Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-481/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya məxsus Şəmkir rayonu, Dəllər kəndində yerləşən istixanaya xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 112934,20 manat məbləğində borcun **********00000 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən istixanada artıq bir neçə ildir ki, əkin işləri ilə məşğul olur. İstifadəsində olan istixanaya quraşdırılmış sayğac göstəricilərinə uyğun olaraq hər ay təqdim olunan bildiriş əsasında qaz sərfiyyatına görə yaranmış borc vaxtlı-vaxtında ödənilmişdir. xx.xx.2021-ci il tarixə kimi cavabdeh ilə iddiaçı arasında qaz təchizatı ilə bağlı və qaz pulunun ödənilməsi ilə heç bir problem olmamışdır. xx.xx.2021-ci il tarixdə istifadəsində olmuş ELSTER G1000 tipli, ********** nömrəli qaz sayğacı cıxarılaraq növbəti dövlət yoxlamasına aparılmışdır. Qaz sayğacı çıxarılarkən sayğacın bütövlülüyü pozulmamış bütün möhürlər üzərində olmuşdur. Eyni zamanda qaz sayğacı cavabdeh təşkilatın mühafizə olunduğu xüsusi ərazidə yerləşir. Dövlət yoxlamasından keçirildikdən sonra sayğacda təmir işləri aparılmış və batareya əvəz edilmişdir. Bu işlərin görülməsinə görə Qiymət-Razılaşma protokolu tərtib edilmiş və iddiaçıdan 307,41 manat haqq alınmışdır. Havalar artıq soyumağa başlamış və istixanada təbii qaza ehtiyac yaranmışdır. Cavabdeh təşkilatdan qaz sayğacın nə zaman təkrar yerinə quraşdırılacağını soruşduqda iddiaçıya bildirmişlər ki, barəsində xx.xx.2021-ci il tarixdə ******* saylı akta əsasən hesablanmış 112934,20 manat borcu ödəməsə qaz sayğacı istixanaya quraşdırılmayacaq və təbii qaz verilməyəcəkdir. Cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui-istifadə edərək sözügedən qanunsuz aktı və onun əsasında hesablanmış qanunsuz borcu qəbul etməsinə dair təzyiqlər göstərilir. Cavabdeh təşkilat tərəfindən dövlət yoxlamasının rəyinə əsasən sayğacın daxilində baza temperatur standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsi keçən qazın həcmini düzgün qeyd etməmişdir. Qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyət bütövlükdə cavabdehin üzərindədir. Bundan başqa nəzərə alınmalıdır ki, qaz sayğacı xüsusi mühafizə olunan ərazidə yerləşir və həmin əraziyə yalnız cavabdehin əməkdaşları daxil ola bilirlər. Bundan başqa cavabdehin nümayəndələri hər aya sayğac göstəricilərini götürüb iddiaçıya hesab təqdim edirmişlər və o hesaba uyğun ödənişlər aparmışdır, əgər sayğacda nasazlıq olsaydı dərhal məlumatları olmalı idi. Sonuncu hesab təqdim edildikdən bir neçə ay sonra iddiaçıya bildirmişlər ki, sayğac düz hesablamamış və əlavə olaraq 112934,20 manat pul ödəməlidir. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi cavabdeh təşkilat 2017-ci ildən istifadəsində olan ELSTER G1000 tipli, ********** nömrəli qaz sayğacının 4 il ərzində hesabladığı qaz həcmini təkrarən özlərinin müəyyən etdiyi əmsala vuraraq iddiaçıya əlavə 112934,20 manat məbləğində borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququnun hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir, bununla da iddiaçı kimi kiçik sahibkarların müflisləşməsinə səbəb olurlar. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-5237/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qaz sayğacının standarta uyğun saxlanılmadığına görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2021-ci ilin avqust ayında iddiaçının abonent hesabına işlənilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə İnformasiya Texnologiyaları və Rabitə idarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Belə ki, sayğacın daxilində baza temperatur standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsi keçən qazın həcmini düzgün qeyd etməmişdir. Halbuki, hazırda mübahisə olunan məbləğ istehlak edilmiş qaz dəyərinin düzgün qeydə alınmaması səbəbindən yaranan məbləğdir. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya İnstitunun nümayəndələri də iştirak etmişdir. Sayğacın işlək vəziyyətdə saxlanılması abonent tərəfindən təmin edilməmiş, ona görə də ünvanda sayğac vasitəsilə istehlak olunmuş qaz sərfinin təzyiqlər fərqinə görə hesabatı aparılmışdır.Lakin buna baxmayaraq tərtib olunmuş əsaslı sənədləşməyə məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilmədən müəyyən edilmiş dəymiş ziyan məbləğinin silinməsi qət edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-5237/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii X1 pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən iddiaçıya məxsus istixanada yoxlama keçirilən zaman sayğacın daxilində baza temperatur standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsinin keçən qazın həcmini düzgün qeyd etməməsi aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyan 36 ay üçün 564.671 kub.metr (112934,2 manat) müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2021-ci ilin avqust ayına 112.934,20 manat borc hesablanmışdır. İşin hallarından göründüyü kimi, Cavabdeh əməkdaşları tərəfindən Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən iddiaçıya məxsus istixanada yoxlama keçirilən zaman sayğacın daxilində baza temperatur standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsindən keçən qazın həcmini düzgün qeyd etməməsi aşkar olunaraq xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii X1 pozulması haqqında” akt tərtib edilmiş və həmin akta əsasən cavabdeh tərəfindən iddiaçıya 112934,20 manat məbləğində borc hesablanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunda nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçmədiyi üçün onun hüquqi nəticələri etibarsız olduğundan mübahisələndirilən yoxlama aktı əsasında hesablanmış borcun silinməsinə dair iddiaçının tələbi əsaslıdır. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayəti qeydə alınmış olsaydı belə, yoxlama qeydiyyata alınmış olsaydı belə, cavabdeh tərəfindən iddiaçının təqsiri olmadan qaz sayğacında yaranmış qüsurlara görə əvvəlki dövr üzrə əlavə sərfiyyat hesablanması üçün qanuni əsasların mövcudluğu müəyyən edilmir. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi “X1” 5.2-ci, 3-cü, 4-cü və 6-cı bəndləri isə istehlakçıya əlavə sərfiyyat hesablanması üçün əsas ola bilməz. Belə ki, “X1” 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İşdəki abonent saldosundan görünür ki, əlavə sərfiyyatın hesablandığı dövr üzrə hər ay istehlakçının qaz sərfiyyatı hesablanmış və ödənişlər həyata keçirilmişdir. 5.2-ci bənddə qeyd olunmuşdur ki, istehlakçı tərəfindən qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilən bəndə əsasən qaz paylayıcı artıq hesab təqdim etdiyi dövr üzrə istehlakçının təqsiri olmadan düzgün qeyd edilməmiş sərfiyyata görə əlavə ödəniş tələb edə bilməz. Qaydaların 4-cü bəndində qaz qurğularının istismarı və işçi vəziyyətdə saxlanılmasına görə istehlakçının məsuliyyət daşıdığı müəyyən edilmişdir. Hazırkı halda iddiaçının qaz sayğacı işlək vəziyyətdə olmuş və qaz sərfiyyatını qeydə almışdır. Sayğacın keçən qaz sərfini düzgün qeydə almadığı qaz paylayıcısı tərəfindən xüsusi cihazlarla müəyyən edildiyindən və istehlakçının sayğacın düzgün işləyib-işləməsini yoxlamaq imkanı olmadığından məhkəmə hesab edir ki, bu halda istehlakçı hər hansı məsuliyyət daşıya bilməz. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)- 5237/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-5237/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-481/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-481/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver