Məhkəmə qərarları › İş №2-2(103)-483/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-483/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-483/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun, iddiaçı “xxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Dövlət X3 nümayəndəsi X7 iştirakları ilə, iddiaçı “xxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2-2 (113)-300/2020 saylı qətnaməsindən (hakim Aytən Əliyeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələblərinin həcmini artıraraq 4.313,32 manat məbləğində sığorta ödənişinin, həmin məbləğin ödənilməsinin gecikdirilmiş günlər üçün ödənilməli sığorta ödənişinin 0,1 faizi məbləğində, yəni 9.355,59 məbləğində dəbbə pulunun və 30,40 məbləğində dövlət rüsumu və bank xərcinin, cəmi 13.699,31 manat məbləğin cavabdeh “Azərsığorta” DSKŞdən tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixində, Zabrat qəsəbəsi, Maştağa yolunda X5 “Vaz 21061” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə, “xxxxxxxxxxxx” ASCdə “avtokasko” qaydaları ilə sığortalanmış, ”Mercedes Benz E270 CDİ” markalı, ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhər Sabunçu rayon DYPŞ-nin xx.xx.2014-ci il tarixli, № 9/2612 saylı arayışına və xx.xx.2014-cü il tarixli, № BYP 663682 saylı inzibati xəta haqqında protokola və qərara əsasən X5 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və Azərbaycan Respublikası İXM-nin 151.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Zərərvuran sürücünün idarə etdiyi “Vaz 21061” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixində “Azərsığorta” DSKŞ-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü üzrə sığortalı olduğundan, “xxxxxxxxxxxx” ASC tərəfindən “Azərsığorta” DSKŞ-ə xx.xx.2014-cü il tarixli elektron məktubla həmçinin, xx.xx.2014-cü il tarixli, BS-14/484 saylı məktubla zərərin qiymətləndirilməsi və razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. xx.xx.2014-cü il tarixli, 371/14 saylı sığorta aktına və xx.xx.2014-cü il tarixli, № 000672 saylı kassa məxaric orderinə əsasən 4313,32 manat məbləğində sığorta ödənişi (600,00(altı yüz) manat azadolma məbləği çıxılmaqla) sığortalı X6 nağd olaraq ödənilmişdir. 4.313,32 məbləğində sığorta ödənişi məbləğinin qanunvericiliklə müəyyən edilmiş müddətdə “xxxxxxxxxxxx” ASC-yə ödənilməsinin təmin edilməsini Azərsığorta” DSKŞ-dən tələb edilməsinə baxmayaraq məbləğ hələ də cavabdeh tərəfindən geri ödənilməmişdir. xx.xx.2019-cu il tarixli, № 08/B-430 saylı məktubla bildirmişdir ki, həmin iş üzrə iddiaçının hesabına xx.xx.2014-cü il tarixdə 1.780,00 manat məbləği ödənilmişdir. Lakin, ödənişin edilməsini təsdiq edən sənədlər məktuba əlavə edilməmişdir. Həmçinin, cavabdehin ödənildiyini bildirən məbləğ iddiaçının hesabına göstərilən tarixdə daxil olmamışdır. Bütün bunları nəzərə alaraq iddia tələbinin cavabdehə qarşı dəbbə pulunun hesablanması hissəsində müddətinin axımının cavabdehin sığorta məbləğinin iddiaçının hesabına köçürüldüyü bildirdiyi, yəni xx.xx.2014-cü il tarixindən başlayaraq xx.xx.2020-ci il tarixinədək hesablanmaqla gecikdirilmiş günlər (cəmi 2169 gün) üçün ödənilməli olan sığorta ödənişi məbləğinin 0,1 faizi məbləğində dəbbə pulu cavabdehdən tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-300/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət X2 4.313,32 manat sığorta ödənişinin, 935,56 manat məbləğində dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, cəmi 5.278,88 manat məbləğində pul vəsaitinin tutularaq “xxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-300/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməli və iddia təmin olunmamalıdır. Belə ki, sığorta ödənişinə dair iddia tələbi və bu iş üzrə iddia müddəti ötürülmüşdür. İddiaçı sığorta məbləğinin subroqasiya qaydasında cavabdehdən alınması üçün 5 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Qeyd edilən hal mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddiadan imtina edilməsi üçün əsasdır. Məhkəmə protokolunda qeyd edildiyi kimi şirkətin səlahiyyətli nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə şifahi müraciət etməsinə baxmayaraq, məhkəmə bu müraciətə baxmamışdır. Cavabdeh tərəf olaraq Dövlət Sığorta Şirkəti iddiaçıya 1780 manat ödəyib. Şirkətin mütəxəssisləri tərəfindən həmin nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1,780 manat hesablanmışdır. Bununla əlaqədar “xxxxxxxxxxxx” ASC-уə məlumat verilmişdir. Sığorta məbləği ödənildiyi halda məhkəmə əsassız olaraq dəbbə pulu hesablayaraq cavabdehin üzərinə öhdəlik qoymuşdur. Mülki işin araşdırılması zamanı zərər məbləğinin hesablanması ilə bağlı tərərflər arasında mübahisə olduğundan məhkəmə qanunvericiliyin tələblərinə əsasən məhkəmə ekspertizası təyin elməklə xüsusi biliyə malik olan ekspert rəyi əsasında dəymiş zərəri müəyyənləşdirməli idi. Lakin məhkəmə bu barədə heç bir tədbir görməyərək məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməmiş, zədələnmiş nəqliyyat vasitəsinə baxış keçirmədən, habelə iş materiallarında olan fotoşəkillərə nəzər yetirmədən dəymiş zərər məbləğini yalnız əlavə olunmuş iddiaçının defekt aktına əsasən müəyyənləşdirmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət X3 nümayəndəsi X8 məhkəməyə iddiaçı tərəfindən tələb olunan 4.313,32 manat sığorta ödənişinin ödənilməsi barədə sənəd təqdim edərək iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsini, dəbbə pulu tutulması barədə tələbin tam rədd edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən iddiaçı “xxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə yazılı etiraza uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyb, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-300/2020 saylı qətnaməsi qismən cavabdehdən iddiaçının xeyrinə 4313,32 manat pulun tutulması hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən “avtokasko” qaydaları ilə sığortalanmış ”Mercedes Benz E270 CDİ” markalı, ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər 4913,32 manat məbləğində qiymətləndirilmiş, xx.xx.2014-cü il tarixli, 371/14 saylı sığorta aktına və xx.xx.2014-cü il tarixli, № 000672 saylı kassa məxaric orderinə əsasən 4313,32 manat məbləğində sığorta ödənişi 600 manat azadolma məbləği çıxılmaqla iddiaçı tərəfindən sığortalı X6 nağd olaraq ödənilmişdir. Birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı “İcbari sığortalar haqqında” Qanunun 16.4-cü maddəsinə, Mülki Məcəllənin 936.1-ci, 936.2-ci, 936.5-ci, 459.1-ci, 1096-cı, 1097-ci, 1114-cü, 385.1-ci, 430.1-ci, 448.1-ci, 21-ci, 934.1-ci, 1108.1-ci maddələrinə, eləcə də Həmin Məcəllənin dəbbə pulunun tutulmasını müəyyənləşdirən 462.1-ci və 467-ci maddələrinə istinad edərək iddia tələbinin qismən təmin edilməsini qənaətə gəlmişdir. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirilmiş, cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən tələb olunan 4.313,32 manat pul məbləği ilə bağlı tələbin əsassız olduğunu qeyd etsə də, işə apellyasiya qaydasında baxılan zaman cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 1379 nömrəli, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilmişdir ki, həmin məbləğ qeyd edilən tarixdə, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənədək iddiaçıya ödənilmiş, lakin nə iddiaçı, nə də cavabdeh tərəf bu barədə məhkəməyə məlumat verməmişlər. Apellyasiya şikayətinə iddiaçının yazılı etirazında da subroqasiya qaydasında tələb olunan 4.313,32 manat pulun cavabdeh tərəfindən ödənildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya hazırkı iddia ərizəsi ilə tələb olunan 4313,32 manat ödənildiyindən qətnamə həmin hissədə ləğv edilərək iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə tərəfindən cavabdehdən 935,56 manat məbləğində dəbbə pulu tutulması hissəsində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən, həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında - onun verdiyi sığorta ödənişi həcmində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən, Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (həmin Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Qeyd edilən normaların tələblərinə əsasən, sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında sığorta ödənişi almış şəxsin bütün hüquqları, o cümlədən sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsini tələb etmək hüququ keçdiyindən hazırkı halda cavabdehdən iddiaçının xeyrinə ödənişin gecikdirilməsinə görə dəbbə pulu tutulmasına dair məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-300/2020 saylı qətnaməsi qismən- cavabdehdən iddiaçının xeyrinə 4313,32 manat pulun tutulması hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət X3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-300/2020 saylı qətnaməsi qismən- cavabdehdən iddiaçının xeyrinə 4313,32 manat pulun tutulması hissəsində ləğv edilsin və iddia həmin hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar