Məhkəmə qərarları › İş №2-2(103)-483/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-483/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-483/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-523/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas vəsait 5064 manat və hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 506 manat olmaqla, ümumilikdə 5570 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.02.2021-ci il tarixli e-2-2(113)-523/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 5064 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün 309 manat olmaqla, cəmi 5373 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın qismən təmin olunmuş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasına bağlanmış müqavilənin 2.6-ci bəndinə əsasən bu müqavilə üzrə ödəmələr hər təqvim ayı üzrə göstərilmiş xidmətlərin nəticələri əsasında növbəti ayda tərtib olunan və tərəflər arasında imzalanan təhvil-təslim aktı və sifarişçiyə təqdim edilən müvafiq hesab-faktura əsasında həyata keçirilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə və tərəflərin möhürləri ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir. Müqavilədə qeyd olunan göstərişlərin olmasına baxmayaraq, iddiaçı bununla bağlı hər hansı sənəd təqdim edə bilməmişdir. Bununla yanaşı məhkəmə prosesi zamanı cavabdeh tərəfə eyni xidmət müqaviləsinə əsasən lakin başqa aylar üzrə görülmüş xidmətə görə tərtib olunmuş və müvafiq qaydada təsdiq edilmiş təhvil-təslim aktlarını təqdim etməsinə vaxt verilməmişdir. Halbuki digər aylar üzrə müvafiq təhvil-təslim aktları mövcuddur. Həmçinin cavabdehə elektron qaimənin göndərilməsi xidmətin göstərilməsi və işlərin təhvil alınmasının sübutu kimi qiymətləndirilməməlidir. Çünki, elektron qaimə qanunvericiliklə nəzərdə tutulmuş qaydada imtina edilmədiyi halda sistem üzərindən 5 iş günü müddətində avtomatik olaraq təsdiq edilə bilər. Hesab edirlər ki, hətta onun təsdiq edilməsi də xidmətin göstərilməsi və işlərin təhvil alınmasının sübutu kimi qəbul edilə bilməz. Bu hal işçinin səhlənkarlığı və ya səhvi nəticəsində də baş verə bilər. İddiaçı iddia tələbində göstərilən məbləğin nəyin əsasında yaranmasını, bu elektron qaimənin xidmətlərin göstərilməsini bildirən hansı sənədlər əsasında tərtib olunmasını göstərən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında “xxxx” ASC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında 03.09.2018-ci il tarixdə AX 145/0918 saylı xidməti müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında sifarişçinin baş ofisində (Akkord Plaza) çalışan bütün işçiləri, qonaqları hər iş günü sifarişçi ilə əvvəlcədən razılaşdırılmış qaydada, menyu çərçivəsində, vaxtda və keyfiyyətdə kompleks nahar (günorta) yeməyi ilə təmin etməyi, sifarişçi isə bu xidmətlərin müqabilində icraçıya müvafiq haqq ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, müqaviləyə əsasən cavabdehə elektron qaimə əsasında 5064 manat (Ədv-siz) məbləğində xidmət göstərilmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş və xidmət dəyərini ona ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış 03.09.2018-ci il tarixli müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki iddiaçı cavabdeh qarşısında ikincinin baş ofisində çalışan bütün işçiləri, qonaqları hər iş günü sifarişçi ilə əvvəlcədən razılaşdırılmış qaydada, menyu çərçivəsində, vaxtda və keyfiyyətdə kompleks nahar yeməyi ilə təmin etməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırkı işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehə yuxarıda qeyd olunan xidmətləri göstərmiş, lakin sonuncu xidmətlərin dəyərini ödəməmişdir. Belə ki, iş materiallarında olan 29.08.2019-cu il tarixli, İE seriyalı, 950519 saylı elektron vergi-hesab fakturalarından görünür ki, İddiaçı MMC tərəfindən 5064 manat məbləğinə dair elektron vergi-hesab faktura elektron sistem vasitəsilə “xxxx” ASC-yə təqdim edilmişdir. “xxxx” ASC də həmin elektron vergi hesab fakturanı qəbul etmiş və ona dair hər hansı etirazını bildirməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir xidmət göstərməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətlərin qəbul edilməsi və həmin xidmətlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin ödənişin həyata keçirilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia əsaslıdır. Cavabdeh “xxxx” ASC-nin dəlilləri isə əsassızdır. Belə ki, təhvil-təslim aktının mövcud olub-olmamasının mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Çünki yuxarıda da qeyd olunduğu kimi cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş qaiməyə heç bir etiraz etməmişdir. Bu hal da iddiaçı tərəfindən ona xidmətlərin göstərilməsini təsdiq edir. Həmçinin kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki işin halları da ondan ibarətdir ki, cavabdeh 5064 manat məbləğində pul vəsaitini elektron qaimə fakturanın ona göndərildiyi 29.08.2019-cu il tarixdə ödənilməli olduğu halda ödənilməmişdir. Həmin tarixdən hazırki iddianın qaldırıldığı 19.11.2020-ci il tarixə kimi 1 il 2 ay 20 gün müddətində gecikdirmiş faiz borcunun məbləğ isə 309 manat təşkil edir: (1 il üçün – 5064 x 5% = 253,2; 1 ay üçün – 253,2 / 12 = 21,1; 1 gün üçün - 21,1 / 30 = 0,70; 2 ay üçün – 21,1 x 2 = 42,2; 20 gün üçün – 0,70 x 20 = 14,06; 1 il 2 ay 20 gün üçün 253,2 + 42,2 +14,06 = 309). Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 309 manat pulun tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-523/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04.02.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar