Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-482/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-614/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22- 0095 saylı alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 98.626,52 manat dəyərində mal satılmış, dəyəri ödənilməmişdir.
2. Müqavilənin 5.1-ci bəndinə əsasən malların hesab faktura və ya elektron qaimə ilə müəyyən edilmiş dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda göstərilən müddətdə və şərtlərdə alıcı tərəfindən köçürmə yolu ilə həyata keçirilir. Əgər qiymətlərin razılaşdırılması prokolu tərtib edilməzsə və ya nəzərdə tutulmazsa ödəniş müddəti mallar təhvil verildikdən sonra 30 gün müddətinə 100% ödəniş həyata keçirilməlidir. Mlların təhvil verilməsi hər mal üzrə həyata keçirilir.
3. Müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halıənda alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.
4. Malların təhvil təslim akı və elektron qaimələr iş materiallarına əlavə edilmişdir.
5. 31. xx.xx.2023-cü il tarixli borcun hesablanması cədvəlinə əsasən xx.xx.2022-ci il tarixli, EBBZ 816535 saylı e-qaimə üzrə malın dəyəri 23064.99 manat təşkil etmiş, 21481,43 manat ödəmə həyata keçirilmiş və borc dəyəri 1583,56 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB 373557 saylı e-qaimə üzrə malın və borcun dəyəri 13338,72 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB 428339 saylı e-qaimə üzrə malın və borcun dəyəri 36408,90 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCC 008627 saylı eqaimə üzrə malın dəyəri 7467,04 manat təşkil etmiş, 4951,28 manat məbləğində mal geri qaytarılmış və borc dəyəri 2515,76 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC 009072 saylı e-qaimə üzrə malın və borcun dəyəri 18596,80 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC 037336 saylı e-qaimə üzrə malın və borcun dəyəri 2147,60 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCD 553282 saylı e-qaimə üzrə malın və borcun dəyəri 15481,60 manat məbləğində və xx.xx.2022-ci il tarixli, EBCD 575101 saylı e-qaimə üzrə malın dəyəri 9320,58 manat təşkil etmiş, 767 manat məbləğində mal geri qaytarılmış və borc dəyəri 8553,58 manat məbləğində olmaqla, müqavilə üzrə cəmi borc 98626,52 manat (125826,23 manatlıq malların ümumi dəyəri olmuşdur) müəyyən edilmişdir. Həmçinin günlük 0.1% olmaqla cərimə borcu cəmi 59598,04 manat, malların dəyərinin 20% ilə isə 25165,25 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən aldığı mallar üçün 98.626,52 manat, ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 25.165,25 manat, mediasiya və məhkəmə xərcləri üçün ödənilən 830 manat cəmi 124.621,77 manat borcunun ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 18 iyun 2022-ci il tarixli 22-0095 saylı alğı-satqı müqaviləsi əsasında EBBZ 816535 (12.07.22), EBCB 373557 (05.08.22), EBCB 428339 (06.08.22), EBCC 008627 (16.08.22), EBCC 009072 (16.08.22), EBCC 037336 (17.08.22), EBCD 553282 (09.09.22), EBCD 575101 (10.09.22) e-Qaimələrə əsasən cəmi 125.826,23 manat (ƏDV daxil) dəyərində mallar Cavabdeh MMC-yə satılmışdır. EBCC 008627 (16.08.22) və EBCD 575101 (10.09.22) e-Qaimələrə əsasən 5.718,28 AZN (ƏDV daxil) dəyərində mallar geri qaytarılmış və indiyə qədər həmin e-Qaimələr üzrə cəmi 21481,43 manat (ƏDV daxil) ödəniş edilmişdir. Müqavilənin 5.1-ci maddəsinə və həmin müqavilənin əlavələri olan X1 əsasən malların dəyəri, mallar təhvil verildikdən sonra 30 gün ərzində 100% ödənilməlidir. Lakin dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq 98.626,52 manat (ƏDV daxil) məbləğ bu günədək ödənilməmişdir. Eyni zamanda Müqavilənin 8.4-cü maddəsinə əsasən“Malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malını dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir” olduğunu nəzərə alaraq Cavabdeh MMC vaxtında ödəmə etmədiyi üçün İddiaçı MMC-yə 25165,25 manat əlavə cərimə ödəməlidir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-614/2024 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 22-0095 saylı alqı-satqı müqaviləsi üzrə 98626,52 (doxsan səkkiz min altı yüz iyirmi altı manat, əlli iki qəpik) manat əsas borc məbləği, 4932 (dörd min doqquz yüz otuz iki) manat dəbbə pulu və dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 415 (dörd yüz on beş) manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
9. İşə birinci instansiya qaydasında baxılarkən xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında cavabdehin nümayəndəsi C.Nəbiyev əsas borcla bağlı hissədə iddianı qəbul etmişdir.
10. Məhkəmə cavabdehin nümayəndəsi əsas borca dair iddia tələbini qəbul etdiyini, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 98626,52 manat pulu ödəmədiyini, iddiaçının malların dəyərinin ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi 98626,52 manat borcun tutulması ilə bağlı əsaslıdır və ödənilməmiş həmin borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
11. Məhkəmə iddianın cərimə borcu ilə bağlı hissəsinə əsasən qeyd etmişdir ki, iddiaçı həmin müqavilə üzrə cərimə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır, eyni zamanda iddiaçının cərimə pulu olaraq ödənilməsini tələb etdiyi 25165,25 manat məbləği cavabdehin ödənilməsini gecikdirdiyi əsas borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olduğundan həmin məlbəğ 4932 manat həddində müəyyən edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-614/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 22-0095 saylı alqı-satqı müqaviləsi üzrə 80.873,74 (səksən min səkkiz yüz yetmiş üç manat, yetmiş dörd qəpik) manat əsas borc məbləği, 4932 (dörd min doqquz yüz otuz iki) manat dəbbə pulu və dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 415 (dörd yüz on beş) manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 22-0095 saylı alğı-satqı müqaviləsinə əsasən cəmi 125.826,23 manat (ƏDV daxil) dəyərində mallar Cavabdeh MMC-yə satılmışdır. Bu mallardan cəmi 5.718,28 azn (ƏDV daxil) dəyərində mallar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. İddiaçı tərəfindən müqavilə üzrə göndərilmiş mallara görə cəmi 21481,43 manat (ƏDV daxil) ödəniş edilmişdir. İddiaçı ona ödənilməmiş 98.626,52 manat (ƏDV daxil) məbləğinin cavabdehdən ödənilməsini tələb etmişdir. İddianın ƏDV xaric qiyməti 80.873,74 (ƏDV-siz) təşkil edir. Belə ki, 98.626,52 manat məbləğinin 18 faizi (ƏDV dərəcəsi) 17.752,77 manat təşkil edir. Cavabdeh hesab edir ki, borc məbləğinə hesablanmış olan əlavə dəyər vergisinin ödənilməsi tələbi əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, 17.752,77 manat ƏDV məbləğinin mallara görə borcla birlikdə ƏDV-nin depozit hesabına yox, məhz iddiaçıya ödənilməsi cavabdehi həmin məbləğdə ƏDV-nin əvəzləşdirilməsi hüququndan məhrum etməklə ona əsassız zərərin dəyməsinə səbəb olur. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi X3 məhkəmə iclaslarında apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək təmin edilməməsini xahiş etmişdir.
15. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir.
16. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddə-alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddə- alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1-ci maddə- alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 52.2-ci maddə-cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 220.4-cü maddə- cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
17. Qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə qismən – 17.752,77 manat ƏDV məbləğinin tutulması hissəsində mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-614/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin hallarından görünür ki, iddiaçı cavabdehdən xx.xx.2022-ci il tarixli, 22-0095 saylı alqı-satqı müqaviləsi üzrə satılmış mallara görə ƏDV daxil 98.626,52 manat borcun, dəbbə pulunun tutulmasını xahiş etmiş, cavabdeh iddianı əsas borcla bağlı hissədə qəbul etmişdir. Hazırda isə cavabdeh iddianı yalnız 17752,77 manat ƏDV tutulması hissəsində mübahisələndirir. Apellyasiya şikayəti belə əsaslandırılır ki, ƏDV iddiaçının hesabına deyil, ƏDV depozit hesabına ödənilməlidir ki, cavabdeh sonradan ƏDV-nin əvəzləşdirilməsi hüququndan istifadə edə bilsin.
20. Məhkəmə hesab edir ki, qeyd edilən hal qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, qətnamədə ƏDV daxil 98.626,52 manat borcun iddiaçının xeyrinə tutulması qət edilmiş, ƏDV-nin hansı hesaba ödənilməli olduğu qanunla, yəni Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edildiyindən (VM-nin 175.1-ci maddəsinə əsasən ƏDV depozit hesabına) qətnamədə borcun ƏDV hissəsinin hansı hesaba ödəniləcəyi göstərilməmişdir. Eyni zamanda iddiaçının apellyasiya şikayətinə verdiyi etirazdan görünür ki, iddiaçının satılmış mallara görə ƏDV ödənişinin qanunla müəyyən edilmiş qaydada ƏDV depozit hesabına ödənilməsinə hər hansı etirazı yoxdur.
21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 614/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-614/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.