Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-476/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili Nümayəndə3 və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" MMC (əvvəlki adı İddiaçı MMC) cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-397/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC (əvvəlki adı İddiaçı MMC) cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış PİC/xx/xx/2020 nömrəli 27 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında öhdəliyin icrasının gecikdirilməsi nəticəsində hesablanmış 174.772,75 manat məbləğində cərimənin, 1.218.645,0 manat və 225.000 manat məbləğində əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş ziyana görə 500.000 manat məbləğində pul vəsaitinin və hüquqi xidmətlərin göstərilməsinə görə 1.000 manat məbləğində xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC tərəfindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (alıcı) ilə cavabdeh “Şərq Kimya Şirkəti-Bakı" MMC (satıcı) arasında № PİC/xx/xx/2020 nömrəli 27 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, satıcı kalsium bromid məhlulunu (CaBr2 Liquid), “İnkoterms-2010”-a əsasən DDP Bakı şərti ilə alıcının ünvanına çatdırmağı, alıcı isə bu müqavilənin şərtləri əsasında malları qəbul edərək onun əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, alınan və satılan malların miqdarı və qiyməti müqaviləyə əlavə olunmuş 1 saylı qoşmada öz əksini tapır. 1 saylı qoşma bağlanan müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. Bu müqavilənin 2.1-ci maddəsinə əsasən, müqavilənin ümumi dəyəri, ƏDV daxil 3.495.455 manat təşkil edir. Bu müqavilənin 3.1-ci maddəsinə əsasən, bu müqavilə üzrə mallar, təchizat müddətlərinə müvafiq olaraq, satıcı tərəfindən müqavilənin qüvvəyə minmə anından 120 gün müddətinə təchiz edilməlidir. Malların hissə-hissə təchiz edilməsi mümkündür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, alınan malların dəyəri, ƏDV daxil 3.945.455 manat təşkil edir. Alıcı satıcı tərəfindən verilmiş hesaba uyğun olaraq, satıcının hesablaşma hesabına köçürmə vasitəsilə malın dəyərini hər təhvil verilmiş partiya üçün DDP Bakı şərti çatdırıldıqdan sonra 30 gün ərzində ödəməyi öhdəsinə götürür. Müqavilənin 10.1-ci maddəsinə əsasən, malların müqavilədə müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün vaxtında təchiz edilməmiş malın dəyərinin 0,5%-i miqdarında, sonrakı hər tam həftə üçün isə vaxtında təchiz edilməmiş malın dəyərinin 1,0 %-i miqdarında cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği vaxtında təchiz edilməmiş malın dəyərinin 5%dən çox ola bilməz. Həmin müqavilənin 10.2-ci maddəsinə əsasən, malın təchizi iki aydan çox gecikdirildikdə, satıcı ona ödənilməmiş pul vəsaitini tam geri qaytarır və alıcı müqaviləni ləğv etmək, yaxud onun şərtlərinə yenidən baxmaq hüququnu özlərində saxlayırlar. Sözügedən müqavilə əsasında mallar müqavilənin qüvvəyə mindiyi xx.xx.2020-ci il tarixdən 120 gün müddətində, yəni xx.xx.2020-ci il tarixədək çatdırılmalı olsa da, bu günədək çatdırılmamışdır. Göründüyü kimi, cavabdeh "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş, müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Belə olan halda, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 10-cu maddəsinə əsasən, icranı gecikdirən cavabdeh "xxxx" MMC tərəfindən mallarının dəyəri olan 3.495.455 manat məbləğin 5%-i, yəni 174.772,75 manat məbləğində cərimə cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Belə ki, İddiaçı MMC ilə SOCAR “Azneft” İB arasında xx.xx.2020-ci il tarixdə 141/SAM/2020 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında cavabdeh "xxxx" MMC tərəfindən təhvil veriləcək “Kalsium Bromid” məhlulunun SOCAR “Azneft” İB-yə təhvil verilməsi, “Azneft” İB tərəfindən isə 4.714.100 manat məbləğində pulun ödənilməsi razılaşdırılmışdır. İddiaçı MMC ilə “Azneft” İB arasında bağlanan xx.xx.2020-ci il tarixli müqavilənin qarantiyası kimi xx.xx.2020-ci il tarixli M/17-595 saylı bank qarantiyası da “Azneft” İB-yə təqdim edilmişdir. Həmin bank qarantiyası "xxxx" ASC tərəfindən 60.000 manat həcmində verilmişdir. Lakin cavabdeh “Şərq Kimya Şirkəti-Bakı" MMC malları iddiaçıya təhvil vermədiyinə görə iddiaçı “Azneft” İB qarşısında öhdəliklərini yerinə yetirə bilməmişdir. Əgər "xxxx" MMC malları vaxtında təhvil versəydi, iddiaçı həmin malları “Azneft”İB-nə verib külli miqdarda gəlir əldə edəcəkdi. İndi isə cavabdehin təqsiri üzündən iddiaçı həmin gəlirini itirmişdir, həmçinin “Azneft” İB-yə ziyan ödəməli olmuş, iddiaçı ilə bağlanmış müqavilələrə blok qoyulmuşdur. “Azneft” İB İddiaçı MMC-dən vurulmuş zərəri tələb edir. Sözügedən müqavilə əsasında “Azneft” İB tərəfindən 4.714.100 manat məbləğində pul ödənildiyi təqdirdə, İddiaçı MMCnin əldə edəcəyi xalis gəlir, mənfəət 1.218.645 manat təşkil edəcəkdir. Lakin hal-hazırda cavabdehin təqsiri ucbatından həmin gəlirdən məhrum edilmişdir. Hesab edir ki, cavabdeh "xxxx" MMC-nin təqsiri ucbatından İddiaçı MMC şirkətinin məhrum olduğu 1.218.645 manat məbləğində xalis mənfəət və əldən çıxmış fayda da cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bundan əlavə, iddiaçı həmçinin SOCAR “Azneft” İB və SOCAR-ın tabeliyində olan digər bütün idarələrlə 2021-ci il üçün bağlanmalı olan müqavilələrdən cavabdehin təqsiri üzündən məhrum olmuşdur. Belə ki, İddiaçı MMC SOCAR-ın idarələri ilə orta hesabla hər il 1.500.000 manat dəyərində müqavilələr imzalayır. 2020-ci ildə SOCAR “Azərikimya” ilə 91.542,39 manat, SOCAR “Heydər Əliyev adına X3” ilə 736.573,31 manat, "xxxx" MMC ilə 435.559,70 manat məbləğlərində müqavilələr bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə məbləğlərin 15%-i, yəni təxminən 225.000 manat məbləğində xalis gəlir əldə edəcəkdi. Lakin cavabdehin təqsiri ucbatından İddiaçı MMC, SOCAR-ın “Azneft” İB-nin müqaviləsi üzrə öz öhdəliklərini icra edə bilmədiyinə görə SOCAR-ın bütün strukturlarında qara siyahıya salınmış, gələn 2021-ci il üçün tenderdə iştirak etmək hüququndan, o cümlədən əldə edəcəyi 225.000 manat məbləğində gəlirlərindən məhrum edilmişdir. Hesab edir ki, 225.000 manat məbləğində əldən çıxmış fayda da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, öz öhdəliyini icra etmədiyinə, icranı gecikdirdiyinə görə, “Azneft” İB tərəfindən İddiaçı MMC qara siyahıya salınmış və tenderdə iştirak etmək hüququ məhdudlaşdırılmışdır. Bununla da İddiaçı MMC-nin işgüzar nüfuzuna ziyan vurulmuş, onun nüfuzunun SOCAR-ın digər bütün şirkətləri, həmçinin digər müəssisələr və işgüzar aləmdə imicinin sarsılmasına səbəb olmuşdur. Elə bu əsasla da İddiaçı MMC-nin işgüzar nüfuzuna vurulmuş ziyanın əvəzi olaraq 500.000 (beş yüz min) manat məbləğində ödəniş də cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Bundan əlavə, cavabdeh "xxxx" MMCdən borcun məcburi qaydada alınması üçün hüquqi xidmət müqaviləsi əsasında hüquq şirkətinə 1.000 manat məbləğində xidmət haqqı ödənilmişdir. Eyni zamanda "xxxx" MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı MMC-dən xx.xx.2020-ci il tarixli, 02 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 17304.21 manat pulun və 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında xx.xx.2020-ci il tarixdə 02 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı müqaviləyə əlavədə qeyd edilən miqdarda malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilən xammallar üzrə hesab-fakturalar alıcıya təqdim edilmiş, elektron qaimələr göndərilmişdir. Ümumi məbləği 21.762,19 manat təşkil edən xammallara görə alıcı tərəfindən 4457,98 manat məbləğində pul ödənilmiş (xx.xx.2020-ci il tarixli faktura üzrə), digər hesab fakturalar üzrə qalıq qalan 17.304,21 manat pul isə halhazıradək ödənilməmişdir. Qeyd edilən 17.304,21 manat pulun ödənilməsi ilə bağlı alıcıya pretenziya qaydasında bildiriş göndərsələr də, həmin məbləğ ödənilməmişdir. Müqavilənin 2.4.2-ci bəndinə əsasən alıcı malın dəyərini Müqavilənin 3-cü maddəsi ilə müəyyən olunan şərtlərlə və qaydada satıcıya ödənilməsini; 2.4.3-cü bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü, vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməsini öhdəsinə götürür. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-397/2021 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən xx.xx.2020ci il tarixli PİC/xx/xx/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliyinin icra edilməsinin gecikdirilməsinə görə 30.000 (otuz min) manat məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 (beş) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, qalan hissədə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli 02 nömrəli alqı-satqı müqaviləsi üzrə 17.304,21 manat (on yeddi min üç yüz dörd manat iyirmi bir qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx"xxxx"xxxx" MMC həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı ilkin iddianın tam təmin edilməsini, cavabdeh isə ilkin iddianın təmin edilmiş hissəsində rədd edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin KK-nın 2-2(103)-924/2021 xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx"xxxx"xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-397/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-137/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx"xxxx"xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 oktyabr tarixli 2- 2(103)- 924/2021 saylı qətnaməsi qismən – ilkin iddia tələbinin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən. Hazırda ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin verdiyi apellyasiya şikayətinə (dəbbə pulunun tutulması hissəsinə) baxılır. Apellyasiya şikayətinin dəlilləri: İlk oncə qeyd edilmişdir ki, məhkəmənin, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsi üzrə məhsulu müqavilədə nəzərdə tutulan müddətdə təchiz etməməsi ilə öz öhdəliklərini lazımi qaydada icra etməməsini işin mübahisəsiz halı kimi qətnamədə qeyd etməsi tamamilə yanlış nəticədir. Belə ki, qeyd edilən müqavilənin 3.1-ci bəndinə əsasən mallar müqaviləyə qüvvəyə mindiyiandan 120 gün müddətində (xx.xx.2020-ci il tarixədək) təchiz edilməlidir, malların hissə-hissə təchiz edilməsi mümkündür. Müqavilənin 4.1-ci bəndinə əsasən malın dəyərini hər təhvil verilmiş partiya üçün DDP Bakı şərti ilə çatdırıldıqdan sonra 30 gün ərzində ödəməyi öhdəsinə götürür. Müqavilənin 11.1-ci bəndinə əsasən fors major hallarında tərəflər müqavilə üzrə öhdəliklərinin qismən və tam yerinə yetirmədikdə .... məsuliyyət daşımırlar. Müqavilənin 11.3-ci bəndində deyilir ki, əgər bu şərait (fors major vəziyyəti) 3 ay və daha çox çəkərsə, ..... bu vaxt tərəflərdən heç biri özünün çəkdiyi zərəri digərinin hesabına ödəyə bilməz. xx.xx.2020-ci il tarixli müqavilə üzrə məhsulun (CaBr2 Liquid) Azərbaycan Respublikası göndərilməsinin mümkünsüzlüyü, bunun Covid 19 virusunun bütün dünya ölkələrində yayılması nəticəsində istehsalatın tam dayanması "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş Cənubi Afrika Respublikasından olan şirkətin məktubundan əvvəl "xxxx" MMC-yə bəlli olmuşdur. Belə ki, tərəflər öz aralarında apardıqları SMS və email yazışmalarda da bunu təsdiq etmişlər. Məhz pandemiya səbəbində dünya üzrə nadir olan CaBr2 Liquid məhsulunun digər istehsalçı ölkələrdən idxal edilməsi çətin olmuşdur. Bundan başqa, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsində CaBr2 Liquid məhsulunun hansı ölkədən və məhz CAR-dan təchiz ediləcəyi barədə hər hansı müddəa və ya şərt nəzərdə tutulmamışdır. Bildirilir ki, CaBr2 məhsulu dünyanın bəzi bir neçə ölkəsində istehsal edilir, istehsal olunan bütün ölkələrdəki müəssisələrdə pandemiya səbəbindən işçi qüvvəsinin işə çıxa bilməməsi nəticəsində həmin məhsulun istehsalı və digər xarici ölkələrə idxalı xeyli çətinləşmişdir. Azərbaycan Respublikası MPM-in 82.1-ci maddəsində göstərilir ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Yəni, yuxarıda qeyd edilən xüsusatların sübut edilməsinə ehtiyac yoxdur. Məhkəmə, qətnamədə Mülki Məcəllənin 448.4-ci maddəsinə istinad edərək, borclunun ("xxxx" MMC-nin) vicdanlı davranmaması, yəni xəbərdar olduğu maneə barədə kreditora ("xxxx" MMC) məlumat verilmədiyini yenə də işin konkret müəyyən edilmiş halı kimi qətnamədə qeyd etmişdir. Lakin eyni zamanda bu qənaətini təkzib edən digər bir nəticəni - "xxxx" MMC-nin malın təchiz edilməsində pandemiya ilə əlaqədar çətinliklər yaranması barədə xx.xx.2020-ci il tarixdə məlumat verildiyini qeyd etmişdir. Qeyd edirik ki, həmin ərəfədə tərəflər arasında imzalanmış PİC/xx/xx/2020 saylı müqavilənin müddəti qüvvəsində olmuş və müddət yekunlaşmamışdır. Belə olan halda, məhkəmənin "xxxx" MMC-nin maneə barədə kreditora məlumat verilməməsi kimi gəldiyi nəticə elə qətnamənin digər bəndində məhkəmənin gəldiyi nəticə ilə özü-özünə təkzib olunur, bu da məhkəmənin gəldiyi nəticənin işin faktiki və həqiqi hallarına uyğun gəlmədiyini təsdiq etmiş olur. Bununla yanaşı məhkəmə, qətnamədə "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsi üzrə öz öhdəliklərinin icra etməməsini onun iradəsindən asılı olmayan səbəblərdən baş verdiyini ehtimal etmiş, lakin bu halın da onu öhdəliyin pozulmasına görə məsuliyyətdən azad etməməsi nəticəsinə gəlmişdir. Məhkəmə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə "xxxx" MMC tərəfindən məhsulun çatdırılmasında bütün dunyada baş verən Covid 19 virusunun yaratdığı pandemiya səbəbindən çətinlik yaratdığını qəbul edir, amma digər tərəfdən onun cavabdeh olmadığı, ondan asılı olmayan səbəblərdən irəli gələn və müqavilə bağlayarkən onun həmin halın nəzərə alınmasının mümkünsüz olduğu bir öhdəliyin pozulmasına görə məsuliyyət daşıdığı barədə əsassız və absurd nəticəyə gəlir. Tərəflər arasında bağlanmış müqavilədə məhsulun hissə-hissə gətirilməsinin mümkün olması, bütün dünyada baş verən fors major halının mövcudluğu, bu barədə "xxxx" MMC-yə bildirilməsi və sonuncu tərəfindən də bu halın inkar edilməməsi halında belə "xxxx" MMC satıcı təşkilat olaraq müqavilə şərtinə uyğun olaraq CaBr2 Liquid məhsulunun bir hissəsini ölkəyə idxal etmiş, alıcı təşkilat "xxxx" MMC-yə təqdim etmiş, lakin sonuncu həmin malları qəbul etməkdən imtina etmişdir. Məhkəmə, qətnamədə müqavilənin 10.1-ci bəndinə istinad edərək, gecikdirilmiş müddət üçün "xxxx" MMC-dən Mülki Məcəllənin 462 və 467-ci maddəsinə əsasən dəbbə pulu tutsa da, hesab edirik ki, bu tərəflər arasında imzalanmış müqavilə şərtlərinə zidd olmuşdur. Belə ki, məhkəmə qətnamədə çətin pandemiya vəziyyətində CaBr2 Liquid məhsulunun dörd gün gecikmə ilə "xxxx" MMC tərəfindən ölkəyə gətirildiyini qəbuledir, amma nədənsə müqavilənin 10.1-ci maddəsində nəzərdə tutulmuş “malların gecikdirildiyi hallarda ilk dörd həftə ərzində hər ləngidilmiş həftə üçün vaxtında təchiz edilməmiş Malın dəyərinin 0,5 % miqdarında ..... cərimə ödəməlidir” bəndini mülki işə düzgün tətbiq etməmişdir. Müqavilə üzrə malların hissə-hissə təchiz edilməsinin mümkün olduğu halda, ümumi dəyəri 3.495.455 manat olan məhsulun bir hissəsinin satıcı tərəfindən gətizdirildiyini, həmin hissənin alıcı tərəfindən qəbul edilmədiyini, bu gecikmənin cəmi dörd gün çəkməsini və heç bir həftə gecikdirilmədiyini nəzərə aldıqda, hesab edirik ki, ən yaxşı halda məhkəmə, yalnız bir həftə üçün məhsulun ümumi dəyərin 0.5 % miqdarında - 17.477,28 AZN cəriməni "xxxx" MMC-dən tuta bilərdi. Lakin, göründüyü kimi, məhkəmə tərəflər arasında imzalanmış müqavilənin 10.1-ci bəndini nəzərə almadan və mülki işə düzgün tətbiq etmədən, Mülki Məcəllənin 467-ci maddəsini səhvən əsas tutaraq, düzgün əsaslandırma aparmadan 30.000 manat məbləğində cərimə məbləğini "xxxx" MMC-dən əsassız olaraq tutmuşdur. Bundan başqa apellyator hesab edir ki, hər bir halda məhkəmə tərəfindən həm ilkin, həm də qarşılıqlı iddia tələbləri üzrə hər iki iddiaçının xeyrinə hər hansı məbləğdə pul tutduqda, gələcəkdə həmin məbləğlərin ödənilməsi və qətnamənin icrası prosesində çətinliklərin yaşanmaması üçün həmin məbləğlər arasında əvəzləşdirmələr aparılmalı və tutulmalı olan yekun məbləğ hesablanaraq bu xüsusatlar qətnaməsinin nəticə hissəsində əks etdirməli idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 təmsil etdiyi ilk iddia üzrə cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və ilk iddianın tam rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə3 ilk iddia üzrə cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və ilk iddianın tam təmin edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, ilkin iddianın qismən təmin edilməsi hissəsindən cavabdehin verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəbbə pulunun tutulması hissəsində dəyişdirilməlidir. İş materiallarında olan cavabdeh ilə iddiaçı arasında 2020-ci il 27 fevral tarixində bağlanmış, tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş PİCxx/xx/2020 saylı müqavilədən (bundan sonra – “PİCxx/xx/2020 saylı müqavilə”) görünür ki, bu müqaviləyə əsasən, satıcı (ŞKŞB) kalsium bromid məhlulunu (CaBr2 Liquid), “İnkoterms-2010”-a əsasən DDP Bakı şərti ilə alıcının (PA) ünvanına çatdırmağı, alıcı isə bu müqavilənin şərtləri əsasında malları qəbul edərək onların əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri ƏDV daxil 3.495.455 manat təşkil edir (1.1 və 2.1-ci bəndlər). Həmin müqavilənin 3.1-ci bəndinə görə, mallar təchizat müddətlərinə müvafıq olaraq, satıcı tərəfindən müqavilənin qüvvəyə minmə anından 120 gün müddətinə təchiz edilməlidir. Malların hissə-hissə təchiz edilməsi mümkündür. Həmin müqavilənin 3.2-ci bəndinə görə, satıcı müqavilənin şərtlərində göstərilmiş malları alıcıya təchiz etməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə görə, alıcı müqavilədə göstərilmiş qiyməti satıcıya ödəməli, müqavilədə göstəriimiş ünvana çatdırıldıqda malları qəbul etməli və bu andan mallarla bağlı bütün risklər alıcıya ötürülmüş olur. Həmin müqavilənin 4.1-ci bəndinə görə, alıcı satıcı tərəfindən verilmiş hesaba uyğun olaraq, satıcının hesablaşma hesabma köçürmə vasitəsilə malın dəyərini hər təhvil verilmiş partiya üçün DDP Bakı şərti ilə çatdırddıqdan sonra 30 gün ərzində ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 10.1-ci bəndinə görə, malların müqavilədə müəyyən edildiyi müddətdən çöx gecikdirildiyi hallarda satıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün yaxtında təchiz edilməmiş malın dəyərinin 0,5%-i miqdarında, sonrakı hər tam həftə üçün isə vaxtında təchiz edilməmiş malın dəyərinin 1,0%-i miqdarında cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği vaxtında təchiz edilməmiş malın dəyərinin 5%dən çox ola bilməz. PİCxx/xx/2020 saylı müqaviləyə tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 1 saylı qoşmadan görünür ki, 500 kub metr məhsulun dəyəri ƏDV daxil 3.495.455 manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilmiş 2020-ci il 12 iyun tarixli məktubdan görünür ki, həmin məktubla malın çatdırılma tarixi haqqında məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 2020-ci il 16 iyun tarixli məktubdan görünür ki, həmin məktubla 2020-ci il 12 iyun tarixli məktuba cavab olaraq dünyada baş verən pandemiya ilə əlaqədar olaraq məhsulun çatdırılmasında bir sıra problemlər yarandığı, məhsulun bir hissəsinin (200 kub metr) 2020-ci il 23 iyun tarixində Azərbaycan Gömrük sərhəd buraxılışından sonra təhvil veriləcəyi bildirilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 2020-ci il 23 iyun tarixli məktubdan görünür ki, həmin məktubla müqavilə üzrə 200 kub metr kalsium bromid məhsulunu növbəti həftə təchiz etməyə hazır olduqları bildirilmişdir. İş materiallarında olan Cənubi Afrika Respublikasının Durban şəhərində yerləşən “BH Company LTD” tərəfindən həmin vaxt cavabdehin direktoru olmuş Sevda Yusubovaya göndərilmiş 2020-ci il 3 iyul tarixli 63 saylı məktubda bildirilmişdir ki, Covid 19 pandemiyasına görə ölkədəki müəssisələrin fəaliyyətindəki məhdudiyyətlər və nəqliyyat problemlərinə götə şirkət fəaliyyətini qeyri-müəyyən müəddətə dayandırmağa məcburdur. Bu səbəbdən 190 ton Kalsium Bromid məhsulunu yükləyə bilməyəcəklər. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 2020-ci il 9 iyul tarixli məktubda bildirilmişdir ki, təklif edilmiş məhsulu istehsal edən olkə - Cənubi Afrika Respublikasında 2020-ci il 20 may tarixindən müəssisənin fəaliyyəti dayandırılmışdır. Buna baxmayararaq digər istehsalçı ölkələrə də müraciət edilmiş, lakin pandemiya ilə əlaqədar olaraq konkret heç bir təklif almamışlar. Göstərilən səbəbləri nəzərə alaraq məhsulu müqavilənin 3.1-ci bəndinə əsasən 120 gün müddətinə təmin edə bilməmiş, buna görə də müqavilənin 11.3-ci bəndini nəzərə alaraq qarşılıqlı razılaşma əsasında ya ikitərəfli, ya da birtərəfli xitam verilməsinə qərar verilmiş, qərara qarşılıqlı olaraq anlayış göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilmiş 2020-ci il 27 iyul tarixli 21/20 saylı məktubda bildirilmişdir ki, cavabdehin 2020-ci il 9 iyul tarixində göndərdiyi məktubda gecikmənin fors-major halı ilə əlaqədar olması iddiası və müqaviləyə birtərəfli xitam verilməsi əsassız və qəbuledilməzdir. Əvvəlki məktubda qeyd edilmiş bütün hallar şirkətin müştəri qarşısında öhdəliyini yerinə yetirə bilməməyinə, reputasiya və ciddi maddi risklərə səbəb olur. Odur ki, ən qısa zamanda öhdəlik yerinə yetirilmədiyi təqdirdə müvafiq addımlar atılacaqdır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilmiş 2020-ci il 8 oktyabr tarixli pretenziya məktubundan görünür ki, həmin məktubla 3 gün müddətində PİC/xx/xx/2020 saylı müqaviləni icra etmədiyinə görə həmin müqavilənin ləğv edilməsi, öhdəliyin icrasının gecikdirilməsi nəticəsində hesablanmış 174.772,75 manat məbləğində cərimənin, 1.218.645 manat və 225.000 manat məbləğində əldən çıxmış faydanın, 500.000 manat məbləğində işgüzar nüfuza vurulmuş ziyanın və hüquqi xidmətlərin göstərilməsinə görə 1.000 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmiş, həmin məbləğ ödənilməyəcəyi halda, müqavilənin ləğvi və pul tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına olan gömrük bəyannaməsindən müəyyən edilir ki, 2020-ci il 2 iyul tarixində cavabdehə ünvanlanmış 17.000,00 kq kalsium bromid məhlulu Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmişdir. Əvvəlki apellyasiya icraatında məhkəmənin bir tərəfdən cavabdehin müqavilə üzrə öhdəliklərini iradəsindən asılı olmayan hallara görə (Covid-19 pandemiyası ilə əlaqədar malın Azərbaycan Respublikasına gətirilməsinin mümkün olmaması) lazımi qaydada icra edə bilməməsinə istinad etməsini, digər tərəfdən dəbbə pulunun azaldılmasına dair normaya (MM-in 467-ci maddəsinə) istinad edilməsini kassasiya instansiyası məhkəməsi bir-birini təkzib edən ikili (ziddiyyətli) mövqe tutması kimi qiymətləndrmiş və yeni apellyasiya baxışında dünyada baş verən COVİD-19 pandemiyasının cavabdehin 2020-ci il 27 fevral tarixli müqavilə üzrə öhdəliklərinin icrasına təsir edib-etməməsi (1-ci göstəriş), bununla əlaqədar cavabdehə dəbbə pulunun tətbiq edilib-edilməməsi (2-ci göstəriş), tətbiq edilməlidirsə, onun həcmi barədə qanuni, əsaslı və birmənalı nəticəyə gəlməli (3-cü göstəriş) olduğuna dair göstərişlər vermişdir. Kassasiya instansiyası məhkəməsinin göstərişlərinə görə, Dünyada baş verən COVİD-19 pandemiyasının cavabdehin 2020-ci il 27 fevral tarixli müqavilə üzrə öhdəliklərinin icrasına təsir edib-etməməsi (1-ci göstəriş) ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işin bu halı sübuta ehtiyacı olmayan hal olaraq qiymətləndirilməlidir. Belə ki, hamıya bəlli olan haldır ki, 2019-cu ilin sonları, 2020-ci ilin əvvəllərindən dünyada COVİD-19 pandemiyası yayılmağa başlanmış, bununla əlaqədar, dünya ölkələri məcburi qapanmalara keçməyə başlamışlar və bir sıra məhdudiyyətlər (sərhədlərin bağlanması, mülki uçuşların dayandırılması və s.) tətbiq etmişlər. 2020-ci il 14 mart tarixindən isə Azərbaycan Respublikasında pandemiya qaydaları tətbiq olunmağa başlanmış və hökumət sərt məhdudiyyətlərin tətbiqinə məcbur qalmışdır. Bu məcburiyyət tətbirlərinin sərt dövrü tətbiqi isə hazırkı iş üzrə mübahisəli vəziyyətin yarandığı dövrlə üstüstə düşmüşdür. İş materiallarında olan Cənubi Afrika Respublikasının Durban şəhərində yerləşən “BH Company LTD” tərəfindən həmin vaxt ŞKŞB-nin direktoru olmuş Sevda Yusubovaya göndərilmiş 2020-ci il 3 iyul tarixli 63 saylı məktubda bildirilmişdir ki, Covid 19 pandemiyasına görə ölkədəki müəssisələrin fəaliyyətindəki məhdudiyyətlər və nəqliyyat problemlərinə görə şirkət fəaliyyətini qeyri-müəyyən müəddətə dayandırmağa məcburdur. Bu səbəbdən 190 ton Kalsium Bromid məhsulunu yükləyə bilməyəcəklər. Məktub yalnız 2020-ci il 3 iyul tarixdən etibarən “HB Company LTD” şirkətinin kalsium bromid məhsulunun göndərilməsini həyata keçirə bilmədiyini təsdiq etməklə, həmin tarixədək Cənubi Afrika Respublikasından malın göndərilməsində çətinliklərin mövcud olması barədə məlumatları əks etdirməsə də, həmin məktubda qeyd edilən hal, yəni COVİD 19 pandemiyasına görə dünya səviyyəsində ölkələrin qapanmalara getmələri, müəssisələrin fəaliyyətlərində məhdudiyyətlərin tətbiqi, nəqliyyat problemlərinin mövcudluğu mübahisəli müqavilə üzrə öhdəliklərinin icrasının pandemiya qaydalarının tətbiqinə görə gecikdirildiyini müəyyən etmək qənaətinə gəlmək üçün məhkəməyə əsas verir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Dünyada baş verən COVİD-19 pandemiyasının cavabdehin 2020-ci il 27 fevral tarixli müqavilə üzrə öhdəliklərinin icrasına təsir etmiş və işin bu halına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1ci maddəsi tətbiq edilməlidir. Qeyd edilən normanın tələblərinə görə, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Dünyada baş verən COVİD-19 pandemiyasının cavabdehin 2020-ci il 27 fevral tarixli müqavilə üzrə öhdəliklərinin icrasına təsir etməsi ilə əlaqədar cavabdehə dəbbə pulunun tətbiq edilib-edilməməsi (2-ci göstəriş) məsələsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, belə bir şərt (pandemiya) fors-major hal kimi müqavilənin 11.1-ci bəndində nəzərdə tutulmamışdır. Müqavilənin qüvvədə olduğu dövrdə cavabdeh iddiaçıya heç vaxt pandemiya ilə əlaqədar müqaviləni icra etməkdə çətinlik çəkdiyini bəyan etməmiş, əksinə müqavilənin icrası istiqamətində ölkəyə müqavilədə nəzərdə tutulan malın bir qismini idxal etmişdir. Belə olan halda, pandemiya fors-major hal kimi qeyd edilmiş olsa idi belə, həmin hal cavabdehi müqavilə şərtlərini vaxtında icra etmək öhdəliyindən o zaman azad edə bilərdi ki, pandemiyaya görə müqaviləni vaxtında icra edə bilməyəcəyi ilə bağlı xəbərdarlığını pandemiya qaydalarının ölkə ərazisində tətbiqinə başlanıldığı 2020-ci ilin 14 mart tarixində etmiş ola idi. İş materialları ilə müəyyən edilir ki, cavabdeh bu barədə xəbərdarlığı ilk dəfə 2020-ci il 16 iyun tarixli məktubla etmişdir. Bu isə pandemiya qaydalarının tətbiq edilməsindən 3 ay sonra, müqavilə müddətinin bitməsinə 10 gün qalmış deməkdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 2020-ci il 9 iyul tarixli məktubda bildirilmişdir ki, təklif edilmiş məhsulu istehsal edən olkə - Cənubi Afrika Respublikasında 2020-ci il 20 may tarixindən müəssisənin fəaliyyəti dayandırılmışdır. Buna baxmayararaq digər istehsalçı ölkələrə də müraciət edilmiş, lakin pandemiya ilə əlaqədar olaraq konkret heç bir təklif almamışlar. Göstərilən səbəbləri nəzərə alaraq məhsulu müqavilənin 3.1-ci bəndinə əsasən 120 gün müddətinə təmin edə bilməmiş, buna görə də müqavilənin 11.3-ci bəndini nəzərə alaraq qarşılıqlı razılaşma əsasında ya ikitərəfli, ya da birtərəfli xitam verilməsinə qərar verilmiş, qərara qarşılıqlı olaraq anlayış göstərilməsi xahiş edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dünyada baş verən COVİD-19 pandemiyasının cavabdehin 2020-ci il 27 fevral tarixli müqavilə üzrə öhdəliklərinin icrasına təsir etdiyi halda, bununla əlaqədar, iddiaçı əvvəlcədən xəbərdar edilmədiyindən, cavabdehə dəbbə pulu tətbiq edilməlidir. Dəbbə pulunun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsası bir-birinə zidd olan iki mövqe ilə əsaslandırıldığından, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırılması mübahisələndirilən hissədə dəyişdirməlidir. Tətbiq edilməli olduğu halda dəbbə pulunun həcmi barədə qanuni, əsaslı və birmənalı nəticə verilməli olması (3-cü göstəriş) barədə kassasiya instansiyası məhkəməsinn hazırki iş üzrə qərarındakı göstəriş üzrə məhkəmə kollegiyası qeyd edir ki, həmin məbləğin həcmi gecikdirilmiş dörd günə görə bir həftə üçün müəyyən edilməlidir. Belə ki, cavabdeh özü həm apellyasiya, həm də kassasiya şikayətində (bax Ali Məhkəmənin qərarının 98-ci paraqrafına) qəbul edir ki, gecikmə dörd gün çəkmiş və hesab edir ki, ən yaxşı halda məhkəmə yalnız bir həftə üçün məhsulun ümumi dəyərin 0.5 % miqdarında cəriməni tuta bilərdi. Cavabdehin bu dəlili ilə dəbbə pulu hissəsində tutulmanın həddinin bir həftə üçün müqavilə dəyərinin 0.5 %-i həddində, qəbul etdiyinə eyham vurduğundan, habelə həmin qaydada hesablamanın əsasını müqavilənin 10.1-ci bəndi təşkil etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddia göstərilən həddə dəbbə pulunun tutulması hissəsində təmin edilməlidir. İş materiallarında olan cavabdeh ilə iddiaçı arasında 2020-ci il 27 fevral tarixində bağlanmış, tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş PİCxx/xx/2020 saylı müqavilənin 10.1-ci bəndinə görə, malların müqavilədə müəyyən edildiyi müddətdən çöx gecikdirildiyi hallarda satıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün yaxtında təchiz edilməmiş malın dəyərinin 0,5%-i miqdarında, sonrakı hər tam həftə üçün isə vaxtında təchiz edilməmiş malın dəyərinin 1,0%-i miqdarında cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği vaxtında təchiz edilməmiş malın dəyərinin 5%-dən çox ola bilməz. Məhkəmə qeyd edir ki, dəbbə pulunun ödənilməsi tələbinə dair hissədə iddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 462-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Göründüyü kimi dəbbə pulu öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə borcluya tətbiq edilən məsuliyyət tədbiridir. Kreditorun müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun ödənilməsini tələb etmək hüququ müqavilə öhdəliyinin borclu tərəfindən icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdeh xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq müqavilə predmeti olan malı müqavilədə göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixədək iddiaçı "xxxx" MMC-yə təhvil verməli olduğu halda, bunu hissəvi olmaqla 30 iyun 2020-ci ildə etməklə öhdəliyini 4 gün gecdirmişdir. Bu isə bir həftədən çox olmayan dövr olmaqla müqavilənin 10.1-ci bəndindəki ilk 4 həftə ərzində hər gecikdirilmiş həftə üçün müqavilə dəyərinin 0.5%-i həddində dəbbə pulunun tutulması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Nəticə hissə: Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-2(112)-397/2021 nömrəli qətnaməsi ilkin iddia tələbinin qismən təmin edilməsi hissəsində dəyişdirilməli, cavabdeh "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli PİC/xx/xx/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliyinin icra edilməsinin gecikdirilməsinə görə 17.400 manat (on yeddi min dörd yüz manat) məbləğində dəbbə pulu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-397/2021 nömrəli qətnaməsi ilkin iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli PİC/xx/xx/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliyinin icra edilməsinin gecikdirilməsinə görə 17.400 manat (on yeddi min dörd yüz manat) məbləğində dəbbə pulu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-2(103)-476/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-476/2022
10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver