Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-479/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, iddiaçı X1 Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-661/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh MMC-yə qarşı borcun ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə ödənilməli olan 6112,80 manat ƏDV ödənişini, 864,61 manat büdcəyə ƏDV borcunu (faiz) və 30 manat dövlət rüsumunu, cəmi 7007,41 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-661/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh MMC şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-661/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə pretenziya qaydasına əməl edilməməsi əsası ilə qarşılıqlı iddianı icraata qəbul etməmişdir. Qərardad əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Cavabdeh MMC pretenziya qaydasına əməl etmiş, dəfələrlə iddiaçıya şifahi müraciət etmiş, MMC-nin səlahiyyətli şəxsi onunla görüşüb mübahisəni həll etməyi təklif etsə də, iddiaçı razı olmamışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-661/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, Cavabdeh MMC işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmənin iclasına gəlməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 şikayətlə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-661/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh MMC xx.xx.2021-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini kağız daşıyıcıda məhkəməyə təqdim edilmiş, qarşılıqlı iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə göndərməmişdir. Həmçinin, qarşılıqlı iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat əlavə edilməmişdir. Halbuki tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 7.1-ci və 7.2-ci bəndlərində müqavilədən irəli gələn bütün mübahisələrin danışıqlar vasitəsilə həll edilməsi, mübahisələr 7.1-ci maddədə göstərilmiş qaydada həll edilmədikdə mübahisələrin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qanunvericiliyin tələbindən göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən qarşılıqlı iddia ərizəsinin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin məhkəməyə təqdim edilməsinin başqa qaydasını nəzərdə tutmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 149.1, 149.2 və 149.2.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddələrinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi qarşılıqlı iddianı həm mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməməsi, həm də ərizənin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi əsası ilə geri qaytarmaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-661/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-661/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-479/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-479/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver