Məhkəmə qərarları › İş №2-2(103)-477/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-477/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-477/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1364/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3129,36 manat əsas borc, 1017,04 manat dəbbə pulu və 61,46 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1364/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3129,36 manat əsas borc, 100 manat dəbbə pulu, 52,30 manat dövlət rüsumu, ümumilikdə 3281,66 (üç min iki yüz səksən bir manat altmış altı qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qətnamə qəbul etdikdə, təbii ki, iddiaçının tələb etdiyi borcun məbləğinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi üçün xüsusi biliyə malik olan mütəxəssis hesablanmasına istinad etməli, həmçinin, iddia tələbinin predmeti olan borcun hansı dövrdən hansı dövrədək yaranmasını, əsassız olaraq hesablanmış dəbbə və s. məbləği dəqiqləşdirməli idi. Bu xüsusata əhəmiyyət verməyən məhkəmə dərhal qəbul etdiyi qətnamədə təmin etdiyi iddia tələbinin doğruluğunu qanuni əsaslarla əsaslandıra bilməmiş, sadəcə formal mülahizələrinə istinadən qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi ilə əlaqəli qeyd etmək lazımdır ki, məhkəmə iddiaçının iddia tələbi ilə bağlı iş materiallarında olan sübutlara lazımi hüquqi qiymət verməmiş, iclas iştirakçısı olaraq prosessual tərəflərin iclasda bilavasitə iclas barədə xəbərdar olmamaları səbəbindən iştirak etməməsini qətiyyən nəzərə almamış, iddiaçı tərəfin tələb etdiyi əsassız və şişirdilmiş borcun hansı əsaslarla əmələ gəlməsinə heç bir əhəmiyyət vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmuşdur.

6. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh qərəzli şəkildə proseslərdə iştirak etməyərək özünü müdafiə etməmiş, lazım olan sübutları vaxtında məhkəməyə təqdim etməmişdir. Qeyd etmək lazımdır ki, şikayətdə qeyd edilmiş sübutların məhkəməyə təqdim edilməsi və ya ekspertizanın həyata keçirilməsi barədə hər hansı bir vəsatət və ya ərizə, nə 1-ci instansiya məhkəməsində icraat zamanı, nə də Apellyasiya şikayətinin verilməsi zamanı məhkəməyə təqdim edilməmişdir. Belə olan halda cavabdehin əlavə edilməmiş sübuta və qəsdən vermədiyi ekspertizanın keçirilməsi barədə vəsatətə istinad edərək şikayət verməsi qanuna uyğun deyildir. Mülki-prosessual Məcəllənin 372-ci maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd etmək lazımdır ki, cavabdehin elektron kabineti mövcuddur. Belə ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən məhkəməyə elektron kabineti vasitəsilə ərizə təqdim edilmiş, o cümlədən apellyasiya şikayəti də elektron formada verilmişdir. Bu o deməkdir ki, cavabdeh aktiv şəkildə kabinetdən istifadə edir və buna baxmayaraq iclaslarda iştirak etməmiş, birinci instansiya məhkəməsinin icraatında etirazlarını bildirmək üçün nə elektron kabinetlə etiraz bildirmiş, nə də fiziki formada iclaslara gəlməmişdir. Lakin süründürməçiliyə yol vermək və icra prosesini uzatmaqdan ötrü cavabdeh qərəzli olaraq apellyasiya şikayəti vermişdir. Qeyd etmək lazımdır ki, cavabdeh ilə şirkətimizin satış təmsilçisi, audit və hüquqşünası dəfələrlə əlaqə saxlamış, lakin borcun ödənilməsi barədə barışığa nail oluna bilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2- ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir..

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

9. Həmin Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

10. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

11. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

12. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

13. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

14. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

15. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

16. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. İş materiallarına əsasən, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlar “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Cavabdeh məxsus elektron kabinetinə yerləşdirilmiş, ona iddia ərizəsini aldıqdan sonra 20 gün ərizində iddiaya etirazını, qoyulmuş suallara cavabını məhkəməyə təqdim etmək kimi bir sıra prosessual hüquq və vəzifələrin izah olunduğu məhkəmə bildirişləri, sms bildirişlər göndərilmişdir.

21. MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

22. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

23. Məhkəmə kollegiyası birinici instansiya məhkəməsi tərəfindən xüsusi biliyə malik şəxsin hesablanmasına istinad olunmaması dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məmlumatlı olmasına baxmayaraq iş üzrə sübutları, dəlillərini, məhkəməyə təqdim etməmiş, məhkəmə ekspertizasının təyin olunmasına, mütəxəssis rəyinin alınmasına dair hər hansı vəsatət təqdim etməmişdir. 24.AR Mülki Prosessual Məcəlləsinin 78.1. maddəsinə əsasən,sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 25.Həmin məcəllənin 372.2. maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki halda hər hansı üzrlü səbəb müəyyən olunmamışdır.

26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, P2023-0419 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı istehsal və topdan satışını etdiyi malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul etməyi, üçüncü şəxslərə satmağı və malların dəyərini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.

27. Müqavilənin 2.4-cü bəndinə əsasən, bu müqaviləyə əsasən satılan malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymət razılaşma protokolu və ya satıcı tərəfindən verilən qiymət cədvəlində müəyyən edilir.

28. Müqavilənin 6.6-cı bəndinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1%-i (ümumi məbləğin 30 %-dən artıq olmamaq şərtilə) məbləğində dəbbə pulu ödəyir.

29. 23.11.2023-cü il tarixli təhvil təslim aktına görə 2832 manat məbləğində, xx.xx.2023cü il tarixli təhvil-təslim aktlarına görə 49,56 manat və 99,12 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına görə 148,68 manat məbləğində mal cavabdehə təhvil verilmişdir.

30. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDV 747137 nömrəli 49,56 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDV 747139 nömrəli 99,12 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDW 230427 nömrəli 148,68 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDT 492471 nömrəli 2832 manat məbləğində elektron qaimə-fakturalar təqdim edilmişdir.

31. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 3129,36 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 3129,36 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

32. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, P2023-0419 nömrəli müqavilənin 6.6-cı bəndinə əsasən hesablanmış 1017,04 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

33. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

34. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

35. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

36. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

37. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat məbləğində müəyyən edilməlidir.

38. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, 3129,36 manat əsas borc, 100 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. Hazırki şikayətdə cavabdeh istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. İş materiallarında olan sübutlara əsasən cavabdehin irəli sürdüyü dəlillər təkzib edilmiş, iddia tələbində qeyd edilənlər təsdiq edilmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.

40. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

41. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1364/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar