Məhkəmə qərarları › İş №2-2(103)-475/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-475/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-475/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-579/2024 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" ASC ilə "xxxx" ASC arasında 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən ümumi məbləği 1.313.600 manat olan 1 dəst “Solola Group” markalı məhsuldarlığı 4000 baş/saat olan broyler quş əti emalı avadanlıqlarının quraşdırılması ilə birlikdə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə həmin kənd təsərrüfatı texnikasının dəyərindən 130.000 manat məbləği əvvəlcədən, qalıq məbləğini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin ümumi dəyərindən 130.000 manat ödənilmiş, qalan məbləğin 2013-cü ilin 4-cü rübündən 2023-cü ilin 3-cü rübünədək hissələrlə ödənilməsi razılaşdırılmışdır.

2. "xxxx" ASC ilə "xxxx" ASC arasında 11 avqust 2016-cı il tarixli 2168-GL/16 nömrəli lizinq müqaviləsi bağlanmış, həmin müqavilə ilə lizinq verən ümumi məbləği 8499 manat olan 1 ədəd “Belarus-892” markalı traktoru, bir ədəd “Borex- 2102” markalı ekskavator-buldozeri ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə həmin kənd təsərrüfatı texnikasının dəyərinin qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektlərinin ümumi dəyəri 64800 (“Belarus-892” markalı traktor üzrə: 29000 + “Borex-2102” markalı ekskavator-buldozer üzrə: 35800) manat olmuş, əvvəlki lizinq müqaviləsi üzrə cəmi 30281 (“Belarus-892” markalı traktor üzrə: 9150 + “Borex-2102” markalı ekskavator-buldozer üzrə: 21131) manat ödəniş edilmiş, yeni lizinq müqaviləsi bağlanarkən qalıq lizinq obyektlərinin qalıq dəyərindən 25920 manat (“Belarus- 892” markalı traktor üzrə: 11600 + “Borex-2102” markalı ekskavator-buldozer üzrə: 14320) manat güzəşt edilmiş, 8499 (“Belarus-892” markalı traktor üzrə: 8250 + “Borex-2102” markalı ekskavator-buldozer üzrə: 249) manatın ödəniş qrafikinə uyğun – 2016-cı ilin 3-cü rübündən başlayaraq 2022-ci ilin 3-cü rübünədək ödənilməsi razılaşdırılmışdır.

3. "xxxx" ASC ilə "xxxx" ASC arasında 04 aprel 2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqaviləsi bağlanmış, həmin müqavilə ilə lizinq verən ümumi məbləği 47958 manat olan 4 ədəd “CAN-PA.R-5T” markalı traktor üçün 2 oxlu qoşqu, iki ədəd “Belarus-892” markalı traktor ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə həmin kənd təsərrüfatı texnikasının dəyərinin qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektlərinin ümumi dəyəri 134260 (2 ədəd “Belarus-892” markalı traktor üzrə: 76800 + 4 ədəd “CAN-PA.R- 5T” markalı qoşqu üzrə: 57460) manat olmuş, əvvəlki lizinq müqaviləsi üzrə cəmi 32598 (2 ədəd “Belarus-892” markalı traktor üzrə: 15360 + 4 ədəd “CAN-PA.R- 5T” markalı qoşqu üzrə: 17238) manat ödəniş edilmiş, yeni lizinq müqaviləsi bağlanarkən qalıq lizinq obyektlərinin qalıq dəyərindən 53704 manat (2 ədəd “Belarus-892” markalı traktor üzrə: 30720 + 4 ədəd “CAN-PA.R-5T” markalı qoşqu üzrə: 22984) manat güzəşt edilmiş, 47958 (2 ədəd “Belarus-892” markalı traktor üzrə: 17238 + 4 ədəd “CAN-PA.R-5T” markalı qoşqu üzrə: 17238) manatın ödəniş qrafikinə uyğun – 2017-ci ilin 2-ci rübündən başlayaraq 2026-cı ilin 4-cü rübünədək ödənilməsi razılaşdırılmışdır.

4. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 510.640 manat gecikdirilmiş borcun və 334.583,20 manat cərimə borcunun, xx.xx.2016-cı il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 2613 manat gecikdirilmiş borcun və 1679,49 manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 15.283 manat gecikdirilmiş borcun və 10.191,91 manat cərimə borcunun və 400 manat mediasiya xərcinin, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2013-cü il tarixli 19-LA/13 nömrəli müqavilə üzrə 510.640 manat gecikdirilmiş borcu və 334 583,20 manat cərimə borcu, xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli müqavilə üzrə 2613 manat gecikdirilmiş borcu və hesablanmış 1679,49 manat cərimə borcu, eləcə də xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli müqavilə üzrə isə 15.283,00 manat gecikdirilmiş borcu və hesablanmış 10.191,91 manat cərimə borcu yaranmışdır.

7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, cavabdeh toyuq əti məhsulunun istehsalı ilə məşğul olan kənd təsərrüfatı müəssisəsidir və 2020-ci ilin əvvəllərindən COVİD-19 pandemiyası və 2021-ci ildən başlayan xammal məhsullarının qiymətinin dünya miqyasında kəskin bahalaşması təsərrüfatına ciddi maddi ziyan vurub. Lizinq ödənişlərinin son illər üzrə tarixlərinə baxılsa, görünər ki, müəssisə vaxtlı-vaxtında ödənişlər etmişdir. Qeyd edilən səbəblərdən 2022-ci ildən etibarən fəaliyyəti dayanmışdır. Bu isə onu göstərir ki, cavabdeh öhdəliklərini obyektiv səbəblərdən icra edə bilmir. Digər tərəfdən, xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli və xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqavilələri üzrə sonuncu ödənişdən uzun müddət vaxt keçdiyindən iddia müddəti ötmüşdür və iddia rədd edilməlidir. Eyni zamanda cavabdehə xx.xx.2013cü il tarixli 19-LA/13 nömrəli müqavilə üzrə dövlətin müəyyən etdiyi güzəşt tətbiq edilməmiş, iddiaçı tərəfindən borc məbləği düzgün göstərilməmiş və əsassız cərimələr hesablanmışdır.

8. İddiaçının nümayəndəsi 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqaviləsinə güzəştin tətbiq edilməməsi ilə bağlı dəlillərə münasibətdə bildirdi ki, hazırda mübahisə predmeti olan digər iki lizinq müqaviləsinə münasibətdə güzəşt tətbiq edilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı ilə özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin güzəşti nəzərdə tutulmuşdur ki, 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqaviləsi üzrə lizinq obyekti həmin kateqoriyadan olan kənd təsərrüfatı texnikası deyildir. Bununla yanaşı, həmin qərarda tətbiq edilən güzəştlərin qərar qüvvəyə mindiyi tarixdən sonrakı dövr üçün lizinqə götürülən kənd təsərrüfatı texnikalarına şamil olunduğu təsbit edilmişdir. Sözügedən lizinq müqaviləsi isə qərar qüvvəyə minməmişdən əvvəl, yəni 05 sentyabr 2013-cü il tarixdə bağlanmışdır.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-579/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Aqrolizinq” ASC ilə "xxxx" ASC arasında bağlanmış 05 sentyabr 2013-cü il tarixli lizinq müqaviləsi üzrə 510.640 manat əsas borc, 25.000 manat cərimə məbləği, "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 11 avqust 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 2613 manat əsas borc, 130 manat cərimə məbləği, "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 04 aprel 2017-ci il tarixli lizinq müqaviləsi üzrə 15.283 manat əsas borc, 760 manat cərimə məbləği olmaqla ümumilikdə 554.426 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, həmin qətnamənin mediasiya xərci ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh "xxxx" ASC də apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən yəni, iddianın təmin olunmuş hissədə ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il taixli MŞC/MT020/2023- 01418 saylı arayışa əsasən Agentlik tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənilmişdir. Həmin arayışdan göründüyü kimi, "xxxx" ASC X2 iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində mediasiya xərcinin hansı halda digər tərəfdən tam tələb edilməsi, hansı halda isə tərəflər arasında bölüşdürülməsi halları qanunvericilikdə açıqaydın tənzimlənmişdir. Ona görə də, məhkəmənin dövlət rüsumu ilə mediasiya xərcini eyniləşdirməsi barədə gəldiyi qənaəti düzgün olmayıb və ilkin mediasiya sessiyası zamanı iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində mediasiya xərci cavabdehdən tam həcmdə tutularaq iddiaçıya ödənilməlidir.

13. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh kənd təsərrüfatı müəssisəsi olmaqla yanaşı xx.xx.2013-cü il tarixli 19-LA/15 nömrəli müqavilə bağlayaraq öz istehsal etdiyi broyler toyuqlarının kəsilməsini təmin etmək üçün iddaçıdan kəsimxana texnikasını lizinq yolu ilə almışdır. İşdə olan sübutlardan da müəyyən edilir ki, həmin texnikanın ümumi dəyəri olan ******* manatdan 802960 manatı cavabdeh tərfindən ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 saylı qərarına uyğun olaraq həmin kəsim texnikasına da ilkin dəyərinin 40% yəni 525440 manat güzəşt tədbiq edilsə idi iddiaçının həmin müqavilə üzrə borcu olmazdı. Belə ki, iddiaçının həmin müqavilə üzrə tələb etdiyi əsas borc 510640 manatdır. Göründüyü kimi tədbiq edilməli olan 14800 manat güzəşt məbləği isə həmin borc məbləğindən çoxdur. Həmçinin, iddiaçı iddia müddətini ötürməklə hazrkı iddianı qaldırmışdır. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiyanın keçirilməsi üçün, xx.xx.2023-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Hətta 3 illik müddətin başlanma vaxtını iddiaçının cavabdehə göndərdiyi mediasiya təklifinin tarixindən, yəni xx.xx.2023-cü il tarixidən hesablasaq işin həqiqi halları və iş materialları (həmin müqavilələr üzrə ödəniş tapşırıqları) ilə tam sübuta yetirilir ki, iddiaçı qeyd edilən müqavilələr üzrə iddia müddətini ötürmüşdür. Belə ki, məhkəməyə hər iki tərəfin təqdim etdiyi ödəniş sənədlərindən (o cümlədən təsdiq edilmiş ödəniş cədvəlindən) görünür ki,xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli müqavilə üzrə sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə, xx.xx.2017-ci il tarixli939- GL/17 nömrəli müqavilə üzrə sonuncu ödəniş isə xx.xx.2020-ci il tarixdə həyata keçirilmiş və sonradan həmin müqavilələr üzrə hər hansı öhdəlik icra edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

17. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

18. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

19. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

20. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 21.Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 22.Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

23. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 24.Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

25. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

26. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

27. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. 28.Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində və mediasiya xərcinin təmin edilməyən hissəsində yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir.

31. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinin tələblərinə görə ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

32. Hazırki, işdə isə həmin halın mövcüd olduğu təsdiq olunmur.

33. Belə ki, cavabdeh "xxxx" ASC birinci instansiya məhkəməsində vəsatət verərək bildirmişdir ki, mediasiyanın keçirilməsi barədə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən əvvəlcə telefon və xx.xx.2023-cü il tarixindən bir neçə gün sonra isə rəsmi bildirişlə məlumat verilmişdir. Telefonla məlumat veriləndə mediatora dərhal Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən hazırkı işdə medaiasiya keçirilməsinin qanunsuz olması və adiyyəti üzrə mediasiya təşkilatına müraciət edilməli olduğu bildirilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatıına teleqram göndərilərək hazırkı işin medaiasiya prosesinin həmin təşkilatda keçirilməsinə etiraz edilir.

34. Həmin vəsatətə ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli etiraz əlavə edilmişdir.

35. Göründüyü kimi cavabdehin ilkin mediasiya sessiyasında iştirakı üzrsüz səbəbdən baş verməmişdir.

36. Eyni zamanda, kollegiya hesab edir ki, cavabdehi apellyasiya şikayəti də təmin olunmamalıdır.

37. Belə ki, iddiaçı maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqaviləsi üzrə 510 640 manat, xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 2613 manat, xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 15283 manat məbləğində lizinq ödənişlərinin qalıq hissəsinin tutulmasını tələb edir.

38. Cavabdeh iddiaya etirazının əsası kimi xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli və xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqavilələri üzrə iddia müddətinin ötdüyünü, obyektiv səbəblərdən öhdəliyin icra edilə bilmədiyini və bu pozuntu üçün məsuliyyət daşımadığını, 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqaviləsi üzrə güzəşt məbləğinin tətbiq olunmadığını bildirmişdir.

39. Birinci instansiya məhkəməsi 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqaviləsi üzrə güzəştin tətbiq edilmədiyində dair qeyd etmişdir ki, cavabdeh qeyd olunan müqaviləni lizinq predmetinin qiyməti ******* manat təsbit olunmaqla bağlamış, müqaviləyə 1 saylı Əlavə - ödəniş qrafikində avans ödənişi 130000 manat çıxılmaqla qalıq məbləğin, yəni ******* manatın ödənilməsi razılaşdırılmışdır. Hazırkı iddia irəli sürülənədək cavabdeh güzəştin tətbiq edilməməsi, nəticədə müvafiq lizinq ödənişlərinin bir hissəsinin silinməməsi ilə bağlı hər hansı maddi-hüquqi tələb – iddia ilə çıxış etməmiş, əksinə uzun müddət (2013-2021) müqavilə üzrə ödənişləri həyata keçirmişdir. Cavabdehin qeyd olunan etirazı iddiaçıya olan maddi-hüquqi tələbinin əsasını təşkil edə bilər və hazırkı halda belə bir maddi-hüquqi tələb – qarşılıqlı iddia olmadığından həmin məsələ heç bir hüquqi əhəmiyyət kəsb etmir.

40. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı xx.xx.2014-cü il tarixdən qüvvəyə minmiş, mübahisələndirilən müqavilə isə 05 sentyabr 2013-cü il tarixdə bağlanmışdır. Həmin qərarla "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”ının tətbiqinin zamana görə qüvvə baxımından iki fərqli tənzimetməsi aparılmış, qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" ASC-dən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, "xxxx" ASC-nin zərəri hesabına güzəşt tətbiq edilməsi təsbit edilmişdir. "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”ının 2.1 – 2.6-cı bəndlərində göstərilmişdir ki, kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunur. Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya yaradılır. Xüsusi Komissiya istifadəçilər tərəfindən təqdim olunmuş sənədləri 10 (on) gün müddətində araşdırır, müvafiq qaydada Cəmiyyət tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının öhdəlik üzrə qalıq dəyərini (məbləğini) müəyyən edir və bu barədə istifadəçiyə yazılı məlumat verir.

41. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı qüvvəyə minənədək "xxxx" ASC-dən lizinqə götürülmüş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunmalı, bundan sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya təqdim olunmuş sənədləri araşdırmalı, güzəştin tətbiq edilməsi məsələsinə baxmalıdır. Bu mənada cavabdehin hazırkı dəlilinə hətta iddiaya etiraz kimi yanaşılsa da, onun ərizəni, lizinq müqaviləsinin və ödəniş sənədlərinin surətlərini komissiyaya təqdim etməsi, komissiya tərəfindən güzəştin tətbiq olunması və ya imtina edilməsi barədə heç bir sübut iş materiallarına əlavə edilməmişdir.

42. xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli, xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli və 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqavilələrindən irəli gələn öhdəliyin təqsirli pozulmadığına dair məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllədə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi anlayışından da istifadə edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında bu iki hüquqi termin fərqləndirilmişdir. Həmin Qərarda göstərilmişdir ki, “Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyrimümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir”.

43. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iş üzrə fors-major halının mövcud olubolmamasının müəyyən edilməsi üçün müqavilə şərtlərinə diqqət yetirilməlidir. Belə ki, xx.xx.2013-cü il tarixli 19-LA/15 nömrəli lizinq müqaviləsinin 7-ci hissəsinə əsasən, tərəflər müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə baş versin. Bu halda müqavilədə göstərilmiş öhdəliklərin həyata keçirilmə müddəti qarşısıalınmaz qüvvənin mövcud olduğu müddətdə keçirilir. Bu şərait 2 aydan çox çəkərsə, hansı tədbirləri həyata keçirmək məqsədilə tərəflər danışıqlar aparırlar. Göstərilən müddət ərzində tərəflər razılığa gələ bilməzsə, onların hər biri müqaviləni yalnız bir şərtlə ləğv edə bilər ki, tərəflər bir-birinə bu müqavilə ilə əlaqədar qəbul etdikləri bütün maddi və pul vəsaitlərini tam qaytarsınlar.

44. xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli və xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqavilələrinin 7-ci hissəsinə əsasən, tərəflər müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə baş versin. Müqavilədən irəli gələn öhdəliklərini bu səbəbə görə yerinə yetirə bilməyən tərəf digər tərəfi həmin hadisənin meydana gəldiyi tarixdən etibarən 5 gün ərzində fors-major şəraitinin meydana gəlməsi ilə başa çatması haqqında məlumatlandırılmalıdır. Bu şərait 2 aydan çox çəkərsə, hansı tədbirləri həyata keçirmək məqsədilə tərəflər danışıqlar aparırlar.

45. Göründüyü kimi, tərəflər müqavilələrin sözügedən hissəsində qarşısıalınmaz qüvvələrin siyahısını açıq tutmuş, belə bir hal yarandıqda isə bir-biri qarşısında məsuliyyətdən azad ediləcəkləri barədə razılığa gəlmişlər. Yuxarıda istinad olunan qanunvericilik normalarının təfsirindən, mübahisəyə və müqaviləyə tətbiqindən çıxan nəticəyə görə, COVİD-19 pandemiyası hazırkı işin tərəflərinə və hallarına münasibətdə fors-major halıdır. Lakin karantin rejiminin tətbiq edilməsi özü-özlüyündə fors-major halının baş verməsini şərtləndirmir. Bunun üçün tərəf öz öhdəliyini icra etmək, o cümlədən itkilərin azaldılması üçün bütün mümkün səyləri göstərməlidir ki, fors-major halının baş verdiyinə istinad edə bilsin. Odur ki, pandemiya ilə əlaqədar öz öhdəliyinin icrası ilə bağlı fors-major halına əsaslanan tərəf kimi cavabdeh pozuntunun onun məsul olmadığı haldan irəli gəldiyini, müqavilə bağlanarkən həmin halı nəzərə ala, aradan qaldıra və nəticələrini istisna edə bilmədiyi ilə yanaşı, ağlabatan müddətdə qarşı tərəfi mövcud hal barədə məlumatlandırdığını da sübut etməlidir. Hazırkı iş üzrə cavabdeh qeyd olunan hallar üzrə sübutetmə vəzifəsini yerinə yetirməmiş, həmçinin belə bir hadisəyə istinad olunaraq cavabdehin bu barədə iddiaçıya məlumat verdiyi, öhdəliyin icrasının mümkün olmaması ilə bağlı danışıqlara cəhd göstərdiyi təsdiqlənməmişdir.

46. Həmçinin cavabdeh Salyan Rayon İcra Hakimiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 27 iyul 2023-cü il tarixli 68 nömrəli arayışı məhkəməyə təqdim etmişdir. Həmin arayışdan görünür ki, 2022-ci ilin may-avqust aylarında "xxxx" ASC-də quşlar arasında kütləvi ölüm olduğu üçün damazlıq sexindən 64000 baş, broyler sexindən 651000 baş ölən quşların cəsədləri bağlanmış müqaviləyə əsasən zibil poliqonuna daşınaraq zərərsizləşdirilmişdir. Analoji qaydada kütləvi tələfatın da cavabdehin məsul olmadığı haldan irəli gəldiyi, müqavilə bağlanarkən həmin halı nəzərə ala, aradan qaldıra və nəticələrini istisna edə bilmədiyi ilə yanaşı, ağlabatan müddətdə qarşı tərəfi mövcud hal barədə məlumatlandırması haqqında iş materiallarında hər hansı sübut yoxdur.

47. Həmçinin, lizinq ödənişləri lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Bu mənada lizinq obyektlərindən istifadəyə görə lizinq ödənişlərini ödəmək imkanından məhrum olduğunu bildirən cavabdeh lizinq müqavilələrini birtərəfli qaydada ləğv etmək imkanından istifadə etməmiş, ödəmənin mümkün olmadığını bildirdiyi halda növbəti aylar üçün də razılaşdırılan lizinq ödənişlərinin hesablanmasına rəvac vermişdir.

48. xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli və xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqavilələri üzrə iddia müddətinin ötdüyünə dair məhkəmə qeyd etmişdir ki, 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin 2013-cü ilin 4-cü rübündən 2023-cü ilin 3-cü rübünədək, 11 avqust 2016-cı il tarixli 2168-GL/16 nömrəli lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin 2016-cı ilin 3-cü rübündən başlayaraq 2022-ci ilin 3-cü rübünədək, 04 aprel 2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin 2017-ci ilin 2-ci rübündən başlayaraq 2026-cı ilin 4-cü rübünədək ödənilməsi razılaşdırılmışdır.

49. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir.

50. Həmin Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

51. Hazırkı işdən görünür ki, cavabdehlə bağlanmış 05 sentyabr 2013-cü il tarixli 19- LA/13 nömrəli, xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli və xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqavilələrinin icra müddətləri müvafiq olaraq 2023-cü ilin üçüncü rübündə, 30 sentyabr 2022-ci il tarixində və 31 dekabr 2026-cı il tarixində bitdiyindən (bitəcəyindən), həmin müqavilələr üzrə iddia müddətlərinin axımı həmin tarixlərdən başlanmışdır (başlanacaqdır). İddiaçı tərəfindən hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş olduğundan sonuncunun iddia müddətini ötürmüş olması mümkün deyildir. Odur ki, cavabdehin etirazının əsasını təşkil edən hallar əsassız olmaqla iddianın əsas borcun tutulması hissəsində rədd olunması üçün əsas ola bilməz.

52. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 747.1, 748-10.1-ci maddələri və Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, cavabdeh lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməmiş və belə olan halda da iddiaçının lizinq alandan – cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır.

53. Belə ki, təqdim edilən hesabdan çıxarış məlumatlarından görünür ki, 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli lizinq müqaviləsi üzrə lizinq obyektlərinin ümumi dəyəri olan 1.313.600 manatdan 802 960 manatlıq hissə ödənilmiş, 510.640 manat borc qalmışdır. xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli lizinq müqaviləsi üzrə lizinq obyektlərinin qalıq dəyəri olan 8499 manatdan 5886 manatlıq hissə ödənilmiş, 2613 manat borc qalmışdır. xx.xx.2017-ci il tarixli 939- GL/17 nömrəli lizinq müqaviləsi üzrə isə lizinq obyektlərinin qalıq dəyəri olan 48048 manatdan 21643 manatlıq hissə ödənilmiş, 31 avqust 2023-cü il tarixə 15283 manat borc qalmışdır. Lizinq müqaviləsi üzrə razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (lizinq alan) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Odur ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 05 sentyabr 2013-cü il tarixli lizinq müqaviləsi üzrə 510.640 manat əsas borc, 11 avqust 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 2613 manat əsas borc, 04 aprel 2017-ci il tarixli lizinq müqaviləsi üzrə 15.283 manat əsas borc cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

54. Lizinq müqavilələri üzrə cərimənin tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, 05 sentyabr 2013-cü il tarixli 19-LA/13 nömrəli, xx.xx.2016-cı il tarixli 2168-GL/16 nömrəli və xx.xx.2017-ci il tarixli 939-GL/17 nömrəli lizinq müqavilələrinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan (borc məbləği və) gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İddia ərizəsinə əlavə olunan cərimənin hesablanmasına dair qrafiklərdən görünür ki, cərimə məbləğləri xx.xx.2013-cü il tarixli lizinq müqaviləsi üzrə 334.583,20 manat, xx.xx.2016-cı il tarixli lizinq müqaviləsi üzrə 1679,49 manat, xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə 10191,91 manat təşkil edir.

55. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarına istinad edərək məhkəmə qeyd etmişdir ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyə qədər mərhələsində və yaxud mediasiya mərhələsində tələbi cavabsız qoymuşdur.

56. Göstərilənlərə əsasən məhkəmə belə hesab etmişdir ki, 05 sentyabr 2013-cü il tarixli lizinq müqaviləsi üzrə 25000 manat, 11 avqust 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 130 manat, 04 aprel 2017-ci il tarixli lizinq müqaviləsi üzrə 760 manat məbləğində cərimə məbləği tutulmalıdır.

57. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır.

58. Eyni zamanda cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.

59. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər yuxarıda qeyd olunanlara görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

60. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və cavabdeh "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-579/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Elbəy Allahverdiyev

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar