Məhkəmə qərarları › İş №2-2(103)-477/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-477/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-477/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin lizinq borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-608/2022 nömrəli iş üzrə 02 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli 1025- L/12 nömrəli müqavilə üzrə 11.360 manat gecikdirilmiş borc və hesablanmış 12.127,26 manat cərimə borcu olmaqla, cəmi 23.487,26 manat, habelə mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat və hüquqi yardım göstərilməsinə görə 350 manat, ümumilikdə cəmi 24.037,26 manat pul vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, əsas borc üzrə 11.360 manat, cərimə borcu üzrə 600 manat olmaqla, cəmi 11.960 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 160 manatın, mediasiya xərci olaraq 126 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, hüquqi yardım və məhkəmə xərci ilə bağlı qismən təmin edilən hissələrdə ləğv edilib, iddianın həmin hissələrdə tam təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmənin hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin ağlabatanlılığına hüquqi qiymət verərkən vəkilin məhkəmə iclasında iştirakını əsas götürməsi məhkəmənin düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. Həmçinin, iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Məhkəmə analogiyanı tətbiq edərkən qanunvericiliyin dövlət rüsumu ilə mediasiya xərcini eyniləşdirməsi barədə gəldiyi qənaət də “Dövlət rüsumu haqqında” AR Qanununa əsasən düzgün olmamışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh şikayəti qəbul etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin vəkilə etdiyi kömək üçün ödənilən və mediasiya xərcləri təmin olunmayan hissələrdə ləğv edilərək, qeyd olunan xərclərin tam təmin olunması xahiş edildiyi, cavabdeh iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi), həmçinin, qətnamə iddia qismən təmin olunan hissədə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissəyə, tərəflər arasında mübahisəsiz olduğundan, toxunulmamalı, qətnamə yalnız vəkilə etdiyi kömək üçün ödənilən və mediasiya xərcləri təmin olunmayan hissələrdə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2012-ci il tarixli 1025-L/12 nömrəli lizinq müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş 1 ədəd MTZ-1221 markalı traktor və 1 ədəd AG-14-5 markalı kotan xx.xx.2012-ci il tarixli aktla lizinq alana (cavabdeh) təhvil verilmişdir. Müqavilənin 4.2-ci bəndinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə müqavilə üzrə 11.360 manat əsas borc ve hesablanmış 12.127,26 manat cərimə borcu yaranmışdır. İddiaçı (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış Məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə xx.xx.2021-ci il tarixli Sazişin 1-ci bəndinə əsasən, içraçı sifarişçinin adından məhkəməhüquq xidmətlərinin həyata keçirilməsi ilə bağlı müvafiq müqavilələr bağlayır, habelə vəkil qurumlarına və ya fərdi vəkillərə ödənilən haqqın büdcə təşkilatının vəsaitinə qənaət etmək üçün vəkillərə etdikləri kömək üçün ödənilən xərc kimi qarşı tərəfdən alınıb xeyrinə qətnamə çıxarılan sifarişçiyə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görür. xx.xx.2021-ci il tarixli 866593/00816 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2021-ci il tarixli sazişə və Vəkilla bağlanan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh qarşı iş üzrə "xxxx" MMC tərəfindən Vəkil 350 manat ödənilmişdir. Birinci instansiya məhkəməsi qətnamə ilə vəkilə etdiyi kömək üçün ödənilən və mediasiya xərclərini qismən təmin edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “... vəkil heç bir məhkəmənin hazırlıq iclasında və məhkəmənin baxış iclasında iştirak etməmişdir, ancaq ərizə tərtib edərək, onun elektron sistemə yüklənməsi ilə kifayətlənmişdir. Belə olan halda göstərilmiş hüquqi yardıma görə 160 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommersiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməlidir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. İş materiallarında olan Arayışdan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi mediasiya xərci olaraq 200 manat məbləğində pul ödəmişdir. Hazırki halda iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 126 manat (iddianın 11.960 manat hissəsində təmin olunmasını nəzərə alaraq) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan hissələrdə mövqeyi ilə vəkilə etdiyi kömək üçün ödənilən xərc hissədə razılaşmır və hesab edir ki, həmin hissədə apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, MPM-in: Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını, prosessual qanunun tələblərini, ödənilən xərcin məbləğini və bu sahədə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iş üzrə vəkilə etdiyi kömək üçün iddiaçı tərəfindən ödənilən 350 manat xərc ağlabatan məbləğdə olduğu üçün tam məbləğdə cavabdehdən alınıb xeyrinə qətnamə çıxarılan iddiaçıya verilməli və bu səbəbdən tam təmin edilməli idi. Mediasiya xərclərinin cavabdehdən tutulmasının birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilməsinə gəldikdə isə, MPM-in: Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun: Maddə 1.1. Dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir); Maddə 1.3. Bu Qanunun 17.6-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi qaydası ilə bağlı müddəalar nəzərdə tutula bilməz; Maddə 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “... mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməlidir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir.” məzmunlu mövqeyi ilə də razılaşmır. Birincisi, “Dövlət rüsumu haqqında” Qanunun müddəalarının təhlili göstərir ki, mediasiya xərci onu ödəmiş tərəfi həmin məbləğdə dövlət rüsumunu ödəməkdən azad etsə də, bu hal, qanunvericinin mediasiya xərcini statusca dövlət rüsumu ilə eyniləşdirmək niyyətinə dəlalət etmir. İkincisi, MPM-nin 13.4-cü maddəsi barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları ilə bağlıdır və məhz bu halda analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət etməyi nəzərdə tutur. Başqa sözlə, adıçəkilən norma prosessual hüquq normalarının analogiya üzrə tətbiqini təsbit etmir. Bu baxımdan, məhkəmənin MPM-in 13.4-cü maddəsinə istinadı doğru olmasa da, onun eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən mediasiya xərcini işə baxılması ilə əlaqədar sair məsrəf kimi qəbul edərək, ödənilmiş tələblərin məbləğinə mütənasib qaydada cavabdehdən tutması ilə əlaqədar gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya şikayətinin dəlilləri mediasiya xərci hissədə əsassızdır. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə müzakirə olunan qaydada dəyişdirilməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-608/2022 nömrəli iş üzrə 02 mart 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilsin. Qətnamənin nəticə hissəsində “160” rəqəmi “350” rəqəmi ilə əvəz edilsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar