Məhkəmə qərarları › İş №2-2(103)-48/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-48/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-48/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, e-2-2(113)- 2647/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında imzalanmış xx.xx.2017-ci il tarixli D 067/17 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən, satıcı müqavilədə göstərilən miqdarda 2016-cı ilin məhsulu olan pambıq jmıxı alıcıya satmağı, alıcı isə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 2-ci bəndinə əsasən müqavilənin qiyməti Azərbaycan manatında müəyyən edilir və satıcının Şirvan şəhər anbarı təhvili kimi başa düşülür. Malın miqdarı 300 ton, 1 tonun qiyməti ƏDV daxil 130 manat olmaqla malın ümumi dəyərinin ƏDV daxil olmaqla 39000 manat təşkil etməsi razılaşdırılmışdır.

3. Müqavilənin 3-cü bəndinə əsasən, müqavilə üzrə ödəniş satıcının hesabına köçürülmə yolu ilə əvvəlcədən ödəmə şərti ilə həyata keçirilir. Hissə-hissə ödənişə icazə verilir. Satıcı alıcıya vergi hesab-faktura, elektron qaimə təqdim edir.

4. Müqavilənin 4-cü bəndinə əsasən satıcı müqavilə ilə nəzərdə tutulmuş malı xx.xx.2017-ci il tarixədək təhvil verir.

5. Müqavilənin 7-ci bəndinə əsasən, müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi üçün təqsirkar tərəf digər tərəfə müqavilə üzrə yerinə yetirilməyən öhdəliyin hər günü üçün 10 faiz həcmində müamilə (penya) ödəyir.

6. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında imzalanmış xx.xx.2017-ci il tarixli D 067/17 saylı alqı-satqı müqaviləsin xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavədən görünür ki, tərəflər qeyd olunan tarixdən etibarən aşağı növlü texniki ciyidin 1 tonunun qiyməti ƏDV daxil olmaqla 100 manat müəyyən etmişdir. Satıcı alıcıya əlavə olaraq 1100 ton miqdarında texniki ciyid göndərir. Hazırki əlaəvə üzrə göndəriləcək malın ümumi məbləği ƏDV daxil olmaqla 110000 manat təşkil etməsi razılaşdırılmışdır.

7. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında imzalanmış xx.xx.2017-ci il tarixli D 067/17 saylı alqı-satqı müqaviləsin xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavədən görünür ki, tərəflər qeyd olunan tarixdə etibarən aşağı növlü texniki ciyidin 1 tonunun qiyməti ƏDV daxil olmaqla 100 manat olan 400 ton miqdarında texniki ciyid göndərir. Hazırki əlaəvə üzrə göndəriləcək malın ümumi məbləği ƏDV daxil olmaqla 40000 manat təşkil etməsi razılaşdırılmışdır.

8. Çiyid pambığın hazırlanma məntəqəsindən pambıq zavoduna göndərilməsinin xx.xx.2017-ci il tarixli MK seriyalı, 000859 nömrəli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, 1 kq 0,10 olmaqla cəmi ƏDV daxil 1742 manat dəyərində 17420 kq texniki ciyid 4-cü növ 2016-cı ilin məhsulu İddiaçı MMC trəfindən Cavabdeh göndərilmişdir.

9. Çiyid pambığın hazırlanma məntəqəsindən pambıq zavoduna göndərilməsinin xx.xx.2017-ci il tarixli MK seriyalı, 000868 nömrəli Əmtəə-Nəqliyyat Qaiməsindən görünür ki, 1 kq 0,10 olmaqla cəmi ƏDV daxil 1481 manat dəyərində 14810 kq texniki ciyid 4-cü növ 2016-cı ilin məhsulu İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmişdir.

10. Çiyid pambığın hazırlanma məntəqəsindən pambıq zavoduna göndərilməsinin xx.xx.2017-ci il tarixli MK seriyalı, 000894 nömrəli Əmtəə-Nəqliyyat Qaiməsindən görünür ki, 1 kq 0,10 olmaqla cəmi ƏDV daxil 1941 manat dəyərində 19410 kq texniki ciyid 4-cü növ 2016-cı ilin məhsulu İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmişdir.

11. Çiyid pambığın hazırlanma məntəqəsindən pambıq zavoduna göndərilməsinin xx.xx.2017-ci il tarixli MK seriyalı, 000899 nömrəli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, 1 kq 0,10 olmaqla cəmi ƏDV daxil 822 manat dəyərində 8220 kq texniki ciyid 4-cü növ 2016-cı ilin məhsulu İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmişdir.

12. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında imzalanmış xx.xx.2017-ci il tarixli D 084/17 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən, satıcı müqavilədə göstərilən miqdarda 2016-cı ilin məhsulu olan pambıq jmıxı alıcıya satmağı, alıcı isə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

13. Müqavilənin 2-ci bəndinə əsasən, müqavilənin qiyməti Azərbaycan manatında müəyyən edilir və satıcının anbarı təhvili kimi başa düşülür. Malın miqdarı-100 ton, 1 tonunun qiyməti ƏDV daxil olmaqla-330 manat, ümumi məbləğ ƏDV daxil olmaqla 33000 manat təşkil edir.

14. 10 oktyabr 2017-ci il tarixli GVD seriyalı 025023 nömrəli qaimə-fakturanın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 10250 kq çiyidin jımıxı göndərilmiş və yekun ödənilməli məbləğ ƏDV daxil 3382,50 manat təşkil etmişdir.

15. 11 oktyabr 2017-ci il tarixli GVD seriyalı 025024 nömrəli qaimə-fakturanın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 19580 kq çiyidin jımıxı göndərilmiş və yekun ödənilməli məbləğ ƏDV daxil 6461,40 manat təşkil etmişdir.

16. 13 oktyabr 2017-ci il tarixli GVD seriyalı 025025 nömrəli qaimə-fakturanın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 18250 kq çiyidin jımıxı göndərilmiş və yekun ödənilməli məbləğ ƏDV daxil 6022,50 manat təşkil etmişdir.

17. 15 oktyabr 2017-ci il tarixli GVD seriyalı 025026 nömrəli qaimə-fakturanın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 18700 kq çiyidin jımıxı göndərilmiş və yekun ödənilməli məbləğ ƏDV daxil 6171 manat təşkil etmişdir.

18. 18 oktyabr 2017-ci il tarixli GVD seriyalı 025028 nömrəli qaimə-fakturanın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 18000 kq çiyidin jımıxı göndərilmiş və yekun ödənilməli məbləğ ƏDV daxil 5940 manat təşkil etmişdir.

19. 20 oktyabr 2017-ci il tarixli GVD seriyalı 025029 nömrəli qaimə-fakturanın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 15220 kq çiyidin jımıxı göndərilmiş və yekun ödənilməli məbləğ ƏDV daxil 5022,60 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

20. İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 38929,54 manat, hesablanmış cərimə borcuna görə 274063,96 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 313023,50 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli D 067/17 saylı texniki çiyidin alqı-satqısına dair müqaviləyə əsasən, cavabdehə ümumilikdə ƏDV daxil olmaqla 139345,80 manat məbləğində müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə mal göndərilmişdir. Lakin, cavabdehə göndərilmiş malın müqabilində iddiaçıya cəmi ƏDV daxil olmaqla 133416,30 manat məbləğində vəsait ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya xx.xx.2017-ci il tarixli D 067/17 saylı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı ƏDV daxil olmaqla 5929.54 manat məbləğində borcu yaranmışdır. Həmçinin, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli D 084/17 saylı müqaviləyə əsasən, cavabdehə ƏDV daxil olmaqla 33000 manat məbləğində pambıq jmıxı göndərilmişdir. Cavabdehə göndərilmiş malın müqabilində iddiaçının hesabına pul ödənilməmiş və nəticədə cavabdehin iddiaçıya ƏDV daxil 33.000 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçıya hər iki müqavilələr üzrə ümumilikdə 38929,54 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda, mövcud müqavilənin 7-ci bəndinə əsasən, tərəflər müqavilə üzrə üzərinə götürülmüş öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yerinə yetirilməmiş öhdəliyin hər günü üçün 1 % həcmində cərimə ödəməlidirlər. Nəzərə alsaq ki, cavabdehin müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə bağlı iddiaçıya 38929,54 manat məbləğində borcu yaranmışdır, dəbbə pulunun hesablanmış məbləği (38929,54* 1%*704 gün) 274.063,96 manat təşkil edir.

22. Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, e-2-2(113)-2647/2021 nömrəli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2017-ci il tarixli D 067/17 saylı və xx.xx.2017-ci il tarixli D 084/17 saylı müqavilələrə əsasən 38.929,54 (otuz səkkiz min doqquz yüz iyirmi doqquz manat əlli dörd qəpik) manat əsas borc və 1000 (bir min) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə D 067/17 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı göstərilən qiymətdə və miqdarda texniki çiyidi alıcıya satmağı, alıcı isə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən, müqavilənin qiymətinin Azərbaycan manatında müəyyən edilməsi, malın miqdarının-300 ton, 1 tonunun qiyməti ƏDV daxil olmaqla-130 manat, ümumi məbləğin ƏDV daxil olmaqla 39000 (otuz doqquz min) manat olması razılaşdırılmışdır. Həmin müqaviləyə həmçinin xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə bağlanaraq xx.xx.2017-ci il tarixdən etibarən müqavilə üzrə göndəriləcək açağı növlü çiyidin 1 tonunun qiyməti ƏDV daxil olaraq 100 manat müəyyən olunması, satıcının alıcıya əlavə olaraq 1100 ton miqdarında texniki çiyid göndərməsi, hazırki əlavə üzrə göndəriləcək malın ümumi məbləği ƏDV daxil olmaqla 110.000 (yüz on min) manat təşkil etməsi və müqavilənin digər şərtləri dəyişməz qalması razılaşdırılmışdır. Daha sonra xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə bağlanaraq satıcının alıcıya əlavə olaraq 1 tonunun qiyməti 100 manat olan 400 ton miqdarında texniki çiyid göndərməsi, hazırki əlavə üzrə göndəriləcək malın qiymətinin ƏDV daxil olmaqla 40000 (qırx min) manat təşkil etməsi və müqavilənin digər şərtlərinin dəyişməz qalması razılaşdırılmışdır. İddiaçı tərəfindən mübahisələndirilən, yəni cavabdeh tərəfindən ödəniş edilməyən elektron qaimələrdən görünür ki, 30 avqust 2017-ci il tarixdə müqaviləyə 1 nömrəli əlavə üzrə göndərilən texniki çiyidə görə 822 manat, 29 avqust 2017-ci il tarixdə müqaviləyə 1 nömrəli əlavə üzrə göndərilən texniki çiyidə görə 1941 manat, 17 avqust 2017-ci il tarixdə müqaviləyə 1 nömrəli əlavə üzrə göndərilən texniki çiyidə görə 1742 manat, 21 avqust 2017-ci il tarixdə göndərilən texniki çiyidə görə 1480,99 manat borc hesablanmışdır. xx.xx.2017-ci il tarixli D 067/17 saylı müqavilə və əlavələr üzrə cəmi 5929,54 manat borc iddiaçıya ödənilməmişdir. Cavabdeh tərəfindən həmin borcun ödənilməsi barədə isə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə D 084/17 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı 2016-cı ilin məhsulu olan pambıq jımıxı alıcıya satmağı, alıcı isə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən, müqavilənin qiymətinin Azərbaycan manatında müəyyən edilməsi, malın miqdarı-100 ton, 1 tonunun qiyməti ƏDV daxil olmaqla-330 manat, ümumi məbləğin isə ƏDV daxil olmaqla 33000 (otuz üç min) manat təşkil etməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 11 oktyabr 2017-ci il tarixli 025024 nömrəli qaiməfakturaya əsasən, 6461,40 manat, 13 oktyabr 2017-ci il tarixli 025025 nömrəli qaiməfakturaya əsasən, 6022,50 manat, 15 oktyabr 2017-ci il tarixli 025026 nömrəli qaiməfakturaya əsasən, 6171 manat, 18 oktyabr 2017-ci il tarixli 025028 nömrəli qaiməfakturaya əsasən, 5940 manat, 20 oktyabr 2017-ci il tarixli 025023 nömrəli qaiməfakturaya əsasən 3382,50 manat və 20 oktyabr 2017-ci il tarixli 025029 nömrəli qaiməfakturaya əsasən 5022,60 manat borc yaranmış və cavabdeh tərəfindən qeyd edilən qaimə-fakturalar üzrə ödəniş edilməmişdir.

24. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, iddia tələbi xx.xx.2017-ci il tarixli D 067/17 saylı və xx.xx.2017-ci il tarixli D 084/17 saylı alqı-satqı müqavilələri üzrə Cavabdeh əsas qalıq borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir.

25. Məhkəmə iddia tələbinin 274063,96 manat cərimənin ödənilməsi hissəsi ilə qeyd etmişdir ki, tələb olunan 274063,96 manat cərimənin 1000 manat həddinədək azaldılmasını ədalətli hesab edir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

26. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, e-2-2(113)-2647/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdehin həmin məhkəmə işindən xəbəri olmamışdır. Məhkəmə faktiki olaraq cavabdehin iştirakı olmadan keçirilmişdir. Belə ki, cavabdehin qeydiyyat ünvanı kimi göstərilən ünvanda yaşamamışdır. Məhkəmənin 22 avqust 2023-cü il tarixli məktubundan da görünür ki, həmin ünvana göndərilən məktublar cavabdehə faktiki olaraq çatmayıb. Həmin ərəfələrdə isə cavabdeh sonradan vəfat etmiş həyat yoldaşının xəstəliyi ilə əlaqədar mütəmadi olaraq xarici ölkələrə gedib-gəlmişdir. Belə olan halda isə mülki prosessual qanunvericiliklə hər bir məhkəmə tərəfi üçün müəyyən olunmuş hüquq və vəzifələrdən məhrum edilmişdir. Belə ki, cavabdehin sübutlar təqdim etmək, həqiqətlə bağlı fikrini bildirmək, izahat vermək imkanı olmamışdır. Qətnamənin mövcudluğundan şifahi olaraq bir neçə gün bundan əvvəl ölkəyə qayıdarkən müvafiq qurumun əməkdaşları tərəfindən saxlanıldıqda məlumat əldə etmişdir. Belə ki, saxlanıldıqdan sonra cavabdehə həmin qətnamənin icrası ilə məşğul olan icra məmuruna yaxınlaşmalı olduğu izah edilmişdir. Qətnamənin Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edildiyi bildirildikdən sonra məhkəməyə rəsmi qaydada müraciət edib, 22 avqust 2023-cü il tarixdə qətnaməni əldə etmişdir. Qətnamə ilə tanış olduqda cavabdehin adından məhkəmədə nümayəndə kimi “Feyzulla” adlı şəxsin iştirak etdiyi məlum olmuşdur. Cavabdeh elə bir adam tanımır və ona məhkəmədə və ya hər hansı başqa qurumda təmsil etmək üçün notarial qaydada etibarnamə verildiyini qətiyyən xatırlamır. Həmin adam məhkəmədə cavabdehin adından izahat verərək göstərmişdir ki, tərəflər arasında müqavilə imzalanıb, göndərilmiş mal üst hissədə yaxşı vəziyyətdə olsa da, alt hissədə xarab olmuşdur və bununla bağlı akt tərtib edilməmişdir. Məsələ burasındadır ki, işə baxan məhkəmə tərəfindən həmin adamın cavabdehin adından izahat verərkən cavabdehin özünün şəxsən harada olub-olmadığı, niyə məhkəmədə şəxsən iştirak etmədiyi, bütün bu baş verənlərdən məlumatlı olub-olmadığı, həmin adamın məhkəmə vaxtı cavabdehlə əlaqəsinin olub-olmadığı, həmin adamın məhkəmə barədə cavabdehə məlumat veribvermədiyi araşdırılmamışdır. Digər tərəfdən, cavabdehlə həmin müqavilələr imzalanmış ola bilər, cavabdeh bunu qəbul edir. Amma həmin müqavilələrin icrası ilə birbaşa mən deyil, digər şəxslər məşğul olmuşdur. Məsələ burasındadır ki, cavabdehin nümayəndəsi kimi çıxış edən həmin şəxs malın göndərildiyindən, malın hansı hissəsinin yaxşı, hansı hissəsinin pis olmasından danışır. Çox maraqlıdır ki, həmin malın göndərişi zamanı malın qəbul edəni kimdir? Cavabdehin hər hansı malın göndərilməsindən və qəbulundan məlumatı yoxdur. Məhkəmə həmin hissədə hansı araşdırma aparıb? Cavabdeh müqavilələri imzalamışdır. Bunun isə özəl bir səbəbi vardır. Həmin müqavilələr həmin anda cavabdehin VÖEN-nin olduğu üçün de-yure cavabdehlə bağlanmışdır. Lakin de-fakto müqavilələr üzrə alıcı qismində çıxış edən, malı qəbul edən və bunun müqabilində ödənişi icra etməli olan şəxs tamamilə başqa şəxsdir. Həmin şəxs X2r (AZE 13749131; FİN: 3E8XMMX). Səlim Kimərimov cavabdehin VÖEN-nin olması səbəbindən müqavilələri cavabdehin imzalamağını xahiş etmişdir. Müqavilədən irəli gələn sonrakı hərəkətlərdə cavabdeh iştirak etməmişdir. Nümayəndə kimi izahat verən şəxs malın qəbulundan və digər məsələlərdən məlumatlıdırsa, deməli faktiki müqavilə icraçısının kim olmasından da məlumatlıdır. Həmin nümayəndə həqiqətən də vicdanlı təmsilçidirsə, o zaman niyə həmin şəxslə bağlı məhkəməyə məlumat verməyib və iddiaya əslində cavab verməli olan şəxsin Səlim Kərimovun olduğunu bildirməyib? Qeyd olunanlar haqqında iddiaçı çox gözəl məlumatlıdır. Lakin çox maraqlıdır ki, iddiaçı da bütün bunları bilə-bilə iddiada cavabdeh kimi Səlim Kərimovu deyil, Cavabdehı qoymuşdur. Qətnamə ilə tanış olduqda məlum olur ki, müqavilələrdən biri üzrə geri ödəniş olunmuşdur. Həmin ödənişlə bağlı sübutlarda ödənişin icrası kimi kimin göstərildiyi cavabdehə çox maraqlıdır. Cavabdeh tərəfindən hər hansı ödəniş olunmamışdır. Şikayətə əlavə edilən 31 iyul 2021-ci il tarixli “təsis payının alqı-satqısı müqaviləsi”ndən də görünür ki, cavabdehin təsisçi olduğu "xxxx" MMC-də payı həmin müqavilə üzrə adını qeyd etdiyi şəxsə satılmışdır. Həmin andan etibarən isə həmin şəxs MMC-nin direktoru və təsisçisir. Bu isə bütün əlaqədar ticarət işlərinin faktiki icraçısının həmin şəxsin olduğunu sübut edir. Şikayətə əlavə edilən 15 yanvar 2020-ci il tarixli razılaşma aktından da görünür ki, cavabdehin iddiaçıya olan borcu hələ işin məhkəməyə getməsindən də öncə adını qeyd edilən şəxs öz öhdəliyinə götürmüşdür. İşə məhkəmə qaydasında yenidən baxılmalı və qətnamə ləğv edilməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

29. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

30. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1-ci maddə- öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddə- alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddə- əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddə-dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

31. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, e-2-2(113)-2647/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli D 067/17 saylı və xx.xx.2017-ci il tarixli D 084/17 saylı alqı-satqı müqavilələri bağlanaraq iddiaçı tərəfindən cavabdehə pambıq jmıxı satılmışdır. xx.xx.2017-ci il tarixli D 067/17 saylı müqavilə üzrə elektron qaimələr əsasən cavabdehə ƏDV daxil olmaqla 139345,80 manat məbləğində mal göndərilmişdir. İddiaçı həmin müqavilə üzrə cavabdeh tərəfindən cəmi ƏDV daxil olmaqla 133416,30 manat məbləğində vəsait ödənildiyini, ƏDV daxil olmaqla 5929,54 manat məbləğində borcu qaldığını göstərmiş, cavabdeh həmin borcun ödənildiyinə dair sübut təqdim edə bilməmişdir. Eyni zamanda elektron qaimələrə əsasən xx.xx.2017-ci il tarixli D 084/17 saylı müqaviləyə əsasən, cavabdehə ƏDV daxil olmaqla 33000 manat məbləğində pambıq jmıxı göndərilmiş, həmin müqavilə üzrə borcun ödənildiyi cavabdeh tərəfindən sübut edilməmişdir. İki müqavilə üzrə ümumilikdə qalıq borc 38.929,54 manat təşkil edir.

34. İşdən görünür ki, ilk dəfə birinci instansiya məhkəməsi tərəfindən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılsa da, sonradan cavabdehin nümayəndəsi və vəkili F.Mehdiyevin (xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş etibarnamə və vəkil orderinin əsli iş mat. 142 və 143-cü vərəqlərinə əlavə edilmişdir) ərizəsi əsasında qiyabi qətnamə ləğv edilərək işə cavabdeh tərəfin iştirakı ilə yenidən baxılmışdır. Buna görə də işə onun iştirakı olmadan baxılması barədə apellyasiya şikayətində qeyd edilənlər əsassızdır.

35. Cavabdehin nümayəndəsi F.Mehdiyev işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2020-ci il tarixli məhkəmə iclasında tərəflər arasında müqavilələrin bağlandığını qəbul edərək həmin müqavilələr üzrə malların təhvil alındığını mübahisələndirməmiş, izahatda göstərmişdir ki, malın üst hissədə vəziyyəti yaxşı olsa da, alt hissədə xarab olmuşdur.

36. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində onun adından çıxış edən nümayəndənin verdiyi izahatı qəbul etmədiyini, nümayəndənin işin halları barədə düzgün izahat vermədiyini, əslində malın şəxsən ona deyil, X4 adlı şəxsə təhvil verildiyini, ödənişlərin də həmin şəxs tərəfindən edilməli olduğunu qeyd edilmişdir.

37. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, iddiaçı tərəfdən şəxsən mal almamışdır. Onun VÖEN-i olduğu üçün müqaviləni imzalasa da, malı təhvil alan və ödənişləri edən şəxsin birgə fəaliyyət göstərdiyi X4 adlı şəxs olmuşdur. Cavabdeh apellyasiya instansiyası məhkəməsinə xx.xx.2020-ci il tarixli “Razılaşma aktı” adlanan sənəd təqdim etmiş, həmin sənəddə qeyd edilənlərə əsasən X4 adlı şəxs cavabdehin iddiaçıya olan 38629,64 manat borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda işə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən X3 xx.xx.2020-ci il tarixdə onun adından nümayəndəsi qismində səlahiyyət verdiyi hərəkətlərin icra edilməsi üçün etibarnamə verilmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilərək iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, işdəki sübutlar və tərəflərin izahatlarından göründüyü kimi, iddiaçı ilə bağlanmış alqı-satqı müqavilələrinin tərəfi, yəni alıcı fərdi sahibkar Cavabdeh olduğundan müqavilə üzrə təhvil alınmış malın dəyərinin ödənilməsi öhdəliyi də ona aiddir. Cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrini mübahisələndirmədiyindən, birgə fəaliyyət göstərdiyi X4 adlı şəxsin satıcıdan malları cavabdehin adından qəbul edərkən onun tapşırığı ilə fəaliyyət göstərən nümayəndəsi qismində hərəkət etdiyindən, o cümlədən müqavilə üzrə ödənişlər cavabdehin hesabından həyata keçirildiyindən (cavabdehin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verilmiş izahata əsasən) məhkəmə tərəfindən tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə əhəmiyyətsiz əqd kimi hüquqi qiymət verilməsi üçün qanuni əsaslar yoxdur.

39. Alıcı ilə birgə fəaliyyət göstərən və müqavilə tərəfi olmayan üçüncü şəxs arasındakı razılaşmanın satıcıya hər hansı aidiyyəti olmadığından aralarındakı razılaşmaya əsasən X1 cavabdehin iddiaçıya olan borcunu ödəməyi öz üzərinə götürməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, MM-nin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddəyə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Hazırkı halda satıcı alıcının öhdəliyinin S.Kərimova ötürülməsinə razılıq vermədiyindən həmin razılaşma etibarsızdır. Məhkəmə izah edir ki, əgər həqiqətən S.Kərimov cavabdehin borcunun ödənilməsini üzərinə götürmüşsə məhkəmə qətnaməsinin icrası mərhələsində ödənişi cavabdehin adından həyata keçirə bilər.

40. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, e-2-2(113)- 2647/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, e-2-2(113)-2647/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar