Məhkəmə qərarları › İş №2-2(103)-481/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-481/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-481/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı "İddiaçı" MMC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, e-2-2 (113)- 246/2021 saylı qətnaməsindən (hakim E.Əliyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MMC cavabdeh "Cavabdeh" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 26 iyul 2016-cı il tarixli, 0Y**********20 saylı texniki xidmətlərin icrası haqqında müqavilə üzrə 4162,33 ABŞ dolları, 14 avqust 2017-ci il tarixli, 0YC**********1 saylı distributor müqaviləsi üzrə 4650,76 ABŞ dolları, cəmi 8813,09 ABŞ dollarının və iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumu 30 manatın tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bir neçə müqavilə bağlanmışdır. cavabdehin borcu qalan müqavilələr aşağıdakılardır: 26 iyul 2016cı il tarixli, 0Y**********20 saylı texniki xidmətlərin icrası haqqında müqavilə. Bu müqavilə üzrə iddiaçının öz öhdəliklərini tamamilə yerinə yetirdiyi və cavabdeh tərəfindən qəbul edildiyi tərəflərin 2017-ci il dekabrın 18-də imzaladıqları aktla təsdiq edilmişdir. Bu müqavilə üzrə qalan borc məbləği - 4162,33 ABŞ dollarıdır. 14 avqust 2017-ci il tarixli, 0YC**********1 saylı distributor müqaviləsi, qalan borc məbləği - 4650,76 ABŞ dolları (borc məbləği cavabdeh tərəfindən yazılı qaydada təsdiq edilmişdir). Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq, cavabdeh borc öhdəliyini hələ də icra etmir. Bakı Kommersiya Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, e-2-2 (113)-246/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 26 iyul 2016-cı il tarixli, 0Y**********20 saylı texniki xidmətlərin icrası haqqında müqavilə üzrə yaranmış 4162,33 ABŞ dollarının ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 14,17 manat məbləğində pulun cavabdeh "Cavabdeh" MMC-dən tutularaq iddiaçı "İddiaçı" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın qismən təmin olunması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin olunmaması haqqında yeni qətnamə qəbul edilməini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 26 iyul 2016-cı il tarixli, 0Y**********20 saylı texniki xidmətlərin icrası üzrə müqavilənin 3.2-ci bəndinə görə, müqavilənin ümumi məbləğinin 100 % (ƏDV xaric) hazırki müqavilə hər iki tərəfdən imzalandıqdan sonra təqdim olunan hesab faktura əsasında 15 təqvim günü ərzində ödənilməlidir. İddia ərizəsi məhkəməyə 24 sentyabr 2020-ci il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, tərəflər, müqaviləni 26 iyul 2016-cı il tarixdə imzalamışlar. Dolayısı ilə, cavabdehin xidmət haqqı ödəmək öhdəliyi müqavilənin imzalandığı andan yaranmış və 15 təqvim günü ərzində icra edilməli olmuşdur. İddiaçı 12 avqust 2016-cı il tarixdən etibarən cavabdehin öz öhdəliyini icra etmədiyini, yəni iddiaçının hüququnun pozulduğunu bilmişdir. Müqavilə üzrə xidmətlərin göstərilməsini təsdiqləyən 18 dekabr 2017-ci il tarixli istismara qəbul aktının, mövcudluğu iddia müddətinin ötürüldüyü nəticəsinə gəlməyə mane deyildir. Əvvəla, Aktın özünün məzmunu tam deyil və müqavilənin 2.2-ci bəndinin tələblərinə cavab vermir. Belə ki, Müqavilənin 2.2-ci bəndinə görə, sifarişçi və cavabdeh həyata keçirilmiş xidmətləri hər iki tərəfin imzaladığı təhvil-təslim aktı əsasında qəbul edir. Bu sənəd xidmətlərin icra edilməsi tarixini, həcmini, həmçinin digər təfərrüatları əks etdirir və icra olunmuş xidmətlərin sifarişçi/cavabdeh tərəfindən qəbul edilməsini sübut edən sənəd kimi qəbul edilir. İkincisi, aktın imzalandığı tarixin, xidmətlərin göstərildiyi tarix kimi qəbulu da mümkün deyildir. Çünki müqavilənin 7.1-ci bəndinə görə, müqavilə 1 il ərzində qüvvədə olmuşdur. Müqaviləyə 1 saylı Qoşmadan da aydın olur ki, xidmət müddəti 1 il təşkil edib. İddiaçı, xidməti konkret olaraq hansı tarixdə göstərdiyi barədə sənəd təqdim etməyib. Ancaq müqavilənin 1 il ərzində qüvvədə olduğu şərtindən çıxış etsək, xidmətin göstərilə biləcəyi ən son tarix 26 iyul 2017-ci ildir. Göründüyü kimi, hətta xidmətin 26 iyul 2017-ci il tarixdə göstərildiyini və xidmət haqqının da yalnız bundan sonra 15 gün ərzində ödənilməli olduğunu fərz etsək belə, 3 illik iddia müddəti iddia qaldırılan tarixdə artıq bitmişdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmənin izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, e-2-2 (113)-246/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. İş materiallarında olan 0Y**********20 nömrəli 26.07.2016-cı il tarixli texniki xidmətlərin icrası üzrə müqavilə və həmin müqaviləyə 1 saylı qoşma olan 26.07.2016-cı il tarixli qiymətlər cədvəlindən (Price List) görünür ki, icraçı "İddiaçı" MMC sifarişçiyə - "Cavabdeh" MMC 4162,33 manat məbləğində ehtiyat hissələrinin növbəti iş günü təminatı xidmətini icra etməyi, müqavilənin 3.2-ci maddəsinə əsasən, “Sifarişçi” ödənişləri “İcraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəməyi, “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesab-faktura təqdim edildikdən 15 təqvim günü ərzində ödəməyi öhdəsinə götürmüşdür. 18.12.2017-ci il tarixdə imzalanmış istismara qəbul aktından görünür ki, 0Y**********20 nömrəli müqavilə əsasında “Huavei” şirkəti tərəfindən layihəyə əsasən görüləcək işlər müvəffəqiyyətlə başa çatdırılmış, həmçinin tərəflərin bağladığı 0Y**********20 nömrəli müqaviləyə əsasən xidmətlər istismara qəbul olunur. Cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən 0Y**********20 nömrəli 26.07.2016cı il tarixli texniki xidmətlərin icrası üzrə müqavilə əsasında görülmüş xidmətin 18.12.2017ci il tarixli aktla təhvil verildiyini, cavabdeh tərəfindən xidmətin dəyərinin ödənilməsi barədə sübut təqdim edilmədiyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 442-ci, 443.1.-ci maddələrinə istinad edərək iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müqavilə əsasında iddiaçı öz öhdəliyini 18.12.2017-ci il tarixdə icra etdiyindən iddia müddətinin axımı həmin tarixdən başlamış və iddiaçı 24.09.2020-ci il tarixdə iddia ərizə ilə məhkəməyə müraciət etdiyindən iddia müddəti ötürülməmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlili bundan ibarətdir ki, məhkəmə iddia müddətinin axımının başlanğıcını müəyyən edərkən müqavilənin 3.2-ci bəndinin tələbini nəzərə almamışdır. Eyni zamanda nəzərə almamışdır ki, tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddəti 26.07.2017-ci il tarixdə bitmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparmış, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü təsdiq olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış 26.07.2016-cı il tarixli müqavilənin 3.2-ci bəndində cavabdehin öhdəliyinin, yəni göstərilmiş xidmətin dəyərinin ödənilməsinin icra müddəti bu qaydada müəyyən edilmişdir: müqavilənin ümumi məbləğinin 100 % (ƏDV xaric) hazırki müqavilə hər iki tərəfdən imzalandıqdan sonra təqdim olunan hesab faktura əsasında 15 təqvim günü ərzində ödənilməlidir. Müqavilənin qeyd edilən bəndinə görə ödəniş iddiaçı tərəfindən cavabdehə hesab faktura təqdim edildikdən 15 gün sonra həyata keçirilməli idi. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının hansı tarixdə hesab faktura təqdim etməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair sübutu (hazırkı halda ödəniş üçün hesab fakturanın göndərildiyi tarixlə bağlı sübut) təqdim etmək öhdəliyi cavabdehin üzərinə düşdüyü halda cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. İddia müddətinin axımının müqavilənin qüvvəsini itirdiyi tarixdən hesablanmalı olduğuna dair cavabdehin mülahizəsi məhkəmə tərəfindən əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Hazırkı halda tərəflər arasında bağlanan müqavilədə müqavilənin qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olduğuna dair şərt yoxdur. Əksinə müqavilənin 7.2-ci bəndində qeyd edilir ki, sifarişçi xitam tarixinədək icra olunmuş və qəbul edilmiş xidmətlərin haqqını ödəməlidir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddəti bitdikdə başlanmalı olduğu nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, hazırkı halda iddia müddətinin başlanğıcının tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddətinin bitdiyi tarixdən hesablanması mülki normaların tələblərinə uyğun deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, e-2-2 (113)-246/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "Cavabdeh" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, e-2-2 (113)-246/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar