Məhkəmə qərarları › İş №2-2(103)-478/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-478/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-478/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: alqı-satqı müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2-2(113)-1438/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" MMC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli, ES 27/05 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı göndərmiş olduğu elekron qaimələrdə adı, miqdarı, qiyməti üzrə spesifik xüsusiyyətləri göstərilən məhsulları ilə alıcını təchiz edəcəkdir.

3. Müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflər bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan məhsulların qiyməti elektron qaimədə qeyd olunur.

4. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

5. İddiaçı tərəfindən cavabdehə EBED seriyalı, 811926 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 3.642,50 manat, EBED seriyalı 596873 nömrəli xx.xx.2024-cü il tarixli, dəyəri 2.745 manat, EBED seriyalı 580923 nömrəli xx.xx.2024-cü il tarixli, dəyəri 7.920 manat olan elektron qaimələr göndərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, ES27/05 saylı, xx.xx.2024-cü il tarixli “Malların alqı-satqı Müqaviləsi”-nə uyğun olaraq cavabdehə təhvil verilmiş malların dəyəri 14307.50 AZN (on dörd min üç yüz yeddi manat, 50 qəpik), hüquqi yardıma görə ödənmiş 520 AZN və iddianın məhkəməyə verilməsinə görə ödənilmiş 134,48 AZN dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında Cavabdeh MMC-nin “Alıcı” qismində, "xxxx" MMC-nin isə Satıcı qismində çıxış etdiyi ES27/05 saylı, xx.xx.2024-cü il tarixli “Malların alqı-satqı Müqaviləsi” bağlanmışdır. Şifahi razılaşmaya və müqaviləyə əsasən Satıcının satış fakturalarında adı, miqdarı, qiyməti üzrə spesifik xüsusiyyətləri göstərilən məhsullar alıcıya verilir, alıcı isə malın qiymətinə uyğun olaraq məhsulun dəyərini ödəyir. **********04221 saylı, xx.xx.2024-cü il tarixli satış fakturasından görünür ki, dəyəri 3415 AZN olan plastik məhsullar; · **********01069 saylı, xx.xx.2024-cü il tarixli satış fakturasından görünür ki dəyəri 440 AZN olan plastik məhsullar; · **********04460 saylı, xx.xx.2024-cü il tarixli satış fakturasından görünür ki dəyəri 4065 AZN olan plastik məhsullar; · **********04820 saylı, xx.xx.2024-cü il tarixli satış fakturasından görünür ki dəyəri 2745 AZN olan plastik məhsullar; · **********00095 saylı, xx.xx.2024-cü il tarixli satış fakturasından görünür ki dəyəri 3642,50 AZN olan plastik məhsullar; Alıcı olaraq Cavabdehə təhvil verilmiş, lakin məhsulların dəyəri bu günədək ödənilməmişdir. Satış fakturası məhsulların təhvil verilməsinə dair hər iki tərəfin səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiqlənmişdir. Aşağıda göstərilənlərə əsasən 14307.50 AZN (on dörd min üç yüz yeddi manat, 50 qəpik) AZN zərər məbləği, hüquqi yardıma görə ödənmiş 520 AZN və 134.48 AZN iddianın məhkəməyə verilməsinə görə ödənilmiş dövlət rüsumu Cavabdehdən İddiaçının xeyrinə tutulmalıdır.

8. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)- 1741/2024 saylı qərardadı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-1438/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 14.307 (on dörd min üç yüz yeddi) manat 50 (əlli) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 520 (beş yüz iyirmi) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 134 (bir yüz otuz dörd) manat 48 (qırx səkkiz) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. İlk növbədə alqısatqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBED seriyalı, 811926 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 3.642,50 manat, EBED seriyalı 596873 nömrəli xx.xx.2024-cü il tarixli, dəyəri 2.745 manat, EBED seriyalı 580923 nömrəli xx.xx.2024-cü il tarixli, dəyəri 7.920 manat olan elektron qaimələr göndərilmişdir. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 14.307,50 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci və 2.1-ci bəndinin şərtləri, yəni tərəflərin özlərinin mal mübadiləsinin elektron qaimələr üzərindən həyata keçirilməsi də, nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 14.307,50 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. Ona görə də, Məhkəmə hesab etmişdir ki, iddia borcun tələb edilməsi hissəsində təmin olunmalı, 14.307,50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab etmişdir ki, iddianın 520 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixli order verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 520 manat məbləğində ödəniş edilmişdir Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab etmişdir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 520 (beş yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Bundan başqa, iddia ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən İddiaçı tərəfindən dövlət rüsumu 134,48 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir. Ona görə də, dövlət rüsumunun əvəzi olaraq 134,48 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçınə ödənilməlidir.

11. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.4-cü maddələrini tətbiq etmişdir. Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-1438/2025 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 422-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Göründüyü kimi MMC-nin maddi vəziyyətində sıxıntıların yaranması müqavilə bağlanılarkən nəzərdə tutulmamışdır. Əksinə alınan xammal vasitəsi ilə MMC daha çox mal istehsal edərək malları satış bazarına çıxartmaq, daha çox gəlir əldə etmək niyyətində olmuşdur. Hətta MMC-nin fəaliyyətinin daha da genişləndiirlməsi məqsədi ilə işğaldan azad olmuş Cəbrayıl rayonunda da MMC-nin yeni bir filialını açmaq fikrində olunmuşdur. Hətta bununla bağlı bur neçə addımlar atılaraq orada zavodun tikintisinə başlanılmışdır. “X3 Zonası” Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Cavabdeh MMC-yə X3 X2 yeni rezidenti qeydiyyat şəhadətnaməsi verilmişdir. Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 (iki yüz) hektar torpaq sahəsində Cavabdeh MMC dezinfeksiya edici, maye yuyucu və ağardıcı məhsulların istehsalını həyata keçirən zavod inşa edəcək. Həmçinin zavodumuz aztəminatlı, şəhid ailələri, müharibə iştirakçılarının işləməsi üçün lazım olan şəariti yaratmışdır. İstər müharibə, istərsə pandemiya zamanı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən xeyriyyə işlərində yaxından iştirak etmiş, lazımi tədbirlərin həyata keçirilməsində maddi, mənəvi səylərini, köməyini əsirgəməmişdir. Bütün bunlar maliyyə dəstəyi tələb etdiyindən MMC bu günki gün bu böhranı yaşayır. Bütün bu hallar məhkəmə tərəfindən nəzərə alınaraq qərar çıxarılmalı, pulun əlbəəl ödənilməsini rəsmi sənəd kimi qəbul edilməsi üçün addımlar atılmalı idi. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında yaranmış mübahisəyə səbəb xx.xx.2024-cü il tarixli müqavilədir. Belə ki, həmin müqavilə və iş materiallarına əlavə edilmiş elektron qaimələrə əsasən, iddiaçı "xxxx" MMC-yə plastik qablar satmışdır. İddiaçı tərəfindən iddia ərizəsində satılan malların məbləğinin ödənilməməsi qeyd edilsə də, halbuki müqavilə üzrə ödənilməli olan məbləğ MMC-yə əlbəəl şəkildə ödənilmişdir. Nəzərinizə çatdırım ki, müqavilə şərtlərinə uyğun olaraq MMC-yə ödəniş həmin müqavilədə qeyd olunan bank hesabından ödənilməli idi. Lakin sözü gedən bank hesabımız "xxxx" ASC-də açılmışdır. "xxxx" MMCnın maddi sıxıntıları ucbatından bizə aid olan bank hesablarlına 2024-cü ilin may ayından Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən inkasso sərəncamı qoyulmuşdur. Bundan başqa digər bank hesablarıın üzərində də sərəncamlar olduğundan rəsmi şəkildə ödəniş etmək mümkün olmamışdır. Belə ki, uzun müddətdir MMC maddi sıxıntılar yaşayır. Halhazırda MMC-nin bir neçə məhkəmə qətnamələrinin icrası ilə bağlı icra işləri və məhkəmə mübahisələri mövcuddur. "xxxx" MMC müqavilə öhdəliyindən boyun qaçırmır. Sadəcə ödənilməli olan məbləğ iddiaçıya əlbəəl şəkildə ödənilmişdir.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

14. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

15. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh MMC oğlu tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

21. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1438/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, iddiaçı onunla "xxxx" MMC (alıcı) arasında bağlandığı qeyd olunan xx.xx.2024-cü il tarixli, ES 27/05 nömrəli alqı-satqı müqaviləyə istinad edərək, hazırki iddianı irəli sürmüşdür, cavabdehə məhsullar göndərldiyi halda həmin məhsullara haqqının ödənilmədiyini əsas göstərərək məhsulların dəyərinin, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb etmişdir.

23. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı MMC dəyəri 14.307,50 manat olan malları "xxxx" MMC-yə təhvil vermişdir.

24. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

25. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBED seriyalı, 811926 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 3.642,50 manat, EBED seriyalı 596873 nömrəli xx.xx.2024-cü il tarixli, dəyəri 2.745 manat, EBED seriyalı 580923 nömrəli xx.xx.2024-cü il tarixli, dəyəri 7.920 manat olan elektron qaimələr göndərilmişdir.

26. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf bu halı mübahisələndirməmişdir.

27. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixli, ES 27/05 nömrəli alqı-satqı müqaviləyə istinad edərək malların dəyərini tələb etmək hüququ var.

28. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, "xxxx" MMC-nin bank hesabına inkasso sərəncamları qoyulmuş, bu səbəbdən malların dəyəri əlbəəl ödənilmişdir, hesablara qoyulan inkasso sərəncamı ödənişin əlbəəl edilməsinin əyani sübutudur, başqa sübut yoxdur. Məhkəmə kolegiyası qeyd edir ki, hesabların üzərində inkasso sərəncamının olması iş üçün əhəmiyyətli olan hallar barədə hər hansı məlumat vermir.

29. Məhkəmə kollegyası cavabdehin qeyd edilən dəlilinə münasibətdə bildirir ki, cavabdeh malların dəyərinin nağd ödənildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

30. Cavabdeh apellyasiya şikayətində Mülki Məcəllənin 422-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

31. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin göstərilmiş hüquqi yardım xərcinin tutulması hissəsində maddi hüquq normalarını düzgün tətbiq etmiş, məbləğ ilə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir. AR Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

32. İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə 520 manat haqq ödənilmişdir.

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” işi üzrə 18 dekabr 2008-ci il tarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”.

34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-1438/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar