Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-482/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 01 mart tarixli e-2-2(113)-627/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli 2010AS/1 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcının sifarişləri əsasında müqaviləyə Əlavələrdə (X1) qeyd olunan adlara uyğun inşaat materiallarını, metal profillər, armatur, polad təbəqələr və s. alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı müqaviləyə əlavə olan qiymət razılaşdırma protokollarında qeyd olunan malları cavabdehə təhvil verdiyini, lakin cavabdehin malların dəyərini iddiaçıya ödəməməklə üzərinə düşən öhdəlikləri icra etməyərək müqavilə şərtlərini pozduğunu bildirmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli 2010AS/1 nömrəli alqısatqı müqaviləsi üzrə 15533.64 manat məbləğində ödənilməmiş pulun, 22614 manat məbləğində cərimə (dəbbə) pulunun, 582.51 manat gecikdirilmiş vaxt üçün faiz borcunun və 9786 manat əldən çıxmış fayda olmaqla, cəmi 48516.15 manat borc məbləğinin, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun, 36 manat ödənilmiş dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 211 manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli 2010AS/1 nömrəli Alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əlavə edilmiş qiymət razılaşdırma protokolları əsasında cavabdehə müxtəlif növ mallar satılmışdır. İddiaçı həmin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək qiymət razılaşdırma protokollarında qeyd olunan malları cavabdehə təhvil vermişdir. Qeyd edilməlidir ki, sözügedən malların cavabdehə təhvil verilməsi elektron qaimə-fakturalarla və xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli təhvil-təslim aktları ilə təsdiq edilir. Lakin cavabdeh malların dəyərini iddiaçıya ödəməməklə üzərinə düşən öhdəlikləri icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Belə ki, müqavilə şərtlərinə görə cavabdeh hesab faktura və elektron qaimə təqdim edildikdən sonra 3 iş günü ərzində sifariş olunmuş malın dəyərini tam olaraq iddiaçının bank hesabına ödəməli olduğu halda, xx.xx.2021-ci il tarixli Alğı-satqı müqaviləsinə əlavə edilmiş 6, 7 və 8 saylı qiymət razılaşdırma protokolları üzrə satılmış malların dəyərini, yəni 15533.64 manat məbləğində borcu, öhdəliyin icrası müddəti başa çatanadək ödəməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, həmin pul məbləğinin ödənilməməsi iddiaçının mülki dövriyyədə iştirakına maneələr yaradır və çətinləşdirir. Cavabdeh öhdəliklərini icra etsə idi, iddiaçı borc məbləğinin 7%-i həcmində gəlir əldə edəcəkdi. Belə olan halda iddiaçı 15533.64 manat məbləğinin hazır məhsulun (əmtəənin) satışından adi mülki dövriyyədən aylıq 1087.35 manat olmaqla 9 ay üçün 9786 manat qazanc (gəlir, bəhər) əldə edə bilərdi, lakin cavabdeh öhdəliklərindən boyun qaçırdığından iddiaçı həmin qazancdan məhrum olmuşdur. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi üçün cavabdehə elektron qaimə faktura göndərilmiş, həmin borcun ödənilməsi üçün dəfələrlə e-poçt və whatsapp vasitəsi ilə məktublar yazılmış, lakin buna baxmayaraq cavabdeh heç bir ödəniş etməmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi ilə yaradılmış telefon əlaqələri zamanı ödəniş etmək üçün 3-4 ayadək vaxt verilməsini istəmişlər. Bu da onu göstərir ki, cavabdeh yaxın vaxtda ödəniş etmək niyyətində deyil. Ehtimal olunur ki, cavabdeh məqsədli şəkildə prosesləri uzadaraq ödəniş vaxtını gecikdirir.
5. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 01 mart tarixli e-2-2(113)-627/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 15533,64 (on beş min beş yüz otuz üç manat altmış dörd qəpik) manat əsas borc, 770 (yeddi yüz yetmiş) manat cərimə, ümumilikdə 16303,64 (on altı min üç yüz üç manat altmış dörd qəpik) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 211 (iki yüz on bir) manat vəsait və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun İddiaçı MMC-yə aid edilməsi qət edilmişdir.
7. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-627/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin 770 manat cərimə və 36 manat dövlət rüsumu hissəsində ləğv edərək Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş iddia tələbinin tam təmin edilməsi (15533.64 AZN (on beş min beş yüz otuz üç manat altmış dörd qəpik) məbləğində ödənilməmiş pulun, 22614 AZN (iyirmi iki min altı yüz on dörd manat) məbləğində cərimə (dəbbə) pulunun, 582.51 AZN (beş yüz səksən iki manat əlli bir qəpik) gecikdirilmiş vaxt üçün faiz borcunun və 9786 AZN (doquz min yeddi yüz səksən altı manat) əldən çıxmış fayda olmaqla cəmi 48516.15 AZN (qırx səkkiz min beş yüz on altı manat on beş qəpik) borc məbləğinin, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 AZN (iki yüz manat) rüsumun, 36 AZN (otuz altı manat) ödənilmiş dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 211 AZN (iki yüz on bir manat) məbləğində pulun tutulması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi üçün cavabdehə elektron qaimə faktura göndərilmiş, həmin borcun ödənilməsi üçün dəfələrlə epoçt və whatsapp vasitəsi ilə məktublar yazılmış, cavabdehə zənglər edilmiş, pretenziya göndərilmiş və mediasiya prosesi keçirilmiş, lakin buna baxmayaraq cavabdeh heç bir ödəniş etməmişdir. Bu barədə sübutlar məhkəməyə təqdim edilmiş və əldən çıxmış fayda ilə bağlı izah verilmiş, lakin məhkəmə qətnamədə 9786 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində iddiaçının tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia həmin hissədə də təmin edilməməli olduğunu göstərərək iddiaçının adi mülki dövriyyədən qazanc əldə edəcəyi gəlirdən məhrum olmasını nəzərə almamışdır. Bundan başqa, iddia tələbinin əldən çıxmış fayda hissəsinin əsaslandırılması məqsədi ilə borcun yarandığı dövr üçün iddiaçının bank hesabından çıxarış və 2022-ci ilin illik hesabatı məhkəməyə təqdim edilmişdir. Bu sübut növləri məhkəmə tərəfindən nəzərə alınmamış və həmin sübutlar məhkəmə tərəfindən əsassız olaraq mötəbər qəbul edilməmişdir. Halbuki, həmin sənədlər bank tərəfindən verilən çıxarış və Dövlət Vergi Xidmətinə təqdim edilmiş illik hesabatdır. Qeyd edək ki, cavabdeh məhkəmə proseslərində iştirak etməmiş, iddiaya etirazını bildirməmiş və təqdim olunan sübutlara münasibət bildirilməmişdir. Məhkəmə əldən çıxmış fayda ilə bağlı təqdim olunan sübutlara heç bir münasibət bildirməmiş, əlavə sübutların təqdim olunmasını təklif etməmiş, işin və mübahisənin vəziyyətini müzakirə etməmişdir. Sual yaranır ki, əgər məhkəmə üçün təqdim olunan sübutlar kifayət etmirsə və ya mötəbər sayılmırsa məhkəmə nə üçün əlavə sübutların təqdim edilməsini təklif etməmiş və ya müzakirə edərək münasibət bildirməmişdir? xx.xx.2021-ci il tarixli Alğı-satqı müqaviləsinin 5.1-ci bəndinə görə “Alıcı”, müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş etmədiyi halda, ödənişi gecikdiridiyi hər gün üçün “Satıcı”ya 200 (iki yüz) manat cərimə ödəməlidir. Belə olan halda ödənişin gecikdirildiyi 270 gün üçün (sonuncu qiymət razılaşdırma protokolundan yəni, xx.xx.2022-ci il tarixdən sonra 9 ay hesablandıqda) cərimə məbləği 54000 manat təşkil edir. Lakin əməkdaşlığa görə Cavabdeh MMC-yə güzəşt edilərək 22614 AZN (iyirmi iki min altı yüz on dörd manat) cərimə hesablanmışdır. Lakin məhkəmə ümumi əsas borc məbləğinə 5% hesablayaraq cavabdehdən 770 manat dəbbə pulu tutulmasını qət etmişdir. Hesab edirik ki, borc məbləğinə görə hesablanmış 5% AR MM-nin 445-ci maddəsində nəzərdə tutulmuş pulun ödənilməsini gecikdirilməsinə görə hesablanmalı olan faizdir. Lakin məhkəmə pulun gecikdirilməsinə görə nəzərdə tutulan faizi ümumiyyətlə qəbul etməmiş və iddiaçının cavabdehə edilmiş güzəştdən sonra dəbbə pulunun miqdarını daha da azaldaraq 770 manat qədər müəyyən etmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqaviləyə görə ödənişin gecikdiridiyi hər gün üçün 200 (iki yüz) manat cərimə nəzərdə tutulmuşdur. Bu da tərəflərin dəbbə pulunu sərbəst təyin etməsi və müqavilə azadlığının əsas şərtlərindən biridir. Mümkün zərərdən çox ola bilər. Bundan başqa, Cavabdeh MMC, İddiaçı MMC-yə olan 15533.64 AZN ödənilməmiş borcuna illik 5% hesablanmaqla ümumi məbləğdən əlavə faiz ödəməlidir. Nəticədə Cavabdeh MMC-nin gecikdirilmiş vaxt üçün faiz borcu 582.51 AZN (beş yüz səksən iki manat əlli bir qəpik) (15533.64 AZN x 5 % = 776.68 / 12 ay x 9 ay (gecikdirilmiş müddət) = 582.51 AZN) təşkil edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Tənasüblük müəyyənləşdirilərkən iddiaçının əmlak mənafeləri və ya bütün əsaslımənafelərlə bağlı hər hansı araşdırma aparmamış və qətnamədə heç bir münasibət bildirilməmişdir. Məhkəmə nəzərə almalı idi ki, iddiaçı cavabdehə qarşı iddia tələbində dəbbə pulunu mümkün qədər güzəşt edərək gecikdirilmiş hər gün üçün 200 manat yox, 83.75 manat hesablanmışdır. Lakin məhkəmə iddiaçının güzəştindən yəni tənasübsüzlüyü daha da ağırlaşdıraraq iddiaçının qanuni mənafelərini, hüquqlarını və iradə sərbəstliyini nəzərə almamışdır. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi üçün cavabdehə elektron qaimə faktura göndərilmiş, həmin borcun ödənilməsi üçün dəfələrlə e-poçt və whatsapp vasitəsi ilə məktublar yazılmış, cavabdehə zənglər edilmiş, pretenziya göndərilmiş və mediasiya prosesi keçirilmiş, lakin buna baxmayaraq cavabdeh heç bir ödəniş etməmişdir. Bu barədə sübutlar məhkəməyə təqdim edilmiş və əldən çıxmış fayda ilə bağlı izah verilmiş, lakin məhkəmə qətnamədə 9786 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində iddiaçının tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia həmin hissədə də təmin edilməməli olduğunu göstərərək iddiaçının adi mülki dövriyyədən qazanc əldə edəcəyi gəlirdən məhrum olmasını nəzərə almamışdır. Maddənin mənasından görünür ki, cavabdeh öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə və ya gecikdirdikdə iddiaçıya ödəməli olan cərimə pul məbləğidir. Eyni zamanda tərəflər cərimənin məbləğini sərbəst müəyyənləşdirilər və bu zərərdən çox ola bilər ki, müqavilədə göstərilənlər öz əksini tapmışdır. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi də tərəflərin Mülki Məcəlləyə zidd olmayan şərtlərini müqavilədə göstərilməsini ehtiva edir. Tərəflər müqavilədə cərimənin məbləğini gecikdirilmiş hər gün üçün 200 manat müəyyən etməsi də müqavilə azadlığının prinsiplərinə uyğundur. Hər iki tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını nəzərə alaraq müəyyən olunur ki, cavabdeh pulu gecikdirilməsi, qaytarmaqdan boyun qaçırması və qanunsuz özündə saxlaması ilə həmin puldan faydalanaraq gəlir, bəhər əldə etmişdir. Nəzərə almaq lazımdır ki, sözügedən borc məbləğindən iddiaçının gəlir, bəhər əldə etməli olduğu halda cavabdeh həmin puldan faydalanmaqla iddiaçının bu hüququndan öz xeyrinə istifadə etmişdir. MM-nin 157.5-ci maddəsinin mənasından da göründüyü kimi Cavabdeh vicdansız əldə edəndir. Lakin məhkəmə bu hissədə də məhkəmə prosesində heç bir araşdırma aparmamış və münasibət bildirməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
17. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
18. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
20. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
22. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
23. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin edilməmiş hissəsində yoxlanılması təşkil edir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia qismən əsaslıdır.
32. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
33. İddiaçı hazırda bildirir ki, xx.xx.2021-ci il tarixli Alğı-satqı müqaviləsinin 5.1-ci bəndinə görə “Alıcı”, müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş etmədiyi halda, ödənişi gecikdiridiyi hər gün üçün “Satıcı”ya 200 (iki yüz) manat cərimə ödəməlidir. Belə olan halda ödənişin gecikdirildiyi 270 gün üçün (sonuncu qiymət razılaşdırma protokolundan yəni, xx.xx.2022-ci il tarixdən sonra 9 ay hesablandıqda) cərimə məbləği 54000 manat təşkil edir. Lakin əməkdaşlığa görə güzəşt tətbiq edilərək 22614 manat cərimə hesablanmışdır.
34. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində öz əksini tapmışdır.
35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qət etdilmiş Cavabdeh MMC-dən əsas borc məbləğinə münasibətdə 770 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.
36. Bundan başqa, iddiaçı bildirir ki, qiymət razılaşdırma protokolları üzrə satılmış malların dəyərini öhdəliyin icrası müddəti başa çatanadək ödənilməməsi İddiaçı MMC-nin mülki dövriyyədə iştirakına maneələr yaratmış və çətinləşdirmişdir. Cavabdeh öhdəliklərini icra etsə idi iddiaçı borc məbləğinin 7%-i həcmində gəlir əldə edəcəkdi. Belə olan halda iddiaçı 15533.64 AZN məbləğinin hazır məhsulun (əmtəənin) satışından adi mülki dövriyyədən aylıq 1087.35 AZN (bir min manat səksən yeddi manat otuz beş qəpik) olmaqla 9 ay üçün 9786 AZN (doqquz min yeddi yüz səksən altı manat) qazanc (gəlir, bəhər) əldə edə bilərdi, lakin cavabdeh öhdəliklərindən boyun qaçırdığından iddiaçı həmin qazancdan məhrum olmuşdur.
37. Borcun ödənilməsinin gecikdirilməsinə görə 9786 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı da iddiaçı hər hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən, cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsas müəyyən edilməmişdir.
38. Odur ki, iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı həmin hissədə təmin etməmişdir.
39. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.
40. Məhkəmə kollegiyası iddiaçının tələbinin 582.51 manat faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbini Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsaslandırmışdır.
41. Mülki Məcəllənin həmin maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
42. Həmin maddədə illik beş faiz məbləğin hesablanması imperativ qaydada müəyyənləşdirilmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, faiz tələbi qismən təmin edilərək cavabdehin iddiaçı qarşısında pul öhdəliyini tam icra etmək vəzifəsinin yarandığı tarixdən iddiaçının iddia ərizəsində öhdəliyin icrasının gecikdirilməsinə görə faiz hesabladığı tarixədək üç il üçün illik 5 faizlə cavabdehdən 582.51 AZN (15533.64 AZN x 5 % = 776.68 / 12 ay x 9 ay (gecikdirilmiş müddət) = 582.51 AZN) pul tutulmalıdır.
44. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi hissəsində düzgün nəticəyə gəlmişdir.
45. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti ümumi mübahisələndirilən hissəyə münasibətdə qismən təmin edildiyindən, apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
46. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-627/2023-021 saylı qətnaməsi qismən, yəni 582.51 manat gecikdirilmiş vaxt üçün faiz borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, Cavabdeh MMC-dən 582.51 manat gecikdirilmiş vaxt üçün faiz borcu tularaq İddiaçı MMC-yə ödənilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-627/2023-021 saylı qətnaməsi qismən, yəni 582.51 manat gecikdirilmiş vaxt üçün faiz borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilsin. Cavabdeh MMC-dən 582.51 manat gecikdirilmiş vaxt üçün faiz borcu tularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova