Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-482/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun və cərimənin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-552/2021 saylı 18.02.2021-ci il tarixli qətnaməsindən (hakim Səbinə Nuriyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən 33303,76 manat verilmiş mallara görə əsas borcun və gecikdirilmiş vaxt üçün 4131 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 37464,76 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-552/2021 saylı 18.02.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh MMC-dən 036 nömrəli "29" may 2020-ci il tarixli müqaviləyə əsasən 33303,76 (otuz üç min üç yüz üç manat yetmiş altı qəpik) manat verilmiş mallara görə əsas borcun və gecikdirilmiş vaxt üçün 443 (dörd yüz qırx üç) manat cərimənin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 33746,76 manatın tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissədə ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehdən cəmi 443 manat dəbbə pulu tutulmasını qət etmişdir. Müqavilənin 6.3-cü bəndində qeyd edilmişdir ki, malların tam dəyəri əlavə razılaşma ilə müəyyən edilmiş müddətdə alıcı tərəfindən ödənilmədiyi təqdirdə satıcı alıcıdan ödənilməmiş məbləğin 1 %-i həcmində cərimə ödənilməsini tələb edə bilər. Məhkəmə dəbbə pulunun azaldılması zamanı MM-nin 467-ci maddəsini tətbiq edərkən nəzərə alınan halların nədə ibarət olduğunu göstərməmişdir. Cavabdh tərəfindən ödənişlər gecikdirdiyindən iddiaçı öz kredit öhdəliklərini icra edə bilməmiş və ona ziyan dəymişdir. İşə apelyasiya qaydasında baxılması 19.05.2021-ci il tarixə təyin edilmiş, tərəflərin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-552/2021 saylı 18.02.2021-ci il tarixli qətnaməsi cərimə tutulması hissəsində dəyişdirilməli, Cavabdeh MMC-dən İddiaçı MMC -nin xeyrinə 1665 manat cərimə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qəbul edilmiş qətnamə iddiaçı tərəfindən cərimə tələbinin təmin edilmədiyi hissədə mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 036 nömrəli "29" may 2020-ci il tarixli alqı- satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən satıcı sifarişlər əsasında razılaşdırılmış miqdarda malları alıcıya satmağı, alıcı isə malı qəbul etməyi və müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə qeyd olunmuş çeşiddə malları təhvil-qəbul aktları əsasında cavabdehə təhvil vermişdir. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmiş, nəticədə 2020-ci ilin 10-30 sentyabr tarixlərində satılmış mallara görə iddiaçıya 33303.76 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Malların təhvil-təslim aktları və elektron qaimələr iş materiallarına əlavə edilmişdir. Müqaviləyə 2 və 3 saylı Əlavələrin 2-ci bəndində qeyd edilmişdir ki, malların dəyəri təhvil verildikdən sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin 6.3-cü bəndinə əsasən malların tam dəyəri Əlavə razılaşma ilə müəyyən edilmiş müddətdə alıcı tərəfindən ödənilmədiyi təqdirdə, Satıcı Alıcıdan gecikdirmənin hər günü üçün ödənilməmiş məbləğin 1 (bir) % faiz həcmində cərimə ödənilməsini tələb edə bilər. İddiaçı 19.01.2021-ci il tarixdə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə 28.01.2021-ci il tarixədək cavabdehə hesablanmış cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tələb olunan 4131 manat cərimənin 443 manat həddinədək azaldılması ədalətlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərini və mövcud məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan cərimə məbləği əsas borcun 5 %-i məbləğində- 1665 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-552/2021 saylı 18.02.2021-ci il tarixli qətnaməsi cərimə tutulması hissəsində dəyişdirilməli, Cavabdeh MMC-dən İddiaçı MMC nin xeyrinə 1665 manat cərimə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC -nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-552/2021 saylı 18.02.2021-ci il tarixli qətnaməsi cərimə tutulması hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən İddiaçı MMC -nin xeyrinə 1665 manat cərimə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-482/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-482/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver