlif orqanlara və məhkəməyə etdiyi müraciətlərində cavabdehin ona olan borcunun 16500 manat deyil 9960 olduğunu qeyd etmişdir??? Bunun faktı iddiaçı tərəfindən hazırkı iş üzrə elektron kabinetə əlavə edilmiş Bakı Kommersiya məhkəməsinin (hakim Z.Axundovanın) iddia ərizəsinin geri qaytarılmasına dair e-2- 2(113)-759/2023 saylı xx.xx.2023-cü il tarixli və həmin qərardaddan verilmiş şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-301/2023 xx.xx.2023-cü il tarixli qərardadları da sübuta yetirir. Apellyasiya instansiyasının diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsində işə baxılarkən, iddiaçı tərəfindən cavabdehə göndərilən elektron qaimələrin cavabdeh tərəfindən deyil, avtomatik olaraq sistem tərəfindən təsdiq edildiyini, iddiaçının gördüyü iş həcminə uyğun olaraq iki qaimə üzrə qismən ödəniş edildyini məhkəmənin diqqətinə çatdırmışlar. Lakin işə baxan birinci instansiya məhkəməsi qətnamə çıxararkən yeganə sübut növü kimi istinad etdiyi elektron qaimələrin, iş materiallarına , iddiaçının özü tərəfindən sübut növü kimi təqdim edilən sənədlər və iş üzrə müstəqil tələb irəli sürməyən Ayvaz Mövludovun xx.xx.2020 ci il tarixli məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən edilən işin həqiqi və faktiki hallarına uyğun olub-olmamasını qiymətləndirməmişdir. Belə ki, iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 xx.xx.2024 cü il tarixdə audio-video yazı ilə keçirilən məhkəmə iclası zamanı verdiyi izahatında 2020-ci ilin iyun ayınadək xidmət göstərdiyini bildirmişdir. Bu fakt iddiaçının nümayəndəsi tərəfindən şəxsi kabinet vasitəsi ilə sübut növü kimi məhkəməyə təqdim edilən ezamiyyət vərəqəsi də tam təsdiq edir. Cavabdeh MMC tərəfinən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 775 nömrəli həmin ezamiyyət vəsiqəsində X3 Cavabdeh MMCyə məxsus X25-Tədris Kompleksindən “16 iyun 2020” ci il tarixdə çıxdığı qeyd edilir və sonrakı qrafalar da isə kompleksə yenidən giriş etməsi barədə heç bir qeyd yoxdur. Bundan əlavə müqavilə üzrə göstərilən xidmətin haqqı məbləğinin günəmuzd razılaşdırıldığı və məbləğinin hər gün üçün 230 manat müəyyən edildiyi işin mübahisəsiz halıdır. Bu faktı iddiaçının iddia ərizəsində qeyd etdikləri, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ayvaz Mövlüdovun xx.xx.2024 cü il tarixli məhkəmə iclasında verdiyi izahatı və iddiaçının nümayəndəsi tərəfindən şəxsi kabinet vasitəsi ilə sübut növü kimi məhkəməyə təqdim edilən X12 tərəfindən Əmək müfəttişliyinə ünvanlanmış ərizə də tam sübuta yetirir. Belə ki, həmin ərizədə X11 Cavabdeh MMCyə məxsus, rəhbəri olduğu X13 İddiaçı ilə xx.xx.2020 ci il tarixdə müqavilə bağladıqlarını, həmin müqavilə üzrə İddiaçı atası X10 tərəfindən avtokran maşını ilə xidmət göstərdiyi hər gün üçün 230 manat pul vəsaiti alacağının razılaşdırıldığı qeyd olunmuşdur. Apellyasiya instansiyasının diqqətinə çatdırır ki, tərəflər arasında müqavilənin bağlandığı 24 aprel 2020 ci il tarixdən həmin müqavilə üzrə xidmətlərin göstərildiyi sonuncu tarixə yəni 16 iyun 2020-ci il tarixədək olan müddət cəmi: 52 gün edir. Həmin 52 gün müddətin isə, cəmi 45 günü müddətində iddiaçı tərəfindən xidmət göstərilib. 45 gün üçün 230 manatdan xidmət haqqı hesablanarkən cəmi: 10350 manat vəsait edir ki, Cavabdeh MMC tərəfindən 24 aprel 2020 ci iltarixli müqavilə üzrə iddiaçıya, göstərilən xidmətlərin dəyəri olaraq 10495 manat ödənilmişdir. Apellyasiya instansiyasının diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələri, mübahisəsiz sübut növü kimi qəbul etsə də həmin elektron qaimələrin iş üzrə müəyyən edilən hallara və sübutlara uyğun gəlmədiyinə ümumiyyətlə diqqət yetirməyib. Belə ki, xx.xx.2020-ci il tarixli, EBAJseriyalı, 463963 nömrəli elektron qaimədə İddiaçı tərəfindənCavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 11872 manat təşkil etdiyi qeyd olunur. Müqavilə 24 aprel 2020 ci il tarixdə bağlandığı, yuxarıda qeyd olunan elektron qaimənin göndərildiyi xx.xx.2020 ci il tarixədək cəmi 10 gün müddət etdiyi, xidmət haqqının iş materialları ilə günəmuzd olaraq 230 manat müəyyən edildiyi işin mübahisəsiz halı olduğu və 10 günlük xidmət haqqının miqdarı 2300 manat təşkil etdiyi halda, 11872 manat dəyərində elektron qaimə hansı əsasla iddianın təmin edilməsi üçün əsas ola bilər??? Bundan əlavə birinci instansiya məhkəməsi iddiaçının 4 elektron qaimə üzrə cəmi 27147 manatlıq xidmət göstərdiyi nəticəsinə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən xidmətin günəmuzd danışıldığını və gündəlik xidmət haqqının 230 manat müəyyən edildiyini nəzərə alsaq iddiaçı məhkəmənin əsaslı hesab etdiyi 27147 manat məbləğində xidmət göstərmək üçün iddiaçının xidmət göstərdiyi günlərin sayı 118 gün olmalıdır. Bu isə təqribən 2020 ci ilin avqust ayının 3 cü ongünlüyünə qədər olan dövrü əhatə edir ki, bu fakt iş materialları (elektron qaimələrin tarixi, iddiaçı tərəfindən təqdimolunan sübutlar və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Ayvaz Mövludovun izahatı) ilə tam ziddiyət təşkil edir. İşə baxan birinci instansiya məhkəmə iş materiallarına və iş üzrə müəyyən edilmiş təkzibolunmaz faktlara (işin həqiqi hallarına)zidd olaraq iddiaçının xeyrinə 16500 manat tutulmasına dair əsassız qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

21. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq etdi, şikayətin təmin edilməsini xahiş etdi. Suala cavab olaraq bildirdi ki, elektron qaimənin qaytarılmaması Cəmiyyətin mühasibatlıq bölməsinin məsuliyyətsizliyidir.

22. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

24. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

25. Mülki Prosessual Məcəllənin: -77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

26. HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən edildiyindən və birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisləndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ekskavatorla (avtokran maşını ilə) xidmət göstərməyi, cavabdeh isə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı həmin müqavilə üzrə 16.500 manat məbləğində xidmət haqqının cavabdeh tərəfindən ödənilməməsinə istinad etməklə həmin borcun tutulmasını tələb edir. Cavabdeh isə iddiaçının iddia etdiyi həcmdə xidmətlərin göstərilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, daha az həcmdə xidmətlərin göstərildiyini əsas göstərərək iddiaya etiraz edir.

32. Göründüyü kimi işin mübahisəli hallarını iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə göstərilmiş xidmətin həcmi və həmin xidmətlərə görə borcun məbləği təşkil edir.

33. İddiaçı iddia ərizəsində qeyd etdiyi həcmdə və dəyərdə xidmət göstərilməsini təsdiq etmək üçün həmin xidmətlərlə bağlı cavabdehə göndərilmiş cəmi 27.147,25 manat məbləğində elektron qaimələri və həmin qaimələr üzrə qismən – 10495 manat məbləğində ödənişləri təsdiq edən hesabdan çıxarışı məhkəməyə təqdim etmişdir.

34. Kollegiya qeyd edir ki, cavabdeh sözügedən elektron qaimələri düzəliş üçün qaytarmamış, onun üçün vergi öhdəlikləri yaradan həmin elektron qaimələr ilə bağlı iddiaçıya və ya vergi orqanına hər hansı formada etiraz etməmişdir, bundan əlavə həmin qaimələr üzrə qismən ödəniş etməklə həmin qaimələrdə göstərilən xidmətlərin həcmi və dəyəri ilə razılaşmasına dair iradəsini ifadə etmişdir. Odur ki, hazırkı halda sübutların məcmusu ilə iddiaçı tərəfindən cavabdehə mübahisəli müqavilə üzrə 27147,25 manat məbləğində xidmətlərin göstərilməsi faktı öz təsdiqini tapır.

35. Belə olan halda kollegiya müqavilə üzrə göstərilmiş xidmətlərə görə iddiaçı tərəfindən yalnız 10495 manat məbləğində ödəniş edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı cavabdehdən 16500 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır.

36. İddiaçının 120 gün ərzində deyil, daha qısa müddət ərzində xidmət göstərməsi, belə olan halda göstərilmiş xidmətlərin dəyərinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə nisbətən daha az olması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya bir daha qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən 120 gün ərzində 27147,25 manat dəyərində xidmətlərin göstərilməsi faktı iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh isə apellyasiya şikayətində göstərilən halı mübahisələndirsə də, həmin halı təkzib edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdehin təqdim etdiyi xx.xx.2020-ci il tarixli ezamiyyə vəsiqəsinə əsasən həmin vəsiqənin X7 (X8) xx.xx.2020-ci il tarixdə Quba İdman, Təlim, Tədris Kompleksinin yenidənqurma, təmir, tikinti işləri ilə bağlı ölkə ərazisində iş zərurəti ilə əlaqədar sərbəst hərəkət üçün 30 gün müddətinə verilməsi müəyyən edilir. Odur ki, həmin vəsiqəyə əsasən X4 X25-Tədris Kompleksində hansı tarixdən xidmət göstərməyə başlaması, xidmətləri hansı tarixədək, neçə gün ərzində göstərməsini, xx.xx.2020-ci il tarixdən əvvəlki və sonrakı tarixlərdə də həmin şəxsin X25-Tədris Kompleksinə ezam olunub-olunmamasını müəyyən etmək qeyri-mümkündür. Vəsiqənin ikinci vərəqəsində “çıxdı” qrafasında xx.xx.2020-ci il tarixinin qeyd edilməsinə münasibətdə kollegiya qeyd edir ki, ezamiyyə vəsiqəsindəki birinci “çıxdı” qrafasında ezam olunan şəxsin ezam yerinə getmək üçün haradan çıxması və ezam yerinə yola düşdüyü tarix göstərilir. Odur ki, həmin qeydin cavabdehin xx.xx.2020-ci il tarixdə ezam olunduğu X25-Tədris Kompleksindən çıxmasını və bir daha qayıtmamasını təsdiq edən sübut kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Əksinə istinad edilən ezamiyyə vəsiqəsi üçüncü şəxsin xx.xx.2020-ci il tarixdə X25-Tədris Kompleksinə 30 gün müddətinə ezam edildiyini, kompeksə çatmaq üçün xx.xx.2020-ci il tarixdə yola çıxdığını təsdiq edir.

37. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 birinci instansiya məhkəməsində verdiyi izahatında 2020-ci ilin iyun ayınadək xidmət göstərməsini etiraf etməsi barədə cavabdehin dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, məhkmə iclasının audio-video yazısına baxış keçirilərək müəyyən edilmişdir ki, üçüncü şəxs verdiyi izahatında iddiaçıya 2020-ci ilin iyun ayınadək xidmət göstərdiyini bildirməklə yanaşı müqavilə bağlamamışdan əvvəlki dövrdə də iddiaçıya xidmətlər göstərildiyini, pandemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq edildikdən sonra - 2020-ci ilin aprel ayında aralarında yaranmış münasibətlərin rəsmiləşdirilməsinə zərurət yarandığını, bu səbəbdən 24 aprel 2024-cü il tarixdə müqavilə bağlandığını və ödənilməsini tələb etdiyi xidmət haqqının müqavilə bağlanmamışdan əvvəlki dövrləri də əhatə etdiyini göstərmişdir. Odur ki, xidmətlərin 2020-ci ilin iyun ayınadək göstərilməsi barədə üçüncü şəxsin izahatını mübahisəli xidmətlərin 120 gündən daha az müddət ərzində göstərilməsini təsdiq edən etiraf kimi qəbul edilməsi üçün əsaslar yoxdur.

38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün o lmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yolverilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur.

39. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-576/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Elnur Həsənov

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar