Məhkəmə qərarları › İş №2-2(103)-480/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-480/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-480/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5100/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X3 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 20 noyabr 2016-cı il tarixli malların alğısatqısına dair müqaviləyə əsasən 112202,50 ABŞ dolları (ödəniş gününün məzənnəsinə uyğun olaraq azərbaycan manatı ilə), o cümlədən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 % olmaqla 5610,10 ABŞ dolları, məhkəmə xərcləri ilə bağlı 670 manat, vəkilə ödənilmiş xidmət haqqı 300 manat, dövlət rüsumu 492 manat olmaqla ümumilikdə 117812,60 ABŞ dollarının (ödəniş gününün məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 1462 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il 2-2(113)-5100/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 20 noyabr 2016-cı il tarixli malların alğı-satqısına dair müqaviləyə əsasən 112202,50 ABŞ dolları, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 % olmaqla 2337,55 ABŞ dolları, ümumilikdə 114540 (bir yüz on dörd min beş yüz qırx) ABŞ dolları 5 (sent) məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti, həmçinin məhkəmə xərcləri ilə bağlı 670 (altı yüz yetmiş) manat, vəkilə ödənilmiş xidmət haqqı kimi 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun 478 (dörd yüz yetmiş səkkiz) manat hissəsinin əvəzi tutularaq iddiaçı “X3 ve Medikal Ürünleri Ticaret Limited Şirketi”nə ödənilməsi qət edilmişdir. Qalan hissədə iddia tələbi təmin edilməmişir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5100/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiadan imtina barədə ərizə təqdim etmiş, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək iclasın cavabdehin iştirakı olmadan keçirilməsini xahiş etmiş sonda iddiadan imtina barədə ərizəyə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsinə baxaraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, bununla əlaqədar qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Belə olan halda məhkəmə kollegiyası iddiadan imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5100/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “X3 ve Medikal Ürünleri” Ticaret Limited Şirketinin Cavabdeh MMC-yə qarşı "borcun tutulması" tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçı “X3 ve Medikal Ürünleri Ticaret Limited Şirketi”-nin iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar